Qara dəniz döyüş meydanı kimi
Rusiya quruda hücuma keçsə də, istər Kiyev, istərsə də Moskva üçün Qara dəniz mühüm döyüş meydanıdır
16 Mart 2023
Mənbə: Nyu-York Tayms
Tərcümə: Novator
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Qara dəniz Rusiya-Ukrayna müharibəsində mühüm döyüş meydanı kimi” başlıqlı məqalə dərc edilib. Məqalənin müəllifi qəzetin beynəlxalq məsələlər üzrə əməkdaşı Metyu Mpuk Biqqdir. O, əvvəllər “Reuters” agentliyində müxbir, redaktor və büro rəhbəri vəzifələrində çalışıb. Jurnalistin “Nyu-York Tayms”dakı məqaləsinin tərcüməsini təqdim edirik.
Rusiya Ukraynaya əsasən quruda hücuma keçir. Amma istər Kiyev, istərsə də Moskva üçün Qara dəniz də mühüm əhəmiyyət kəsb edən bir döyüş meydanıdır.
Son aylar Rusiya hərbi gəmilərindən Ukraynaya, bəzən yüz kilometrlərlə uzaqda yerləşən hədəflərə neçə-neçə qanadlı raket buraxılıb, Ukraynanın şəhərlərində, enerji infrastrukturunda böyük dağıntılar törədilib.
Ukrayna rəsmiləri Qara dənizdə raket daşıyıcısı aşkarlayan kimi əhalini mümkün hücumlar barədə xəbərdar edir. Ukrayna hərbçiləri isə Moskvanın dəniz əməliyyatlarına sinə gərmək üçün qabaqlayıcı zərbələr endirməyi öz strateji prioritetinə çevirib.
Lakin martın 14-ü Qara dənizdə, amerikalı rəsmilərin dediyinə görə, Rusiya hərbi təyyarəsinin fiziki müdaxiləsi nəticəsində ABŞ-a məxsus dronun qəzaya uğraması hərbi rəqabət çərçivəsindən kənara çıxır. Bu, geosiyasi və iqtisadi baxımdan həm Ukraynanın, həm də Rusiyanın maraqlarına toxunan bir məsələdir.
Qara dəniz tək Rusiya və Ukrayna ilə deyil, Gürcüstan, Rumıniya, Bolqarıstan və Türkiyə ilə də sərhəddir, bu ölkələrin limanlarını Aralıq dənizi ilə birləşdirən mühüm su hövzəsidir.
Ticarət yolu Rusiya və Ukraynadan ötrü o qədər böyük əhəmiyyət kəsb edir ki, müharibə gedə-gedə iki ölkə arasında gəmilərə dəhliz açılmasını nəzərdə tutan nadir razılaşma əldə olunub. 2022-ci ilin iyulunda Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə edilən razılaşma taxıl və digər ərzaq məhsulları daşıyan gəmilərin rus blokadasını yararaq Ukrayna limanlarından çıxmasına imkan yaradıb. Razılaşma Rusiyaya da öz ərzaq və gübrə daşımalarını həyata keçirmək imkanı verib.
İllər uzunu Qara dənizdə rus hərbi dəniz donanması hökmranlıq edib. Krım yarımadasında yerləşən Sevastopol şəhərinə isə Rusiya əsrlər boyu Qara dəniz donanmasının doğma limanı kimi baxıb. Rusiyanın 2014-cü ildə Krım yarımadasını Ukraynadan qoparıb qeyri-qanuni şəkildə özünə birləşdirməsinin kökündə duran səbəblərdən biri də budur.
2022-ci ilin fevralında müharibəyə başlayan kimi Rusiya hərbi dəniz donanmasını Ukraynanın sahillərinə yeridib, nəticədə bir çox limanı Ukrayna gəmilərinin üzünə bağlaya bilib.
Ancaq Rusiya nə qədər Qara dəniz sularına nəzarət etsə də, Ukrayna heç vaxt bununla barışmayıb.
2022-ci ilin fevralında Moskva irimiqyaslı işğal əməliyyatına başlayanda ukraynalı döyüşçülər Odessa sahilindəki kiçik İlan adasına nəzarəti ələ keçirmək istəyən rus hərbi gəmisinə təslim olmaqdan imtina etmişdi. Bu hadisə Ukraynanın Rusiyaya müqavimətinin simvoluna çevrilmişdi. Sonradan rus qoşunu İlan adasını ələ keçirsə də, iyun ayında Ukraynanın raket hücumları nəticəsində yenidən geri çəkilməyə məcbur oldu.
Ukraynanın yaddaqalan hücumlarının bir qismi məhz Qara dənizdə həyata keçirilib.
2022-nin aprel ayında Ukrayna raket zərbəsi ilə Qara dənizdə Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Moskva” gəmisini batırıb.
Həmin ilin oktyabrında Krımı Rusiya ilə birləşdirən, Kerç boğazından keçən körpüdə partlayış törədilib, nəticədə həm körpüyə ziyan vurulub, həm Krımdakı rus qoşunlarının hərbi texnika ilə təchiz edilməsi çətinləşib, həm də vaxtilə bu körpünü inşa etdirmiş Rusiya prezidenti Vladimir Putin pərt vəziyyətə salınıb.
Hərbi ekspertlər ötən ilin noyabrında Ukraynanın Sevastopol limanında Rusiya Hərbi Dəniz Donanmasına hücum etmək üçün dəniz dronundan – uzaq məsafədən idarə olunan qayıqdan istifadə etdiyini də deyirlər. O hücumdan sonra Moskva bir müddətə taxıl razılaşmasında iştirakını dayandırmışdı.