Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Qatillər ailəsi, qabyuyanın dəhşətli planı, imperiyanın son güllələnən qadını...
Ərlərini, qonşusunu, qohumunu və məktəbliləri zəhərləyən ailənin məşum dramı

1987-ci ildə Kiyevdə silsilə qatillər ailəsinin işi üzrə misli görünməmiş məhkəmə prosesi keçirildi. Ailə üzvləri cinayət aləti kimi tallium birləşmələri əsasında hazırlanmış yüksək toksik sulu məhlulu seçmişdilər. Müttəhimlər kürsüsündə Mariya və Anton Maslenko, həmçinin onların qızları – Tamara İvanyutina və Nina Matsibora otururdu. Onlar çoxsaylı qətllərdə və qətl cəhdlərində ittiham olunurdular.

Ən çox qurban 45 yaşlı İvanyutinanın payına düşürdü. O, SSRİ tarixində məhkəmə tərəfindən müstəsna ağır cəzaya məhkum edilən sonuncu qadın oldu. 

“Maddi maraq naminə, eləcə də şəxsi ədavət zəminində” bir neçə il ərzində insanları aradan götürən zəhərləyicilər ailəsi Kiyevin Minsk rayonundakı 16 saylı orta məktəbdə baş vermiş faciədən sonra ifşa olundu. 1987-ci il 17 və 18 mart tarixlərində həmin təhsil müəssisəsindən üç altıncı sinif şagirdi, dörd müəllim, loqoped, tibb bacısı, kitabxanaçı, yeməkxana müdiri, sürücü və məktəbin yemək blokunda soyuducu avadanlığı təmir edən mütəxəssis rayon xəstəxanasına yerləşdirildi. Onların hamısına ağır qrip diaqnozu qoyuldu və intensiv müalicə təyin edildi. Buna baxmayaraq, 20 martda şagirdlərdən biri öldü, bir həftə sonra təmirçi dünyasını dəyişdi, 5 mayda isə daha bir uşaq həyatını itirdi. Digər zərərçəkənlərin vəziyyəti ağır idi — hamısı ümumi zəiflikdən, ayaq oynaqlarında ağrılardan şikayət edir, qusma və saç tökülməsi müşahidə olunurdu.

Üç pasiyentin ölümündən sonra Minsk rayon prokurorluğu cinayət işi qaldırdı və Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsi istintaqı nəzarətə götürdü. Şəhəri silkələyən hadisənin araşdırılmasına rayon prokurorluğunun rəhbəri Sergey Vinokurovla yanaşı, Ukrayna SSR Prokurorluğunun xüsusi mühüm işlər üzrə böyük müstəntiqi Aleksey Baqanets və Kiyev Daxili İşlər Baş İdarəsinin axtarış şöbəsi yanında yeni yaradılmış cinayətkar qruplarla mübarizə bölməsinin əməkdaşları (rəhbəri Nikolay Poddubnı) cəlb olundu.

İpucunu toyuq içalatlı qarabaşaq şorbası verdi 

Ukrayna KP MK-da Səhiyyə və Xalq Maarif nazirliklərinin nümayəndələrinin, xəstəxananın baş həkiminin və aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən müşavirədə bəzi həkimlər SSRİ-yə naməlum qrip virusunun gətirildiyi ehtimalını irəli sürdülər; guya buna görə mövcud müalicə üsulları təsirsiz qalır. Hadisənin güclü zəhərli maddə ilə zəhərlənmə ola biləcəyi barədə konsilium iştirakçılarından birinin fikri əvvəlcə ciddi qəbul edilmədi. Lakin məhz bu fikir müstəntiqlər və əməliyyatçılar üçün əsas versiya oldu: sağ qalan xəstələrin ifadələrindən məlum oldu ki, hamısı 16 martda günün ikinci yarısında məktəb yeməkxanasında nahardan qalan toyuq içalatlı qarabaşaq şorbası və qızardılmış toyuq ciyəri yeyib. Maraqlıdır ki, həmin yeməyi bir neçə saat əvvəl yeyənlərdə heç bir zərərli təsir qeydə alınmamışdı.

İstintaq zamanı daha bir mühüm fakt üzə çıxdı: məktəb mətbəxində yeməyin hazırlanmasına nəzarət edən dietik tibb bacısı Natalya Kukarenko martın 12-də qəfil vəfat edib. Məktəb direktoru bildirdi ki, 8 mart ərəfəsində keçirilən tədbirdə o, şən idi, hətta hərbi rəhbərlə rəqs etdi; lakin 9 mart axşamı təcili yardım onu apardı və az sonra ölüm xəbəri verildi. Kukarenkonun xəstəxanada yanına gedən rəfiqəsi danışdı ki, mərhum ayaqlarının keyləşdiyini və soyuduğunu deyirmiş, halbuki ona qoyulan diaqnoz - ürək-damar xəstəliyi - belə əlamətləri izah etmirdi.

Müəllimlər və xidmət heyəti sorğu-sual edildikdən sonra məlum oldu ki, 1986-cı il noyabrın 20-də oxşar xəstəlik əlamətləri ilə birinci sinif şagirdi və beşinci sinif şagirdi xəstəxanaya yerləşdirilmişdi; hər ikisində güclü saç tökülməsi müşahidə olunurdu. İki müəllim də qəribə “qrip” keçirmişdi. “Noyabrda mən də özümü çox pis hiss etdim. Həftədə üç dəfə futbol oynayırdım, amma birdən-birə nəinki top qovmağa, heç ayaqlarımı tərpətməyə gücüm qalmadı, – kimya müəllimi Viktor Stadnik danışırdı. – Keçəlləşdim, halbuki əvvəl gur saçlarım var idi. Həkimlər halsızlığın səbəbini müəyyən edə bilmirdilər. Hər şeyi ifrat yorğunluğa yozdular”. 

Əvvəllər hüquq-mühafizə orqanlarının diqqətindən yayınmış bu faktların bir yerə toplanması istintaqı Kukarenkonun qalıqlarının ekshumasiyasına icazə almağa vadar etdi. Aparılan analizlər onun toxumalarında yüksək toksikliyə malik ağır metal — talliumun izlərini göstərdi. Vinokurovun sözlərinə görə, talliumun və ya onun birləşmələrinin qətl məqsədilə istifadəsi SSRİ-də əvvəllər rəsmən qeydə alınmamışdı və istintaqın başlanğıc mərhələsində Kukarenkonun zəhərlənməsinin qəsdən törədildiyini düşünmək üçün əsas yox idi.

“Bu qadın özünü… ən azı azğın bir megera kimi aparırdı”

İstintaqçılar rayon sanitar-epidemioloji stansiyasına baş çəkdilər. Orada bildirdilər ki, hüquq-mühafizə orqanlarını maraqlandıran dövrdə məktəbin yemək blokunda deratizasiya və dezinfeksiya (gəmiricilərin və tarakanların məhv edilməsi) aparılmayıb. Növbəti addım paytaxt milis baş idarəsinin ekspert-kriminalistika idarəsinin xüsusi tədqiqatlar şöbəsi tərəfindən məktəbdə zəhərli maddələrin olub-olmaması ilə bağlı ekspertizanın keçirilməsi oldu.

Həmin şöbəyə rəhbərlik edən Valentina Kalaçikova hadisədən 20 il sonra xatırlayırdı:

— Biz bütün təsərrüfat otaqlarını, kimya və biologiya kabinetlərini yoxladıq. Sonra yemək blokunun detallı baxışına başladıq. Qarabaşaq saxlanılan bütün qablardan analiz üçün nümunələr götürdük, bədnam şorbanın bişirildiyi iri qazanı, hətta qabların yuyulduğu çanağın axıntı borusunu belə yoxladıq. Yadımdadır ki, qabyuyan İvanyutinanın qəribə davranışı diqqətimi çəkmişdi. Bu qadın özünü… ən azı azğın bir megera kimi aparırdı! Məni mətbəx avadanlığından az qala itələyir, kobudluq edirdi. Bu davranış məni heyrətləndirdi…

Ekspertlər yemək blokunda tallium izləri tapmadılar, lakin əməliyyatçılar xeyli irəliləyiş əldə etdilər. Yeməkxana işçilərinin anket məlumatlarını araşdırarkən İvanyutinaya xüsusi diqqət yetirildi: işə qəbul olunarkən o, möhtəkirliyə görə məhkumluğunu gizlətmək üçün saxta əmək kitabçası təqdim etmişdi (sovet qanunlarına görə, məhkumluğu olanın uşaq müəssisəsində işləmək hüququ yox idi). Milis və prokurorluq əməkdaşları onun həyatına dair başqa detalları da müəyyən etdilər. İvanyutinanın birinci əri toylarından cəmi dörd ay sonra vəfat edib, ölümündən əvvəl tamamilə keçəlləşib. İkinci ərinin valideynləri — hələ yaşlı sayılmayan insanlar — gəlinlə münasibətləri gərgin olduğu halda, qısa müddət ərzində bir-birinin ardınca qəfil ölüblər. Ölüm ərəfəsində hər ikisi zəiflikdən, ürəkbulanmasından, ayaqlarının tutulmasından və keyiməsindən şikayət etmişdi. İkinci əri Oleq İvanyutin isə qırx yaşı tamam olmadan davamlı xəstələnir, ayaq oynaqlarında ağrılardan və ümumi halsızlıqdan şikayətlənirdi, həkimlər isə dəqiq diaqnoz qoya bilmirdilər. Üstəlik, əməliyyatçıların öyrəndiyinə görə, nisbətən gənc olan bu kişi də nəzərəçarpacaq dərəcədə keçəlləşməyə başlamışdı.

Bu məlumatlar əsasında istintaq İvanyutinanı əsas şübhəli şəxs kimi müəyyənləşdirdi, eyni zamanda məktəbin digər yeməkxana işçilərinin yoxlanılması davam edildi.

Yüksək pensiya alan qonşu üçün talliumlu blinlər

İstintaqın digər istiqaməti — zəhərli metalın dövlət müəssisələrindən adi adamların əlinə necə keçdiyini müəyyənləşdirmək idi. Tallium birləşmələri əsasında hazırlanmış sulu məhlul — Kleriçi mayesi — geologiyada mineralların sıxlığa görə ayrılması üçün istifadə olunduğundan, axtarış Ukrayna Geologiya Nazirliyinin paytaxtdakı müəssisələrinə yönləndi. 

Tezliklə geoloji kəşfiyyat ekspedisiyalarından birində çalışan laborant qadına çıxıldı; o, Maslenko soyadlı tanışlarını vaxtaşırı zəhərli maye ilə təmin etdiyini etiraf etdi. “Siçovulların məhvi üçün”, - belə izah etdi. İstintaqın müəyyənləşdirdiyinə görə, laborant ailəyə ümumilikdə təxminən 500 mq Kleriçi mayesi vermişdi. Bundan sonra prokurorluq müstəntiqləri və əməliyyatçılar ailənin bütün üzvləri üzərində işləməyə başladılar.

Əsas maddi sübut — qətl aləti — tapılmaq üçün İvanyutinanın və valideynlərinin evində axtarış aparıldı; əməliyyata Vinokurov rəhbərlik edirdi. Milis və prokurorun gəlişi İvanyutina üçün tam gözlənilməz oldu. Hüquq-mühafizə orqanları belə hesab edirdilər ki, zəhərli məhlul evdə saxlanılırsa, şübhəli şəxs onu aradan qaldıra bilməz. Lakin ilk axtarış bir nəticə vermədi. Yalnız “Zinger” tikiş maşınının təkrar yoxlanışı zamanı, şahidlərin iştirakı ilə üzərində “maşın yağı” etiketi olan kiçik bir şüşə qab götürüldü — əvvəllər ona xüsusi diqqət yetirilməmişdi. Heç kəs tallium məhlulunun göz qabağında saxlanılacağını güman etmirdi. Şüşə, ekspert Kalaçikovaya maşın yağı üçün həddən artıq ağır görünsə də, qəti nəticə analiz cavabından sonra verildi. Səhərə yaxın nəticə hazır oldu və İvanyutina dərhal həbs olundu.

Mariya və Anton Maslenkonun kommunal mənzilində aparılan axtarış nəticəsiz qalsa da, qızlarının Lukyanov həbsxanasına yerləşdirilməsindən bir neçə gün sonra özlərini ələ verdilər — qonşu təqaüdçünü zəhərləməyə cəhd etdilər. Qadın blin bişirmiş, milisin tapmadığı gizli yerdən götürdüyü zəhərlə onları “tamamlamış” və qonşuya aparmışdı. Maslenkolardakı axtarış və qızlarının həbsi barədə şayiələrdən qorxuya düşən qadın “ehtiyat üçün” blinləri pişiyə atdı. Bir neçə saat sonra heyvan öldü. Saxlanılan ər-arvad istintaqda bunu belə izah etdilər: qonşu əlilliyə görə onlardan daha yüksək pensiya alırdı, onlar isə, öz sözlərinə görə, “ədaləti bərpa etmək” istəmişdilər.

Bir müddət sonra İvanyutinanın böyük bacısı Nina Matsibora da ərini zəhərləməkdə şübhəli bilinərək, həbs olundu.

Toy masasında zəhər

Hüquq-mühafizə orqanları tərəfindən zəhərlənmənin 40 epizodu üzrə sübutlar toplandı, onlardan 13-ü ölümcül nəticə ilə başa çatmışdı. Digər zərərçəkənlərin həyat yollarının Maslenko ailəsinin üzvləri kəsişməsi sağlamlıqlarının pozulması ilə nəticələnmişdi. Cinayətlərin coğrafiyası da təsirli idi – izlər Maslenkoların yaşadığı hər yerdə aşkar edildi: Xerson, Tümen və Tula vilayətlərində və nəhayət, Kiyevdə. Zəhərləyicilər məişətdə əllərinə keçən bütün zəhərli maddələrdən istifadə edirdilər, lakin Klerici mayesinə çıxış əldə etdikdən sonra geniş vüsət aldılar.

Məhkəmə-psixiatrik ekspertiza təqsirləndirilənləri anlaqlı hesab etdi, eyni zamanda Maslenko ər-arvadına və qızlarına xas olan eqoizm, inciklik, ifrat kinlilik və qatı qisasçılıq kimi xüsusiyyətləri qeyd etdi. Rəydə deyilirdi ki, bu cür xarakter cizgilərinə malik şəxslər yüksək münaqişəliliklə seçilir, qarşılarına qoyduqları məqsədə gedən yolda ətrafdakı hər kəsi düşmən kimi görməyə meyilli olurlar. İstintaq və məhkəmə prosesi göstərdi ki, zəhərləyici ailə üzvlərinin psixoloji portretləri olduqca dəqiq tərtib edilib.

İvanyutina ilk ərinin, uzaqməsafəli sürücü Vasilinin yeməyinə toydan dərhal sonra tallium qatmağa başladı. Onu dəfn etdikdən sonra isə əyalətdən gəlmiş qadın paytaxtda ikiotaqlı mənzilin sakininə çevrildi. İkinci ərinin valideynlərinin öldürməsi də uzaqmüddətli planlarla bağlı idi. Qayınatası və qayınanası Krasnodar diyarından Kiyevə köçmüş, burada torpaq sahəsi və böyük anbarı olan ev almışdılar. Ən böyük arzusu “QAZ-24” (“Volqa”) avtomobili almaq olan İvanyutina evin tamhüquqlu sahibinə çevrilmək və donuz saxlayaraq ət satışından pul toplamaq qərarına gəldi. Daim xəstə olan əri hər işdə arvadına güvənirdi, lakin qayınanası ona şərt qoymuşdu: əvvəlcə ərinə uşaq doğ, sonra evdə qeydiyyat məsələsinə baxarıq. Qəzəblənən İvanyutina artıq adət etdiyi silaha əl atdı – ilk qurban qayınatası oldu, onun dəfn günü isə qayınanasının dərmanına zəhər qatdı.

İvanyutinanın bacısı özündən 25 yaş böyük kiyevli ilə ailə qurmuşdu. Lakin onunla yaşamaq fikrində deyildi. VVAQ-da nikah bağlandıqdan bir həftə sonra ər gənc arvadını mənzilində qeydiyyata saldı, iki həftə sonra isə ürəkbulanma, ümumi zəiflik və ayaqlarda güclü ağrılardan şikayət edərək, xəstəxanaya düşdü. Həkimlər artritin kəskinləşməsi və yaşla bağlı ürək-damar və böyrək dəyişiklikləri diaqnozu qoyaraq, arvadının xahişi ilə onu evə buraxdılar. Az sonra o öldü. 70 yaşlı kişinin ölümü heç kimdə şübhə doğurmadı və dünən Tula vilayətindən gəlmiş dul qadın qanuni əsaslarla Kiyevdəki mənzildə məskunlaşdı.

Böyük Maslenkolar xüsusilə naxoş kinlilik və qisasçılıqla fərqlənirdilər. Ailənin başçısı Tulada oğullarından birinin qaynanasını zəhərləmişdi. Qadın xəstəxanada Mariya Maslenkoya baş çəkdikdən sonra ərinə onun vəziyyətinin çox ağır olduğunu və hər şeyə hazır olmaq lazım gəldiyini deməklə ehtiyatsızlıq etmişdi. Maslenko dərhal ona arvadının sağalması şərəfinə samoqon içməyi təklif etdi – bu badə qadın üçün sonuncu oldu. Ər-arvad Maslenko onlara kommunal mənzilin tualetindəki gölməçə ilə bağlı irad tutan qonşunu da zəhərləmişdi. Artıq Kiyevdə olanda televizoru gecə yarısınadək yüksək səslə işlədən qonşuya içki təklif edib onu da zəhərləmişdilər.

“Hələlik əvəz edən yoxdur…”

Lakin ən çox qurban, o cümlədən uşaqlar, məhz İvanyutinanın payına düşürdü.

Ərinin valideynlərindən qurtulduqdan sonra (ərinə də vaxtaşırı Klerici məhlulunun kritik olmayan dozalarını qatırdı) İvanyutina bütöv bir donuz ferması yaratdı və evinin yaxınlığındakı 16 saylı məktəbdə qabyuyan kimi işə düzəldi. Hər gün işdən qayıdarkən məktəb yeməkxanasından topladığı qida tullantıları ilə yüklənmiş olurdu. Bir müddət sonra o, dietik tibb bacısı Kukarenko və həmkarlar ittifaqı komitəsinin sədri Stadniklə münaqişələr yaşamağa başladı. Onlar hər gün qazanlara gündəlik norma üzrə ərzaq qoyularkən və şagirdlərin naharı zamanı nəzarətdə olurdular. Qabyuyana dəfələrlə irad bildirirdilər ki, qida blokunda ora-bura gəzir, insanlara kobudluq edir.

“Çox zəhlətökən və həyasız idi, – Stadnik illər sonra xatırlayırdı. – Müəllimlərə və uşaqlara irad tuturdu, sanki məktəbin direktoru idi. Texnologiyaya görə qabyuyan bişirmə sexində olmamalıdır, amma o daim plitənin yanında dolaşır, bütün qazanlara burnunu soxurdu. İradlara kobud cavab verirdi. Xatırlayıram, direktor hətta yeməkxanalar trestinin müdirinə zəng edib başqa işçi tapmağı xahiş etdi. Amma o, hələlik əvəz edən olmadığını dedi. Bununla da məsələ bağlandı”.

İvanyutina yeməkxananın müdiri Qriqori Noqeyə xüsusi nifrət bəsləyirdi. Dietik tibb bacısının ölümündən sonra o, səhər yeməkləri və naharlarının hazırlanması ilə birbaşa əlaqəsi olmayan işçilər üçün ərzaq anbarının qapısını bağlamaq qərarı verdi. Bir dəfə İvanyutina şpris vasitəsilə bir neçə portağala ölümcül maye yeridərək müdiri “qonaq etmək” istədi, lakin o, təklifi qəbul etmədi.

1987-ci il martın 16-da İvanyutina müdiri zəhərləməyə daha bir cəhd etdi. O, adətən dərs günü bitəndə, şagirdlər evə dağılandan sonra nahar edirdi. Həmin vaxt İvanyutina mətbəxdə nahardan qalan şorbaya və qızardılmış ciyərə bir neçə damcı Klerici məhlulu əlavə etdi. Lakin gözlənilmədən yeməkxanaya müdirdən başqa daha 12 nəfər də gəldi: həmin gün avans verilməsi və həmkarlar komitəsinin iclası planlaşdırıldığı üçün bəzi işçilər ləngimişdilər. Böyüklərlə yanaşı, üç altıncı sinif şagirdi də orada idi. Şahidlərin istintaqda və məhkəmədə verdikləri ifadələrə görə, İvanyutina insanların zəhərli yeməyi necə yediklərini təbəssümlə izləyirdi.

Peşman olmadı 

Maslenko – İvanyutina – Matsibora işi üzrə aylarla davam edən proses boyu Kiyev Şəhər Məhkəməsinin iclas zalı həmişə dolu olurdu. Maslenko ailəsini tanıyanlar, onların qurbanlarının yaxınları, 16 saylı məktəbin müəllimləri və şagirdlərin valideynləri, respublika və mərkəzi qəzetlərin müxbirləri məhkəməyə gəlirdilər. Binanın girişindəki pilləkənlərdə isə zala düşə bilməyən insanlar toplaşırdı.

“Мəhkəmə zamanı mən İvanyutinanın əri Oleqin yanında oturmuşdum, – Stadnik xatırlayırdı. – O danışırdı ki, əvvəl Tamara məktəbdən az miqdarda tullantı gətirirdi, sonra isə onların həcmi artmağa başladı. Onun “niyə yemək qalıqları çoxalıb?” sualına Tamara gülümsəyərək cavab verirmiş: “Deyəsən uşaqlar yaxşı yemirlər!””

Məhkəmə hökmündə İvanyutinanın məktəbdə törətdiyi cinayətin motivləri barədə deyilirdi: “Məktəb işçilərinə qarşı yaranan nifrət onunla bağlı idi ki, onlar şagirdlərdən paylarını sona qədər yeməyi, tullantı buraxmamağı tələb edirdilər. Bu isə onun maraqlarına zidd idi. Qisas almaq və məsuliyyəti yeməkxananın işinə cavabdeh şəxslərin üzərinə atmaq məqsədilə İvanyutina bir neçə nəfəri zəhərləmək qərarına gəldi. O, həmçinin yeməkxanada hazırlanan qidaya inamsızlıq yaratmağı və beləliklə tullantıların artmasını hesablayırdı”.

İvanyutinaya “maddi maraq naminə və şəxsi ədavət zəminində zəhərləmə yolu ilə törədilmiş” doqquz qətl və 20 qətl cəhdi, habelə qohumlarının törətdiyi bir neçə zəhərlənmədə iştirak ittihamı irəli sürülmüşdü. Məhkəmə onu əmlakı müsadirə edilməklə ən ağır cəzaya məhkum etdi. 79 yaşlı Maslenkoya 13 il, onun 77 yaşlı arvadına 10 il, Matsiboraya isə 15 il azadlıqdan məhrumetmə cəzası verildi. Hökmün bu hissəsi zalda güclü reaksiya doğurdu: kiyevlilər ailənin bütün üzvlərinin ölüm cəzasına layiq olduğunu düşünürdülər. Bundan əlavə, məhkəmə dövlətin xəstələrin müalicəsinə çəkdiyi xərclərin məhkumlardan tutulmasına qərar verdi. Hakim təqsirləndirilənlərə son söz verməzdən əvvəl İvanyutinaya ölmüş  şagirdlərin zaldakı valideynləri qarşısında peşmanlıq bildirməyi təklif etdi, lakin o, belə bir niyyətinin olmadığını söylədi. 

İvanyutina barəsində çıxarılmış edam hökmü 1990-cı il dekabrın 6-da icra olundu və bu, SSRİ tarixində məhkəmə hökmü ilə qadının güllələnməsinin son etibarlı təsdiqlənmiş faktı kimi yadda qaldı. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada