“Qərənfil inqilabı”: hər şey bir gündə necə dəyişdi?
“Qitələrəarası millət”dən Avropa mərkəzli inkişaf yoluna keçidin hekayəsi
02 May 2024
50 il əvvəl
Portuqaliyada əfsanəvi “qərənfil inqilabı” baş verdi. Avropa əndazələrinə görə
misli görünməmiş, hətta qonşuluqdakı Franko tiraniyasından çox - 48 il davam edən
diktatura öz mövcudluğunu beləcə başa vurdu. Getdikcə daha çox təcrid olunan
qocalmış imperiya uzun və perspektivsiz müharibədən bezən öz hərbçilərinin əli
ilə çökdü. Bir ovuc əsgərə heç bir müqavimət göstərilmədi və sayılı saatlardan
sonra faşist diktaturasının süqutunu minlərlə paytaxt sakini bayram etdi.
Portuqaliyada
1974-cü il 25 aprel çevrilişini quru qoşunlarının kiçik və orta komanda heyəti
həyata keçirdi, onlar diktatura üçün döyüşməyə hazır olanlardan sayca çox idilər.
Dinc əhali dərhal hərbçilərə qoşuldu. Devrilmiş diktator Kaetanunun sonuncu
sığınacağını hərbçilərdən və mülkilərdən ibarət kütlə əhatəyə aldı. Ona divan
tutulacağından ehtiyat edən Kaetanu zirehli avtomobildə qaçdı. “Qərənfil
inqilabı” - dərin kök salmış rejimin bir
göz qırpımında uçula biləcəyinin sübutudur.
Portuqaliya rejimi
hətta özünün çiçəklənmə dövründə qənaətbəxş sayılmazdı. “Yeni dövlət” (Estado
Novo) deyilən quruluşun mamır basmış qeyri-çevik sistemi İtaliyada Mussolini
rejimi kimi faşist tipli siyasi iyerarxiyadan ibarət idi. Ənənəvi atributları
da vardı: yeganə hakim partiya və təbliğatçı gənclər təşkilatı. 1930-cu illərin
əvvəllərində yaradılan “Yeni dövlət” dar maraqları ilə fərqlənirdi. Hakimiyyət,
bir neçə imtiyazlı ailənin əlində cəmləşən biznesi qorumaq üçün iqtisadi rəqabəti
məhdudlaşdırmışdı.
Xammal ticarəti və
müstəmləkələrdə təbii resursların çıxarılması da inhisara alınmışdı və rejimi dəstəkləmək
müqabilində bir ovuc oliqarxa verilmişdi.
Müstəmləkələrin, elə
metropoliyanın da əhalisinə, demək olar, heç nə çatmırdı. Portuqaliya XX əsrin
ikinci yarısında mahiyyətcə feodal dövləti olaraq qalırdı.
O dövr Avropasının daha sərt diktatorlarından fərqli olaraq, Antoniu di Salazar siyasi repressiyaları böyük hiyləgərliklə həyata keçirirdi. Portuqaliyalı tiran hüquq professoru idi, əvvəlcə siyasi çəki topladı, sonra da maliyyə naziri vəzifəsində hakimiyyətə gəldi. Dövlət büdcəsini qaydaya saldı, siyasi və iqtisadi qarışıqlığa son verdi. Titrək səs, kənd keşişi ədaları (yeri gəlmişkən, Salazar heç vaxt evlənmədi) - diktatorun bütün görünüşü şəxsiyyətin paradoksal antikultunu yaradırdı: dövlət başçısı ölkədə sabitlik və təhlükəsizlik naminə təmənnasız çalışan təvazökar zəhmətkeş obrazını formalaşdırırdı. Stereotip faşist diktatorlarından fərqli olaraq şəxsi zənginləşməyə can atmayan bu zəhmətsevər məmur obrazını, əlbəttə, ciddi senzura və təbliğat maşını möhkəmləndirirdi.
PİDE, yəni gizli
polis, bütün ölkə üzrə informatorlar şəbəkəsinə malik idi və rejimin iradəsini
həyata keçirirdi, bəzən də sərt üsullarla: xüsusən də siyasi müxalifətin nüvəsini
təşkil edən dissident-kommunistlərə qarşı. Onlar diktaturanın bütün mövcudluğu
boyu gizli fəallıqlarını saxlayırdılar. Özü də hökumət zorakılığın görünən təzahürlərini
azaltmışdı və polis özbaşınalığını qanunçuluq maskası ilə pərdələyirdi, amma
ictimai təhlükəsizliyi qorumaq adı altında yadfikirlilərə divan tutulurdu.
Sərt repressiyalar
poruqaliyalılar üçün adi hala çevrilmədi, amma işarə aydın idi: sakit durun,
siyasətə qarışmayın, yoxsa üzərinizdə dövlətin qəzəbini hiss edəcəksiniz. Hər
şeyin qayğısına hakimiyyət qalacaq.
Müharibə - dəyişikliklərin katalizatoru kimi
İstənilən rejim ölkə
üzərində nəzarəti əldən verməzdən əvvəl adətən gerçəkliklə əlaqəni itirir.
Portuqaliyanın “Yeni dövləti”i bu əlaqəni İkinci dünya müharibəsindən sonra
itirməyə başladı. Salazar nasist Almaniyasının ticarət əlaqələri ilə müttəfiqlərin
maraqlı arasında manevr edərək, bitərəfliyi məharətlə qoruyurdu. ABŞ müharibəyə
qoşulanda o, müttəfiqlərə Atlantik okeanında yerləşən Azov adalarında mühüm hərbi
baza verdi. Amma müharibədən sonra Portuqaliya diktatoru anlamadı ki, müttəfiqlərin
qələbəsi müstəmləkə imperiyalarının da sonu deməkdir. Salazar Qərbi Afrikadan Cənub-Şərqi
Asiyaya qədər səpələnən Portuqaliya müstəmləkələrindən inadla yapışıb qaldı.
Hətta Böyük
Britaniya və Fransa - qalib dövlətlər - dekolonizasiya prosesinə başlayanda belə,
Portuqaliya “qitələrarası dövlət” illüziyalarında israr edirdi. Sonun
başlanğıcı 1961-ci ildə Anqolada müstəqillik uğrunda hərəkatın vüsət alması
oldu. Mozambik və Qvineya-Bisau da oradan nümunə götürdü. 1961-ci ilin
dekabrında Portuqaliyaya daha bir zərbə endirildi: ölkənin Hindistandakı
koloniyalarının qalıqları olan bir neçə sahilyanı şəhəri Hindistan tutdu; digərlərini
hind üsyançılar hələ 1954-cü ildə tutmuşdular.
Azadlıq hərəkatlarının
uğuru və Hindistanın, necə deyərlər, portuqal ştatının itirilməsi diktatorun təkcə
ordusunu rüsvay etmədi. Rejimin bütün legitimlik iddiaları Böyük coğrafi kəşflər
zamanı yaranan Portuqaliya imperiyasının varisliyinə söykənirdi. Müstəmləkələri
qorumaq uğrunda silahlı mübarizə tezliklə rejimin mövcudluq amalına çevrildi.
“Anqola bizimdir!” kimi şüarlar səslənirdi. BMT və azsaylı məcburi müttəfiqlərin
getdikcə artan təzyiqinə dözmək zərurəti Portuqaliyanı tarixin yolkənarına
atdı. Bütün ölkə üzrə gənc kişiləri orduya cəlb edirdilər ki, əllərində silah
naməlum və özləri üçün faydasız əraziləri qorusunlar. Üzücü partizan müharibəsi
başladı. Nəticədə, Afrikadakı konfliktlər 11 il sürdü.
1960-cı illərin
sonlarında Portuqaliyanın hərbi xərcləri büdcənin 40 faizini təşkil etdi. Buna
baxmayaraq, ön cəbhədəki əsgərlər kəskin sursat və hətta ərzaq çatışmazlığı
hiss edirdilər. Korrupsiyalaşmış ordu rəhbərliyi kart-blanş alanda çox vaxt
olduğu kimi, hərbi tədarükün nəhəng hissəsi yuxarı eşalonlar tərəfindən mənimsənilirdi.
Nəticədə kiçik rütbəlilər arasında ali komanda heyətinə qarşı böyük
etimadsızlıq yarandı, zabit korpusunun tədricən siyasiləşməsi baş verdi. Rejim
qüvvələri, özləri də bilmədən odun üzərinə benzin tökürdülər.
Qocalmış Salazar
1968-ci ildə Lissabon yaxınlığındakı iqamətgahında sözün hərfi mənasında
stuldan yıxıldı: diktatorun beyninə güclü qan sızması baş verdi. Onun səlahiyyətlərini
elmi dairələrdən çıxmış başqa birisi - Marselu Kaetanu üzərinə götürdü və xalqa
yüngülvari yumşalmalar vəd etdi. Amma tədrici demokratikləşmə ümidləri həyata
keçmədi: rejim dekolonizasiyaya yanaşmasını əhəmiyyətli dərəcədə dəyişə bilmədi
və vətəndaşlara əsas siyasi azadlıqları vermədi. 1969-cu ildə ölkənin bütün
universitetlərini etiraz hərəkatı bürüdü. Cavabında “təhrikçi” tələbələrin çoxu
orduya çağrıldı. Hərbi qüvvələr daxilində müxalifətin yaranmasına ən çox töhfəni
elə onlar verdi. İliyinə qədər korrupsiyalaşmış avtokratik rejim və müharibə 1974-cü
il üçün Portuqaliyanı tam taqətdən salmışdı.
Qansız çevriliş
İnsanların amansız
indiki zaman qarşısındakı qorxusu gələcək qarşısındakı qorxunu üstələyəndə
diktaturalar çökür. Seçilmiş yolun sonunda guya işıqlı gələcək gözləməsi
illüziyası dağılanda, şəxsi cəsarət romantikadan gerçək həyata adlayır.
1972-cü il aprelin
25-də səhər tezdən ordu kapitanı Salqeyro Mayya Lissabondan təxminən 80 km
şimalda yerləşən Santarendəki hərbi məktəbdə öz əsgərlərini düzdü və paytaxta hərəkət
əmri verdi. Onun kolonu Lissabonun mərkəzi meydanını tutdu. Salqeyro Mayyaya
qarşı göndərilən iki hərbi hissə rejim uğrunda döyüşməkdən imtina edəndə
çevriliş baş tutdu. 48 ildən sonra köhnə “Yeni dövlət” dağıldı (1926-cı
ildə Portuqaliyada hərbi çevriliş baş vermişdi və müəllif, görünür “Yeni dövlət”i
o vaxtdan hesablayır. Tarixşünaslıqda isə başlanğıc 1933-cü ildə yeni
konstitusiyanın qəbulundan götürülür. Buna görə, “Yeni dövlət” 41 il mövcud
olub - Press klub).
Hərbçilərlə yanaşı
minlərlə adam Lissabona axışaraq ordunu alqışlayır və diktaturanın çöküşünü
bayram edir. Salazarın varisi Marselu Kaetanu Milli qvardiyanın şəhərin mərkəzindəki
mənzil-qərargahına sığınmışdı. Buranı əhatəyə alan əsgərlər və vətəndaşlar
diktatorun təslim olmasını tələb edirdilər. Onun uğrunda kimsə döyüşmək istəmirdi
və təslim şərtləri barədə razılıq əldə edən Kaetanu hərbçilər tərəfindən müvəqqəti
olaraq Madeyra adasına göndərildi. Daha sonra Braziliyaya getdi və 1980-ci ildə
burada öldü. Yalnız beş mülki şəxs çevrilişin qurbanı oldu: onlar Milli
qvardiya binasından açılan atəşlə öldürüldülər.
Yazıçı Verjiliu
Ferreyra yazırdı: “Az qala 50 il faşizm.
Qorxu ilə şikəst edilmiş bütöv bir ömür”. 1974-cü ilin aprelində qorxu
alovu yanıb qurtardı. Ona qalib gəlmək və hər şeyə yenidən başlamaq üçün özündə
cəsarət tapmaqdan başqa yol qalmamışdı.
“İnqilabi proses”
Diktaturanı devirən
hərbçilər üç maddədən ibarət siyasi proqramlarını bəyan etdilər:
dekolonizasiya, demokratikləşmə və tərəqqi. Portuqaliya Qərbi Avropanın ən
kasıb ölklərindən biri və uşaq ölümünə görə qitədə birinci idi. Ev təsərrüfatlarının
yarıdan çoxunun su təchizatı, 43 faizinin isə sanitar qovşağı yox idi.
Diktatura çökən zaman onun yerini tuta biləcək siyasi alternativ də yox idi. Portuqallar
hansı rejim qurmaq istədiklərini yolüstü fikirləşməli oldular.
“Yeni dövlət”in
birpartiyalı sistemində müxalifət bir institut kimi yox idi. Sosialist
partiyası yalnız 1973-cü ildə qürbətdə yaradılmışdı. Kommunistlər gizli fəaliyyət
göstərirdilər və yalnız onlar geniş siyasi struktura, fəhlə sinfi, yeni siyasi
elitalar və ən mühümü də, çoxsaylı hərbçilər arasında önəmli təsirə malik idilər.
Diktatura çökəndən sonra tələm-tələsik yeni partiyalar yaradıldı.
O günlər ictimai
müstəvidə kommunistlər və ifrat sol hərəkatlar üstünlük təşkil edirdilər. Onlar
sovet tipli, ya da “birbaşa” və ya “xalq” demokratiyası kimi müxtəlif formalı
rejimlərin tərəfdarı, kökündən əksinqilabi hesab etdikləri seçkili “burjua”
demokratiyasının isə əleyhdarı idilər. PİDE polisinin ləğvi üzrə komissiyaya təyin
olunan kommunistlərin məxfi məlumatları KQB-yə ötürmələri barədə söhbətlər gəzirdi. Kommunist partiyası sovet xüsusi xidmətləri
ilə hər hansı əlaqəni indi də inkar etsə də, PİDE arxivlərindəki konfidensial məlumatların
önəmli həcmi “Mitroxin arxivi”ndə - 1992-ci ildə Böyük Britaniyaya qaçan KQB
arxivçisi Vasili Mitroxinin tərtib etdiyi arxivdə aşkar edildi.
Keçid dövründəki
hakimiyyət mübarizəsinin başqa nəticələri də vardı. Müvəqqəti hökumət 1975-ci
ildə iqtisadiyyatın əsas sahələrini - maliyyədən sənayeyə qədər - milliləşdirdi,
bununla köhnə iqtisadi oliqarxiyanı başsız qoydu və bir sıra dövlət
monopoliyaları yaratdı. Siyasi partiyalar torpaqların zəbt edilməsi hərəkatını
həvəsləndirdilər, bu da, əslində, kənd təsərrüfatının kollektivləşməsinə səbəb
oldu, xüsusən də ölkənin cənubunda: burada imtiyazlı siniflərin nümayəndələrinə
məxsus nəhəng malikanələr vardı. Cəmi iki il ərzində Portuqaliya kəskin dəyişdi.
Avropa demokratiyası
Keçid dövrü mötədil
siyasi partiyalarla daha radikal solçu hərəkatlar arasında yeni rejimin forması
və quruluşu uğrunda mübarizədən ibarət idi. İnqilabdan sonra ölkədəki ciddi təsirini
qorumuş hərbi qüvvələrdə bu tərəflərin hər birinin öz müttəfiqləri vardı.
Millət
parçalanmışdı. İlk azad seçkilər 1975-ci ildə, inqilabın birinci ildönümündə
Konstitusiya məclisinə keçirildi. Sol-mərkəzçi görüşlərə malik mötədil
partiyalar - sosialistlər və sosial demokratlar qalib gəldilər. Bir il sonra qəbul
edilən Konstitusiya Portuqaliyanı “sosializm yolu ilə gedən” dövlət elan edirdi,
amma onun siyasi modeli Qərb nümunəli çoxpartiyalı demokratiyaya çox oxşayırdı.
Bu zaman Anqolada, Mozambikdə, Qvineya-Bisauda və digər keçmiş Portuqaliya müstəmləkələrində
hakimiyyət azadlıq hərəkatlarının əlinə keçmişdi. “Qitələrarası millət” barədə
köhnə mif canını tapşırmışdı.
İmperiyanın
süqutundan sonra Portuqaliya yeni identiklik üçün Avropaya üz tutdu - 1986-cı
ildə Avropa Birliyinə qəbul bu baxımdan portuqal siyasi islahatlarının sonuncu fəsli oldu. Portuqaliya BMT-də açıq
qınanan və tarixi müttəfiqlərinin belə uzaqlaşdığı inadkar müstəmləkə
işğalçısından demokratik dövlətlər ailəsinin üzvünə çevrildi. Bu gün portuqal
identikliyində Avropa mərkəzi yer tutur. Avropa investisiyalarının axını
Portuqaliyaya infrastrukturu sürətlə inkişaf etdirmək, əhalinin ixtisaslaşmasını
yüksəltmək imkanı verdi: Portuqaliyanın təhsil standartları orta Avropa səviyyəsindən
xeyli geri qalırdı. Bundan əlavə, AB-də üzvlük siyasi institutların sabitləşməsində
və hüququn üstünlüyünün möhkəmlənməsində həlledici rol oynadı. Son nəticədə bu
üzvlük portuqallara nikbinlik üçün əsas, inkişaf arzusu və Avropanın ən firavan
ölkələri ilə müqayisə olunacaq həyat səviyyəsinə nail olmaq istəyi verdi.
Hazırladı: Yadigar Sadıqlı