Logo
news content
User
Kateqoriyalar

İcmal

Irdiplomacy (İran): Ermənistanın məğlubiyyətdən almalı olduğu dərs – Yerevanın anlamadığı yeni reallıqlar

Ermənistan əhalisi Azərbaycan əhalisinin üçdə biri qədərdir. Üstəlik, Yerevan təbii ehtiyatlara, əhəmiyyətli geosiyasi mövqeyə də malik deyil. Onun 1990-cı illərin əvvəllərində müharibəni bütün bunlara rəğmən qazanmasının 2 əsas səbəbi var idi: Azərbaycandakı daxili qarışıqlıq və Rusiyanın Ermənistana dəstəyi. Ermənilər Dağlıq Qarabağı və yurdlarından qaçmaq məcburiyyətində qalan 750 min azərbaycanlının yaşadığı ətraf əraziləri bu üzdən öz nəzarətinə keçirə bilmişdi.

Bu qələbə Ermənistan daxilində keçən aya qədər davam edən hərbi üstünlük hissi yaratmışdı. Lakin qısa müddətdə Ermənistanın öhdəsindən gələ bilməyəcəyi yükün altına girdiyi məlum olub. Ermənistan-Azərbaycan müharibəsinin yenidən alovlanması ilə Yerevan ağır hərbi məğlubiyyətə uğrayıb. Azərbaycan Silahlı Qüvvələri nəinki Dağlıq Qarabağın ətrafında yerləşən rayonları geri qaytarıb, həm də Dağlıq Qarabağ istiqamətində irəliləyərək, strateji və rəmzi əhəmiyyətə malik Şuşa şəhərini də azad edib. Bununla, Ermənistanı sanki elektrik cərəyanı vurub. Keçmiş illərin döyüşkən, əmin şüarlarını nəzərə alsaq, bu, çox qəribədir. Müharibə nədən erməni liderlərin dediyi və təsəvvür etdiyi kimi bitmədi?

Ermənistanın uğursuzluğu təbii ki, ölkə rəhbərliyinin tamamilə yanlış hesablamalarından qaynaqlanır. Məlum olub ki, onlar bu münaqişə ilə bağlı demək olar ki, bütün məsələləri səhv hesablayıblarmış: beynəlxalq vəziyyət, Rusiyanın reaksiyası, Türkiyənin rolu və nəhayət, düşmən Azərbaycanın vəziyyəti.

Ermənistan uzun illər “faciəli tarixi”lə bağlı beynəlxalq birliyin xoş niyyətindən yararlanıb. Lakin onun 1994-1995-ci illərdə azərbaycanlılara qarşı etnik təmizləmə aparması, bu ölkənin ərazisini işğal etməsi dünyanın Ermənistanla bağlı təsəvvürünü dəyişmişdi. BMT Təhlükəsizlik Şurasının həmin illərdə qəbul etdiyi qətnamələrdə, həmçinin ATƏT-in qərarlarında işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması tələb olunurdu. Dünya ölkələri bildirdi ki, Dağlıq Qarabağ ermənilərinə müstəqillik yox, muxtariyyət verilə bilər.

İşğal olunmuş ərazilər o qədər böyük idi ki, bu vəziyyətlə nə Azərbaycan rəhbərliyi, nə də cəmiyyəti barışa bilərdi. Əksinə, bütün bu illər ərzində Azərbaycanda intiqam hissilə yaşayırdı. Məhz bu səbəbdən Bakı böyük neft gəlirlərinin əhəmiyyətli hissəsini hərbi sahəyə xərcləyirdi. Azərbaycan hərbi büdcəsini o qədər artırmışdı ki, iki ölkə arasındakı disbalans təhlükəli həddə çatmışdı. Rusiyanı öz ekspansionizminin qarantı sayan Ermənistan bu vəziyyətə Moskvadan asılılığını artırmaqla cavab verirdi.

Ermənistanda bir müddət dəyişikliklər küləyinin onların xeyrinə əsdiyinə inandırdılar. 2008-ci ildə eyni vaxtda baş vermiş iki qəfil hadisə – Gürcüstan müharibəsi və qlobal maliyyə böhranı Yerevanda Rusiya üzərindən aparılan oyunun düzgün olduğu qənaətini yaratmışdı. O zaman Qərb Qafqazda əsas müttəfiqi olan Gürcüstanı hərbi cəhətdən müdafiə etmək iqtidarında olmadığını ortaya qoymuşdu. Maliyyə böhranı da Qərb hökumətlərinin diqqətini bu bölgədən yayındırırdı. Üstəlik, Balkanlarda ikinci alban dövlətinin yaradılması anlamına gələn Kosovo məsələsi Ermənistanın Dağlıq Qarabağı qoruyub saxlamaq və ya ikinci erməni dövləti yaratmaq həvəsini daha da artırmışdı. Daha sonra Krımın Rusiyaya birləşdirilməsi də ermənilərin ümidini artıran amillərdən idi.

Bütün bunların fonunda Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyilə aparılan sülh danışıqlarına vaxt uzatmaq vasitəsi kimi baxır, sülh müqabilində ciddi güzəştlərə getməyə ehtiyac duymurdu.

Nəhayət, 2016-cı ildə artan gərginlik Azərbaycanın 1994-cü ildən bəri işğal altında qalan bəzi ərazilərə nəzarəti ilk dəfə geri qaytarması ilə nəticələnmiş dörd günlük müharibəyə səbəb olmuşdu. O zaman Moskva atəşkəs danışıqlarına başlasa da, əslində, Azərbaycanın dayandırılması, geri çəkilməsi üçün heç bir ciddi addım atmamışdı. Bu, Yerevan üçün həyəcan siqnalı olmalı, onları oyatmalı idi. Lakin qəribədir ki, Ermənistan ortaya qeyri-adekvat mövqe və yanaşma qoydu. O zaman Yerevan ilk olaraq ritorikasını dəyişdi. Artıq onlar Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonları “azad edilmiş ərazilər” adlandırmağa başlamışdılar. Bu, ciddi yenilik idi. Çünki əvvəllər ermənilər bu rayonların işğalını Dağlıq Qarabağla bağlı istədiklərinə nail olmaları üçün Azərbaycana təzyiq vasitəsi sayırdılar. İndisə görünən o idi ki, Ermənistan işğal etdiyi əraziləri geri qaytarmaq istəmir. Başqa sözlə, Yerevan BMT Təhlükəsizlik Şurasının işğal olunmuş bölgələrin dərhal və qeyd-şərtsiz qaytarılmasına çağıran dörd qətnaməsinə məhəl qoymaq fikrində olmadığını göstərirdi.

Nəhayət, 2018-ci ilin yazında baş vermiş “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyan əvvəlcə Azərbaycanla sülh danışıqlarını bərpa etmək niyyətini ortaya qoymuşdu. Yəqin bu üzdən idi ki, Azərbaycan elitası da onun hakimiyyətə gəlişini müsbət qarşılamışdı. Hər halda, Ermənistanda daxili iğtişaşların yaşandığı dövr Bakı üçün hərbi əməliyyatlara başlamaq baxımından fürsət ola bilərdi. Lakin Azərbaycan buna getməyərək, Paşinyanın hakimiyyətini möhkəmləndirməsinə imkan verib. Məqsəd problemin həllinə aparacaq danışıqlar prosesinin bərpası idi. Beləliklə, nəhayət, sülh perspektivi real görünməyə başlamışdı. Lakin gözlənilmədən hər şey dəyişdi. Elə həmin ilin mayında Paşinyan 2007-ci ildən danışıqların əsasını təşkil edən “Madrid prinsipləri”ndən boyun qaçırıb. Üstəlik, o, danışıqların formatını dəyişdirməyə çalışıb, “Dağlıq Qarabağ liderləri”nin danışıqlara qoşulması tələbilə çıxış etməyə başlayıb. Bu da son deyil. 2019-cu ilin avqustunda Nikol Paşinyan Dağlıq Qarabağda etdiyi çıxışında “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirib. Bununlada o, 1980-ci illərin sonlarında münaqişəyə səbəb olmuş ideyanı – Dağlıq Qarabağın Ermənistanın birləşdirilməsi ideyasını yenidən ortaya atıb. Bu isə əvvəla ümumi vəziyyətə zidd bəyanat idi – Dağlıq Qarabağ Ermənistanın bir hissəsidirsə, niyə danışıqlarda ayrıca tərəf kimi iştirak etməli idi? İkincisi isə bu bəyanatın səsləndirilməsi bölgənin gələcəyilə bağlı danışıqların davam etditilməsi şansını bitirdi.

Bundan başqa, Nikol Paçinyanın hələ 2018-ci ildə “Qadınlar sülh naminə” hərəkatı yaratmış xanımı Anna Akopyan bu yay Qarabağa yollanaraq, orada hərbi geyimdə, əlində avtomatla şəkil çəkdirib. Üstəlik, Paşinyan oğlunu da hərbi xidmətə Qarabağa göndərmişdi.

Bütün bunlarla yanaşı, Ermənistanın hərbi strategiyası da dəyişmişdi. Hökumətdə gücü və nüfuzu sürətlə artan müdafiə naziri David Tonoyan artıq ölkəsinin sülh danışıqlarında əsas prinsip olan “sülh qarşılığında ərazi” prinsipindən imtina etdiyini bəyan etmişdi. Onun sözlərinə görə, yeni strategiya “yeni ərazilər uğrunda yeni müharibə” imiş. Bu cür bəyanatlar fonunda Ermənistan nümayişkəranə şəkildə suriyalı və livanlı erməniləri işğal altındakı ərazilərə yerləşdirməyə başlamışdı.

Paşinyanın 2020-ci ilin avqustunda BBC-yə verdiyi müsahibədə aparıcısı Stefan Sakuru Yerevanın mövqeyini bir cümlə ilə belə ifadə etmişdi: “Tamamilə aydındır ki, sizin məqsədiniz sülhə nail olmaq deyil”.

Amma Ermənistan liderləri dayanmaq bilmirdilər. Artıq onlar Türkiyəni də bu qarşıdurmaya cəlb edəcək addımlar atırdılar. Məsələn, bu ilin iyulunda Ermənistan Azərbaycana Dağlıq Qarabağdan çox uzaqda, iki ölkənin dövlət sərhədində hücum etmişdi. İndi hərbi əməliyyatlar Azərbaycandan Türkiyəyə neft-qaz ixrac edən boru xətlərinin keçdiyi əraziyə çox yaxın bölgədə gedirdi. Enerji infrastrukturuna bu cür təhdidin yaranması Türkiyədə ciddi narahatlıq yaratmışdı. Bu azmış kimi, bir qədər sonra – avqustun əvvəlində Ermənistan prezidenti və baş naziri Türkiyənin şərqində erməni dövlətinin qurulmasını nəzərdə tutan Sevr müqaviləsinin 100 illiyi münasibətilə təntənəli çıxışlar da etmişdilər. Bu isə türk millətçilərində əməlli-başlı qəzəb yaratmışdı.

Bütün sadalananlar Ermənistanın ən azı dörd ölümcül səhvə yol verdiyini göstərir. Birincisi, “azad edilmiş ərazilər” ifadəsindən istifadə beynəlxalq hüquq və qurumların zəifləməsindən yararlanmağa hesablanmış gediş idi. Yerevanda düşünürdülər ki, zəifləmiş beynəlxalq sistem Ermənistanın həmin ərazilər üzərində nəzarəti saxlamasına göz yumacaq. Onlar unudurdular ki, Azərbaycanın diplomatiyadan imtinasının, hərbi yola əl atmasının qarşısını məhz bu “zəifləmiş beynəlxalq sistem” alır. Azərbaycan prezidenti İlham Əliyev hələ 2019-cu ildə “güclünün haqlı olduğu” dünyanın yaranmaqda olduğunu deyirdi. Bununla o, Bakının məqsədinə diplomatiya ilə çata bilməyəcəyi təqdirdə beynəlxaq hüquqa uyğun addımılar atacağına eyham vururdu.

Ermənistan beynəlxalq birliyin işğalı dəstəkləmədiyinə də əhəmiyyət vermirdi. Son hadisələr də göstərib ki, müharibə beynəlxalq birliyin Azərbaycan ərazisi kimi tanıdığı torpaqlarda gedirsə, nə Qərb, nə də digər qüvvələr məsələyə müdaxilə edə bilmir. Onlar tərəfləri danışıqlara çağırmaqdan başqa heç nə edə bilməzlər.

İkincisi, Ermənistan hər zaman Rusiyanın onu bütün hallarda dəstəkləyəcəyini düşünüb. Lakin Rusiyanın strategiyasından xəbərdar olanlar bilirlər ki, Kreml Ermənistana təsir imkanlarını Gürcüstan və Azərbaycana qarşı təzyiq rıçaqı sayır. Əslində isə bu iki dövlətin strateji əhəmiyyəti Ermənistanla müqayisədə qat-qat böyükdür.

Bir neçə il əvvəl Moskva Azərbaycana böyük həcmdə silah satmağa da başlamışdı. Doğrudur, Bakı bu silahlara görə Rusiyaya Ermənistandan çox pul ödəyib. Ancaq Ermənistanı nə bu fakt, nə də Moskvanın Azərbaycanı Avrasiya İqtisadi İttifaqına cəlb etmək cəhdləri oyadıb. Yerevan Rusiyanın 2016-cı ilin aprel müharibəsində onu dəstəkləməmsindən sonra da ayılmayıb.

Azərbaycan isə bütün bunlardan nəticı çıxararaq, nəhayət, Ermənistanın çağırışını qəbul edib və məşhur “poker” oyununda olduğu kimi, Yerevanın əlində “xal olmadığını” üzə çıxarıb. Aydın idi ki, Vladimir Putin Paşinyana və onun hakimiyyətə gəliş metoduna simpatiya ilə yanaşmır. Bəlkədə o, Ermənistanda köhnə rejimin hakimiyyətə qayıdacağı ümidi ilə Paşinyanın “sillələnməsindən” zövq belə, alır.

Üçüncüsü, Ermənistan rəhbərliyi Cənubi Qafqaz və Yaxın Şərq arasında artan əlaqələri, xüsusilə Türkiyənin bölgədəki rolunu düzgün təhlil edə bilməyib. 2015-ci ildən Türkiyə hökumətində ciddi millətçi cərəyan güclənməyə başlayıb və bu gün onlar Ankaranın xarici siyasətinə ciddi təsir göstərə bilir. İslamçılığı millətçiliyindən də üstün olan prezident Rəcəb Tayyib Ərdoğan istər Suriyada, istərsə də Liviyada Rusiyaya açıq meydan oxuyur. Türkiyə qırıcılarının ən azı Liviyada Rusiyanın zenit-raket sistemindən üstün olması Ermənistan tərəfindən nəzərə alınmalı idi. Üstəlik, Ərdoöan Dağlıq Qarabağın ölkəsi üçün də Azərbaycan üçün olduğu qədər önəm daşıdığını açıq söyləyirdi. Lakin Ermənistan liderləri Türkiyənin münaqişəyə yanaşmasındakı dəyişikliyi də görəbilməyib. Üstəlik, onlar Sevr müqaviləsini gündəmə gətirməklə, prosesi daha da sürətləndiriblər.

Nəhayət, erməni liderlər Azərbaycan daxilindəki dəyişiklikləri süzgün qiymətləndirə bilməyiblər. İlham Əliyev uzun illər ətrafında oliqarxların olmasından əziyyət çəkib. Ancaq son bir neçə ildə o, hökumətin daha səmərəli və funksional olması üçün miqyaslı təmizləmə, kadr islahatları aparıb. Beləliklə, Əliyev 17 il əvvəlki sistemdən xilas olub.

Ermənistan rəhbərliyi Əliyevin cəsarətinin özünü Azərbaycanın əsas probleminin, yəni Dağlıq Qarabağ münaqişəsinin həllndə də göstərəcəyini anlamayıb. Halbuki, o, mövcud vəziyyətin qəbuledilməz olduğunu dəfələrlə dilə gətirmişdi.

Bəs Ermənistan rəhbərliyi bu ölümcül səhvləri niyə edib? Son illərdə dünya sürətlə dəyişir. Bu sürətli dəyişikliklər qlobal və regional proseslərə düzgün reaksiya vermək üçün yüksək çeviklik, analitik bacarıq tələb edir. Ermənistan rəhbərlərisə bu dəyişikliklərlə ayaqlaşmaq əvəzinə öz təbliğatları ilə məşğul olublar.

Ancaq sualın tək cavabı bu deyil. Vəziyyəti Ermənistanın daxili siyasətini dərindən təhlil etməklə anlamaq olar. Artıq gün kimi aydındır ki, küçə hərəkatı nəticəsində hakimiyyətə gələnədək heç bir siyasi təcrübəsi olmayan Nikol Paşinyan ölkənin və bölgənin geosiyasi vəziyyətini dərk etməyib. Bununla yanaşı, Ermənistanın Moskva ilə əla münasibətlərə malik keçmiş rejiminin nümayəndələri var qüvvələrilə Paşinyanın ayağının altını qazıb. Nəticədə baş nazir hakimiyyətini möhkəmləndirmək üçün getdikcə milliyyətçi mövqedən çıxış etməyə başlayıb. Başqa sözlə, o, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsindən danışmaqla, əslində, Dağlıq Qarabağ separatçılarının diqqətini cəlb etməyə, Qarabağdakı ermənilər arasında populyarlıq qazanmağa çalışıb. Amma bu zaman Paşinyan sözlərinin Bakıya necə təsir edəcəyini düşünməyib.

Hər halda, artıq tərəflər Azərbaycanın hərbi üstünlüyünü təsdiqləyən atəşkəs razılaşması imzalayıb. Nəticədə Dağlıq Qarabağın bəzi bölgələri hələ də Ermənistanın nəzarətində qalıb. Amma Yerevanın yanlış hesablamalarının gətirdiyi və gətirəcəyi uzunmüddətli ziyan ortadadır. Burada söhbət istər fiziki, istərsə də zehni, psixoloji zərərdən gedir. Ermənilərin hərbi üstünlük hissi darmadağın edilib, onun onun təcrid olunduğu, tənha qaldığı aydındır. İndi o da aydındır ki, Ermənistan təhlükəsizliyini yalnız Azərbaycanla davamlı sülhə nail olacağı təqdirdə təmin edə bilər.

İndi zəifləmiş Paşinyan hakimiyyətdə qala bilmək üçün çox şanslı olmalıdır. Ölkədə onun istefasını tələb edən kütlə gündən-günə böyüyür. Lakin Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağından önəmli olan məsələ Ermənistanın yaşananlardan dərs almasıdır. O, inadkarlıq, özbaşınalıq və yanlış hesablamaların nələrə aparıb çıxardığını gördü. Yerevanın bundan nəticə çıxarıb sülh üçün ciddi cəhdlər edib-etməyəcəyini zaman göstərəcək.

07.12.2020

(Fars dilindən tərcümə - WorldMedia.Az; Orijinal: Irdiplomacy)