İndi də ABŞ müharibəni dayandırmağa cəhd edəcək
20 Oktyabr 2020
Cənubi Qafqazda alovlanmış savaş fonunda Pompeo Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərini qəbul edəcək. Bu səfərlər Donald Tramp administrasiyasına bir neçə gündən sonra keçiriləcək seçkilər ərəfəsində özünün qlobal liderliyini təsdiq etmək imkanı yaradır. Prezident Tramp seçkilərdə təkrar qalib gəlmək iddiasındadır. Bu barədə oktyabrın 19-da Amerika nəşri POLİTİKO məlumat yayıb.
“Dövlət katibi Mayk Pompeonun Vaşinqtonda müharibə aparan iki ölkənin – Azərbaycanla Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşləri planlaşdırılıb”, POLİTİKO yazır. “Hələlik məlum deyil ki, nazirlərin öz aralarında da görüş nəzərdə tutulurmu, yaxud Amerika rəsmiləri üçtərəfli sessiya təşkil etməyə cəhd göstərəcəklərmi?” Amma nazirlərin eyni gündə səfər etməsi sentyabrın sonundan etibarən çoxlu sayda əsgərin və mülki şəxsin ölümünə səbəb olmuş müharibəni dayandırmaq üçün ABŞ-ın fəallaşdığına işarədir.
POLITICO-nun tanış ola bildiyi ABŞ hökumət sənədlərinə görə, Pompeo cümə günü səhər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Onun erməni həmkarı Zöhrab Mnatsakanyanı isə dövlət katibi sonra qəbul edəcək.
POLİTİKO-nun şərh vermək barədə elektron müraciətinə Dövlət departamentindən cavab gəlməyib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bazar ertəsi verdiyi müsahibədə Azərbaycan və Ermənistan nazirlərinin Vaşinqtonda olarkən görüşə biləcəklərini istisna etməyib. Onun sözlərinə görə, idealda hər iki tərəfin tezliklə danışıqları bərpa etməsi mümkündür. “Biz mahiyyət üzrə danışıqlar istəyirik”, səfir deyib.
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan isə münaqişədə Azərbaycana dəstək göstərdiyi üçün bu yaxınlarda Türkiyəyə irad bildirmiş Pompeonu tərifləyib. O, müsahibəsində bildirib: “Biz münaqişənin qarşılıqlı kompromislər əsasında dinc yolla həllinə alternativ görmürük”.
Press Klub