Logo
news content
User
Kateqoriyalar

Analitika

Bakı və Moskva arasında “isti bahar”
İlham Əliyev yenə Qələbə paradına getmədi, amma...

Azərbaycan Prezidenti İlham Əliyev bu il də Moskvada keçirilən 9 May Qələbə paradında iştirak etmədi. Prezident həmin gün Bakıda iş qrafikini davam etdirdi. Bu qərar Bakı-Moskva münasibətlərində müəyyən məsafənin qorunduğunu göstərir. 

Amma bu ilin aprel-mayında dövlətlərarası münasibətlərin xronikası yeni dövrün işartılarından xəbər verir. Müşahidələrə görə, Azərbaycan və Rusiya münasibətləri son iki ildə ilk dəfə qarşılıqlı maraqlara söykənən mərhələyə daxil olub. Rəsmi Bakı bir tərəfdən simvolik siyasi jestlərdə məsafəni qoruyur, digər tərəfdən isə Moskva ilə iqtisadi, tranzit, enerji və regional təhlükəsizlik istiqamətində əməkdaşlığı genişləndirir.

Bu mənada, Prezident İlham Əliyevin paradda iştirak etməməsi daha çox Azərbaycanın balanslaşdırılmış və suveren xarici siyasət kursunun davamı kimi qiymətləndirilir. Eyni zamanda, son aylarda baş verən yüksək səviyyəli təmaslar, iqtisadi razılaşmalar və qeyri-rəsmi diplomatik əlaqələr Bakı ilə Moskva arasında münasibətlərin əvvəlki gərgin mərhələni geridə qoymaq ərəfəsində olduğunu göstərir.

Belə ki, aprel ayından bu yana münasibətlərin dinamikasını dəyişən bir sıra mühüm hadisələr baş verib. Əsas dönüş nöqtələrindən biri aprelin 15-də AZAL təyyarəsi insidenti ilə bağlı kompensasiya razılaşmasının əldə olunması oldu. Təxminən 16 ay davam edən gərginlikdən sonra tərəflərin ortaq məxrəcə gəlməsi diplomatik kanalların yenidən tam işlək vəziyyətə keçməsinə səbəb oldu.

Bu razılaşmadan cəmi bir gün sonra Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasının Zəngilanda keçirilməsi isə xüsusi siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu addım Moskvanın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda formalaşdırdığı yeni reallığı qəbul etdiyini və iqtisadi əməkdaşlıq səviyyəsində buna uyğunlaşdığını nümayiş etdirdi. Bu kontekstdə Rusiyanın ən nüfuzlu iş adamlarından biri, Prezident Vladimir Putinin yaxın adamı, “LUKOIL” şirkətinin keçmiş prezidenti Vahid Ələkbərovun Bakıya və Füzuli şəhərinə səfəri də diqqət mərkəzində oldu. Bu səfər təkcə biznes xarakterli hadisə kimi deyil, həm də Rusiya kapitalının Qarabağdakı bərpa prosesinə marağının açıq nümayişi kimi qəbul edildi. Xüsusilə “yaşıl enerji” layihələri və enerji sektorunda yeni investisiya imkanları Rusiya biznes dairələrinin Azərbaycana marağının artdığını göstərir.

Ehtimal etmək olar ki, Qarabağda infrastrukturun yenidən qurulması, logistika xətlərinin genişlənməsi və alternativ enerji layihələri yaxın illərdə Rusiya şirkətləri üçün əsas əməkdaşlıq platformalarından birinə çevrilə bilər.

Mayın 3-də Prezident Putinin həyat yoldaşı, Rusiyanın tanınmış ictimai siması Alina Kabayevanın Bakıya səfəri də diqqətdən yayınmadı. Onun Milli Gimnastika Arenasında Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə yarışları izləməsi humanitar və elitar diplomatiyanın yeni elementləri kimi şərh olundu. Bu görüş həm də iki ölkə rəhbərliyi arasında şəxsi münasibətlərin və qarşılıqlı etimadın itmədiyini göstərən mühüm detal hesab edilə bilər. Son illərdə Bakı ilə Moskva arasında münasibətlərdə məhz qeyri-rəsmi və şəxsi diplomatiyanın rolunun artdığı da müşahidə olunur.

Tofiq Zülfüqarov: “Azərbaycan artıq əvvəlki kimi passiv davranmır”

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Pressklub.az-a şərhində bildirib ki, hazırda yaranmış geosiyasi vəziyyət kifayət qədər unikaldır və həm Rusiya, həm də İran artıq Azərbaycanla münasibətlərin onlar üçün kritik əhəmiyyət daşıdığını anlayırlar.

Onun sözlərinə görə, İranın çoxlu qonşuları olsa da, təhlükəsiz və işlək kommunikasiya xətlərini hər ölkə üzərindən qurmaq mümkün deyil. İran hazırda ciddi iqtisadi təzyiqlər, müəyyən mənada isə blokada elementləri ilə üz-üzədir. Neft ixracı, texnologiya və müxtəlif məhsulların idxalı Tehran üçün ciddi problemə çevrilib. Zülfüqarov qeyd edir ki, oxşar vəziyyət müəyyən mənada Rusiya üçün də keçərlidir. Bu baxımdan, Azərbaycan həm tranzit, həm logistika, həm də regional kommunikasiya baxımından vacib tərəfdaşa çevrilib.

Keçmiş nazir bildirir ki, Azərbaycana təzyiq göstərmək cəhdləri real nəticə vermədi: “Azərbaycan həm siyasi, həm diplomatik, həm də iqtisadi baxımdan bu təzyiqlərə davam gətirdi və öz mövqeyini qorudu. İndi münasibətlər daha çox praktik maraqlar və qarşılıqlı fayda prinsipi üzərində qurulur”.

Onun fikrincə, mövcud siyasi şəraitdə Azərbaycan və Rusiya arasında tam strateji müttəfiqlikdən danışmaq çətindir. Bununla belə, normal və neytral münasibətlərin qurulması həm Bakının, həm də Moskvanın maraqlarına uyğundur: “Düşünürəm ki, proses də bu istiqamətdə davam edəcək. Çünki açıq qarşıdurma heç bir tərəfin maraqlarına uyğun deyil”.

Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycana təzyiq göstərmək istəyən qüvvələr artıq Bakının əvvəlki kimi passiv davranmadığını gördülər: “Azərbaycan lazım gəldikdə daha sərt cavab verməyə hazırdır. Bu həm Rusiyaya, həm İrana, həm də müəyyən mənada Fransa və Avropa İttifaqına aid mesajdır”.

Keçmiş XİN başçısı vurğulayır ki, Azərbaycan son dövrlərdə Avropa Parlamenti və digər beynəlxalq platformalarda öz mövqeyini kifayət qədər açıq və sərt şəkildə ifadə edib: “Mesaj ondan ibarət idi ki, qarşılıqlı hörmət və normal münasibət qurmaq istəmirsinizsə, onda münasibətlərin formal xarakter daşımasının da xüsusi mənası yoxdur”.

Onun fikrincə, Azərbaycan hazırda daha çox neytral, praqmatik və öz suveren hüquqlarını prioritet hesab edən siyasət yürüdür.

Beləliklə, yaranan ümumi mənzərə onu göstərir ki, Azərbaycan Rusiya ilə münasibətlərini artıq sovet dövründən qalan rituallar üzərində deyil, konkret milli maraqlar əsasında qurur. Tranzit marşrutları, enerji təhlükəsizliyi, regional logistika, investisiyalar və iqtisadi əməkdaşlıq Bakı-Moskva münasibətlərinin əsas sütunlarına çevrilə bilər.

Turqut