Prezident üçün Nobel: davakar lider dünya mükafatını necə qazandı?
Trampa qismət olmayan qızılın daha bir qalmaqallı laureatın hekayəsi
14 Oktyabr 2025
Bir il boyunca Donald Tramp Nobel sülh mükafatına hamıdan çox özünün haqq etdiyini mütəmadi söylədi. Lakin mükafat tarixini araşdıran tarixçilər və tədqiqatçılar hesab edirlər ki, ABŞ-nin indiki prezidenti bu mükafat üçün həddindən artıq ziddiyyətli fiqurdur və çox davakar siyasətçidir, buna görə də laureat ola bilməz. Bununla belə, tarixdə oxşar şəraitdə bu mükafatı almış amerikalı lider artıq olub – Teodor Ruzvelt.
“Onlar mənə heç vaxt Nobel sülh mükafatını verməyəcəklər. Buna layiqəm, amma heç vaxt verməyəcəklər”, – deyə ABŞ prezidenti 2025-ci ilin fevralında bəyan etdi. Sentyabrın 30-da Amerika generallarının qarşısında çıxış edərkən yenidən bu mövzuya qayıtdı: mükafatı başqası alarsa, “bu, ölkəmiz üçün böyük həqarət olacaq”, – dedi.
Trampın ətrafında olanlar – Ağ Evin mətbuat katibindən tutmuş ABŞ dövlət katibinə qədər – dəfələrlə eyni fikri səsləndiriblər. Tramp isə demək olar ki, hər çıxışında yeddi müharibəni dayandırdığını iddia edir; BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı da bunu vurğuladı.
Amerika prezidentləri və Nobel mükafatı
Tarix boyu Nobel sülh mükafatını cəmi dörd ABŞ prezidenti alıb. Onlardan biri artıq çoxdan vəzifədən getmişdi — Cimmi Karter, sülh işinə ümumi töhfəsinə görə 2002-ci ildə mükafatlandırıldı.
Barak Obama mükafatı prezidentliyinin ilk ilində, “beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi” kimi qeyri-müəyyən formulla aldı.
1919-cu ildə mükafat Vudro Vilsona təqdim edilmişdi: Birinci Dünya müharibəsindən sonra sülh təşəbbüslərinə və Millətlər Liqasının yaradılmasına görə.
Ən birinci amerikalı laureat isə Teodor Ruzvelt idi — Rusiya ilə Yaponiya arasında sülhün bərpasında vasitəçilik etdiyinə görə bu mükafatı aldı. O dövrdə bu qərar çoxlarına mübahisəli göründü. “Alfred Nobel yəqin ki, qəbrində çevrilir” –Ruzveltə mükafat verildikdən sonra Avropa mətbuatı yazırdı.
Dünya jandarmı
Nobel Komitəsinin qərarından öncə Ruzvelti nə desən adlandırmaq olardı, bircə sülh göyərçini yox. 1897-ci ildə o, prezident Mak-Kinlinin administrasiyasında hərbi-dəniz qüvvələrinin nazir müavini vəzifəsinə təyin edilmişdi. Bu, ABŞ-nin xarici siyasətində dönüş dövrü idi — təcridçilikdən imperializmə keçid, Monro doktrinasından imtina dövrü.
1898-ci ildə ABŞ İspaniya ilə müharibəyə girdi, daha sonra Kuba, Filippin və Puerto Rikonu işğal etdi. Havay adaları da ilhaq olundu. O zaman Respublikaçılar Partiyasının yüksələn ulduzu olan Ruzvelt bütün dünya üzrə hərbi müdaxilələrin əsas tərəfdarı idi.
Teodor Ruzvelt həm də vətənpərvər gücün simvolu idi. Ovçu və əla atıcı olan ikən nazirlikdəki vəzifəsini tərk edib, İspaniya-Amerika müharibəsinə könüllü kimi qatıldı. O, tezliklə “Ruzveltin cəsur atlıları” adlanacaq 1-ci Könüllü Süvari Alayına rəhbərlik edirdi.
Ruzveltin süvari geyimində çəkilmiş fotosu həqiqi vətənpərvərin və güc simvolunun kanonik obrazına çevrildi. “Cəsur atlılar” (döyüşlərdə piyada iştirak etsələr də) Kubada ağır itkilər verdilər, San-Xuan təpəsini hücumla ələ keçirdilər və Santyaqo-de-Kubanın mühasirəsində həlledici rol oynadılar. Ruzvelt ölkəsinə qəhrəman kimi döndü və 1900-cü ildə prezident Mak-Kinlinin yanında ABŞ-nin vitse-prezidenti seçildi.
Ruzvelt prezidentdən belə daha populyar idi — seçicilər onun gəncliyini və döyüşkənliyini bəyənirdilər. 1901-ci ildə Mak-Kinli qətlə yetiriləndə, Ruzvelt dövlət başçısı oldu.
O, hələ bundan öncə əsas siyasi prinsipini açıqlamışdı. Mak-Kinlinin ölümündən bir neçə gün əvvəl Ruzvelt, “yumşaq danış, amma əlində böyük dəyənək tut — onda uzağa gedərsən” deyən Qərbi Afrika atalar sözünü sitat gətirdi. O, ömrü boyu bu ifadəni dəfələrlə təkrarlayacaqdı.
Məhz Ruzvelt administrasiyası o vaxt Kolumbiyanın tərkib hissəsi olan Panamadakı üsyana dəstək verdi və bunun nəticəsində Panama Respublikasının müstəqilliyi elan edildi — ABŞ də bunun əvəzində Panama kanalına nəzarət hüququ qazandı.
1906-cı ildə, ona Nobel Sülh Mükafatı verilməsindən bir ay əvvəl, Ruzvelt yenidən ordunun Kubaya daxil olması və üsyanın yatırılması barədə göstəriş verdi. O, adanın narazı sakinləri haqqında belə dedi: “Hazırda mən bu lənətə gəlmiş kiçik Kuba respublikasına o qədər əsəbiləşmişəm ki, onun xalqını yer üzündən silməyə hazıram. Onlardan bütün istədiyimiz o idi ki, sadəcə özlərini yaxşı aparsınlar, firavan və xoşbəxt olsunlar”.
Təəccüblü deyil ki, Ruzvelti əks etdirən karikaturaların çoxunda o, həmin məşhur dəyənəklə təsvir edilirdi. Bəzən də “dünya jandarmı” görkəmində — bu, ABŞ-ın roluna dair prezidentin özü tərəfindən işlədilən obrazlı ifadə idi.
Sülhməramlı
1905-ci ilin yayına qədər rus–yapon müharibəsində iştirak edən tərəflərin qüvvələri tükənmişdi. Mart ayında Rusiya Mukden döyüşündə məğlubiyyətə uğradı, mayda isə yapon donanması Tsuşima boğazında rus eskadrasını məhv etdi. Rusiya müharibəni uduzurdu, lakin Yaponiyanın da bütün ehtiyatları artıq tükənirdi.
Teodor Ruzvelt sülh prosesinə dəfələrlə maraq göstərmişdi. ABŞ prezidenti əvvəlcə Yaponiyanı dəstəkləyirdi, lakin sonradan anladı ki, hansısa tərəfin həddən artıq güclənməsi Vaşinqtonun marağında deyil. Ruzvelt istəyirdi ki, Çin neytral qalsın və Avropa dövlətlərinin bu vəziyyətdən faydalanmasından ehtiyat edirdi.
1904-cü ildə Ruzvelt tərəfləri barışdırmağa çalışmışdı, lakin bu cəhd nəticə verməmişdi: həm Yaponiya, həm də Rusiya qələbəyə arxayın idilər.
1905-ci ildə isə sülh hər kəs üçün faydalı olardı, amma bunun üçün bir vasitəçi lazım idi. Və bu rolu Ruzvelt öz üzərinə götürməli oldu.
Mayın 31-də Yaponiya gizli şəkildə Ruzveltdən iki ölkənin yaxınlaşmasına kömək etməsini xahiş etdi. Sankt-Peterburqda publik şəkildə “sona qədər müharibə”dən danışırdılar, amma bu zaman — yenə gizli şəkildə — II Nikolay təklifin yalnız Ruzveltdən gələcəyi təqdirdə Yaponiya ilə birbaşa danışıqlara razılaşdı. ABŞ prezidenti tərəfləri sülh sazişinin müzakirəsinə dəvət etdi. 10 iyunda Yaponiya, iki gün sonra isə Rusiya razılıq verdi. Sülh konfransı Portsmutda (Nyu-Hempshir ştatı) işinə başladı.
Diplomatik missiyalar bir-birinə avqustun 5-də Oyster Bey körfəzində duran “Mayflower” xətt gəmisində təqdim olundu. Prezident mehriban ev sahibi kimi çıxış etdi: rus və yapon nümayəndə heyətlərini qəlyanaltılar və şampan gözləyirdi.
Danışıqlar tamamilə centlmen ruhunda keçirdi. Lakin tərəflər üçün aradan qaldırılması mümkün olmayan ziddiyyətlər qalırdı. Yaponiya, başqa şeylərlə yanaşı, təzminat ödənişi və Saxalin üzərində nəzarət tələb edirdi. Rusiya bu şərtləri qəti şəkildə rədd edirdi.
Danışıqların pozulmaq üzrə olması düşünüldüyü anda Ruzveltin müdaxiləsinin vaxtı gəldi. ABŞ prezidenti hər iki tərəflə pərdəarxası söhbətlər aparır, onları razılığa gəlməyə təşviq edirdi. O, yapon səfiri Kaneko vasitəsilə bildirdi ki, II Nikolay heç bir halda təzminata razı olmayacaq. Bununla belə, o, Rusiyanın artıq yaponlar tərəfindən işğal olunmuş Saxalinin cənubundan imtinaya hazır olduğunu qəsdən demədi.
Son görüşdə coşqun replika mübadiləsi gedirdi. Rusiya nümayəndə heyətinin rəhbəri, Nazirlər Komitəsinin sədri Sergey Vitte yapon şərtlərinin qəbuledilməz olduğunu bəyan etdi. Onun tərəf-müqabili, Yaponiyanın xarici işlər naziri Komura bildirdi ki, ölkəsi təzminatdan imtina etməyə hazırdır — əvəzində Saxalini tələb edir. Vitte yenə rədd cavabı verdi. O zaman Komura son təklifini irəli sürdü — təzminatdan imtina edilməsi şərti ilə Cənubi Saxalinin Yaponiyaya verilməsi. Razılıq əldə olundu.
Nə qədər təəccüblü olsa da, Portsmut sülhünün nəticələrindən nə Rusiyada, nə də Yaponiyada məmnun idilər. Vitte “Yarım-Saxalin qrafı” ləqəbini aldı, Yaponiyada isə sazişin şərtləri iğtişaşlara çevriləcək genişmiqyaslı etirazlara səbəb oldu.
Bununla belə, Ruzveltin rolunu heç kim kiçiltmədi. O, tərəflər dalana dirənəndə və kompromisə hazır olmadıqda, pərdəarxası diplomatiyadan uğurla istifadə etmişdi. “Sülhə nail olmaq və Portsmut müqaviləsini bağlamaq üçün göstərdiyiniz humanist səylərinizə görə Sizə ürəkdən təşəkkürümü bildirirəm”, — Vittenin Amerika prezidentinə göndərdiyi teleqramda deyilirdi.
Bu, ABŞ prezidentinin özü üçün də sərfəli idi. 1905-ci ilin oktyabrında “American Monthly Review of Reviews” jurnalı yazırdı: “Amerika xalqı və Teodor Ruzvelt heç olmasa bir şey üçün rus–yapon müharibəsinə minnətdar olmalıdırlar. O, millət kimi bizə və ali hakim kimi prezidentimizə imkan yaratdı ki, bizim son dərəcə sülhsevər millət və o, “böyük dəyənəkli adam”ın, göstərişli lovğalıqda və guya bizi bütün dünya ilə düşmən etməkdə ittiham edilən şəxsin — əslində sülhməramlı olmasını nümayiş etdirək”.
Nobel mükafatı və ona reaksiyalar
1906-cı il dekabrın 10-da Nobel komitəsi “Yaponiya və Rusiya arasında qanlı müharibənin dayandırılmasında oynadığı roluna görə” Teodor Ruzveltə sülh mükafatını təqdim etdi. Prezidentin özü mərasimə gəlmədi: onun Nobel Komitəsinə müraciətini ABŞ-nin Norveçdəki elçisi Herbert Pirs səsləndirdi. Üstəlik, Ruzvelt Osloda Nobel mühazirəsini yalnız 1910-cu ildə, artıq Ağ Evi tərk etdikdən sonra oxudu.
Komitənin qərarı çaşqınlıqdan tutmuş qəzəbə qədər emosiyalar fırtınası doğurdu. Ruzveltədək bu mükafat əsasən ictimai xadimlərə, ilk növbədə sülhpərvər pasifistlərə verilirdi. ABŞ-nin davakar prezidenti isə bu məntiqə heç cür sığmırdı. Almaniyanın “Berliner Tageblatt” qəzeti yazırdı ki, Alfred Nobel bu qərardan dəhşətə gələr və məzarında çevrilərdi. Jurnalistlər Ruzveltə müharibənin rüsvayçı sülhdən yaxşı olması barədə sevimli sözünü xatırlatdılar. Norveç solçuları ABŞ prezidentini “davakar sərsəm” və “imperialist” adlandırırdılar; İsveç qəzetləri isə iddia edirdi ki, Norveç sadəcə amerikalılara xoş gəlmək və nüfuzlu dostlar qazanmaq üçün mükafatı Ruzveltə verib. Mükafat indiyədək heç vaxt bu qədər mübahisə doğurmamışdı.

O dövrün Amerika karikaturalarında Ruzvelt yenə əlində dəyənəklə təsvir olunurdu. Bir rəsmdə isə prezidentin iki portreti yanaşı verilmişdi: birində o, əlində qılınc San-Xuan təpəsini fəth edir, digərində isə zeytun budağı tutur.
Teodor Ruzvelt sülh mükafatını aldıqdan sonra belə, daha az davakar olmadı: Ağ Evi tərk etdikdən sonra o, prezident Vudro Vilsonu və onun dövlət katibi Uilyam Brayanı ABŞ maraqlarını — o cümlədən zor tətbiqi ilə — müdafiə etmək istəmədiklərinə görə yorulmadan tənqid edirdi. “Mən Vilson–Brayanın mövqeyini iyrənc sayıram. Bu mövqe arxasında real qüvvə olmayan fantastik sülh müqavilələrinə, yerinə yetirilməyəcək vədlərə, hər cür kağız parçasına inanmaqdan ibarətdir”, — Ruzvelt yazırdı.
İllər sonra bu sitatdan öz mövqeyini əsaslandırmaq üçün ABŞ-nin dövlət katibi və daha bir mübahisəli Nobel sülh mükafatı laureatı Henri Kissincer istifadə edəcəkdi.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada