Putin xof yaradır
Rusiya prezidenti Ukraynadakı əməliyyatları büdrəyəndən bəri dünyanı nüvə müharibəsi ilə hədələyir
03 Aprel 2023
Mənbə: CNN
Tərcümə: Novator
ABŞ-ın CNN kanalının internet səhifəsində Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək planı ilə bağlı məqalə dərc olunub. Məqalənin müəllifi – on ilə yaxın CNN-in Moskva bürosuna rəhbərlik etmiş jurnalist Cil Douti keçmiş Sovet İttifaqı, Rusiya üzrə ekspert kimi tanınır. Yazını ingiliscədən tərcüməsini oxucuların diqqətinə çatdırırıq.Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyətini açıqlayıb. Belarus Rusiyanın qonşusu, müttəfiqidir və 2022-ci ilin fevralında Ukraynaya hücuma başlayanda Putin hərbi təcavüz aktının bir hissəsini bu ölkə vasitəsilə həyata keçirib.
Rusiya prezidenti “nüvə” sözünü dilə gətirən kimi dünyanın diqqəti ona yönəlir və deyəsən, Putinin bu kəlməni işlətməkdə əsas məqsədi budur. Məsələ belədir ki, dünya istər-istəməz Putinin təkcə nə dediyini yox, həm də nə demək istədiyini anlamalı, sətiraltı mənaları tutub onun fikrini oxumalıdır.
Rusiya prezidentinin Belarusda yerləşdirmək istədiyi Yer kürəsini məhvərindən oynada biləcək nəhəng qitələrarası ballistik raketlər, strateji nüvə silahı deyil. Söhbət daha az gücə malik taktiki nüvə raketlərindən gedir. Ancaq bu da elə-belə silah deyil, döyüş meydanında istifadə oluna biləcək ağır bir vasitədir.
Putin bir ildir, xüsusilə Ukraynadakı əməliyyatları büdrəyəndən bəri dünyanı nüvə müharibəsi ilə hədələyir. Köhnə təhdidləri Putinin son bəyanatının məğzini anlamaqda bizə yardımçı ola bilər.
Rusiya prezidentinin hazırda xeyli problemi var. Onun ordusu Ukrayna şəhərlərini havadan atəşə tutsa da, quruda lazımi qədər irəliləyə bilmir. Bəzi yeni ticarət razılaşmalarını çıxsaq, Vladimir Putin Moskvada Çin lideri Si Çinpinlə keçirdiyi son görüşdən çox az şey qazanıb. İstənilən halda Rusiya indi Çinlə əməkdaşlıqda daha kiçik fiqur, daha zəif tərəf kimi görünür.
Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə order verdiyini də unutmayaq.
Qayıdaq Putinin dediklərinə və demək istədiklərinə.
O öz qərarının günahını başqasının üstünə yıxmağa çalışır. Deyir ki, Böyük Britaniyanın Ukraynaya verdiyi tank əleyhinə mərmilərin tərkibində uran qarışığı var. Britaniyanı vəziyyəti gərginləşdirməkdə qınayan Putin özünün Belarusda nüvə raketi yerləşdirmək planını məcburiyyətdən doğan cavab tədbiri kimi qələmə verir.
Britaniya Putinin iddiasını rədd edərək mərmilərin adi silahlar kateqoriyasına aid olduğunu vurğulayıb.
Putin deyir ki, Rusiya artıq Belarusda taktiki nüvə silahları üçün anbar tikməyə başlayıb. Obyektin iyula hazır olacağını söyləsə də, o, taktiki silahların həmin anbara nə zaman daşınacağını açıqlamayıb, konkret tarix göstərməyib.
Putin Rusiyanın nüvə silahı daşımağa qabil 10 təyyarəyə və bir neçə yaxın mənzilli “İskəndər” raket kompleksinə malik olduğunu da bildirib.
Maraqlıdır ki, Putin Belarusda yerləşdirəcəyi taktiki nüvə silahlarına nəzarəti bu ölkənin prezidenti Aleksandr Lukaşenkoya verməyəcəyini vurğulayıb. Halbuki Lukaşenko neçə vaxtdır Putindən nüvə silahı istəyir.
CNN-ə açıqlamasında iki amerikalı diplomat məsələnin onlarda çox təəccüb doğurduğunu söyləyib. Onlar xatırladıblar ki, 1994-cü ildə Lukaşenko sovet dövründən Belarusda qalmış strateji nüvə silahlarından imtina sazişinə qol çəkib. Bəs indi niyə o, ölkəsində nüvə raketi yerləşdirilməsini istəyir, buna razılıq verir? Amerikalı diplomatlardan biri bunu belə izah edir: “Deməli, Lukaşenko Putindən çox asılı vəziyyətə düşüb. Belarus torpağında yerləşdiriləcək nüvə raketlərinə qulluq edə bilmək üçün Rusiyanın orada əlavə, həm də daimi dislokasiya mərkəzi, yeni qüvvələri olmalıdır. Bütün bunlara razılaşması Lukaşenkonun Putindən asılılığının artdığına, eyni zamanda daha da artacağına dəlalət edir”.
ABŞ prezidenti Cozef Baydenin administrasiyası, deyəsən, Putinin bəyanatından narahat deyil. Putinin açıqlamasının nəticələrini yaxından izlədiklərini bildirən ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson əlavə edib ki, Vaşinqton öz strateji nüvə mövqeyinə düzəliş etmək üçün heç bir əsas görmür: “Biz Rusiyanın nüvə silahından istifadəyə hazırlaşdığını təsdiqləyə biləcək heç bir əlamət müşahidə etmirik. Eyni zamanda biz bir daha NATO üzvlərinin kollektiv müdafiə prinsipinə sadiq qaldığımızı diqqətə çatdırırıq”.
Bununla belə, Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsi nüvə başlıqlı raketlərin təkcə Ukraynaya deyil, o cümlədən NATO üzvü olan Polşaya, Litvaya, Latviyaya, ümumən bütövlükdə alyansa yaxınlaşması deməkdir. Bu, Avropada qorxunu artırır və Putinin istədiyi də elə budur.