Logo
news content
User
Kateqoriyalar

İcmal

Koronavirusa güc gəlməkdə Gürcüstana kömək etmiş “Üç muşketyor”

Müəllif: Rayxon Demetrie (BBC, Tbilisi)

(fotolar: Getty İmages; Mirian Meladze/1TV; Georgian governmernt)

Avropa İttifaqı qapılarını koronavirusun yayılması baxımından təhlükəli saymadığı 15 dövlətin vətəndaşlarının üzünə açdı. Gürcüstan bu siyahıda Avropa İttifaqına daxil olmayan yeganə postsovet ölkəsidir. Ölkənin 3,7 milyonluq əhalisindən bütünlükdə min nəfərdən də az adam virusa yoluxdu, onlardan isə cəmi 15 nəfəri həyatla vidalaşdı. Gürcü hökuməti belə nəticəyə necə nail oldu?

Müqayisə üçün: əhalisinin sayına görə Gürcüstanla təxminən eyni olan qonşu Ermənistanda hər gün yüzlərlə yeni yoluxma halı qeydə alınır, xəstələnənlərin ümumi sayı 26 min nəfəri ötüb, 500-ə qədər insan ölüb. 

Vəziyyət necə dəyişib? 

Covid-19-a birinci yoluxma halı Gürcüstanda fevralın sonunda qeydə alınıb. Hökumət dərhal reaksiya verib.

Martın ortalarında bütün məktəblər, universitetlər və həyati əhəmiyyət kəsb etməyən müəssisələr bağlanıb, ictimai nəqliyyat dayandırılıb.

Martın 21-də fövqəladə vəziyyət rejimi yeridilib, kütləvi tədbirlər, şəhərdən şəhərə səfərlər qadağan edilib. Gecələr komendant saatı tətbiq olunub.

Gürcüstanın başlıca dini bayramı olan pravoslav Pasxası zamanı – aprelin 19-da – hökumət fərdi avtomobillərdən istifadəni və məzarları ziyarət etməyi yasaqlayıb. 

“Biz pandemiya təhlükəsi barədə Gürcüstanda xəstəliyin qeydə alınmasından bir ay əvvəl düşünməyə başladıq, - gürcü baş naziri Georgi Qaxariya elektron poçtla BBC-yə yazıb. – Ölkəmizin xüsusiyyətlərini, onun yerləşdiyi ərazini və kiçik ölçülərini nəzərə alanda gördük ki, biz başqalarının təcrübəsini tətbiq edə bilməyəcəyik”. 

Hökumət üçün tövsiyələrin hazırlanmasını, maarifçilik işinin aparılmasını və vətəndaşları COVİD-19-la bağlı vəziyyət barədə daimi məlumatlandırmağı Milli sağlamlıq və xəstəliklərə nəzarət mərkəzinin aparıcı mütəxəssisləri öz üzərlərinə götürüblər. 

Bu mərkəzə tabe olan Luqar adına laboratoriya 2017-ci ildə Rusiyanın dezinformasiya kampaniyasının hədəfinə çevrilmişdi. (Riçard Luqar – postsovet ölkələrinə kütləvi qırğın silahlarını məhv etməkdə yardım məqsədi daşıyan Nann-Luqar proqramının həmmüəllifi, amerikalı senator hazırda vəfat edib). Həmin kampaniya çərçivəsində sonradan təkzibini tapmış materialların müəllifləri iddia edirdilər ki, guya burada bioloji silahlara dair ABŞ-ın maraqlarına uyğun gizli tədqiqatlar aparılır.

Məhz Luqar laboratoriyasının ekspertləri Gürcüstanda koronavirusa qarşı mübarizəyə rəhbərlik ediblər. 

Muşketyorlar kimdirlər?

Pandemiyaya qarşı mübarizədə düzgün taktika seçilməsinə görə Gürcüstan əhalisi üç alimə minnətdardır və onları da “üç muşketyor” adlandırır. 

Üçlüyə Milli sağlamlıq mərkəzinin başçısı Amiran Qamkrelidze, Luqar adına laboratoriyanın rəhbəri Paata İmnadze, Tbilisinin İnfeksiya xəstəlikləri, QİÇS və immunologiya mərkəzinin direktoru Tengiz Tsertsvadze daxildirlər. 

Qrupun “D`artanyanı” isə Tbilisinin birinci universitet klinikasının direktoru Levan Patianidir, o gündəlik brifinqlərini indi də davam etdirir. 

Daha bir məşhur şəxsiyyət – Tbilisinin İnfeksiya xəstəxanasının baş həkimi Marina Ezuqbaya koronavirusla mübarizə kampaniyasının simvolu rolunu oynayır.

Bu mütəxəssislər Gürcüstanda əsl qəhrəman hesab olunurlar. Onların tövsiyələrinə hamı səylə əməl etməyə çalışıb.  

İyunun 30-da Amiran Qamkrelidze əldə olunmuş nailiyyət barədə məlumat verib: “Biz əhalinin hər milyon nəfərinə 30 minə yaxın test keçirdik. Xəstələnənlərin 86%-i sağaldı, 15 nəfər öldü. Ölüm səviyyəsi 1,6% təşkil edir ki, bu da dünya üzrə çox az sayılır”. 

Gürcüstanda hazırda 19 laboratoriya Covid-19 testlərini davam etdirir.

Tədbirlər niyə bəhrə verdi?

Gürcüstan hökuməti tövsiyələrə ciddi surətdə əməl etdiyi üçün ölkə əhalisinə minnətdarlığını bildirdi. 

Karantin qaydalarının pozulmasına görə yüksək cərimələr də (fiziki şəxslər üçün min dollar, sahibkarlar üçün 3 min dollar) buna şərait yaratdı.

Avtobus dayanacaqlarında “Evqə qal” xəbərdarlığı ilə elektron tablolar quraşdırılmışdı. Mobil operatorlar xəbərdarlığı müştərilərin telefonlarına ötürürdülər.  

Gürcüstan cəmiyyətində nə qədər dərin siyasi çatlar olsa da, insanlar pandemiya ilə mübarizə məsələsində tam yekdillik nümayiş etdirirdilər.

Baş nazir Georgi Qaxariya BBC-yə belə yazıb: "Gürcüstan əhalisinin əməkdaşlığa hazırlığı və bütün göstərişlərə, tövsiyələrə əməl etməklə ortaya qoyduğu nümunəvi sosial məsuliyyət xəstəliyin qarşısını almaqda yardımçı oldu”.

Bazar günü keçirilən Pasxa böyük imtahan idi. Ölkə üzrə minlərlə insanın gecə kilsələrə axışacağı narahatlıq doğururdu.

Nüfuzlu gürcü pravoslav kilsəsi dini mərasimi əvvəldən axıra qədər icra etdi və hətta ayin zamanı ümumi qaşıqlardan istifadəyə də məhdudiyyət qoymadı. Amma insanların əksəriyyəti alimlərin məsləhətinə qulaq asıb evdə qaldı. 

Qonşularda necədir?

On minlərlə yoluxma halının qeydə alındığı Ermənistan karantin məhdudiyyətlərini aprelin sonundan yumşaltmağa başladı, mayda iqtisadiyyat tədricən işə salındı.

Ermənistanın səhiyyə naziri Arsen Torosyan BBC-yə bildirdi ki, yoluxanların sayı artır, amma ölkə karantində oturmağı özünə rəva görə bilməz.

"Biz qərara gəlmişik ki, statistikadan asılı olmayaraq, bu virusla yaşayaq. Biz onu məhv etməyi qarşımıza məqsəd qoymuruq, çünki bu, mümkün deyil. Əgər sərhədlərimizi bir illiyə bağlasaq, bütün biznesi aylarla, illərlə dayandırsaq, onda başqa səbəbdən ölərik”.

Qonşu Azərbaycanda həmçinin gündə yüzlərlə yoluxma qeydə alınır.

Azərbaycan hökumətinin tənqidçiləri onu pandemiyaya qarşı mübarizədə heç bir nəticə verməyən avtoritar üsullara əl atmaqda günahlandırırlar. Sosial şəbəkələr polisin karantin şərtlərini pozanları alt paltarda dartıb evdən çıxarmaqlarını nümayiş etdirən foto və videolarla doludur. 

Məhdudiyyətlərin götürülməsi

Gürcüstanda bir çox müəssisələr, mağazalar və restoranlar artıq işə başlayıb. Amma insanların sıx olduğu qapalı yerlərdə maskaların taxılması yenə də məcburidir. Sosial məsafə qaydaları və kütləvi tədbirlərə qoyulmuş məhdudiyyətlər də ciddi şəkildə qüvvədədir.

Gürcüstan hökuməti iyulun 1-dən ölkənin sərhədlərini xaricilər üçün açmağı planlaşdırırdı, lakin vaxtı uzatmalı oldu. Bu il turizm sektorunun perspektivi çox solğun görünür. 

Milli sağlamlıq mərkəzinin rəhbəri ehtiyatla danışır. “Gürcüstan qonşu ölkələrlə müqayisədə ada, əmin-amanlıq oazisi kimi görünür, ancaq bu, bizə bircə dəqiqəliyinə də rahatlaşmağa əsas vermir, - deyə Amiran Qamkrelidze iyunun 30-da mətbuat konfransında bildirib. – Yeni hallara dair gündəlik göstəricilərin birrəqəmli olması bizi sakitləşdirməməlidir. Biz həmişə tam hazır vəziyyətdə qalmalıyıq”.