Mən qazi atasıyam və bununla fəxr edirəm
12 Noyabr 2020
Oğlum Əliyev Kamran 1990-cı ildə Imişli şəhərində anadan olub. Qarabağda müharibə başlayan gündən Kamran cəbhəyə can atırdı və könüllü olaraq vuruşmağa getdi. Torpaqlarımızı erməni işğalçılarından yalnız döyüşlə geri ala biləcəyimizi düşünür, buna inanırdı.
Onu cəbhəyə yola salanda anasına və mənə dedi ki, hər şeyə hazır olun. Biz hazır idik.O, Qubadlı uğrunda gedən döyuşlərdə ağır yaralandı, çoxsaylı qəlpə yaraları aldı. Nəticədə bir ayağını itirdi və hazırda hospitalda müalicəsini davam etdirir. Sağ olsunlar həkimlərimiz. Mənsə qürurluyam ki, qazi atasıyam, Vətənə Kamran kimi bir övlad yetişdirmişəm. Ana Vətəni həmişə qorumaq oğulların şərəf borcudur.
Allah mərd igidlərimizə dayaq olsun, onlar bizə fəxr, arxadan gələn nəsillərə nümunədirlər.
Arif Əliyev, Qazi atası