Azərbaycanlı milyarderin Putin haqqında gizli danışığı ortaya çıxdı
Əhmədov və Priqojin “kreativ şəkildə uduzduq” deyəndə nəyi nəzərdə tutublar?
25 Mart 2023
Jurnalistlər rusiyalı milyarder Fərhad Əhmədov və rusiyalı prodüser İosif Priqojinin səslərinə oxşayan telefon danışığının yazısını dərc ediblər.
Bu barədə RBC-Ukrayna Kanal 5-ə istinadən xəbər verir.
Həmsöhbətlər telefon danışığı zamanı Rusiya rəhbərliyini, xüsusən də prezident Vladimir Putini qiymətləndirir, həmçinin Rusiyanın qaranlıq perspektivləri ilə bağlı fikirlərini bölüşürlər.
Telefon danışığının məzmunu göstərir ki, söhbət təxminən 2 ay əvvəl baş tutub. Rejimin korrupsiyaçı-diktatura praktikası sayəsində uzun illər varlanmış Rusiya elitasının əhval-ruhiyyəsini ifadə edən həmsöhbətlərin qorxuya düşdüyü hiss olunur və onlar Ukraynaya qarşı təcavüzlə bağlı baş verənlərdən kəskin narazılıq nümayiş etdirirlər.
Baş verənlərin qiymətləndirilməsi və rejimdən uzaqlaşmaq cəhdləri genişmiqyaslı işğal nəticəsində Rusiya elitası arasında yaranan və hökm sürən əhval-ruhiyyənin başa düşülməsi baxımından ciddi göstəricidir.
Həmsöhbətlər Putinin yaxın ətrafını, ordudakı vəziyyəti, hərbi komandanlığı və Ukrayna müharibəsindəki prosesləri də müzakirə ediblər.
Məlum olduğu kimi, həmyerlimiz, əslən Göyçay rayonundan olan milyarder Əhmədov Rusiya Federasiya Şurasında Krasnodar diyarını və Nenets Muxtar Dairəsini təmsil edib, Avropa Şurası Parlament Assambleyasında Putinin nümayəndə heyətinin işində fəal iştirak edib.
Öz növbəsində Priqojin mədəniyyət xadimlərinin Krımın ilhaqını dəstəkləyən müraciətini imzalayıb və 4 ildən sonra prezident seçkiləri zamanı rəsmi olaraq Putinin “vəkili” olub. O, 23 fevral 2022-ci ildə Putinin Donbasdakı separatçıları tanımaq qərarını dəstəkləyib.