Aprel döyüşləri niyə dayandırılmışdı?
20 Fevral 2021
Müəllif: Sarqis Harutyunyan (Azatutyun, Ermənistan)
2016-ci ilin aprel müharibəsi Ermənistanın o zamankı prezidenti Serj Sarqsyanın Azərbaycana verdiyi vədlər nəticəsində dayandırılmışdı. Həmin vaxt əldə olunmuş razılaşmalar müəyyən edilmiş qrafik əsasında həyata keçirilməli idi.
Bunu “Azatutyun”a Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
- Aprel döyüşləri Ermənistan tərəfinin verdiyi vədlər nəticəsində dayandırılmışdı. O zaman müəyyən olunmuş qrafikə əsasən, erməni tərəfi yay aylarında müəyyən addımlar atmalı idi. Lakin həmin yay “Sasna Tsrer” təşkilatının silahlıları Yerevanda polis keşikçi-patrul xidməti alayını ələ keçirdi. Serj Sarqsyan məhz bundan yararlanaraq, verdiyi vədlərin yerinə yetirilməsini 2017-ci ilin aprelinə qədər təxirə saldı.
Bu şəxs (Serj Sarqsyan) Azərbaycana çoxsaylı vədlər verməklə, faktiki olaraq Ermənistan Respublikasını böyük yük altında qoyaraq gedib. İndi isə deyir ki, “mən sənəd imzalamağa hazır idim, müəyyən addımlar atmağa hazır idim”...
Əminliklə deyə bilərəm ki, biz məhz onun verdiyi vədlər, yaratdığı dalanlar nəticəsində ciddi problemlərlə üz-üzə qaldıq.
- Cənab Qriqoryan, Serj Sarqsyan aprel döyüşlərindən konkret sonra hansı vədləri veribmiş?
- Bu sualı onun özü daha ətraflı cavablandıra bilər. Fakt odur ki, aprel döyüşləri dayandırılmış və əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün qrafik tərtib edilmişdi.
- Yəni vədlər ərazilərin geri qaytarılması ilə bağlı imiş?
- Bu haqda Serj Sarqsyan daha ətraflı danışa bilər.
- Vədlərin Azərbaycan tərəfini razı saldığını əminliklə deyə bilərikmi?
- Təbii ki. Əgər Azərbaycan hərbi əməliyyatları dayandırımışdısa, demək, razı qalıbmış.
- Bəs siz Serj Sarqsyanın qeyd etdiyi variantın (Kazan sənədi) imzalanmasına niyə razılıq vermədiniz?
- Adını çəkdiyiniz şəxs deyir ki, özü bu sənədi imzalamağa hazır imiş, amma nəticədə aprel müharibəsi ilə üzləşib. O, deyir ki, guya güzəştə getməyə hazır imiş. Əgər hazır imişsə, 4 günlük müharibə niyə baş verdi?
Qeyd edək ki, Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan “Armnyuz” televiziyasına müsahibəsində bildirib ki, 2016-cı ilin aprelində hərbi əməliyyatların dayandırılmasına səbəb Ermənistan ordusunun güclü əks-zərbəsi olub. Guya o zaman böyük itkilər verən Azərbaycan tərəfi danışıqlar masası ətrafında əyləşməyə məcbur olub. Sarqsyan hərbi əməliyyatların dayandırılması üçün Azərbaycana əraziləri qaytarmaq vədi verdiyi haqda deyilənləri təkzib edib.
“Aprel döyüşləri nəyin bahasına dayandırılmışdı? Bəzi məlumatlara görə, biz döyüşləri dayandırmaq üçün 7 rayonu Azərbaycana qaytarmağa şifahi razılıq vermişikmiş” sualını Ermənistanın üçüncü prezidenti belə cavablandırıb: “Xeyr, belə fikirlərin reallıqla heç bir əlaqəsi yoxdur. Aprel döyüşləri Rusiyanın vasitəçiliyi ilə dayandırılmışdı. Rusiyaya məhz Azərbaycan müraciət etmişdi. Azərbaycan güclü əks-zərbə alaraq danışıqlar masası ətrafına əyləşməyə məcbur olmuşdu”.
Xatırladaq ki, 2016-cı ilin aprelində baş vermiş 4 günlük müharibədə “güclü əks-zərbə alan” Azərbaycan Serj Sarqsyanın özünün də dediyinə görə, 800 hektar ərazini, o cümlədən strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini və Talış kəndi ətrafındakı yüksəklikləri azad edə bilmişdi.
Bundan başqa, 2016-cı ilin aprel döyüşlərinin ərazilərin Azərbaycana qaytarılması şərti ilə dayandırıldığını Ermənistanın baş naziri Nikol Paşinyan da təsdiqləyib. O, bunu 44-günlük müharibənin sonunda 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra deyib: “2016-cı ildə müharibə hansı şərtlərlə dayandırılmışdı? Bəli, əraziləri qaytarmaq şərti ilə. Odur ki, onlar artıq bizim vədlərimizə inanmırdılar. Artıq məsələni uzatmaq imkanımız yox idi”.