Reuters: Hərbi müşahidə postu məsələsində Rusiya-Türkiyə ixtilafı
24 Noyabr 2020
Azadlıq radiosu, 23 noyabr, 2020
Ankaranın Azərbaycan ərazisində müstəqil hərbi müşahidə postu qurmaq niyyəti ilə bağlı Türkiyə və Rusiya arasında fikir ixtilafı yaranıb.
Bu barədə məlumatı Türkiyədəki mənbəyə istinadən Reuters agentliyi verib.
Bundan əvvəl iki ölkə Dağlıq Qarabağdakı atəşkəsə nəzarət olunması üçün birgə müşahidə mərkəzinin yaradılması barədə noyabrın 10-da razılıq əldə etmişdilər.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları atəşkəs razılaşmasına əsasən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2000-dək Rusiya sülhməramlısı yerləşdirilib.
Rusiya və Türkiyə rəsmiləri, hələ ki, hətta birgə mərkəzin də parametrlərini və montorinq mexanizminin detallarını müzakirə edirlər.
Əvvəl-axır kompromisin olacağı gözlənilir
Reuters bildirir ki, Azərbaycanın müttəfiqi Türkiyə sözü gedən müştərək mərkəzdən başqa, həm də ayrıca olaraq özünün müşahidə postunun qurulmasında israr edir.
Adının çəkilməsini istəməyən Türkiyə mənbəyi Reuters-ə deyib:
“Rusiya düşünür ki, Türkiyənin regionda müştərək mərkəzdən müstəqil müşahidə postu qurmasında lüzum görmür, amma Türkiyə bunun zəruri olduğunda israr edir”.
Mənbə bunu da bildirib ki, sözü gedən məsələ Moskvada müzakirə olunacaq və son nəticədə Türkiyənin Rusiya ilə kompromis əldə edəcəyi gözlənilir.
Reuters yazır ki, bu xəbərlə bağlı Rusiya, Azərbaycan və ya Ermənistan heç hələlik bir rəsmi açıqlama verməyiblər.
Fransa ötən həftə bildirmişdi ki, Paris atəşkəsin icrasına beynəlxalq nəzarətin yaradılmasını istəyir. Paris narahatdır ki, Ankara və Moskva arasında razılaşma Qərb güclərini bu məsələdə qapı arxasında qoya bilər.