Xomeyninin baş tutmayan şəhidliyi, rəhbərə sui-qəsd, 8 illik fəlakət... - II YAZI
İran-İraq müharibəsi niyə başlamışdı və necə bitdi?
24 Sentyabr 2025
Əvvəli: Burada
1982-ci il
İraq ordusunun savaşın ilk aylarındakı hücum coşqusu artıq tükənmişdi. İranda genişmiqyaslı səfərbərlik keçirildi və 1981–1982-ci illərin qışında iraqlılar yalnız müdafiəyə hazırlaşırdılar. “Xüsusi sursatların”, yəni kimyəvi silahın istehsalı artırıldı. İran isə Suriya ilə razılığa gələrək, bu ölkə ərazisindən keçən İraq neft kəmərinin fəaliyyətinin dayandırılmasına nail oldu. Mart ayında İran qoşunları Şuş şəhəri yaxınlığında uğurlu hücuma keçdilər. Apreldə kürdlərin növbəti üsyanı yatırıldı. Nəhayət, mayda iraqlıların müdafiə xətti yarıldı və Xürrəmşəhr azad edildi.
İraq üçün vəziyyət o qədər pis idi ki, Səddam Hüseyn İsrail qoşunlarının 1982-ci il iyunun 6-da Livana müdaxiləsini bəhanə gətirərək, atəşkəsə nail olmağa çalışdı. O, artıq ordunu 1975-ci il Əlcəzair sazişi ilə müəyyənləşdirilmiş sərhədlərə çəkməyə, hətta İraqın təcavüzkar olduğunu etiraf etməyə razı idi. Lakin Xomeyni israrla onun istefasını və İraqdan qovulmuş onminlərlə İran əsilli şiənin geri qaytarılmasını tələb edirdi. Səudiyyə Ərəbistanı kralı Fəhd vasitəçilik etmək istədi, hətta İrana 50 milyard dollar vəd etdi, amma Xomeyni 150 milyard tələb etdi.
1982-ci il iyunun 29-da İraq qoşunları, demək olar ki, bütün İran ərazisindən çıxdılar, iyulun 12-də isə BMT Təhlükəsizlik Şurası dərhal döyüşlərin dayandırılmasını tələb edən qətnamə qəbul etdi. Cavabında Xomeyni iraqlıları Səddam Hüseyni devirməyə çağırdı. Artıq iyulun 13-də “Ramazan” əməliyyatı başlandı, lakin hər iki tərəf böyük itkilər versə də, demək olar, nəticəsiz qaldı. İranın Bəsrəyə hücumu T-72 tankları ilə silahlanmış elitar prezident tank diviziyasının döyüşə girməsi nəticəsində dəf edildi. Həmin ilin oktyabrında İranın yeni hücumu zamanı İraq kimyəvi silahdan istifadə etdi.
Tehranda isə nüvə proqramının bərpası barədə qərar qəbul edildi.
Noyabrda iranlılar İraqın iki neft yatağını ələ keçirə bildilər, bundan sonra cəbhə xətti sabitləşdi.
Maraqlıdır ki, 1982-ci ilin dekabrında Səddam Hüseyn İraqda savadsızlığın aradan qaldırılmasına görə UNESCO-nun xüsusi mükafatını aldı.
Elə həmin il İran ərazisində məqalənin birinci hissəsində adı çəkilən “Dava” partiyasından başqa, Səddam Hüseyni devirməyi hədəfləyən daha bir şiə qruplaşması yarandı – “İraqda İslam İnqilabı üzrə Ali Şura”.
1983-cü il
Bu il yeni İran hücumu ilə başlasa da, uğur gətirmədi. Daha sonra müharibə tükətmə xarakteri aldı. Hər iki tərəf ağır itkilər verir, irəliləyiş isə cüzi olurdu. Lakin təşəbbüs artıq İran ordusunun əlində idi – onlar yavaş-yavaş İraqın müdafiəsini “gəmirirdilər”. Tehranda qərara aldılar ki, düşmənə hücum İraq Kürdüstanı tərəfdən edilsin. Lakin uğurlu başlayan bu hücum da iraqlıların ipritdən istifadə etməsindən sonra dayandırıldı.
1984-cü il
Strateji istiqamətlərdə (Bağdad və ya Bəsrə) hücum üçün İranın artıq qüvvəsi yox idi. Buna görə də 1984-cü ildə Bəsrənin cənub-şərqindəki bataqlıq ərazilərdə yerləşən neft yataqlarını ələ keçirməyə cəhd edildi. Bu hücumu iraqlılar yenə kimyəvi silah – bu dəfə tabun tətbiq etməklə dayandırdılar. Qeyd edək ki, 1984–1988-ci illərdə İraq ordusu zəhərli maddələr doldurulmuş 12 min aviasiya bombasından istifadə edəcək.
İran ordusu “əl-Fəcr” əməliyyatı zamanı ağır itkilər hesabına bir neçə yüz kvadrat kilometr İraq ərazisini ələ keçirməyə müvəffəq oldu. İraqın neftlə zəngin Məcnun adası uğrunda şiddətli döyüşlər getdi. İraq ordusu burada 8 ədəd Mi-8 nəqliyyat helikopterini itirdi. İran isə ehtiyat qüvvələr göndərərkən 50 helikopterdən 49-nu, eləcə də digər sahədə əks-hücum zamanı bir neçə AH-1G “Kobra” helikopterini itirdi. İraq hələ də İran ərazisinin bir neçə kv. km sahəsinə nəzarət edirdi, lakin buna yalnız istehza ilə “uğur” demək olardı.
Döyüş meydanında qələbə qazana bilməyən tərəflər bir-birinin dinc şəhərlərini (İraq həmçinin İranın “Buşehr” AES-ni), həmçinin İran və ya İraq limanlarına daxil olan üçüncü ölkələrin tankerlərini hədəf almağa başladılar.
Tankerlərə hücumlarda iraqlı pilotlar xüsusilə fərqlənirdi: ilin sonuna yaxın onlar 45 gəmini vurmuş, onlardan 14-ü batmış və ya ağır zədələmişdi.
Həmin il iranlı mütəxəssislər, nəhayət, amerikalıların kompüter uçot sistemini sındıraraq, hərbi anbarlarında saxlanılan xarici texnikaya aid sənədlərə və ehtiyat hissələrinə çıxış əldə etdilər.
1985-ci il
İlin əvvəlində Məcnun adasındakı neft yataqları uğrunda yeni döyüşlər başladı. Tərəflər eyni sayda itkilər verdilər, İraq isə yenidən kimyəvi silah tətbiq etdi.
İran İraq Kürdüstanında hücuma keçməyə çalışdı. Tərəflər bir-birinin şəhərlərinə hücumları davam etdirdilər.
1986-cı il
Artıq hər iki tərəf həm insan, həm də maddi baxımdan çox böyük itkilər vermişdi. Məsələn, İran ordusunda indi 1 milyona çatan canlı qüvvənin təxminən 200 minini “Bəsic” adlı yeniyetmə könüllülər təşkil edirdi.
İraq aviasiyası çox səmərəli fəaliyyət göstərirdi. 1986-cı ilin martında Əhvaz şəhəri yaxınlığında iraqlı pilotlar MiQ-23BN təyyarələri ilə 500-ə qədər İran tankını və zirehli texnikasını məhv etmiş, ya da sıradan çıxarmışdılar.
İran 200 minlik qruplaşma toplayaraq, cəmi 15 min iraqlı əsgərin müdafiə etdiyi Fao yarımadasına hücum etdi. İraq kimyəvi silah tətbiq etsə də, yarımada ələ keçirildi. Lakin Bəsrənı tutmaq mümkün olmadı. Bununla belə, İraqın dənizlə, Bəsrənin isə ölkənin əsas ərazisi ilə quru əlaqəsini kəsildi. Səddam Küveytin Bubiyan adasından əks-hücum planlaşdırırdı, lakin bu ölkənin əmiri Cabir ona ərazidən istifadə icazəsi vermədi. İranın İraq Kürdüstanından, İraqın isə cəbhənin mərkəzindən əks-hücumu iflasa uğradı.
Üçüncü ölkələrin tankerlərinə hücumlar davam edirdi. İraq onlara əsasən havadan hücum edirdi (47 zədələnmiş, 8 batırılmış), İran isə bu məqsəd üçün “Vosper” tipli freqatları və İslam İnqilabı Keşikçiləri Korpusunun patrul katerlərini istifadə edirdi.
Həmin il tankerlər və neft sənayesi əleyhinə savaşda İraq qələbə çaldı: o, neft hasilatını 15%, ixracı isə 30% artırdı. İranda isə neft hasilatı 5%, ixracı isə 8% azaldı.
1987-ci il
Prezident Səddam Hüseyn yanvarın 21-də radiodan artıq İran rəhbərliyinə deyil, İran xalqına müraciət etdi: o, müharibəqabağı sərhədlərə qayıdış, əsirlərin mübadiləsi, qarşılıqlı hücum etməmək və bir-birinin daxili işlərinə qarışmamaq barədə müqavilə imzalamaq şərtləri altında sülh təklif etdi. İran hökuməti bu təklifi düşünmədən rədd etdi, baxmayaraq ki, ölkənin qüvvə və resursları tükənmək üzrə idi və beynəlxalq mövqeyi sürətlə zəifləyirdi.

Müharibənin sonuncudan əvvəlki ili Bəsrə uğrunda ağır döyüşlərlə yadda qaldı. Hər iki tərəf kimyəvi silah tətbiq etdi, özü də İran ilk dəfə. İraq ipritdən, İran isə fosgendən istifadə edirdi. İran ordusu Bəsrəyə 6 kilometrə qədər yaxınlaşsa da, daha irəliləyə bilmədi. İtkilər nisbəti İraqın xeyrinə oldu: 10 min əsgər öldürüldü, 1700 nəfər əsir götürüldü, 150 tank və 10 təyyarə sıradan çıxdı. İranın isə canlı qüvvə itkisi təxminən 40 min nəfər oldu. Kürdüstanda İran hücumunu uğurlu adlandırmaq olmazdı. Ordunun döyüş ruhu ciddi şəkildə sarsıldı.
Bu vaxt İraq kürdləri – İranın müttəfiqləri – aprelin 9-da Səddam Hüseynin kortejinə hücum təşkil etdilər. Prezidentin sürücüsü və 11 mühafizəçisi öldürüldü. Bundan sonra Səddamın qardaşı, kəşfiyyat rəisi Əli Həsən əl-Məcidin rəhbərliyi ilə 1-ci və 5-ci ordu korpusları üsyankar bölgələrdə amansız “təmizləmə” əməliyyatı keçirdi. Yetkin kişilər kütləvi şəkildə edam edildi. Bəzi məlumatlara görə, bu əməliyyatların qurbanı 182 min nəfər olmuşdu.
Tanker müharibəsi də davam edirdi: ümumilikdə müharibə illərində İraq 283, İran isə 168 gəmiyə zərbə endirmişdi. İranda neft hasilatı 20% azaldı.
Beyrutda fransız jurnalistlərin girov götürülməsindən sonra Fransa İranla münasibətləri kəsdi. Britaniya tankerinə hücum isə Londonda İran nümayəndəliyinin bağlanmasına səbəb oldu.
Nəhayət, iyulun 21-də ABŞ hərbi gəmiləri Fars körfəzində Amerika bayrağı altında hərəkət edən gəmiləri müşayiət etməyə başladı (Ernest Will – “Qəti niyyətlər” əməliyyatı). 21 sentyabrda ABŞ helikopterləri Bəhreyn sahillərindən 80 km məsafədə mina yerləşdirməyə çalışan “İran Əcr” gəmisinə hücum edərək, onu batırdılar. 19 oktyabrda isə “Nimble Archer” (“Çevik oxçu”) əməliyyatı zamanı ABŞ donanması İranın iki neft platformasını atəşə tutdu, onlardan biri tamamilə məhv edildi.
İraq aviasiyası neft emalı obyektlərinə zərbələr endirməyə davam etdiyindən, İranda benzin təchizatında fasilələr yarandı.
1988-ci il
Savaşın sonuncu ilinin mart ayında İraq ordusu Hələbcə şəhərində kürdlərə qarşı kimyəvi silah tətbiq etdi. Bu hücumun təxminən 5 min nəfər qurbanı oldu.
Savaşda üstünlük artıq İraq tərəfinə keçmişdi. Aprelin 17-də başlayan hücum nəticəsində Fao yarımadası geri alındı.
18 apreldə isə amerikalılar hərbi məqsədlər üçün istifadə olunan üç İran neft platformasına hücum etdilər. Onların dağıdılması ilə yanaşı, bir İran freqatı və kateri batırıldı, digər freqat isə ağır zədələndi. ABŞ-ın bu addımı atmaq üçün bəhanəsi vardı: aprelin 14-də onların “Samuel B. Roberts” freqatı İranın minalarından birinə toxunmuş, nəticədə 10 dənizçi yaralanmışdı.
Aprelin 19-da elan olundu ki, ABŞ hərbi gəmiləri Fars körfəzində bütün xarici gəmiləri qoruyacaq.
İyulun 3-də isə ABŞ-ın “Vincennes” raket kreyserinin zenitçiləri Dubaya uçan İran sərnişin təyyarəsini səhvən vuraraq, məhv etdilər. Rəsmi versiyaya görə, bu zərərsiz “Airbus” qırıcı ilə səhv salınmışdı. ABŞ nə üzr istədi, nə də kompensasiya ödəməyə razı oldu. Bu hadisənin davamı da oldu: 1989-cu il martın 10-da “Vincennes”in kapitanının həyat yoldaşının mindiyi avtomobil partladıldı, lakin qadın sağ qaldı.
Mayın 25-dən sonra İraq ordusunun ardıcıl uğurlu hücumları başlandı və iyulun 15-nə keçən gecə İran hakimiyyəti atəşkəsə getməyə məcbur oldu. Maraqlıdır ki, qərar Xomeyninin yoxluğunda qəbul edildi – İraq İran paytaxtına hava zərbələri endirərkən o, xəstəlik səbəbindən Tehrandan getmişdi. Ayətullah iyulun 19-da bu qərarı belə şərh etdi: “Bu qərarı qəbul etmək mənim üçün zəhər dolu piyaləni içməkdən də ağrılı və zərərlidir. Allaha güvənərək bu piyaləni içirəm ki, Onun iradəsi ilə bu qırğın dayansın... Mən son nəfəsimədək vuruşmağa and içmişdim. … Mənim üçün şəhidlik daha asan olardı, amma bütün hərbi mütəxəssislərin müdrik məsləhətini nəzərə almağa məcbur oldum”.

Bununla belə, Nyu Yorkdakı İran nümayəndə heyəti qəflətən Səddam Hüseyn hökumətini tanımadıqlarını əsas gətirərək, danışıqları uzatmağa çalışırdı. 22 iyul 1988-ci ildə başlayan “Tavakalna ala Allah-4” əməliyyatı isə iranlıları ayıltdı: İraq ordusu cəmi 4 günə İranın içinə 50 km irəlilədi və 8 min əsgəri əsir götürdü.
Müharibənin nəticələri
Avqustun 6-da İran birbaşa danışıqlara razılıq verdi və Səddam Hüseyn özünü qalib elan etdi. Amma çox böyük itkiləri və heç bir ərazi qazanılmamasını nəzərə alsaq, bu qələbə yalnız simvolik idi. Əslində hər iki tərəf uduzmuşdu. Səkkiz illik ağır və nəticəsiz müharibəni başa vuran saziş 1988-ci il avqustun 20-də imzalandı.
Bundan bir il keçməmiş – 1989-cu il iyunun 3-də ayətullah Xomeyni ürək tutmasından vəfat etdi. Onun ölümündən sonra İranın xarici siyasəti daha ehtiyatlı və praqmatik oldu. Səddam Hüseyn isə kimyəvi silah tətbiqinə beynəlxalq reaksiyanın olmamasından yanlış nəticə çıxararaq, düşündü ki, bundan sonra da cəzasız qalacaq. Bu yanlış qənaətin nəticəsi olaraq, iki ildən sonra Küveyti işğal etmək əmrini verdi (İraq o vaxt bu ölkəyə 14 milyard dollar borclu idi).
İran–İraq müharibəsində itkilər nəhəng idi. Qurbanların dəqiq sayı hələ də mübahisəlidir, lakin hər iki ölkə əhalisinin təxminən 1,3 faizini itirdi. İraq təxminən 2500 tank və 305 təyyarə, İran isə 2100 tank və 180 təyyarə itirmişdi. İraqın iqtisadi itkiləri 342 milyard dollar təşkil edirdi, xarici borcu isə 110 milyard dollar artmışdı. İran isə təxminən 645 milyard dollar itirdi...
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada