Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Özəl həyat və gizli çəkiliş - Olarmı, olmazmı?
Hər kəsdən narazı, təhqirə, böhtana və qınamağa meylli şəxslərin problemi nədir?

“Hərə əlinə bir telefon alıb, düşüb küçəyə...” Bu sözü son zamanlar daha tez-tez eşidirik və səbəbsiz deyil. Texnologiyanın inkişaf etməsi ilə əvvəllər əlçatmaz olan bir çox şeylər adiləşib. Cəmi 25-30 il əvvəl başqasının səsini yazmaq, foto və video çəkiliş etmək hər kəs üçün əlçatan deyildi. Fotoaparat çox az adamda olurdu. Videokamera barədə isə danışmaq belə, yersiz idi. Amma bu gün mobil cihazlar həm telefonu, həm diktofonu, həm də foto və video kameraları əvəz edir. Və bu da insanlarda müəyyən narahatlıq və narazılıq yaradır... 

Gizli, icazəsiz çəkiliş, foto və videolardan istifadə, insanların şəxsi həyatına müdaxilə geniş vüsət alıb. Bəzi “işgüzar” şəxslər ictimai məkanlarda, ictimai nəqliyyat vasitələrində digər şəxslərin xəbəri və icazəsi olmadan görüntülərini çəkib, sosial mediada yayırlar. Bəzən bunu reytinq, bəzən isə şantaj naminə edirlər. Və bu zaman görüntüsü çəkilən şəxsin hissləri nəzərə alınmır, qurbanın ünvanına səslənən təhqirlər təşviq edilir, çəkilişi yayan şəxs bundan həzz alır.  

Görəsən, həmin şəxsləri bu hərəkətə vadar edən hansı psixoloji problemlərdir?

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən klinik psixoloq Vəfa Rəşidova Dəmir deyib ki, insanları təhqir edənlər daxili kompleksə, özgüvənsizliyə malik olan natamam insanlardır. 

Psixoloqun sözlərinə görə, həmin şəxslər zamanında valideynləri və ya dostları tərəfindən bullinqə məruz qalanlardır. Bununla da bu cür davranış onlar üçün normallaşıb. Ailədə söyüş, şiddət, təhqir varsa, gec-tez bu özünü uşaqda büruzə verir. Məsələnin bir hissəsi isə qısqanclıq, paxıllıqla əlaqəlidir. Bu zaman həmin şəxslər hətta saxta profillərdən həmin şəxsin ünvanına təhqiramiz ifadələr işlədə bilir. 

Yeri gəlmişkən, qanunvericiliyə görə, istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumatların yerləşdirildiyi profillər saxta hesab olunur. Eyni zamanda məlumatların gizlədildiyi, habelə digər şəxsə aid olan məlumatlarla onun razılığı olmadan yaradılmış hesablar, profillər də saxta hesab olunur. Sözügedən təhqirlər, böhtanlar isə əksər hallarda məhz saxta profillərdən edilir. 

Həmsöhbətimiz bildirib ki, bu insanlarda birmənalı olaraq depressiya özünü göstərir. Yaxud da bir müddət sonra yüksək dərəcədə aqressiya, güvən və ünsiyyət problemi görülür: “Bullinq onlara travma verdiyinə görə güvən problemi yaranır. Bu da öz növbəsində ünsiyyət qurmaq, sosiallaşmaq problemini yaradır. Bununla da özlərini cəmiyyətdən təcrid edirlər”.

Müsahibimiz deyib ki, bullinqə məruz qalmış insanlarda intihar cəhdləri görülür: “Əslində bunun bir səbəbi də həmin şəxsin öz hüquqlarını bilməməsidir. O, depressiyaya düşüb, intihar həddinə gəlib çatmaqdansa hüquqlarını tələb etməyi bacarmalıdır”. 

Bəs sosial şəbəkələrdə yol verilən söyüş və təhqirlərə görə hansı cəza tədbirləri nəzərdə tutulur, qanunvericilik bu kimi halları necə tənzimləyir?

Bununla bağlı Pressklub.az-a danışan hüquqşünas Şamil Paşayev deyib ki, beynəlxalq hüququnun hamılıqla qəbul edilmiş norma və prinsiplərində olduğu kimi, Azərbaycan Konstitusiyasında da hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ var. 

Müsahibimiz bildirib ki, Mülki Məcəllənin 7-ci maddəsinə görə, şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi məhkəmə yolu ilə tələb edilə bilər. Həmçinin, şəxsin buna görə təzminat və ya kompensasiya almaq hüququ var.

Hüquqşünas deyib ki, təhqirin obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Şərəf və ləyaqəti alçaltma şəxsi nüfuzdan salan hərəkətlər kimi dəyərləndirilir. Şəxsiyyətin nalayiq formada alçaldılmasını, təhqiredici hərəkətin nalayiq olub-olmamasını isə cəmiyyətdə ümumilikdə qəbul edilmiş əxlaqi dəyərlərə, birgə yaşayış qaydalarına, ümumi qəbul edilən prinsiplərə uyğun olaraq, ilk növbədə zərərçəkmiş şəxs sonra isə məhkəmə müəyyən edir.

Paşayev bildirib ki, təhqiredici hərəkətlərin və sözlərin doğru və yalan olması şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur: “Əməlin cinayət olması üçün təhqir edən şəxs başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk edir və bunu arzu edir. Şəxs təhqir edildiyi anda cinayət əməli başa çatmış hesab edilir. Adətən, məsuliyyətdən və “şəxsi hesablaşma”dan yayınmaq üçün təhqir və böhtan saxta hesab və profillər üzərindən edilir”. 

Hüquqşünas bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 147.1-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan əlavə, CM-nin 147.2-ci maddəsinə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Bəzi insanlar çox vaxt bir-birilərini geyim tərzinə görə qınayır, təhqir edir. Sosial şəbəkələrdə bununla bağlı edilən paylaşımların şərh bölümündə həmin insanın ünvanına müxtəlif nalayiq ifadələr, təhqiramiz sözlər yazılır. Halbuki həmin insanlar konstitusiyamızda geyimlə bağlı hər hansı qadağa və məhdudiyyətin olmamasını, eləcə də kiminsə geyiminə qarışmağa ixtiyarı olmamasından ya xəbərsizdirlər, ya da bilib, qəbul etmirlər. Bundan əlavə, geyim tərzi insanın şəxsi seçimidir. Amma cəmiyyətimizdə geyim o qədər qlobal problemə çevrilib ki, həqiqi problemlər qalıb bir kənarda. Ümumilikdə geyim norması yalnız yazılmamış qanunlarla tənzimlənir. Məsələn, şənliyə çimərlik geyimində gedilmədiyi kimi, çimərliyə də şənlik geyimində gedilmir. Amma kimsə elə getmək istəyirsə, qanuna görə, buna kiminsə qarışmağa, hətta təhqir etməyə ixtiyarı yoxdur. 

Bu və bunun kimi misallar çoxdur. Əlbəttə bu təhqirlər, söyüşlər yalnız geyim məsələsinə görə olmur. Ancaq səbəb nə olursa olsun, insanın kiminsə şərəf və ləyaqətini alçadacaq ifadələr işlətməsinə bəraət qazandırmır. Düzdür, hər kəsin söz azadlığı var və düşündüyünü deməkdə sərbəstdir. Ancaq bu cür təhqirlərin edilməsi həm qanuna, həm də insanlığa ziddir. 

Günay Elşən