Erməniləri qoruyan Rusiya sülhməramlıları Kəlbəcərə yolu bloklayıblar
31 Dekabr 2020
Müəllif: Pol Tavinyo
Qələbədən sonra Azərbaycan Ermənistana bitişik bölgəyə tam sahib çıxmaq üçün mübarizə aparır.
Buldozerdən havaya qara tüstü yayılır. Maşın bir müddət “qışqırır”, sonra dayanır və 3300 metr hündürlükdə yerləşən Ömər yüksəkliyindən enən yolu bağlayır. Bu dəfə nəhəng texnikadan üstdə işləyən 10-a yaxın əsgər də əl saxlayır. Mayor Eynullayev manelər arasında ilişib qalmış yük maşınının dönməsini əmr edir.
Bu, 44 günlük döyüşlərdən sonra Ermənistanın işğalından azad edilmiş Qarabağın 7 rayonundan biri olan Kəlbəcərlə Azərbaycanı bağlayan yeganə yoldur. Bu günlərdə, bəlkə də elə növbəti günlərdə də bu yoldan heç nə keçməyəcək. Kəlbəcər noyabrın 25-də erməni silahlı qüvvələrindən tam təmizlənib. Oradan erməni sakinlər də çıxarılıb və rayon tamamilə Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu rayona gediş-gəliş çox çətindir. Kəlbəcərə hər gün ərzaq, inşaat materialları və hərbi yüklər 6 təkərli “Kamaz”larla daşınır. Onlar rayona Murovdağ yolu ilə (bu yol adını hündürlüyü 3724 metr olan, Kür vadisini Qarabağdan ayıran silsilədən götürüb) gəlib-gedir. Bu 50 kilometrlik daşlı və dik dağ yolu 27 il idi Dağlıq Qarabağdakı erməni müdafiə xəttinə görə bağlanmışdı. Güclü küləyin tutduğu ərazidə yolun kənarları minalanıb. Ətrafa səpələnmiş məhv edilmiş zirehli texnikanın üzərini qar örtüb. Qış “4×4” sistemli avtomobillərin belə, buzlu yamaclarda təhlükəsiz hərəkətini çətinləşdirir. Onların xüsusilə aşağı enməsi mümkün deyil. Təkərləri zəncirlənmiş “6×6” sistemli yük maşınları belə, sürüşür. Qar və torpaq uçqunlarına həssas olan bu yolda hər tərpəniş avtomobilin yoldan çıxmasına və ölümlərə səbəb ola bilər.
Beləliklə, Azərbaycanın yüksək dağlarla əhatə olunmuş, siyasi vəziyyətə görə bir qədər də təcrid duruma düşmüş Kəlbəcəri təmin etmək üçün başqa yolu yoxdur. Yeganə marşrut “Vardenis-Ağdərə yolu” kimi tanınan şərq-qərb marşrutudur. Ancaq bu yol qərbdən Ermənistanla sərhəddirsə, şərqdən də Dağlıq Qarabağdakı erməniləri qoruyan Rusiya sülhməramlıları tərəfindən bloklanır. Bu isə rayona aparan yeganə asfalt yoldur.
“Onlar heç nə tikməyiblər, heç nə”
46 yaşlı Vüqar Məmmədov 27 il əvvəl erməni işğalı nəticəsində Kəlbəcəri ailəsilə birlikdə tərk edib. Gəncədə məmur kimi çalışan Vüqar Kəlbəcərə yeni qayıdıb. O, yollardakı vəziyyətin yazda qaydasına düşəcəyinə inandığını deyir: “Ruslar Ağdərədən Bakı istiqamətinə yolu açacaqlar. Çünki bu, atəşkəs razılaşmasında əksini tapıb”.
V.Məmmədov uşaqlığının keçdiyi evi görəcəyi anı səbirsizliklə gözləyir. Evinin pis vəziyyətdə olduğuny düşünür və artıq onu yenidən tikməyi planlaşdırır: “Böyük ehtimalla, Ağdərə yolunun açılmasını gözləyəcəyəm. Çünki tikinti materiallarını Murovdağ vasitəsilə daşımaq mümkün deyil”.
Məmmədov ziddiyyətli fikirlər içərisindədir. Bir tərəfdən, azad edilmiş doğma yurduna qayıdışın verdiyi sevinc, digər yandan ermənilərin özlərindən sonra qoyduqları dağıntılardan doğan qəzəb. “Onlar bizim torpaqlarımızı 30 il işğal altında saxlayıblar, amma burada heç nə tikməyiblər, heç nə”, - deyə V.Məmmədov qəzəblə bildirir.
Yol boyu uca dağların başında azərbaycanlı, nadir hallarda isə kürd kəndlərinin dağıntıları görünür. Bəzən rastımıza ermənilərin ötən ay tərk etdikləri yeni görünüşlü evlər də çıxır. Lakin onların çoxu yandırılıb, bəzilərinin dam örtüyü yoxdur – sanki gedənlər dəmir dam örtüklərini də özlərilə aparıb.
Ermənilərin burada infrastruktur yaratdıqları görünür. Yol boyu yeni qurulmuş elektrik şəbəkəsi görünür. Amma bəzi yerlərdə elektrik dirəklər aşıb və ya sınıb. Yarımstansiyalardan biri insanların gözü qarşısında partladılıb. Ona yaxınlaşmaq məsləhət görülmür, çünki ətrafı minalanmış ola bilər. Bəzi körpülər də ciddi zədə görüb. Salamat qalmış körpülər də var.
“Biz ermənilərə Kəlbəcəri sakitcə tərk etmələri üçün 10 noyabr razılaşmasında nəzərdə tutulmuş müddətdən 10 artıq gün vaxt verdik. Lakin onlar bu müddətdə evləri yandırdılar, əraziləri minaladılar”, - deyə Kəlbəcərin təminatına məsul olan mayor Eynullayev narazı şəkildə bildirir.
Söhbətə Vüqar Məmmədov müdaxilə edir: “1993-cü ildə ermənilər bizə buradan çıxmamız üçün 4 gün vaxt vermişdilər. Biz gedərkən heç nəyi dağıtmadıq. 60 min azərbaycanlı martın əvvəlində buranı bombardman altında Murovdağ vasitəsilə tərk etmək məcburiyyətində qaldı. Çox sayda qadın və qoca dağlarda yorğunluqdan, soyuqdan öldü…”.
Son müharibənin ilk günlərində azərbaycanlılar Ömər yüksəkliyində yerləşən erməni mövqelərinə nəticəsiz hücum etmişdi. Kəlbəcərdə başqa döyüş olmayıb.
Heç bir inkişaf əlaməti yoxdur
Rayonun eyniadlı şəhər mərkəzinə çatmaq üçün 3 saat yol getmək lazımdır. Bu, dağıdılmış evlərdən ibarət qəribə şəhərdir. Ətrafda yalnız uçmuş divarlar görünür. Divarlar pis hava şəraitindən o qədər aşılanıb ki, sanki antik bir sivilizasiyaya aiddir.
Kəlbəcər göz qamaşdıran qarlı zirvələrin əmələ gətirdiyi qövsvari təpədə salınıb. SSRİ dağılan zaman bu gözəl məkanda təxminən 6 min azərbaycanlı yaşayırmış. Birinci Qarabağ müharibəsindən sonra onları sayca 10 dəfə az erməni əhali əvəzləyib. Bu gün isə Kəlbəcər minlərlə Azərbaycan əsgərinin qışı qarşılamağa hazırlaşdığı, Ermənistanla sərhəd yaxınlığında tələm-tələsik kazarma və müşahidə məntəqələri tikdiyi boz, palçıqlı şəhərdir.
Şəhərin kənarında hər ehtimala qarşı, üzərinə xüsusi örtük çəkilmiş 30-dək tank gözləmə mövqeyindədir.
Və V.Məmmədov uşaqlığının keçdiyi evi heç bir çətinlik çəkmədən tapır. “Mənim təsəvvürümdə o, daha böyük idi”, - deyə Məmmədov həyəcandan dili topuq vura-vura bildirir. Onun əlində bir dəst açar var (Qarabağdan qovulmuş azərbaycanlıların çoxunun qoruyub saxladığı rəmzi əşya). Amma indi evin nə qapısı, nə pəncərəsi, nə də dam örtüyü var. Halbuki, divarların rəngi yaxınlaradək burada kiminsə yaşadığını deməyə əsas verir.
Qarışıq hisslərə qapılmış məmur deyir: “Qalanını da mən sökəcəyəm. Yerində böyük, gözəl ev tikəcəyəm. İnşallah, orada 16 nəfər yaşayacaq”.
Amma deyəsən Kəlbəcərin yenidən qurulması Moskvanın və ermənilərin xoş niyyətindən asılıdır. Çünki əsas yollar onların nəzarətindədir. Doğrudur, atəşkəs razılaşmasının 8-ci bəndində bölgədə bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpa olunacağı deyilir. Lakin bununla bağlı hər hansı vaxt cədvəli və ya mexanizm göstərilmir.
Yolların açılması, əslində, azərbaycanlılarla erməniləri 30 ildən bəri üz-üzə qoymuş münaqişənin siyasi həllindən asılıdır. Moskva, Yerevan və Bakı arasında imzalanmış üçtərəfli razılaşmadan 6 həftə keçsə də, hələlik buralarda hər hansı inkişaf əlaməti görünmür.
“Le Monde”nin əməkdaşı Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya sülhməramlı qüvvələrinin iki avtomobilinin Azərbaycanın hərbi polisi tərəfindən saxlanıldığını müşahidə edib. Kəlbəcərdən tranzit olaraq keçən bu konvoy hələ də meşələrdə və dağlarda qalmış erməni əsgərlərinin meyitlərinin yığılmasına məsul imiş.
Doğrudur, buna əsaslanaraq tərəflər arasında artan gərginlikdən, yaxud kommunikasiyaların kəsilməsindən danışmaq tezdir. Amma qarşılıqlı asılılıq artıq çətinlik yaradır.
(Fransız dilindən tərcümə - WorldMedia.Az. Məqalənin orijinalı: Le Monde)