Logo
news content
User
Kateqoriyalar

İcmal

CNN (ABŞ): Bakı bölgəni gec-tez geri qaytaracağını hər zaman deyirdi...

Müəlliflər: Tim Lister, Mariya İlyuşina, İvana Kottasova, Gül Tuysuz, Arzu Qeybulla, Aren Melikyan

Ermənistanın baş naziri Nikol Paşinyan ağır qərar verdiyini bəyan edib. O, Azərbaycan və Rusiya liderləri ilə birgə Dağlıq Qarabağda müharibənin dayandırılmasına dair bəyanata imza atdığını söyləyib. Azərbaycan Paşinyanın bu açıqlamasından bir neçə saat öncə strateji əhəmiyyət kəsb edən Şuşa şəhərini ələ keçirdiyini bildirmişdı.

“Şəxsən mənimçün və hamımız üçün çox ağır qərar verdim. Rusiya və Azərbaycan prezidentləri ilə birlikdə Qarabağ müharibəsinin saat 01:00-dan etibarən dayandırılması haqda bəyanat imzaladım”, - deyə Paşinyan “Facebook” səhifəsində yazıb.

Halbuki, Ermənistanın baş naziri noyabrın 9-da Şuşa uğrunda döyüşlərin bitmədiyini demişdi. Son açıqlamasında isə bildirib: “Mən bu qərarı hərbi vəziyyətin dərindən təhlili nəticəsində qəbul etmişəm. Bu qərar mövcud vəziyyət üçün mümkün olan ən yaxşı həll olduğu üçün verilib”.

Azərbaycan Prezidenti İlham Əliyev isə sülh razılaşmasının imzalanmasından sonra deyib: “Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı qan tökmədən qaytaraq”.

Qeyd edək ki, bu region Azərbaycan ərazisidir. Lakin oranın əhalisinin əksəriyyəti etnik ermənilərdir və region onlar tərəfindən idarə olunurdu.

Azərbaycan prezidentinin sözlərinə görə, bölgədə bütün hərbi əməliyyatlar dayandırılır. “Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam! Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm”, - deyə İlham Əliyev vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda təmas xətti boyu, həmçinin regionu Ermənistanla birləşdirən dəhlizə rusiyalı sülhməramlıların yerləşdiriləcəyini açıqlayıb. O, atəşkəs razılaşmasına əsasən, əsirlərin və cəsədlərin mübadiləsinin də həyata keçiriləcəyini söyləyib.

Qeyd edək ki, Azərbaycanın qonşusu olan Rusiya təhlükəsizlik sahəsində Ermənistanın müttəfiqidir. Moskva son həftələrdə tərəflər arasında atəşin dayandırılmasına bir neçə dəfə səy göstərmişdi. Amma humanitar atəşkəs razılaşması hər dəfə qüvvəyə minər-minməz, pozulurdu.

Xatırladaq ki, İlham Əliyev noyabrın 8-də Azərbaycan Ordusunun Şuşa şəhərini azad etdiyini açıqlamışdı. Bəziləri bu şəhəri dini nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb etdiyinə görə “Dağlıq Qarabağın Yerusəlimi” adlandırır.

Azərbaycan Müdafiə Nazirliyi artıq noyabrın 9-da Azərbaycan bayrağının Şuşada dalğalandığını göstərən video yayıb. Bu, o deməkdir ki, Azərbaycan hərbçiləri Stepanakertdən (Xankəndi - WM) bir neçə mil məsafədədirlər.

Müdafiə Nazirliyinin videosunda küçələrin boş olduğu və bəzi binaların dağıdıldığı da görünür.

Şuşa şəhəri Stepanakertdən 10 kilometr məsafədə yerləşir. O, yüksəklikdədir. Odur ki, bu, “paytaxt”ın (dırnaq işarəsi bizə aiddir - WM) daha da zəifləməsinə gətirib çıxarmışdı. Artıq oraya raket zərbələri endirilirdi. Ötən həftənin sonunda şəhərin mülki əhalisi Ermənistana qaçmağa başlamışdı.

Azərbaycan Ordusunun Şuşanı tutduğunu Dağlıq Qarabağ separatçıları liderinin sözçüsü Vaqram Poqosyan da etiraf edib. O, “Facebook”da yazıb: “Şuşa nəzarətimizdən tam kənardır. Ruhlandırıcı təbliğat bizə heç nə vermir. Nəticədə sadəcə, reallıq hissini itiririk”.

O, Azərbaycan Ordusunun “artıq Stepanakert ətrafında olduğunu, bununla da şəhərin təhlükə altına düşdüyünü” də bildirib.

Sosial şəbəkələrdə yayılmış videoda Stepanakertdən avtomobil kolonlarının necə çıxdığı görünür. Amma şəhərdə mülki əhalinin qaldığı da deyilir.

Noyabrın 9-da Ermənistan-Azərbaycan sərhədində Rusiyaya məxsus helikopter vurulub. Azərbaycan bunun təsadüfən baş verdiyini açıqlayıb və Rusiya tərəfinə üzrxahlıq edib. Azərbaycanın Müdafiə Nazirliyi bu haqda məlumatı Şuşa ilə bağlı videodan bir neçə saat sonra yayıb. Hərbi helikopter Ermənistan ərazisində, Azərbaycanla sərhədin yaxınlığında vurulub.

Rusiya Müdafiə Nazirliyi “Mi-24” hərbi helikopterinin Daşınan Zenit Raket Sistemilə vurulduğunu bəyan edib. Helikopter Ermənistan ərazisinə düşüb. Nəticədə 2 heyət üzvü həyatını itirib, 1 nəfər yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi helikopterin vurulması ilə bağlı üzrxahlıq edib və hadisənin təsadüfən baş verdiyini bildirib: “Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfinə üzrxahlığını bildirir”.

Bəyanatda deyilir ki, “Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyir”.

“Helikopter Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında fəal hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuş həyata keçirib. Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada idi”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

Bu arada, Azərbaycan dəstəkləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaeli vilayətində keçirilən konqresdəki çıxışında deyib ki, “Şuşanın azad edilməsi işğal altındakı digər ərazilərin bu yaxınlarda azad olunacağını göstərir”.

Türkiyənin dövlət başçısı ötən şənbə günü Rusiya prezidenti ilə telefonla danışıb. O, Ermənistanın işğal altındakı Azərbaycan ərazilərindən çıxmalı olduğunu bildirib.

Dağlıq Qarabağda ilk iğtişaşlar Sovet İttifaqının dağılmasından sonra başlamışdı. Bir müddət sonra Ermənistanın dəstəklədiyi bu region özünü müstəqil elan etmişdi. Erməni silahlı qüvvələri Şuşa şəhərini 1992-ci ildə ələ keçirmiş, bununla da Dağlıq Qarabağ de-fakto müstəqil olmuşdu. Lakin onun müstəqilliyini bu günədək heç bir dövlət tanımamışdı.

Ermənistanla Azərbaycan arasında miqyaslı hərbi toqquşmalar 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsilə sona çatmışdı. Amma bölgədə gərginlik hər zaman mövcud olub.

Bakı beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan bu bölgəni gec-tez geri qaytaracağını hər zaman deyirdi. Nəhayət, tərəflər arasında iyulda yenidən alovlanmış gərginlik sentyabrda irimiqyaslı müharibəyə çevrilmişdi.

Tərəflər bu toqquşmalar zamanı mülki əhali arasında onlarla itkinin olduğu bildirirlər.

10.11.2020

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CNN