“Öz qanında boğulan” lider: Xamenei kim idi?
Gənc inqilabçı, hiyləgər aparatçı, yaşlı avtokrat...
02 Mart 2026
Amerika və İsrail kəşfiyyat orqanları və silahlı qüvvələrinin birgə əməliyyatı nəticəsində fevralın 28-də İranın ali lideri Əli Xamenei həlak olub. İsrail aviasiyası Tehranda Xameneinin ölkənin əsas hərbi rəhbərləri ilə görüş keçirdiyi binanı bombalayıb. Görüşün bütün iştirakçıları həyatını itirib. İran liderinin 86 yaşı var idi.
Xamenei 1989-cu ildə — İslam Respublikasının qurucusu və ilk rəhbəri ayətullah Ruhullah Xomeyninin (1979-cu ildən ölkəyə rəhbərlik edirdi) ölümündən sonra İranın rəhbəri (ali dini lideri) oldu. O, müasir dünya diktatorları arasında hakimiyyətdə qalma müddətinə görə rekordçulardan biri idi — təxminən 37 il.
Xamenei 1939-cu ildə Məşhəddə — Tehrandan sonra İranın ikinci ən böyük şəhərində, ölkənin şərq hissəsinin faktiki paytaxtı və mühüm dini mərkəzdə — azərbaycanlı mənşəli ruhani ailəsində anadan olub.
1950-ci illərin sonu – 1960-cı illərin əvvəllərində Xamenei Qum şəhərində mədrəsədə təhsil alıb, onun müəllimlərindən biri Ruhullah Xomeyni idi. Hələ o dövrdə Xamenei, bir çox gənc dindar iranlılar kimi, Məhəmməd Rza Pəhləvinin dünyəvi və qərbyönlü rejiminə qarşı çıxır, siyasi islamın tərəfdarı idi. Bu illərdə o, Misirin “Müsəlman qardaşları” təşkilatının ideoloqu, müasir cihadizmin (o cümlədən “Əl-Qaidə”nin) “mənəvi atası” sayılan Seyid Qütbün bir neçə əsərini ərəb dilindən farscaya tərcümə etdi. O, bir neçə dəfə həbs olundu, üç il İranşəhrdə — İran-Pakistan sərhədi yaxınlığında daxili sürgündə keçirdi.
Xomeyni və onun gənc davamçılarının, o cümlədən Xameneinin şiə islamçılığı modernist ideologiya idi. O, demokratiya, vətəndaş millətçiliyi, marksizm, antiimperializm və antikolonial hərəkatın bir çox ideya və təcrübələrini özündə birləşdirirdi. Xomeyninin siyasi proqramı respublika idarəçiliyi və nümayəndəli demokratiya prinsiplərini “vilayəti fəqih” (islam hüququ bilicisinin ali hakimiyyəti) prinsipi və Mehdi zühurunun apokaliptik gözləntisi ilə uzlaşdırırdı. Bu, olduqca yenilikçi proqram idi.
Həmin dövrdə Xamenei Xomeyniyə yaxın sayılmırdı. Onların yaxınlaşması 1979-cu il İslam inqilabından sonra baş verdi — əsasən Xomeyninin daha nüfuzlu silahdaşları Əkbər Haşimi Rəfsəncani və Həsən Ruhaninin himayəsi sayəsində.
İslam Respublikasının ilk illərində dünyəvi dissidentlərin yarımhərbi qrupları yeni rejimin bir çox xadimlərinə qarşı sui-qəsdlər törədirdi. Məsələn, 1981-ci ildə Tehrandakı Əbuzər məscidində moizə zamanı diktofona yerləşdirilmiş bomba vasitəsilə Xameneiyə sui-qəsd cəhdi edildi.

İki ay sonra terror aktı nəticəsində İran prezidenti Məhəmməd Əli Rəcai və baş nazir Məhəmməd Cavad Bahonar həlak oldular. Bundan sonra Xamenei növbədənkənar prezident seçkilərində 97 faiz səs toplayaraq qalib gəldi — halbuki seçki kampaniyasının böyük hissəsini sui-qəsddən sonra xəstəxanada bərpa dövründə keçirmişdi.
Xomeyninin hazırladığı İslam Respublikasının ilkin modeli siyasi və dini hakimiyyətin sərt şəkildə ayrılmasını nəzərdə tuturdu. Prezident, baş nazir və nazirlər tamamilə dünyəvi şəxslər olmalı, ruhanilər isə rəhbərin başçılığı altında əsasən mühüm vəzifələrə namizədlərin ilkin seçimi, məsləhətləşmələr və əsas siyasi qərarlara veto hüququ vasitəsilə pərdə arxasından istiqamət verməli idilər.
Lakin tezliklə Xomeyni bu sərt modeldən uzaqlaşdı. Xamenei prezident postunu tutan ilk ruhani oldu və 1989-cu ilə qədər iki tam müddət bu vəzifədə qaldı. O zaman o, böyük dini avtoritet sayılmırdı — daha çox dini göstərişləri konkret siyasi, iqtisadi və güc tədbirlərinə çevirə bilən bacarıqlı idarəçi kimi qiymətləndirilirdi.
Xameneinin prezidentliyi İslam Respublikasının formalaşması və İran-İraq müharibəsinin (1980–1988) ən qızğın dövrünə təsadüf etdi. Səddam Hüseyn inqilabdan qısa müddət sonra, İslam Respublikasının şah ordusunu faktiki ləğv etdiyi, lakin hələ öz silahlı qüvvələrini formalaşdırmağa macal tapmadığı vaxt İrana hücum etdi. Onun rəsmi məqsədi neftlə zəngin, əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan cənub-qərb əyaləti Xuzistanı ələ keçirmək idi.

İran ağır itkilər bahasına hücumu dəf etdi və əks-hücuma keçdi. Xomeyni Bağdada qədər irəliləməyi, Səddamı devirməyi və şiə çoxluğa malik İraqda İran modelinə uyğun İslam respublikası qurmağı planlaşdırırdı. Hesab olunur ki, 1988-ci ildə məhz prezident qismində Xamenei rəhbərə bildirib ki, bu addım ABŞ ilə toqquşmaya gətirib çıxarar və İran buna hazır deyil. Xomeyni sülhə razılaşdı — özünün dediyi kimi, “zəhər dolu piyaləni içdi”.
Xomeyni 3 iyun 1989-cu ildə 89 yaşında vəfat etdi. Həmin vaxt Xamenei varis kimi nəzərdən keçirilmirdi — onun formal ali dini dərəcəsi çatışmırdı. Rəhbəri seçən Ekspertlər Şurası bir-biri ilə rəqabət aparan ruhani fraksiyalardan ibarət idi. Müzakirələrdən sonra onlar Xomeyni kimi qeyri-məhdud şəxsi hakimiyyət iddiası olmayan kompromis fiqur üzərində razılaşdılar. O dövrdə İran parlamentinin spikeri olan Əkbər Haşimi Rəfsəncani bu ideyanın əsas tərəfdarı idi və məhz o, çoxdan öz himayəsində olan Xameneini bu vəzifəyə irəli sürürdü. Onu rəsmi şəkildə rəhbər seçmək üçün konstitusiyaya dəyişiklik etmək, ali lider postuna yalnız “mərceyi-təqlid” (təqlid üçün nümunə) ali dini tituluna malik şəxsin namizəd ola bilməsi şərtini çıxarmaq lazım gəldi.
O zaman yəqin ki, az adam düşünürdü ki, bu “kompromis fiqur” həm rəqiblərini, həm də himayədarlarını — o cümlədən Rəfsəncanini — geridə qoyaraq təxminən 40 il hakimiyyətdə qalacaq.
Xamenei Xomeyninin malik olduğu nüfuz və xarizmadan məhrum idi, buna görə də onun hakimiyyətinin dayağı şəxsi əlaqələr və məharətli aparat manevrləri oldu. Məhz onun səyləri nəticəsində İranda iki onillik ərzində özünəməxsus “iki partiyalı sistem” — mühafizəkarlarla islahatçılar arasında siyasi “yelləncək” formalaşdı və işlək vəziyyətdə qaldı. Elə 1989-cu ildə prezident mühafizəkar Rəfsəncani oldu, səkkiz il sonra onu islahatçı Məhəmməd Xatəmi əvəz etdi, daha səkkiz ildən sonra — mühafizəkar Mahmud Əhmədinejad, sonra islahatçı Həsən Ruhani, ardınca isə mühafizəkar İbrahim Rəisi. Beləliklə, Xamenei elitanın və cəmiyyətin müxtəlif qruplarının maraqlarını balanslaşdırır, növbə ilə ənənəçiləri, tərəqqipərvərləri, bazar tacirlərini və IT biznesmenləri qismən razı salırdı.
Paralel olaraq, ölkədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təsiri artırdı. Xameneinin uzun hakimiyyəti dövründə bu qurum İran silahlı qüvvələrinin elitasından faktiki olaraq ayrıca hakimiyyət qoluna çevrildi. O, İran iqtisadiyyatının əhəmiyyətli hissəsinə nəzarət edir, dövlət maliyyələşməsini prioritet qaydada alır, şəxsi heyətini təxminən 200 min nəfərə çatdırdı və müdafiə ilə yanaşı, daxili təhlükəsizlik funksiyalarının böyük qismini də öz üzərinə götürdü. SEPAH komandanları daim Xameneinin şəxsi etimadını qazanan şəxslər arasından seçilir, eyni zamanda onların mütəmadi rotasiyası aparılırdı ki, heç kim həddindən artıq güclənib müstəqil təsir mərkəzinə çevrilməsin.
Xameneinin ən mühüm siyasi qərarlarından biri 2000-ci illərin əvvəlində İranın nüvə proqramının intensivləşdirilməsi oldu. Bu proqram hələ şah dövründən mövcud idi və İslam inqilabından sonra gizli şəkildə davam etdirilirdi. 2002-ci ildə iranlı dissidentlər Nətənzdəki uranın zənginləşdirilməsi zavodu və Ərakdakı ağır su reaktoru barədə məlumatları açıqladılar. Bundan az sonra İran hakimiyyəti bəyan etdi ki, guya Xamenei çoxdan nüvə silahının yaradılması, saxlanılması və istifadəsinin yolverilməzliyi barədə fətva verib. Eyni zamanda onlar — xüsusilə prezident Mahmud Əhmədinejad — İranın dinc nüvə proqramı hüququnda israr etməyə başladılar.
Görünür, Xameneinin təsdiqlədiyi ümumi strategiya “hədd statusu”na çatmaq idi — yəni ölkənin faktiki olaraq nüvə silahı olmasın, lakin lazım gələrsə, onu çox qısa müddətdə yaratmaq üçün bütün texniki imkanlar hazır vəziyyətdə saxlanılsın. Beynəlxalq izqoy İran üçün bu, mümkün olan ən etibarlı təhlükəsizlik zəmanəti sayılırdı.
Bu siyasət Qərblə uzunmüddətli qarşıdurmaya gətirib çıxardı. 2000-ci illərin ortalarından etibarən İrana qarşı sanksiyalar getdikcə sərtləşdirildi, 2010-cu illərdə isə İran iqtisadiyyatında sistemli böhranın əlamətləri aydın görünməyə başladı.
Həmin dövrdə mühafizəkarlarla islahatçılar arasında balans mexanizmi də sarsılmağa başladı. 2009-cu ildə mühafizəkar Mahmud Əhmədinejad ikinci prezidentlik müddətinə namizəd idi, ona islahatçı Mir Hüseyn Musəvi qarşı çıxırdı. Seçkilərin qalibi Əhmədinejad elan edildi, lakin Musəvi və tərəfdarları kütləvi saxtakarlıq iddia edərək küçə etirazlarına başladılar; bu aksiyalar tezliklə toqquşmalara çevrildi. İran təhlükəsizlik qüvvələri onları yatırdı, yüzlərlə insan həlak oldu.
Bundan sonra Xamenei mühafizəkarlara getdikcə daha çox arxalanmağa başladı. Üstəlik, islahatçıların proqramının əsas bəndlərindən biri sanksiyaların ləğvi və iqtisadi vəziyyətin yaxşılaşdırılması naminə “nüvə məsələsi”ndə Qərbə güzəştlər etmək idi. Xamenei və onun tərəfdarları üçün isə nüvə proqramının qorunması prinsip məsələsinə çevrilmişdi: ondan imtina etmək zəifliyi və əvvəlki siyasətin səhv olduğunun etirafı demək olardı.
Qərbin — ilk növbədə ABŞ-ın — siyasəti bu müddət ərzində dəyişkən idi. Barak Obama dövründə İrana saziş təklif olundu: uranın zənginləşdirilməsinin məhdudlaşdırılması müqabilində sanksiyaların mərhələli şəkildə ləğvi. Sonradan Donald Tramp bu sazişi ləğv etdi. İranın mövqeyi isə dəyişməz qaldı: o, uranın zənginləşdirilməsini davam etdirəcəyini və nüvə silahı hazırlamaq niyyətində olmadığını bildirirdi.
Rusca “perestroyka” sözü fars dilinə möhkəm daxil olmuşdu. İslahatçılar üçün bu anlayış müsbət məna daşısa da, mühafizəkarlar və şəxsən Xamenei üçün demək olar ki, söyüş idi: axı SSRİ-də perestroykanın elanından rejimin süqutuna qədər cəmi beş il keçmişdi.
2010-cu illərdə İran tədricən özünəməxsus hibrid rejimdən yaşlı liderin idarə etdiyi, güclü repressiv aparata söykənən və daxili, eləcə də xarici siyasətdə heç bir kompromisə getmək istəməyən tipik avtoritar rejimə çevrildi.
Son illərdə Xamenei tez-tez xəstələnirdi. Hakimiyyətin tranziti uzun müddətdir hazırlanırdı — lakin son iki ayda ABŞ-la mümkün müharibə gözləntisi fonunda planların, görünür, yenidən nəzərdən keçirilməsi lazım gəlmişdi. Paralel olaraq sanksiyalar səbəbindən iqtisadi böhran fəlakətli həddə çatdı: bir neçə il ardıcıl 30–40 faiz inflyasiya, milli valyutanın kəskin ucuzlaşması, ardı-arası kəsilməyən küçə etirazları — əsasən lokal xarakterli olsa da, vaxtaşırı ümummilli miqyas alırdı.
Kritik məqam 2026-cı ilin əvvəlində yetişdi; növbəti etiraz dalğası yüz minlərlə insanı küçələrə çıxardı. Bu çıxışlar misli görünməmiş qəddarlıqla yatırıldı — bir neçə gün ərzində SEPAH, hüquq müdafiə təşkilatlarının qiymətləndirməsinə görə, üç mindən beş minədək insanı öldürdü. Bəzi müxalif mənbələr, eləcə də Donald Tramp daha yüksək rəqəmlər — 30 mindən çox — səsləndirirdilər, lakin “Human Rights Watch” bu məlumatları “real görünməyən” hesab edirdi. Həmin vaxt Tramp etirazçılara yardım vəd edir və açıq şəkildə Xameneini öldürə biləcəyinə eyham vururdu, lakin ABŞ qüvvələri əsas diqqəti Venesuelaya qarşı əməliyyata yönəltdi.
Fevralın sonuna doğru ABŞ Yaxın Şərqdə 2003-cü ildə İraqa müdaxilə zamanı toplanmış qüvvələrlə müqayisə edilə bilən hərbi qruplaşma cəmlədi. Hətta bu şəraitdə belə Xamenei danışıqlarda heç olmasa simvolik güzəştlərə razılaşmadı — və fevralın 28-də müharibə başladı. Onun ilk qurbanlarından biri ayətullah özü oldu...
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada