
Zülm qapaqları...
Nöqsanlı infrastruktur, çuxurlu yollar... Qurtuluş yolu nədir?
21 Aprel 2025
Dünya 2025-ci ildə yaşasa da, Azərbaycanda bəzi sahələrdə texnologiya hələ də 1990-cı illərdə qalıb. Digər ölkələrdə uçan avtomobil də icad olunub, biz hələ də yağışa güc gələ bilmirik. Yağış bir az güclənən kimi yollarımız gölə dönür.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da “çıxış yolu” tapıb. Hörmətli məmurumuz deyir ki, güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə müvəqqəti tədbir kimi tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmalıdır. Onun sözlərinə görə, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər.

İcra başçısı onu da bildirib ki, ötən ilin oktyabr ayında baş vermiş təbii fəlakətdən dərhal sonra məsul və aidiyyəti qurumların rəhbərləri ilə operativ şəkildə görüş keçirilib: “Bir müddət öncə isə Bakı Şəhər İcra Hakimiyyətinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Su Ehtiyatları Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb. İlkin qiymətləndirmələrə əsasən, bu proqramın icrası azı iki il davam edəcək”.
Yəni, hələ ən azı 2 il bu məşəqqətə dözmək məcburiyyətindəyik...
Amma yollarımızın problem tək bununla da bitmir. Təkcə yağış yağanda olsa, “bir-iki günlükdür” deyib, məcbur qalıb dözərik. Əlaqədar orqanların həll edə bilmədiyi bu kanalizasiya infrastrukturu adi günlərdə də başımızın bəlasına çevrilib. Nə hikmətdirsə, yollarımızdakı kanalizasiya qapaqları asfalt örtüyündən həmişə aşağıda olur. Bəzən asfalt səthi ilə kanalizasiya qapağı arasındakı fərq 15-20 santimetrə çatır. Bu da yolun ortasında dərin çuxur yaradır.

Səbəb isə sadədir. Hər dəfə asfalt örtüyü yenilənəndə, kanalizasiya qapaqlarının səviyyəsi nəzərə alınmır. Asfalt üzərinə asfalt çəkilir, kanalizasiya qapağı isə yerində qalır. Nəticədə, asfalt örtüyü ilə qapaq arasında kəskin fərq yaranır.
Digər bir səbəb isə yağışdan sonra keyfiyyətsiz asfalt örtüyündəki çökmə olmasıdır.
Bu çuxurlar təkcə piyada yolunda deyil, avtomobil yollarında da kifayət qədərdir. Halbuki, avtomobil yolunda çuxurun olması tamamilə yolverilməz sayılır. Avtomobil hər dəfə çökəyə düşəndə, onun detalları zədələnir, sıradan çıxır. Sürücü də avtomobili qorumaq üçün ani manevr etməli olur. Sürətli yolda avtomobilin çuxura düşməsi, eləcə də ani manevr isə gözlənilməz nəticələrə səbəb ola bilər. Bu da qəza şəraitini qaçılmaz edir.
Gündüz saatlarında avtomobili bu təhlükədən qismən də olsa yayındırmaq olur. Amma gecə saatlarında və yağışlı havalarda təhlükənin miqyası bir neçə dəfə artır.

Problemin səbəbi və həlli ilə əlaqədar tədbirlərin görülüb-görülmədiyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsək də sorğumuz cavabsız qaldı.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Pressklub.az-a verilən məlumata görə, “Bakı şəhərinin baş planı – 2040” sənədinə uyğun olaraq yeni su və kanalizasiya şəbəkələrin qurulması işləri icra ediləcək.
Görünür, müasirləşməyimizə hələ 15 il var. Layihənin birinci mərhələsinə isə 2024-cü ildə başlanılmalı olsa da, hələ ki təqdirəlayiq bir addımın atılmadığı məlum məsələdir.
Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, kommunikasiya qapaqlarını avtomobilin az hərəkət etdiyi yerlərdə qoymaq lazımdır: “Asfalt örtüyü ilə qapaq arasında 2 santimetrlik fərq olanda və avtomobil təkəri çuxura düşəndə ora sanki ağır çəkiclə zərbə vuruşan. Bu zərbələr davamlı olanda isə rezonans yaranır, deformasiya baş verir, dağılmağa başlayır, yol təsərrüfatına ciddi ziyan dəyir. Sürücülər bu hal baş verməsin deyə, məcburən manevr edirlər. Həmin manevr isə yanaşı hərəkət edən maşınlara mane olur, qəza şəraiti yaranır”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən hər dəfə bildirirlər ki, mövcud problemlərin aradan qaldırılması üçün mütəmadi işlər aparılır.
Amma... Bu yolun sonu görünmür ki, görünmür...
SƏMA