Milyonlar səltənətində “ölüm tuneli”
XXI əsrdə Bakıda kanalizasiya problemi insan ölümünə səbəb olur...
26 Oktyabr 2024
İllərdir barəsində yazılan, amma heç cür həlli olunmayan problemlər çoxdur. Bu problemlərin bir hissəsinin həyatımıza təsiri o qədər də hiss olunmasa da, bəzi problemlərin həll edilməməsi çox ciddi fəsadlara, hətta insan ölümünə gətirib çıxarır. Belə problemlərdən biri də paytaxtın nöqsanlı infrastrukturu, başdansovdu çəkilən yollar, bərbad vəziyyətdə olan kanalizasiya sistemləri, kollektorlardır. Elə bunun nəticəsidir ki, bir neçə gün öncə yağan leysan xarakterli yağış nəticəsində paytaxt iflic vəziyyətə düşdü, tunelləri, yolları su basdı. İnsanların evlərinə, avtomobillərinə zərər dəydi. Ən faciəlisi isə odur ki, XXI əsrdə Bakının mərkəzində “normadan artıq” yağış yağması nəticəsində ölənlər oldu. Vəziyyətin necə acınacaqlı olduğu göz qabağındadır.
Vaxtilə SSRİ-nin rəhbəri Leonid Brejnevin dillər əzbəri olan ifadəsi vardı: “Şiroko şaqayet Azerbaydjan”. Yəni, “Azərbaycan iri addımlarla irəliləyir”. Xalq arasında isə buna sarkazmla yanaşaraq deyirdilər: “O qədər iri addımla gedirik ki, problemlər ayaqlarımız arasında qalır”.
Tərslikdən, iki həftə sonra paytaxtda COP29 Qlobal İqlim Konfransı keçiriləcək. Sürətləndirilmiş rejimdə tədbirə hazırlaşırıq, yollara xüsusi zolaqlar çəkirik, məhdudiyyətlər tətbiq edirik ki, gələn qonqlar rahat hərəkət etsinlər, bizim necə inkişaf etdiyimizə şahid olsunlar. Amma... O qədər sürətlənmişik ki, gözümüz önündə olan çatışmazlıqları görmədən şütüyürük.
Hələ nə yaxşı ki, “normadan artıq yağan” yağış tədbirin keçiriləcəyi günlərə təsadüf etməyib. Bu vəziyyət COP29 günlərində olsaydı necə olacaqdı?
Düzdür, hələ nəsə demək tezdir, Allahın işini də bilmək olmaz. “Normasız yağış” özünü pis apara, tədbir günlərində də üzümüzü qara edə bilər. Ümid onadır ki, həmin günlərdə təbiətin bizə yazığı gələ, bizi qonaqların yanında utandırmaya. Çünki illərlə problemi həll etməyən əlaqədar qurumların qısa müddət ərzində hansısa iş görəcəyinə ümid yoxdur.
Hə, pisi də odur ki, problem yeni deyil, illərin problemidir. Və bu illər ərzində heç cür həllini tapmır. Axı niyə? Dövlət başçısı hər il problemli məsələlərin həll edilməsinə kifayət qədər vəsait ayırır. Hara gedir bu pullar?
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mətbuata açıqlamasında kiçik etiraf edib. Amma necə: “Ola bilsin, tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda birmənalı qiymət vermək hələ tezdir. Kanalizasiya sistemi problemi gündəmimizdədir. Bu hadisədən sonra təhlil edib, tədbirlər görəcəyik”.
Belə çıxır ki, tədbir görülməsi üçün belə faciə yaşanmalıdır? Ortada insan ölümü var. Evlərə, avtomobillərə xeyli zərər dəyib. Amma icra başçısı deyir ki, hələ bir söz demək, qiymət vermək tezdir. Bəlkə artıq gecdir? Vaxtında məsuliyyətli yanaşma, monitorinq olsaydı, o insanlar sağ olrdılar...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) mətbuat katibi Ceyhun Musaoğlu məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, “Bakı şəhərinin baş planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək: “Hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğuna görə mövcud kanalizasiya sistemlərinin də dəfələrlə artıq yüklənməsinə səbəb olur. Lakin yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin”
Yəni, hələ 2040-cı ilə qədər gözləməli olacağıq...
Halbuki, 2016-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradılmışdı. Onun sədri də o vaxt Prezident Administrasiyasının sədri olan Ramiz Mehdiyev təyin edilmişdi. Ancaq üstündən səkkiz il keçsə də, kanalizasiya problemlərinin həll edilməməsi bir yana, seldə insanlar ölməyə başlayıb.
Sözügedən sərəncamın icrası ilə bağlı 2017-ci ilin mayında baş nazirin sabiq müavini Abid Şərifov bildirmişdi ki, ümumilikdə 14 layihənin həyata keçirilməsi planlaşdırılıb, 12 layihəyə 14 milyon 200 min manat vəsait ayrılıb. Amma sonradan layihələrin icrası ilə bağlı məlumat verilməyib.
2013-cü ildə "Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynov bildirmişdi ki, ümumilikdə 2003-2013-cü illərdə su təchizatı və kanalizasiya sektoruna müxtəlif mənbələr hesabına 2.8 milyard manatdan çox vəsait ayrılıb. Bunun 1.8 milyardı dövlət büdcəsinin, 779 milyon manatı Dövlət Neft Fondunun, 196 milyon manatı isə xarici maliyyə qurumlarının payına düşür.
Sonrakı illərdə də "Azərsu" ASC-yə subsidiyalar da ayrılıb. Prezidentin sərəncamlarına əsasən, 2017-ci il yanvarın 13-ü və martın 17-də "Azərsu" ASC-yə üst-üstə 163 milyon manatdan çox subsidiyalar ayrılıb. Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq həmin il infrastruktur layihələrinin tikintisi və texniki təmir məqsədləri üçün "Azərsu" ASC-yə 14.7 milyon məbləğində maddi yardım da verilib.
İndi də vaxtaşırı olaraq su və kanalizasiya infrastrukturun qurulması, təkmiləşdirilməsi üçün pullar ayrılır. Amma həmin pullar hara gedir, bilinmir.
“Bizi həmin vəziyyətə yağıntının yox, korrupsiyanın miqdarı gətirib çıxartdı”.
Bu sözləri Pressklub.az-a iqtisadçı ekspert, REAL partiyasının sədri Natiq Cəfərli deyib.
Ekspert hesab edir ki, yaranmış problemin səbəbləri çoxdur: “Lakonik desək, Bakıda infrastruktur layihələrinin keyfiyyəti, xərcləmələrin şəffaflığı, monitorinqi doğru aparılsaydı, belə olmazdı. Bundan başqa, Bakı artıq yaşanmaz hala gəlib. Əhalinin sayı 5 milyona yaxınlaşıb. Kanalizasiya sistemi, struktur 2 milyonluq əhali üçün nəzərdə tutulub. Hazırda əhalinin sayı nəzərdə tutulandan 2 dəfə çoxdur. Şəhər infrastrukturu buna dözmür. Bakının yaşanıla biləcək hala gətirilməsi üçün şəhərin boşaldılmasına ehtiyac var. Bakıdan regionlara, işğaldan azan olunmuş bölgələrə köçün təşkili lazımdır”.
Müsahibimiz hesab edir ki, Bakının vahid mərkəzdən idarə olunmaması daha qlobal problemdir: “Biz illərdir bu haqda danışırıq. Bakı üçün böyük şəhər bələdiyyəsi yaradılmalıdır. Mer seçkiləri, seçilmiş şəhər hökuməti lazımdır. O zaman daha məsuliyyətli işləməyə və davranmağa məcbur olacaqlar. İndi məsuliyyət məsələsi çox problemlidir. Qurumlar problemi bir-birinin üzərinə atmaqla, özlərini təmizə çıxarmaqla məşğuldur. Amma böyük şəhər bələdiyyəsi yaranıb vahid təsərrüfat şəklində idarə olunsa, məsuliyyət də, səlahiyyət də bir qurumun əlində olacaq. Bu da vətəndaşlar qarşısında onların daha məsuliyyətli olmasına səbəb olacaq”.
Həmsöhbətimiz deyib ki, ciddi araşdırmalar aparılmalı, məsələyə görə cinayət işi açılmalıdır. Amma bunun olub-olmayacağı şübhəlidir. Bundan əlavə, zərərçəkənlərə müavinətlərin verilməsi müvafiq İcra Hakimiyyəti orqanının səlahiyyətindədir. Verməsələr, zərərçəkənlərin məhkəməyə müraciət edib kompensasiya tələb etmək haqları var.
Hadisə ilə bağlı cinayət işi açılmalıdırmı? Zərərçəkənlərə, eləcə də ölən şəxslərin ailələrinə kompensasiya verilməlidirmi? Qanuna görə məsələ necə tənzimlənməlidir?
Məsələ ilə bağlı Pressklub.az-a danışan hüquqşünas Mehman Muradlı deyib ki, cinayət işi açılmalıdır: “Burada kiminsə, hansısa orqanın təqsirkar olduğu müəyyən olunsa, ailə başçısının itirilməsi və s. məsələləri ilə bağlı həmin dəymiş zərəri təqsirkardan tələb etmək hüququ yaranır”.
Müsahibimizin sözlərinə görə, yağıntıdan zərər çəkən evlərin, mülklərin qiymətləndirilməsi prosesi olmalıdır. O qiymətləndirmədən sonra dəymiş zərərin qarşılığı dövlət tərəfindən ödənilməlidir: “Yağışın təbii fəlakət kimi qiymətləndiriməsi məsələsi Nazirlər Kabinetinin səlahiyyətində olacaq. Onlar müvafiq qərara gəlməlidir ki, bu təbii fəlakətdir, ya yox. Təbii fəlakət kimi qiymətləndirsə, o halda mənzillərə dəymiş zərərin ödənilməsi Maliyyə Nazirliyinin öhdəliyinə qoyulacaq”.
Problem bu günə kimi o qədər işıqlandırılıb ki, artıq kəlmələr yetərsiz qalır. Bu qədər məsuliyyətsiz yanaşmanın nəticəsində mütləq kimlərsə can verməli, əziyyət çəkməli idi. İndi görək bu ağlasığmaz faciədən sonra problemi həll edəcəklər, yoxsa yenə “zibili xalının altına” süpürəcəklər?
Günay Elşən