Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Sınıq-salxaq “Prius”lar, dil bilməyən sürücülər və... 85 min qonaq
Taksi sektorumuz COP29-a hazırdırmı?

Bakının nəqliyyat kollapsında boğulması hamıya məlum olan həqiqətdir. Bu kollaps ictimai nəqliyyata da təsirsiz ötüşmür. Yollardakı tıxac səbəbindən avtobusların mənzil başına vaxtında yetişə bilməməsi artıq heç kimdə təəccüb doğurmur. Problem o həddə çatıb ki, ən rahat nəqliyyat növü olan metro da işinin öhdəsindən gələ bilmir. Günün müəyyən saatlarında metropolitendə yaranan basabas səbəbindən insanlar uzun müddət stansiyalara daxil ola, qatarlara minə bilmirlər.

Düzdür, bütün bunlar daha çox paytaxt sakinlərini narahat edir. Çünki ölkəmizə gələn xarici turistlər daha çox taksilərdən istifadə edirlər və ictimai nəqliyyatdakı sıxlıq, mənzil başına gecikmək problemindən halı deyillər. Amma...

Azərbaycan paytaxtı ciddi şəkildə noyabrın 11-dən 22-dək keçiriləcək COP29-a ev sahibliyinə hazırlaşır. Yollar yamanır, binalarımızın üzü ağardılır (sözün həqiqi mənasında) və kosmetik işlər görülür. Tədbir zamanı Bakıya nə az, nə çox, düz 85 min civarında qonağın təşrif buyuracağı gözlənilir. Və artıq dediyimiz kimi, bu insanlar şəhərdə taksi ilə hərəkət etməyə üstünlük verəcəklər. 

Sözsüz ki, qonaqların bir hissəsinin tədbirə çatması üçün xüsusi nəqliyyat vasitələri, avtobuslar təşkil olunacaq. Artıq tədbirin keçirilməsi üçün hazırlıqlara da başlanılıb. Hətta paytaxtın müxtəlif yollarında COP29 üçün xüsusi zolaqlar çəkilib. Amma bu, paytaxta gələn bütün qonaqları, xüsusən də axşam saatlarında şəhəri gəzmək istəyənləri əhatə edə bilməz. Bəs taksi sektorumuz, sürücülər buna hazırdırmı? 

Məsələn, əcnəbi qonaqlarla rahat ünsiyyət qurmaq üçün sürücülərin dil biliyi yoxlanılacaqmı? Və ya onlara tərcümə proqramından istifadə etmək tapşırılacaqmı? Eləcə də avtomobillərin təmizliyinə və etik qaydalara riayət, avtomobili ehtiyatlı idarə etmək, müştəri ilə nəzakətli davranmaq, ödəniş məsələsində dürüst olmaq və s. kimi göstərişlər veriləcəkmi? Nəhayət, sınıq-salxaq “Prius”larla qonaqların qarşısına necə çıxacağıq?

Düzdür, bu göstərişlər hər zaman olmalıdır. Ancaq təəssüf ki, reallıq heç də belə deyil. Çox vaxt istər real həyatda, istərsə də sosial şəbəkələrdə müştəri-sürücü mübahisələrinin şahidi oluruq. Bu da o deməkdir ki, sektorda hələ də problemlər var. Və beynəlxalq tədbirin keçiriləcəyi zamanda, bütün gözlərin ölkəmizdə olduğu bir vaxtda əcnəbi qonaqlarımızın bu cür xoşagəlməz hallarla rastlaşması bizim üçün heç də yaxşı olmayacaq.     

Təəssüf ki, suallarımıza cavab tapmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etsək də, cavab ala bilmədik. 

Mövzu ilə bağlı Pressklub.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə deyib ki, COP29 beynəlxalq tədbirdir və çoxlu qonaqlar gələcək. 

Buna görə də taksi sürücüləri ilə bağlı müəyyən tənzimləmələr edilməlidir. Taksi şirkətləri bununla bağlı tədbirlər görməlidir. Və bu tədbirlər onların xeyrinə olar.

Ekspertin sözlərinə görə, sürücülərlə bağlı AYNA bir müddətdir müəyyən tədbirlər təşkil edir. İmtahanı Dövlət İmtahan Mərkəzi keçirir. Və sertifikat alırlar: “Ümid edirəm ki, bu sertifikatların verilməsi şəffaf qaydada keçirilir. Səhv etmirəmsə, bu imtahan zamanı sürücülərin dil biliyi də yoxlanılır. Buna görə də sürücülərin bir qismində müəyyən qədər xarici dil biliyi var. Amma bu iş daha da təkmilləşsə, yaxşı olarNəzərə almalıyıq ki, taksi fəaliyyəti bir peşədir. Və bu peşəni icra edən hər kəs lazımi bacarıqlara da yiyələnməlidir”.

Ekspert təklif edir ki, taksi şirkətləri müəyyən kampaniyalar keçirsin: “Xarici dil biliyi olan, etik davranış kodeksinə əməl edən, müştəriləri məmnun edən sürücülərə əlavə bonuslar versinlər. Və digər sürücülər də onlara baxıb nümunə götürsün. Bununla da görəcəyik ki, nəinki COP29-la bağlı, ümumən taksi sahəsində çox ciddi dəyişikliklərə nail olmuşuq”. 

Məsələ ilə bağlı Bolt taksi şirkətinə müraciət etdik. Şirkətin rəsmisi Viktoria Prylutska Pressklub.az-a bildirib ki, bütün yol istifadəçilərinin təhlükəsizliyi Bolt üçün ən yüksək prioritetdir. 

 Qaydalar və şərtlər veb-saytda bütün tərəfdaş sürücülər üçün mövcuddur: “Bolt olaraq biz tərəfdaş sürücülərimizi ən yüksək peşəkarlıq və nəzakət standartlarına riayət etməyə təşviq edirik ki, hər bir sərnişin, hadisədən və mövsümdən asılı olmayaraq, xoş və təhlükəsiz bir təcrübə yaşasın. Sürücü tərəfdaşlarımıza bu əsas prinsiplər, o cümlədən nəzakətli ünsiyyət, avtomobilin təmizliyinə diqqət yetirmək və zərurət olduqda beynəlxalq qonaqlara kömək etmək üçün tərcümə vasitələrindən istifadə etmək mütəmadi olaraq xatırladılır”.

Bolt-un rəsmisi bildirib ki, avtomobillərin vəziyyəti, sürücülərin davranışı və digər məsələlərlə bağlı şikayətlər daxil olanda şirkət vəziyyəti araşdırır və problem aşkarlandığı təqdirdə sürücü Bolt platformasından kənarlaşdırılır.

Bolt-un sözçüsü deyib ki, Bolt gediş sifarişi xidmətlərinin keyfiyyəti və təhlükəsizliyi üzərində daima çalışır və indiyədək tətbiq edilən tədbirlər arasında sərnişinlər üçün təcili kömək düyməsi, səfərlərin GPS ilə izlənməsi və sürücülərin reytinqi var. Müştəri xidmətləri komandamız tətbiq vasitəsilə paylaşılan bütün suallara cavab verir və istifadəçiləri məlumatlandırır: “Xidmətlərimizin keyfiyyətinə real vaxtda nəzarət edirik, hər bir sifarişdən sonra müştərilərdən davamlı olaraq rəy alırıq. Sürücü tərəfdaşlarımızın 95%-i 4.92-dən yuxarı reytinqə malikdir. Və biz Paşa sığorta ilə əməkdaşlıq çərçivəsində sərnişin sığortasını təqdim etmişik. Sözsüz ki, bütün bu tədbirlər COP29 zamanı da gücləndirilmiş rejimdə həyata keçiriləcək”.

Günay Elşən