Logo
news content
User
Kateqoriyalar

Analitika

Tarixi görüşün pərdəarxası: Niyə məhz Əbu-Dabi?
Ərəb platforması maraqlı tərəfləri neytrallaşdırmaq üçün mühüm addım kimi qəbul edilir

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib. Tərəflər arasında ilk dəfə ərəb platformasında birbaşa danışıqlar baş tutub – indiyədək belə görüşlər adətən ABŞ, Avropa İttifaqı və ya Rusiyanın vasitəçiliyi ilə keçirilirdi. Elə təkcə görüş yerinin dəyişməsinin özü prosesə maraq doğurur. Üstəlik, tərəflərin sülh sazişinin imzalanmasına çox yaxın olduğu barədə xəbərlər də yayılır.

Bəs görüş üçün Əbu-Dabinin seçilməsi nə ilə bağlıdır? Bakı üçün yeni məkan seçimi hansı məna daşıyır? Və tərəflər sülh müqaviləsinin imzalanmasına nə dərəcədə yaxındır?

Xatırladaq ki, son dövrlər bir çox mənbələr Rusiyanın həm Azərbaycan, həm də Ermənistanla münasibətlərinin pisləşməsi, Nikol Paşinyanın isə tarixi İstanbul səfərin fonunda Bakı və İrəvanın artıq sülh sazişi bağlamağa hazır olduğunu bildirirlər.

Bundan əlavə, iki gün öncə ABŞ dövlət katibi Marko Rubio da Azərbaycan və Ermənistan arasında yaxın vaxtlarda sülh sazişi əldə olunacağına ümid etdiyini bildirib. O, bunu Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə keçirilən hökumətin iclasında deyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryüsun sözlərinə görə, bu bəyanat təsadüfən səsləndirilməyib.

Dövlət katibi bunu elə-belə demədi. Əlimizdə daha dəqiq məlumat olduqda, mütləq paylaşacağıq”, – o, brifinq zamanı bildirib.

Baş verənləri Pressklub.az-a tanınmış politoloq, “Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin direktoru Ərəstun Oruclu şərh edib.

Politoloq ilk olaraq bildirib ki, qlobal güclərin Ermənistan və Azərbaycan arasında sülh sazişini öz maraqlarını reallaşdırmaq üçün mühüm geosiyasi alət kimi istifadə etmək niyyəti barədə bundan əvvəl də danışılıb: “Amma burada qazanan tərəf nə Azərbaycan, nə də Ermənistan olacaq – əsas qalib məhz vasitəçi və ya moderator rolunu oynayan qlobal güc və ya güclərdir.

Fikrimcə, məhz bu məqamları nəzərə alaraq, belə bir variant – ərəb platforması seçilib. Birləşmiş Ərəb Əmirlikləri bu gün neytral platforma kimi qəbul edilir və ya edilə bilər. Çünki Birləşmiş Ərəb Əmirlikləri Moskvanın Ukraynaya təcavüzündən sonra Qərb və Rusiya arasında yaranmış böhrana rəğmən, hər iki tərəflə münasibətlərini qoruyub saxlaya bilib. Onların xarici siyasəti həmişə bu cür neytral olub. Hətta Fars körfəzi və Ərəbistan yarımadasının bir çox ərəb ölkələri İranla qarşıdurma vəziyyətində olanda belə, Əmirliklər hər iki tərəflə əlaqəni qoruyurdu. Bunu Əmirliklərin xarici siyasət kursunun çevikliyi kimi qiymətləndirmək olar.

Bu baxımdan hesab edirəm ki, ərəb platforması hazırkı vəziyyət üçün ən uyğun seçimdir. Bu variant həm Azərbaycan, həm də Ermənistan üçün sərfəlidir. Digər bir səbəb isə ondan ibarətdir ki, BƏƏ bizim bölgədə hansısa strateji maraq güdmür.

Bundan bir neçə gün əvvəl ABŞ dövlət katibi Marko Rubio da Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması imkanını alqışladı. Amma bu zaman danışıqların harada keçiriləcəyi barədə heç nə demədi. Düşünürəm ki, amerikalılar bu barədə xəbərdar idilər. Böyük ehtimalla Türkiyə də xəbərdar idi. Hətta mümkündür ki, Türkiyə müəyyən mənada bu prosesə moderatorluq edib və belə neytral bir platformanı təklif edib”.

Onun sözlərinə görə, əsas problem ondadır ki, Rusiya Ermənistan və Azərbaycan arasında sülh sazişinin öz iştirakı olmadan bağlanmasına razı heç vaxt olmayıb. “Ancaq deyəsən, indi müəyyən mənada bununla barışmaq məcburiyyətində qalacaq. Çünki gördüyümüz kimi, bu görüş ərəfəsində Rusiyanın təkcə Ermənistanla deyil, Azərbaycanla da münasibətlərdə gərginlik yaşanmağa başladı. Bu baxımdan, görüş üçün seçilən zaman da olduqca münasibdir.

Amma sülh prosesinin özü, əlbəttə, zaman tələb edir. Düşünmürəm ki, dərhal yekun sülh sazişi imzalanacaq. Yox! Bu, əvvəlcə müqavilənin çərçivə şərtlərinin təsbit olunması ilə başlayan uzun prosesdir. Sonra detallar üzərində işlər gedir. Baxmayaraq ki, bu işlər aparılıb, Zəngəzur dəhlizi də daxil olmaqla, hələ də razılaşdırılmamış məqamlar qalır. Yalnız bundan sonra Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalana bilər. Ümid edirəm ki, bu, baş tutacaq. Çünki bu, ilk növbədə qarşı duran tərəflər – Azərbaycan və Ermənistan üçün çox vacibdir.

Ümid var ki, hansısa qlobal güclər bu məsələyə kobud şəkildə müdaxilə etməyəcək. Mən kobud müdaxilə deyərkən, hər hansı formada Azərbaycan və Ermənistana təzyiqi nəzərdə tuturam. Qərbdən bunu gözləmirəm. Çünki amerikalılar, hətta əvvəlki administrasiya dövründə də birmənalı şəkildə bildirirdilər ki, hansı formatda olursa-olsun, onlar sülh sazişinin bağlanmasının tərəfdarıdır. Hətta keçmiş dövlət katibi Entoni Blinken açıq şəkildə bəyan etmişdi ki, ABŞ vasitəçisiz də sülh sazişinin bağlanmasını dəstəkləyəcək. İndi də əslində bu proses baş verir. Marko Rubionun son açıqlaması da göstərir ki, administrasiya dəyişsə də, ABŞ-ın mövqeyi dəyişməyib.

Bundan sonra hər şey, ilk növbədə, tərəflərin özlərinin necə davranacağından asılı olacaq. Yəni sülh sazişinin bağlanması prosesində hansısa maneələr ortaya çıxacaqmı? Mən tərəflərin belə bir problem yaratmayacağına ümid edirəm. İkincisi, Rusiyanın, bəlkə də İranın hansısa kobud müdaxiləsinin olub-olmayacağıdır. Bu da istisna deyil. Amma istənilən halda hesab edirəm ki, bu format hazırkı vəziyyətdə mümkün variantlar içində ən münasibidir”, – Oruclu qeyd edib.

Rauf Orucov