Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Mogikan gedir: “Real”ın prezidenti olmaq istəyirəm...”
Rafael Nadal rəqiblərinə təşəkkür etdi

İspaniyalı tennisçi Rafael Nadal noyabrda baş tutacaq Devis kubokunun finalından sonra peşəkar karyerasına nöqtə qoyacaq. Onun təxminən beş dəqiqəlik videomüraviəti sosial şəbəkələrdə yayılıb. 

Nadal, demək olar, sona qədər yüksək səviyyədə çıxış edib. 2022-ci ilin iyununda 14-cü dəfə “Roland Garros”u uddu və bundan dərhal sonra etiraf etdi ki, turniri ağrıkəsici ilə keçirib. Həkim birbaşa ayağındakı sinirə iynə vururdu, bunun sayəsində ayaq keyiyirdi və Nadal korta çıxırdı. Hələ 15 il əvvəl Nadalda sol pəncənin xroniki defekti aşkarlanmışdı və bu üzdən tez-tez zədələrə məruz qalır. İdmançının dizlərində də problem var: 2008-ci ildə vətərin xroniki iltihabı (tendinit) diaqnozu qoyulub.

Son iki ildə sağlamlığında yeni problemlər ortaya çıxdı. 2023-cü il “Australian Open”də budunu zədələdi və demək olar, bütün mövsümü buraxdı. Bu üzdən son 20 ildə ilk dəfə olaraq ATP reytinqində top-100-dən kənarda qaldı. 2024-cü ildə yeni travmalar yaşadı, buna görə də karyerasında ilk dəfə “Roland Garros”u birinci mərhələdə tərk etdi.

Ümumiyyətlə, Rafaelin karyerasına ciddi təsir edən 10-dan çox ağır zədəsi olub. O üzdən tennisdən getməyin vaxtı çatmışdı: özü də artıq 38 yaşı var, bu da peşəkar idman üçün çoxdur. 

Nadalın gedişi ilə tennisdə nəsil dəyişməsi davam edir. Bir qədər əvvəl Federer karyerasını bitirdi, indi yalnız Cokoviç qalacaq.

“Mən tennis dünyasına, bu idmana cəlb edilmiş bütün insanlara, çoxillik həmkarlarıma, xüsusən də əsas rəqiblərimə təşəkkür edirəm. Mən onlarla bütün ömrüm boyu xatırlayacağım çoxlu saatlar keçirdim və çox məqamlar yaşadım”, - Nadal isveçrəli Rocer Federerə və serb Novak Cokoviçə müraciət edib (vida müraciətində rəqiblər haqqında danışarkən onların təsviri göstərilir). 

Nadalın Federer və Cokoviçlə 20 ilə qədər davam edən qarşıdurması tennis tarixinin ən böyük rəqabətlərindəndir. 

Nadal və Federerin rəqabəti 2004-cü ildə başlayıb. Aralarındakı ən önəmli matçlardan biri Wimbledon-2008 finalıdır. Dörd saatdan çox çəkən beş setdən sonra Nadal Federerə qalib gəldi və onun ot üzərində dominantlığına son qoydu. Onların qarşıdurması 18 il davam etdi: torpaqda, ənənəvi olaraq, Nadal güclü idi, Federer isə otda və sintetikada. Keçirdikləri 40 görüşün 24-də ispan, 16-da isveçrəli qalib gəldi. Onlar beş il (2005-dən 2010-a qədər) ATP reytinqinin zirvəsində olan yeganə tennisçilərdir. 2022-ci ildə 41 yaşlı Federer karyerasını bitirdi. 

Nadal və Cokoviç arasındakı matçlar da tennis klassikasına çevrilib. Onlar 60 dəfə qarşılaşıblar (hesab 31-29 Cokoviçin xeyrinədir - Pressklub). Qarşıdurmanın ən yaddaqalan anı 2012-ci il “Australian Open” turnirinin finalıdır ki, az qala, 6 saat davam etdi və Cokoviçin qələbəsi ilə yekunlaşdı. Serb 2015-ci  ildə Nadalı hegemon olduğu turnirdə - “Roland Garros”da uddu, bunu 2021-ci ildə təkrarladı və bu turnirdə Rafaelə iki dəfə qalib gələn ilk oyunçu oldu.

Cokoviç 2023-cü ildə “Roland Garros”da qalib gəlməklə Böyük dəbilqə titullarına görə Nadalı ötdü. Novak Böyük dəbilqə turnirlərində 23-cü qələbəsini qazanaraq kişi tennisi tarixində birinci yerə çıxdı. Nadalın 22 qələbəsi var, Federer karyerasını 20 titulla yekunlaşdırdı. 

İndi yalnız Cokoviç qalıb: serbin sözlərinə görə, “karyerasını bitirməyi heç ağlından keçirmir”. Nadal vida videosunu paylaşandan sonra Cokoviç böyük post yazdı. O, “son həddə oynamağa məcbur etdiyinə” görə Nadala təşəkkür etdi və rəqabətin özünə güclü təsirini boynuna aldı. Cokoviç “parlaq karyerara ehtiramını nümayiş etdirmək üçün” Devis kubokuna gələcəyini bildirdi. 

Rocer Federer də, öz növbəsində, “inanılmaz uğurlar”a görə Nadala təşəkkür etdi. Onun sözlərinə görə, “bu günün heç zaman gəlməyəcəyinə”  və Nadalın karyerasını davam edəcəyinə ümid bəsləyirmiş.

Nadalın gedişini şərh edən gənc tennis ulduzları Karlos Alkaras və Yannik Sinner onun oyunu ilə böyüdüklərini söylədilər. Arina Sobolenko Rafaelin tennisə məhəbbətini və zəhmətsevərliyini qeyd etdi. İqa Şvöntek tennisdə Nadalın başqalarından daha çox ona ilham verdiyini dedi, Stefanos Tsitsipas isə Rafaellə eyni kortu bölüşməyin özü üçün böyük şərəf olduğunu bəyan etdi. 

Nadalın bəyanatını idman dünyasının bir çox başqa ulduzları da şərh etdi: Kriştianu Ronaldu, Karlo Ançelotti, Toni Kross, Luis de la Fuente, Devid Bekhem, Pau Qazol və başqaları. 

Nadal torpaq üzərində qələbələr üzrə rekordçudur, ümumən onun 90-dan çox titulu var

Rafael Nadal ATP turnirlərində ümumən 92 titul qazanıb, o cümlədən, Böyük dəbilqə turnirlərində 22 titul. Ən möhtəşəm rekordu “Roland Garros”da 14 tituldur. Bu, Böyük dəbilqə tunirlərində bir oyunçu üçün rekorddur.

Nadal topraq örtüyün hökmdarıdır. O, torpaqda dalbadal 81 qələbədən ibarət seriyanın müəllifidir. Başqa heç bir tennisçi istənilən örtükdə bənzər nəticəyə malik deyil. Nadal bütün Böyük dəbilqə turnirlərini və olimpiya qızılını qazanmaqla karyera “Qızıl dəbilqə”sini toplayan ilk tennisçidir (əslində ilk kişi tennisçi 1999-cu ildə Andre Aqassi olub, ilk tennisçi isə Şteffi Qrafdır, özü də Şteffi 1988-ci ildə dörd “Böyük dəbilqə” turnirində və Olimpiadada qalib gəlməklə təqvim ”Qızıl dəbilqə”sini qazanıb - Press klub). Cokoviç də 2024-cü il yay Olimpiadasının finalında ispan Karlos Alkarasa qalib gəlməklə “Qızıl dəbilqə” topladı. 

Nadalın tennis tarixinə mütləq düşəcək beş matçı

Federerə qarşı Wimbledon-2008 finalı

Tennis tarixində ən möhtəşəm matçlardan biri. Nadal, az qala, beş saat davam edən beş setlik matçda Federerə qalib gəldi (6-4, 6-4, 6-7, 6-7, 9-7). Bu oyun Federerin Uimbldonda beş illik qələbə seriyasına son qoydu və Nadala ot üzərində ilk qələbə qazandırdı. 

Cokoviçə qarşı 2020-ci il “Roland Garros” finalı 

Nadal “Roland Garros” kortlarında hegemonluq edirdi. 2020-ci il finalında rekord 13-cü epik qələbə (6-0, 6-2, 7-5) ona Böyük dəbilqə sayında Federerə çatmaq imkanı verdi.

Federerə qarşı Australian Open — 2009 finalı 

Beş set davam edən daha bir blokbaster. Nadal Federeri məğlub edərək (7-5, 3-6, 7-6, 3-6, 6-2) Avstraliyanın açıq çempionatında qalib gələn ilk ispan oldu. Bu oyun həm də Federerin məğlubiyyətə emosional reaksiyası və Nadalın “Sən tarix boyu ən yaxşısısan” cavabı ilə yadda qaldı. 

Cokoviçə qarşı USA Open — 2013 yarımfinalı

Nadal gərgin mübarizədə oyunun gedişini dəyişdi və dörd setdə qalib gəldi (6-2, 3-6, 6-4, 6-1). Rafael inanılmaz inadkarlıq, iradə nümayiş etdirərək finala çıxdı. Yekun qələbə ona travma və uğursuzluq seriyasından sonra zirvəyə qayıtmaq imkanı verdi.  

Daniil Medvedevə qarşı USA Open — 2022 finalı

Son illərdə Nadalın ən dramatik matçlarından biri. Medvedev ilk iki seti uddu, amma yekunda Nadal qalib gəldi (2-6, 6-7, 6-4, 6-4, 7-5).  Bu, Nadalın səciyyəvi  cəhətinin - iradə və xarakter əsasında kambek - ən parlaq nümunəsidir. 

Nadal karyerasını bitirməzdən öncə daha bir turnir keçirəcək

“Çox şadam ki, sonuncu turnirim Devis kubokunun finalı olacaq və mən ölkəmi təmsil edəcəm. Elə bilirəm, müəyyən mənada çevrə qapanacaq, çünki peşəkar tennisdə ilk uğurlarımdan biri Devis kubokunun 2004-cü il Sevilya finalı idi”, - Nadal bəyan edib.

Rafaelin karyerasında sonuncu turnir komanda yarışları olacaq. Yəni Nadal İspaniya millisinin heyətində çıxış edəcək. O, milli komandanın tərkibində bu turnirdə artıq beş dəfə qalib gəlib (2004, 2008, 2009, 2011, 2019).

Devis kubokunun 2024-cü il finalı 19-24 noyabrda Malaqada keçiriləcək. Nadalın tennisdən getməsi haqda bəyanatından sonra biletləri qiyməti kəskin qalxıb. “Mundo Deportivo” yazır ki, İspaniyanın oyunlarına bütün biletlər satılıb. Amma möhtəkirlər qiyməti 1,5 min dollardan 34 min dollara qədər olan biletlər təklif edirlər. 

Karyerasını bitirəcəyini söyləyəndən bir neçə gün sonra Rafael Nadal ən mühüm planlarından birini açıqladı: “Hə, mən Madrid “Real”ının prezidenti olmaq istərdim. Amma bizim indiki prezident mümkün olanlar arasında ən yaxşısıdır”

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://meduza.io/feature/2024/10/13/rafael-nadal-ob-yavil-o-zavershenii-kariery