Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Qiymət artımı, yoxsa sürücü fantaziyası?
Fantastik qiymət artımı hansı problemləri yaradacaq?

“Taksilərdə minimum gediş haqqı 4 manat 50 qəpik olacaq”. Bəzi taksi sürücülərinin ortaya atdığı bu iddia sosial şəbəkədə, insanlar arasında narahatlığa səbəb olub. 

Sürücülər iddia edirlər ki, bu barədə onlara taksi şirkətlərindən xəbərdarlıq edilib. Guya ki, bahalaşma iyunun 1-dən gözlənilir. Səbəb kimi isə buraxılış ili köhnə olan avtomobillərin taksi kimi fəaliyyət göstərilməsinə icazə verilməməsi, tətbiq edilən yeni qaydalar və müvafiq olaraq taksilərin sayının azalması göstərilir. 

Taksi xidmətindən daha tez-tez istifadə edən sərnişinlər qiymətlərin 2 dəfəyə yaxın artacağı təqdirdə taksidən imtina etmək məcburiyyətində qalacaqlarını deyirlər. Məsələn, Bakı sakini Leyla Babayeva şəxsi avtomobilinin olmadığını, işi ilə əlaqədar hər gün taksi xidmətindən istifadə etdiyini bildirib. Onun sözlərinə görə, mümkün qiymət artımı ona ciddi problemlər yaşadacaq.

“Minimum gediş haqqının 2 manat 50 qəpik olmasına baxmayın. Onsuz da müştərilərin böyük əksəriyyətin bu məbləğ yazılanda 3 manat ödəyirlər. İndi bu qiymət qalxıb 4 manat 50 qəpik olsa, nəinki mən, yəqin, heç kim taksidən istifadə etməz. Hər dəfə taksiyə minimum 4-5 manat verəcək insan elə gedib özünə avtomobil alar. Amma qiyməti bu qədər qaldırsalar, o zaman metro və avtobuslar daha çox yüklənəcək. Normal vaxtlarda bu nəqliyyat vasitələrində sıxlıq olur, pis gündə işləyirlər, daha da yaman günə qalacaq. Düşünmək belə istəmirəm. Məncə qiymətlərin bu dərəcə qalxması taksi bazarının ölməsinə gətirib çıxaracaq”. 

Əslində, qiymət artımı sərnişinlərlə yanaşı, sürücülərə də baha başa gələcək. Çünki taksilər qaçılmaz olaraq müştəri itkisi ilə üzləşəcəklər. 

Bəs sürücülər bu barədə nə düşünürlər? Doğurdanmı taksi şirkətləri sürücülərə belə bir məlumat verib? 

Suallara cavab tapmaq üçün “Bolt” taksi şirkətindən avtomobil sifariş etdik. Beş dəqiqə sonra gümüşü rəngli “Opel Astra” markalı avtomobil gəldi.  Mənzil başına çatana qədər sürücü ilə yeni qərarlar, mümkün qiymət artımı barədə danışdıq. Sürücü Cabbar Hüseynov ona bu barədə şirkətdən heç bir məlumat verilmədiyini dedi.

Onun sözlərinə görə, yalnız Bakı və Abşeron üçün qiymətdə 9 faiz artım edilib: “Qiymət artımının olmasını istəyirik. Çünki hazırkı qiymətlər çox aşağıdır, su qiymətinə. Artım olacaq. Amma inanmıram ki, belə fantastik həddə olsun. Çünki qiymətin o dərəcədə qalxması 70 faiz müştərinin itirilməsi deməkdir”. 

- Bəs sürücülər niyə qiymətin qalxacağını deyirlər?

- Şayiə yayılır. Bəzi sürücülər yeni tələblərin onlara baha başa gələcəyini fikirləşərək, belə bir şayiə yayırlar. Guya ki, şayiənin yayılması qiymət artımını gerçək edə bilər. Amma düşünmürlər ki, qiymətin şişirdilmiş formada qalxması  heç sürücüyə də sərf eləmir. Çünki müştəri itirəcək. Normalda günə 20 sifariş gəlirsə, qiymətin fantastik dərəcədə qalxması ilə 3-5 sifarişə düşəcək. Sürücü də iynə ilə gor qazmağa davam edəcək...

Məsələyə aydınlıq gətirməsi üçün Bolt taksi şirkətinə müraciət etsək də suallarımız cavabsız qaldı.

Bəs taksilərdə qiymət artımı nə qədər realdır? Artım olsa, nə qədər olacaq? 

Məsələ ilə bağlı Pressklub.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, qiymətin artacağı ehtimalı yüksəkdir: “Amma fantastik həddə, iki dəfə qiymət artımı gözlənilmir. Mən buna inanmıram. Çünki belə artım baş versə, o zaman özlərini vuracaqlar. Taksi şirkətləri müştəri itkisi ilə xeyli zərərə düşəcəklər. Qiymət təxminən 1 manat qalxıb, 3 manat 50 qəpik ola bilər”.

Ekspert bildirir ki, taksilərdə gediş haqqının 4 manat 50 qəpiyə qaldırılması xəbərinin heç bir əsası yoxdur: “Artımın nə ilə bağlı olduğu, kimin artırdığı bəlli deyil. Bu informasiyanı sürücülər yayıb. Onların da öz arzuları, istəkləri var. Sürücünün cibinə heç kim kənardan pul qoymur. Qoyulan tələblər onlar üçün yükdür. Və bu qədər yükün, əziyyətin qarşılığında qazanc əldə etmək istəyirlər. Buna görə də qiymət artımı onlar üçün əlverişlidir. Ancaq bu cür fantastik həddə artım gözlənilən effekti verməz”. 

Müsahibimizin sözlərinə görə, qiymət artımı baş versə, regionları da əhatə edəcək. Qanun bütün ölkə üzrə qəbul olunacaq. Qiymətlər fantastik həddə artırılsa, anidən 2 manat 50 qəpikdən 4 manat 50 qəpiyə qalxsa, qısa məsafələrə səfərlər azalacaq: “Əslində dövlət qurumlarının da hədəfi odur ki, qısa məsafələrə taksi səfərlərini ləğv edərək insanları piyada və ya ictimai nəqliyyatla getməyə təşviq etsinlər”. 

İyulun 1-dən tətbiq ediləcək tələblər ortaya suallar çıxarır. Dünənədək 3 manata sərnişin daşıyan sürücü, indi 20-30 min manata yeni avtomobil almalıdır. Bu qiymətə maşın alan şəxs 3 manata sərnişin daşıyacaqmı? 

Qiymətlərdə artım olacağı aydın məsələdir. Çünki qiymət artmasa, sürücü qıtlığı yaranacaq. Amma qiymətlər fantastik dərəcədə qalxarsa, bu zaman da sərnişin qıtlığı yarana bilər. Hər iki halda taksi bazarını çətin günlər gözləyir. 

Hələlik qiymət artımı ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Ona görə də, artım, qıtlıq, problemlərin yaranması sadəcə fərziyyədir. Ümid edək ki, bu fərziyyələr həqiqətə çevrilməz.

Günay Elşən