Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Yarımfabrikat qidalar - Siqaretdən daha zərərli
Dondurulmuş qidalar hansı hallarda sağlamlığımıza zərər vurur?

Çoxumuzun soyuducusunda yarımfabrikat qidalar var. İşləyən, yemək bişirmək imkanı məhdud olan şəxslər tez bişən və asan başa gələn hazır qidalardan daha çox istifadə edir. 

Bəziləri bu məhsulları hazır şəkildə mağazalardan alır, bəziləri isə özü hazırlayıb, buzluqda saxlayır. Bu məhsullar daha çox ət və ət məhsullarından, o cümlədən, tərəvəzlərdən və xəmir yeməklərindən ibarət olur. Amma bu qidalar heç də təhlükəsiz deyil. Onların saxlanma şəraitinə və istifadə qaydasına düzgün əməl edilmədikdə ciddi fəsadlar yarada bilər. 

Yarımfabrikat qidaların fəsadı ilə üzləşən Bakı sakini A. Quliyeva deyir ki, rahatlıq arxasınca qaçması başına bəla olub: “İşlədiyim üçün yemək bişirməyə hər gün vaxt ayıra bilmirəm. Ona görə də, ərzaq alış-verişi edəndə dondurulmuş qidalardan alıb buzluğa yığır, onları yeyirdim. Amma bir dəfə problem yaşamışam. Hazır “üç bacı” dolması almışdım. Yedikdən sonra halım pisləşdi, zəhərləndim. O vaxtdan bəri daha diqqətli olmağa çalışıram. Həkim də demişdi ki, qida rasionunda üstünlüyü təbii qidalara verməliyəm. Məcburiyyətdən artıq yarımfabrikat qidalardan istifadəni minimuma endirmişəm. Daha özüm bişirib buzluqda ehtiyat üçün saxlayıram. Beləcə, həm büdcəmə qənaət edirəm, həm də sağlamlığımın qeydinə qalıram”.

Amma çoxumuz yarımfabrikat qidaların saxlanma şəraiti və istifadə qaydası ilə tanış deyilik. Bu qidalar insan sağlamlığına hansı fəsadlar törədə bilər?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Pressklub.az-a açıqlamasında bildirib ki, yarımfabrikat qidaların saxlanılmasında və daşınmasında temperatur rejimi dəyişirsə, onun tərkibindəki bakteriyalar çoxala bilir: “Eyni zamanda, mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır ki, bu da həmin qidanı qəbul edən insanlarda daha çox zəhərlənməyə, həzm sisteminin pozulmasına, eləcə də bir çox sağlamlıq probleminə gətirib çıxara bilər. Ona görə, paketlənmiş yarımfabrikat məhsullarının üzərində istehsal və son istifadə tarixi, tərkibi, saxlanılma şəraiti, temperatur rejimi haqda məlumatlar tam göstərilməli və göstərişə uyğun saxlanılmalıdır. Mütləq hər bir məhsulun özünə uyğun qablaşmada və düzgün mal qonşuluğu prinsipinə əməl olunaraq saxlanılmalıdır”.

Ekspert tövsiyə edir ki, istehlakçılar dondurulmuş məhsulları mağazadan alış-verişin ən sonunda alsınlar. Çünki marketin fərqli bölmələrində fərqli temperatur olur. Nəticədə həmin məhsullar uzun müddət qalanda dondurulmuş məhsulun buzu açılır və tərkibi dəyişir. Bu da onun keyfiyyətinə mənfi təsir edir: “Həmin məhsulları, xüsusilə də ət məhsullarını, eləcə də xəmirdən hazırlanan məhsulları alarkən üzərində saxlanılma şəraiti ilə temperatur rejiminə mütləq əməl olunmalıdır. Və qısa məsafə üçün daşınmada belə temperaturun dəyişməməsi üçün evə gələn kimi dərhal soyuducuya qoyulmalıdır. Donu açılan məhsul bir dəfə istehlak olunmalıdır. Evdə dondurulacaqsa, bir dəfə istehlak edəcəyi miqdarda dondurulmalıdır ki, gələcəkdə hər hansı problemlə üzləşməsinlər”.  

Yeri gəlmişkən, İngiltərədə aparılan araşdırmalara görə, bu cür yeməklər siqaretdən daha zərərlidir. Yarımfabrikat yeməklərin dadlı və doyumlu olması üçün onlara MSG (monosodium glutamat - red.) adlı dadverici maddələr vurulur. MSG bəhməzin mayalanmasından alınır və bu maddə bəhməzə zərərsiz dad verən duz maddəsidir. MSG (E621) xüsusilə uzaq Şərq (Çin, Yapon) və türk mətbəxində istifadə edilir. Bu maddədən yaranan reaksiyaya “Çin restoranı sindromu” deyilir. Həddindən çox MSG qəbulu insanlarda baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma yaradır. E621 insanın orijinal dadları hissetmə qavrayışına da təsir edir. Bu da E621 olmayan qidaların dadını hiss etməyi əngəlləyir. Bir sözlə, beyni maddədən asılı edir. 

Amerikalı tibb alimlərinin araşdırmalarına görə, yarımfabrikat və hazır qidalar mədə xərçəngi riskini artırır. Mütəxəssislər deyir ki, hazır qidaların uzunömürlü olması üçün onlara yüksək miqdarda qoruyucu maddələr vurulur. Ona görə də sosiska, sous, turşular, hisə verilmiş və duzlanmış bir çox hazır qidalar mədə xərçənginə səbəb olur. Bundan əlavə, hazır şirniyyatlar, suplar, un məmulatları, xəmir yeməkləri, fermentasiya edilmiş pendir, yoqurt, turşu, sirkə və s. bu kimi məhsullar da mədə üçün təhlükəlidir. Həmçinin hazır qidalar böyüklərdə xərçəngə tutulma riskini 30, uşaqlarda isə 60 faiz artırır. Hazır qidalar xərçənglə yanaşı şəkər, təzyiq, ürək və damar xəstəliklərini də artırır, uşaqların inkişafına və boy atmasına maneə yaradır. Bundan əlavə, yarımfabrikat qidaların hazırlanma şəraiti bəlli olmadığı üçün zəhərlənmə halları baş verə bilir. Qidaların hazırlanarkən yaxşı yuyulmaması, keyfiyyətsiz məhsullardan istifadə edilməsi qida zəhərlənmələrinin yaşanmasına səbəb olur. 

İnsanlar çox vaxt “işimi asanlaşdırım, vaxt itkisi yaşamayım” düşüncəsi ilə yarımfabrikat qidalara üz tutanda diqqət ediləsi məqamlar unudulur, qalır kənarda. Bu zaman da həm daha böyük vaxt itkisi yaşayır, həm də səhhətlərini təhlükəyə atırlar. Necə deyərlər, tələsən təndirə düşər. Halbuki mütəmadi olaraq bu qidaların istifadə qaydaları və yarada biləcəyi fəsadlarla bağlı maarifləndirmə işləri aparılsa, o cümlədən həmin istehlakçılar bu qidalarla bağlı araşdırma edib, xüsusiyyətinə bələd olsa, yaşanan problemlər də minimuma enər.

Günay Elşən