Logo
news content
User
Kateqoriyalar

İcmal

“İlk növbədə dinc sakinlərin mənasız qətllərini dayandırmaq lazımdır”

Müəllif: Aleksey Rojkov

Qarabağda döyüşlər formal olaraq başa çatsa və Azərbaycan hökuməti bölgədə infrastrukturun bərpasına başlasa da, vəziyyət mürəkkəb olaraq qalır. Bəs dinc həyatın bərpası necə gedir və buna nə mane olur? Bu barədə jurnalist Aleksey Rojkov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə danışıb.

- Cənab səfir, Qarabağdakı hadisələr təkcə siyasi tarixə aid faktlar deyil, onların sizə həm  də şəxsən aidiyyəti var. Bu barədə daha danışmağınızı istərdik.

- Ötən il Azərbaycan xalqı və şəxsən mənim üçün ilk növbədə qələbə, torpaqlarımızın çoxdan gözlənilən qayıdışı ili oldu. Bir milyona yaxın Azərbaycan qaçqını səbrsizliklə öz evlərinə qayıdacaqları anı gözləyirdi. Bizim üçün bu, Vətən Müharibəsi idi, çünki biz beynəlxalq hüququn müəyyən etdiyi sərhədlərimiz çərçivəsində özümüzün əzəli torpaqlarımızı azad edirdik. Azərbaycan əsgəri heç vaxt başqasının torpağına ayaq basmayıb.

İndi isə şəxsən mənim tarixçəm haqda. Mənim atam, tanınmış müğənni və opera ifaçısı, SSRİ-nin xalq artisti Bülbül Şuşada doğulub, boya-başa çatıb. Təhsilini davam etdirmək üçün əvvəlcə Gəncəyə, sonra Bakıya köçüb, daha sonra isə İtaliyada təcrübə keçib. Lakin bütün həyatı boyu öz kiçik vətəninə qaynar sevgisini qoruyub saxlayıb.

Mən atamla birikdə Qarabağda, Şuşada çox olmuşam və o xoşbəxt illər haqda çox xatirələrim qalıb. Sonradan, mədəniyyət naziri olduqdan sonra mən Şuşada “Xarı Bülbül” folklor festivalı təşkil etdim. Festival ta Qarabağ müharibəsi başlayanadək uğurla fəaliyyət göstərib. Məlumdur ki, toplar danışanda, musiqi susur.

80-ci illərdə Bülbülün Şuşadakı evində onun muzeyi də açılmışdı. Böyük kədər hissi ilə qeyd etməliyəm ki, Qarabağın 30 illik işğalı zamanı bu ev dağıdılıb, talan edilib, atamın muzeyin həyətindəki heykəli isə zindan çəkicləri ilə sındırılıb. Azad edilmiş torpaqlarda dağıntıların miqyası çox böyükdür. Bircə rəqəm deyim: işğal altında olmuş ərazilərimizdəki 67 məsciddən yalnız üçü nisbətən salamatdır. Vaxtilə çiçəklənən şəhərlər bu gün “kabus şəhər”ləri xatırladır. Vəziyyət o qədər dəhşətlidir ki, xarici jurnalistlərdən biri Ağdamı “Qafqazın Xiroşiması” adlandırıb. Lakin xalqımızın içində ümidsizlik, qəzəb yoxdur, bircə öz doğma ocaqlarına mümkün qədər tez qayıtmaq və hər şeyi yenidən qurub-yaratmaq istəyi var və bu istək böyükdür. Bilirsiniz, Qarabağdan, Şuşadan sonsuzadək danışa bilərəm, bu mövzuya ayrıca müsahibə həsr etmək olar…

- Müharibə başa çatıb və üç ölkə – Rusiya, Azərbaycan və Ermənistan liderləri bununla bağlı bəyanat imzalayıblar. Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu isə bölgədə vəziyyəti tam sabitləşdirməyə yönəlib. Lakin təəssüf ki, oradan hər gün aldığımız xəbərlər hələ də döyüş məlumatlarını xatırladır. Lokal toqquşmalar baş verir, insanlar minaya düşür… Sizcə bu, nə qədər davam edəcək?

- Tam əminəm ki, ilk növbədə dinc sakinlərin mənasız qətllərini dayandırmaq lazımdır. Yəqin, siz də bilirsiniz ki, İkinci Qarabağ savaşı zamanı Gəncə, Bərdə, Tərtər, Naftalan və digər şəhərlərin bombalanması nəticəsində 100-dən çox dinc sakin həlak olub, yaşayış binaları dağıdılıb. Lakin ən qorxulusu odur ki, müharibə bitdikdən sonra da insanların bizim torpaqlara səpələnmiş minalara düşərək ölməsi davam edir. Mütəxəssislərin ən nikbin proqnozlarına görə, işğaldan azad edilmiş torpaqların minalardan tam təmizlənməsi 10 ildən 15 ilə qədər vaxt və böyük maliyyə yatırımları tələb edir. Baxmayaraq ki, Azərbaycan öz minaaxtaranlarını maksimum qorumaq üçün ən müasir avadanlıqdan istifadə edir. Bu təhlükəli işdə bizə rusiyalı sülhməramlılar da kömək edirlər. Onlardan biri bu yaxınlarda minaya düşərək ölüb, bir neçəsi yaralanıb. Bu işə həmçinin türkiyəli mütəxəssislər cəlb edilib. Lakin erməni tərəfi mina sahələrinin xəritəsini bizə verməkdən qəti şəkildə imtina edir.

Təəssüflə qeyd etməliyəm ki, erməni diversiya qrupları sülh vaxtı da partlayıcı vasitələrdən fəal istifadə edirlər. Köhnə moskvalılar 1977-ci ildə üç müxtəlif ictimai yerdə törədilmiş silsilə terror aktlarını yaxşı xatırlayırlar. O zaman “İzmaylovskaya” metro stansiyasında vaqonda, Lublyankadakı ərzaq mağazasında və 25 Oktyabr küçəsindəki ərzaq mağazasında törədilmiş partlayışlar nəticəsində 7 nəfər ölmüş, 37 nəfər yaralanmışdı. Həmin cinayətin təşkilatçıları Ermənistan Milli Birləşmiş Partiyasının üzvləri Stepan Zatikyan, Akop Stepanyan, Zaven Baqdasaryan ən ağır cəzaya məhkum edilmişdilər. Maraqlıdır ki, bu terrorçu qrup növbəti bombanı Moskva-Bakı qatarına yerləşdirməyə cəhd edərkən yaxalanmışdı. Kustar üsulla hazırlanmış partlayıcı qurğulardan sonralar da Azərbaycan ərazisində dinc əhaliyə qarşı çox istifadə olunub. Erməni millətçiləri tərəfindən Azərbaycanın dinc əhalisinə və Ermənistanın azərbaycanlı əhalisinə qarşı terror aktları mütəmadi və planlı şəkildə həyata keçirilib.

Erməni separatçılarının cinayətlərini uzun-uzadı saymaqla oxucuları yormaq istəmirəm. Bununla maraqlananlara Oleq Kuznetsovun “XX əsr erməni transmilli terrorçuluğunun tarixi” kitabını tövsiyə edə bilərəm. Orada bütün faktlar yetərincə əksini tapıb. Bu mövzuda həmçinin genocide.preslib.az saytını da məsləhət görə bilərəm. Partlayışlar avtobuslarda, qatarlarda, sənaye və infrastruktur obyektlərində, körpülərdə və digər yerlərdə törədilib. Təkcə Bakı metrosunda törədilmiş iki partlayış 27 nəfərin həyatına son qoyub, 100 nəfəri isə yaralayıb. Türkmənistanın Krasnovodsk (indiki Türkmənbaşı) şəhərindən Bakıya sərnişin daşıyan “Sovetskaya Kalmıkiya” gəmi-bərəsində törədilmiş digər bir partlayış zamanı isə 25 nəfər həlak olub, 88 nəfər yaralanıb. Bütövlükdə 1988-1993-cü illərdə terror aktarı nəticəsində 1250 nəfər qətlə yetirilib, 1283 nəfər xəsarət alıb, 65 nəfər itkin düşüb. Belə faktlar çoxdur – onlar öz qəddarlığı, amansızlığı və mənasızlığı ilə adamı dəhşətə gətirir.

- Bu yaxınlarda Xocalı faciəsinə həsr olunmuş tədbirdə vurğuladınız ki, Ermənistan-Azərbaycan münaqişəsinin doğru başa düşülməsi və işıqlandırılması üçün hadisələrin düzgün xronologiyasını bərpa etmək çox vacibdir. Nəyi nəzərdə tutursunuz?

- Bu, doğrudan da çox vacibdir. Çünki son vaxtlar Rusiya mətbuatında belə iddialar yer alır ki, guya Birinci Qarabağ müharibəsi Sumqayıt hadisələrindən başlayıb, Xocalı faciəsi isə Sumqayıta cavab olub. Bu belə deyil! Xatırlatmaq istərdim ki, ilk qan hələ Sumqayıtdan çox əvvəl axıdılmışdı. Məsələn, 1983-cü il aprelin 24-də erməni millətçiləri “soyqırım günü qisası” adı altında Zəngibasar rayonunun (hazırda Ermənistanın Masis rayonu) Uxanlı qəsəbəsində azərbaycanlı Qafarovlar ailəsinin toyuna basqın etmiş, dörd nəfəri öldürmüş, onlarla azərbaycanlını yaralamışdılar. Ümumiyyətlə 80-ci illərin ortalarından azərbaycanlılara qarşı təxribatlar, qorxutma aksiyaları, etnik zəmində ayrı-seçkilik halları işə salınmışdı. Nəticədə 80-ci illərin ortalarında sayı 200 mindən çox olan azərbaycanlı əhali Ermənistandan tam qovulub-çıxarılıb. Bu proses 1987-ci ilin oktyabrında, Heydər Əliyev SSRİ Nazirər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırıldıqdan sonra daha da sürətlənmişdi. 1987-ci ilin sonu, 1988-ci ilin əvvəlində Ermənistandan azərbaycanlı əhalinin qovulması geniş vüsət almışdı: Azərbaycan məktəbləri bağlanır, azərbaycanlılar kütləvi sürətdə işdən çıxarılır, onlar xəstəxanalarda müalicəyə qəbul olunmur, küçələrdə və ictimai yerlərdə hədə-qorxu ilə üzləşirdilər. 1988-ci ilin yanvarında isə Ermənistandan olan minlərlə azərbaycanlı qaçqın əzab verilib qorxudulmuş , yaralı vəziyyətdə Bakıya gəlməyə başlamışdı. Ümumilikdə təkcə Ermənistan ərazisindən 200 mindən çox azərbaycanlı qovulmuşdu. Bir anın içində hər şeyini itirmiş bu insanlar Bakı və Sumqayıtda məskunlaşırdılar. Azərbaycan tərəfi sosial gərginliyi azaltmağa çalışsa da, onların çəkdiyi ağrıları, qəzəbi, incikliyi, yaxınlarını itirmək acısını unutdurmaq mümkün deyildi. 1988-ci ilin fevralın 22-də baş vermiş bir hadisəyə xüsusi diqqət çəkmək istəyirəm. O zaman Azərbaycanın Əsgəran rayonunda iki gənc azərbaycanlı ermənilər tərəfindən qətə yetirilmişdi. Bu fakt Azərbaycanda geniş ictimai rezonans doğurmuş və sonrakı təlatümlərin əsasını qoymuşdu. Sumqayıtdakı faciəvi hadisələr yalnız bütün bunlardan sonra, fevralın 27-28-də baş verib. Amma onun da təşkilatçıları, sonradan məlum olduğu kimi, əvvəllər üç dəfə məhkum edilmiş erməni Eduard Qriqoryan və onun iki qardaşı olub. O, talanlarda, zorakılıqda fəal iştirak edib və altı ermənini şəxsən qətlə yetirib. İstintaq zamanı onun günahı tam sübuta yetirilib və o həbs olunub.

Bütün bu faktlar deməyə əsas verir ki, Sumqayıt hadisələri sonradan Qarabağda silahlı hücumlara başlamaq və orada törədilmiş qəddarlıqlara bəraət qazandırmaq üçün düşünülmüş aşkar təxribat ssenarisi idi. Ermənistandan azərbaycanlıların qovulması erməni separatçılarının böyük planının sadəcə başlanğıcı idi. İkinci mərhələdə Dağlıq Qarabağda, sonra isə əzəldən azərbaycanlıların yaşadığı daha yeddi rayonda etnik təmizləmələr aparılıb.

- Erməni tərəfinin hərbi əsir, Azərbaycan tərəfinin isə terrorçu hesab etdiyi 62 nəfər barədə sual verməyə bilmərəm. Ölkənizin mövqeyini daha ətraflı eşitmək istərdik.

- İlk növbədə demək istərdim ki, Azərbaycan tərəfi rəsmi səviyyədə dəfələrə bu məsələyə öz münasibətini ifadə edib. Eyni fikri Rusiya Federasiyasının xarici işlər naziri də bu il yanvarın 18-də keçirdiyi onlayn mətbuat konfransında səsləndirib. Lakin qarşı tərəf heç bir arqumenti eşitmir və ölkəmizə beynəlxalq təzyiq göstərməyə çalışır. Məsələnin mahiyyəti isə bundan ibarətdir: Ermənistanın həmin hərbi qulluqçuları Azərbaycan xüsusi xidmət orqanlarının antiterror əməliyyatı nəticəsində yaxalanıb. Bu diversiya qrupu bizim ərazimizə 2020-ci il noyabrın sonunda atılıb. Məqsəd isə Azərbaycanın Silahlı qüvvələrinə və mülki əhalisinə qarşı terror aktları törətmək olub. Onlar dörd Azərbaycan hərbçisini və bir mülki şəxsi qətlə yetiriblər. Diversiya qrupunun üzvləri ötən ilin dekabrında, yəni müharibə başa çatdıqdan və məlum bəyanat imzalandıqdan sonra Azərbaycanın Xocavənd rayonu ərazisində zərərsizləşdiriliblər. Onların hamısı cinayət məsuliyyətinə cəlb edilib və hazırda araşdırma aparılır.

Göründüyü kimi, bu şəxslər heç bir beynəlxalq konvensiya ilə hərbi əsir kimi nəzərdən keçirilə bilməz. 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın müddəaları onlara şamil olunmur. Beynəlxalq humanitar hüququn normalarına sadiq olan və üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirən Azərbaycan tərəfi 10 noyabr sazişini tam yerinə yetirir. Biz Ermənistana onların bizə qaytardığından dəfələrlə artıq sayda əsgər və zabit təhvil vermişik. Çünki bizim ordu onlardan xeyli çox hərbi əsir götürmüşdü. Həmçinin erməni hərbçilərinin tapılmış bütün cəsədləri qarşı tərəfə verilib. Rusiya sülhməramlı qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə Azərbaycan ərazilərində erməni hərbçilərinin cəsədlərinin tapılması üçün bütün tədbirlər görülür, biz isə bu məsələdə misli görünməmiş konstruktivlik göstəririk və əməkdaşlığa açığıq.

Beləliklə, erməni tərəfinin guya Azərbaycanın birgə bəyanatın 8-ci bəndini pozması haqda iddiaları əsassızdır. Bildiyim qədər, Rusiya tərəfinin xahişi ilə Azərbaycan xoş məram nümayiş etdirərək artıq iki dəfə bir neçə nəfəri Ermənistana qaytarıb, 8 Mart ərəfəsində isə yeganə qadın-əsir azad edilərək öz vətəni Livana göndərilib. Yeri gəlmişkən o, Ermənistana qayıtmaqdan imtina edib.

(Rus dilindən tərcümə - WorldMedia.Az. Müsahibənin orijinalı: “Полад Бюльбюль-оглы: “У нас есть лишь огромное желание быстрее вернуться к своим очагам и отстроить все заново”)