İran və Rusiya mühacirətdəki düşmənlərini necə hədəfə alır
09 Oktyabr 2026
Mənbə: Azadlıq Radiosu
Martın əvvəlində, günorta yeməyi vaxtı evinə qayıdan Milad Purtalebian görür ki, mənzilinə zorla girib, oranı alt-üst ediblər. Üzərində "İranı yenidən möhtəşəm edək" yazılmış beysbol papağı iri mətbəx bıçağı ilə divara sancılmışdı. Bu isə mənzilə oğurluq məqsədilə girilmədiyini göstərirdi.
İran vətəndaşı Purtalebian 2024-cü ildə Kanadaya köçüb, Saskatun şəhərində mühacir müxalifətin mitinqlərini təşkil edir.
Bu insident ABŞ və İsrail ilə İran arasında müharibə başlayandan cəmi bir neçə gün sonra baş verib. Bundan əvvəl isə 32 yaşlı Purtalebian fəallığına görə internetdə bir sıra təhdidlər alıb. O, dərhal yerli polisə müraciət edib, siyasi səbəblərlə hədəfə alındığını bildirib.
"Əvvəlcə bu hadisə məni çox qorxutdu. Qərara gəldim ki, bu qorxunun siyasi baxışlarımı ifadə etməyimə mane olmasına imkan verməyim. Azadlıq uğrunda həyatını itirmiş minlərlə iranlı haqqında düşünürəm", – o, AzadlıqRadiosuna müsahibəsində deyib.
Radionun əməkdaşı Rey Förlonq yazır ki, Purtalebianın onunla paylaşdığı fotolar, polis sənədləri və sosial şəbəkələrdən götürülmüş ekran görüntüləri belə bir təəssürat yaradır: O, İrandan minlərlə kilometr uzaqda olsa da, bu ölkənin təhlükəsizlik xidmətləri üçün əlçatmaz deyil.
Telegram paylaşımlarından birində Purtalebian "siyasi quruluşa qarşı təbliğatda" və "Amerika ilə sionist rejimin İrana hücumunu" dəstəkləməkdə ittiham olunur. "Bu şəxs Saskatunda yaşayır. Bir neçə ay əvvəl onun yerini müəyyənləşdirdik və mesajımızı evində özünə çatdırdıq", – paylaşım belə bitir.
Purtalebian mənzilindən heç nə götürülmədiyini və hadisə ilə bağlı heç kimin həbs olunmadığını deyir.
Transmilli repressiya
Kanadada fəaliyyət göstərən "Factnameh" farsdilli fakt yoxlama xidmətinin son hesabatına görə, İrandan kənardakı tənqidçilərə qarşı geniş ictimaiyyətin cəlb olunduğu izləmə, kiber-qorxutma və şəxsi məlumatların ifşası (doksing) halları kəskin artıb. Məsələn, "Əlac" adlı platforma vasitəsilə insanlar başqaları haqqında donos verə bilirlər. Saytda təxminən 1600 nəfər haqqında dosye toplandığı deyilir. "Factnameh" bildirib ki, İran dövlət televiziyası adı çəkilən şəxsləri əmlaklarının müsadirəsi, konsulluq xidmətlərinin tam dayandırılması və İnterpolun qırmızı bildirişləri ilə hədələyib. Farsca "qəbirqazan" mənasını verən "Gurkan" isə "xain" adlandırdığı şəxslərin şəxsi məlumatlarını yayımlayır.
ABŞ, Britaniya və Niderlandın kəşfiyyat qurumları ötən ay İranın qlobal kiberkampaniya apardığını bildiriblər. Federal Təhqiqatlar Bürosunun (FTB) məlumatına görə, dünyanın müxtəlif yerlərində iranlı dissidentlərə, İran əleyhinə mövqe tutan jurnalistlərə və digər müxalif qruplara qarşı zərərli kiberfəaliyyət məqsədilə "Heavygram" adlı proqramdan istifadə olunub.
İran tək deyil. Vaşinqtonda yerləşən "Freedom House" təşkilatının araşdırma və təhlil üzrə rəhbəri Yana Qorxovskaya illərdir bu fenomeni öyrənir.
"Məlumatlarımıza görə, Çin, İran və Rusiya transmilli repressiya həyata keçirən ilk 10 dövlət sırasındadır. Çin digər hökumətləri böyük fərqlə qabaqlayır. Bu üç ölkə arasında ən çox Rusiya sui-qəsd və birbaşa hücumlar vasitəsilə zorakılığa əl atır", – o, AzadlıqRadiosuna deyir.
Vaxtilə Britaniyaya sığınmış keçmiş Rusiya kəşfiyyatçıları Aleksandr Litvinenko və Sergey Skripal zəhərlənib, mərhum rusiyalı müxalifətçi Aleksey Navalnının yaxın silahdaşı, müxalifət fəalı Leonid Volkov isə Litvada çəkiclə hücuma məruz qalıb.
"Bir növ paranoya"
Kibertəhlükəsizlik mütəxəssisi və Kremlin tənqidçisi Mixail Klimaryov Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücuma başlayandan sonra ölkədən qaçıb. O, hazırda Berlində yaşayır və Volkovla əməkdaşlıq edir.
53 yaşlı Klimaryov AzadlıqRadiosuna danışır ki, bu daimi təhlükə üzündən davranışlarında "bir növ paranoya" yaranıb: "Bayırda olanda izlənilib-izlənilmədiyimə diqqət edirəm. Mənzilimin qapı dəstəyinə toxunmazdan əvvəl onu mütləq yoxlayıram, çünki daha əvvəl belə yerlərə "Noviçok" sürtülməsi hadisəsi olmuşdu".
Klimaryov Moskvanın onun kimi insanlara qarşı apardığı psixoloji müharibədən də söz açır. Məsələn, onun Rusiya pasportunun etibarlılıq müddəti 2029-cu ildə bitir, axtarışda olduğu üçün gələcəkdə onu yeniləyə bilməyəcəyini bilir. Bu qeyri-müəyyənlik onun Almaniyadakı hüquqi statusuna indidən mənfi təsir göstərir.
Rusiya onu terrorçular siyahısına da daxil edib. ABŞ-yə son səfərindən qayıdarkən avtomat və itlə gələn təhlükəsizlik əməkdaşı onu təyyarəyə minmək növbəsindən çıxarıb və 30 dəqiqə sorğu-sual edib.
Rusiyada "xarici agent" siyahısında olan fəalın sözlərinə görə, hakimiyyətin siyasi səbəblərlə tətbiq etdiyi cərimələr nəticəsində təxminən 1 milyon dollar borcu yaranıb.
Klimaryov deyir ki, Almaniya dövlət qurumları tələb etmədikcə mobil telefondan yararlanmır və nömrəsini heç kimə vermir. O, həmçinin fişinq hücumlarına məruz qalan digər rusiyalılara kömək edir: "Bütün bunlar mənə psixoloji təsir göstərirmi? Əlbəttə. Tibbi məsləhət almışam... Panik ataklarım olur, bunun nə demək olduğunu bilirsiniz?".
Buna baxmayaraq, Klimaryov özünü qurban saymadığını, həbsdə olmadığını və özünü dolandıra bildiyini söyləyib.
Bədəlsiz fəaliyyət
"Freedom House"un məlumatına görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Ruanda da transmilli repressiya həyata keçirən dövlətlər sırasındadır. Qorxovskayanın sözlərinə görə, Qərb ölkələri nadir hallarda buna qarşı ciddi və uzunmüddətli müqavimət göstərir: "Transmilli repressiya həyata keçirənlər xaricdə dissidentləri hədəfə aldıqlarına görə heç bir bədəl ödəmirlər... Bir-birindən öyrənirlər ki, bu təcrübəni cəzasız şəkildə davam etdirmək olar".
Purtalebian isə Kanadanın bu cür hallara daha sərt reaksiya verməsini istəyir. Onun fikrincə, ölkə "İslam Respublikası ilə əlaqəli şəxslər üçün həddindən artıq açıq bir ölkədir".
Saskatun polisi AzadlıqRadiosuna bildirib ki, iş üzrə araşdırma dayandırılıb, amma şübhəli şəxs barədə yeni məlumat və ya əlavə sübutlar daxil olarsa, təhqiqat bərpa oluna bilər.