Logo
news content
User
Kateqoriyalar

Araşdırma

“Lotu Quli”nin mafiyasına İrandan gələn qətl sifarişi
Azərbaycanlıların Amerikada öldürmək istədikləri jurnalist kimdir?

Manhetten federal məhkəməsi kriminal avtoritetlər Rafət Əmirov və Polad Ömərova 25 il həbs cəzası kəsib: onlar 2009-cu ildə ABŞ-a qaçmış, Bruklinin Fletbuş rayonunda yaşayan iranlı-amerikalı jurnalist və insan haqları müdafiəçisi Məsumə “Məsih”  Əlinejadın qətlinə cəhdi təşkil etməkdə təqsirli biliniblər. 

Nyu-Yorkun Cənub Dairəsinin federal prokurorluğu 46 yaşlı Əmirovu və 41 yaşlı Ömərovu “rus mafiyası”nın “qanuni oğru” kimi tanınan Nadir Səlifovun (Lotu Quli) rəhbərlik etdiyi qrupunun aparıcı üzvləri kimi xarakterizə edib. Səlifov 2020-ci ildə Antalyada öz mühafizəçisi tərəfindən güllələnmişdi.

İttiham aktına görə, 2022-ci ilin iyul ayının sonuna planlaşdırılan, lakin icraçının — Xalid Mehdiyevin səhlənkarlığı səbəbindən baş tutmayan sui-qəsd İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən sifariş edilib. Jurnalistin öldürülməsi üçün yarım milyon dollar məbləğ ayrılmışdı.

Prokurorların sözlərinə görə, Gürcüstan vətəndaşı olan Ömərov, Rusiya ilə Azərbaycan vətəndaşı olan Əmirov bu sifarişi qismən maddi qazanc üçün, qismən də Lotu Qulinin ölümündən sonra onun yerinə varislik uğrunda gedən daxili çəkişmədə üstünlük qazanmaq ümidi ilə qəbul ediblər.

Rafət Əmirov

Əmirov “qanuni oğru” kimi şəxsən Quli tərəfindən “taclandırılıb”. Ömərov isə — Qulinin kuzeni — iddia edir ki, Quli onu da “taclandırıb”, lakin bu versiya qrupun digər üzvləri tərəfindən təkzib olunur və Manhetten prokurorluğu onu “qanuni oğru” kimi tanımır.

2023-cü ildə Çexiyada həbs olunan və bir il sonra ABŞ-a ekstradisiya edilən Əmirov istintaqla əməkdaşlıqdan imtina edib. Ömərov isə, məlumatlara görə, Özbəkistandan təhvil verilib, o da ittihamlarla bağlı danışmaqdan imtina edib, lakin prokurorların dediyinə görə, ABŞ-dan kənardakı quldur karyerasından fəxrlə danışıb.

Fərsiz icraçı Mehdiyev — hazırda 27 yaşındadır — həbsdən sonra əvvəlcə təxəyyülünə güc verib, lakin tezliklə fikrini dəyişərək istintaqla əməkdaşlığa razılaşıb və mart ayında Əmirov və Ömərov üzərində hakim Kolin MakMenin (onu demokrat prezident Bill Klinton təyin etmişdi) sədrliyi ilə keçirilən məhkəmədə üç gün ifadə verib.

ABŞ-da demokratlar tərəfindən təyin olunan federal hakimlər adətən təqsirləndirilənlərə daha yumşaq münasibət göstərir. MakMen də bu reputasiyanı təsdiqlədi: prokurorluq hər iki təqsirləndirilən üçün 55 il həbs cəzası tələb etsə də, o, bu müddəti yarıdan çox azaltdı, baxmayaraq ki, cinayəti “dəhşətli, çox dəhşətli” adlandırdı.

Ortaqlar həbsxanada özlərini az-çox nümunəvi aparsalar, 20 il civarında həbsdə qalacaqlar. ABŞ federal sistemində 1985-ci ildən bəri şərti azadlığa buraxılma yoxdur, amma minimal nümunəvi davranışa görə cəza adətən 15% azaldılır.

SEPAH-ın Əmirova müraciət etməsi təsadüfi deyildi — o, son illər İranda yaşayırdı. Əmirov Ömərovla əlaqə saxladı, o isə jurnalistin qətlini Manhettenin şimalındakı Yonkers şəhərində yaşayan, pisseriyada menecer işləyən, lakin eyni zamanda sahibini şantaj edən və həmin obyektə üç dəfə od vuran Xalid Mehdiyevə tapşırdı.

Mehdiyev Azərbaycanda doğulub və yeniyetmə ikən “lotu”lara qoşulub. 2018-ci ildə o, öz dediyinə görə, rəqib qrupun banditlərindən qaçdığını deyərək, ABŞ-a sığınıb. Bu arada Quli ona Amerikada öz dəstəsi üçün plasdarm yaratmaq tapşırığı vermişdi. Yeni Dünyada Mehdiyev əsasən hədə-qorxu ilə pul tələb etməklə məşğul olub.

Ömərovun dövlət tərəfindən təyin edilmiş üç vəkilindən biri Yelena Fest, mətbuat məlumatına görə, rus əsillidir, amma ingiliscəni ləhcəsiz danışır. O, Mehdiyevə qarşı sərt çarpaz sorğu aparıb. Bu dindirmə zamanı Mehdiyev etiraf edib ki, ABŞ-dan uzaqda, məsələn, Ukraynada oğurluq əməliyyatı təşkil edib.

“Yəni siz həm beynəlxalq oğurluğu koordinasiya edir, həm də pisseriyada işləyirdiniz?” — deyə Fest soruşub. “Düzdür”, — Mehdiyev cüzi ləhcə ilə cavab verib. O, müdafiəçinin “bu iki işi birləşdirmək məsuliyyət tələb edir” fikri ilə razılaşıb və izah edib ki, məqsədi aid olduğu qrup rəhbərlərinə təsir bağışlayıb gələcəkdə “oğru” olmaq idi. 

İran hakimiyyətinin Əlinejadı zərərsizləşdirməyə yönələn cəhdləri bu hadisələrdən bir neçə il əvvəl başlayıb. Məsələn, 2018-ci ildə İran hökuməti dissidentin İranda qalan ailə üzvlərini onu Türkiyəyə “görüşə” dəvət etməyə inandırmaq istəmişdi — görünür, orada onu yaxalayıb İslam Respublikasına aparmaq planı vardı. Lakin yaxınları bu təklifi rədd etdilər.

2019-cu ilin sentyabrında Əlinejadın qardaşı bacısının siyasi fəaliyyətini dəstəkləməkdə ittiham edilərək həbs olundu. Eyni vaxtda İran hakimiyyəti onun telefonunu və sosial şəbəkə hesablarını sındırmağa cəhd göstərirdi. Qardaşı səkkiz il azadlıqdan məhrum edildi, lakin sonradan girov qarşılığında azadlığa buraxıldı.

2020 və 2021-ci illərdə İran kəşfiyyatı Əlinejadı ABŞ ərazisində oğurlayıb gizlicə İrana gətirmək və orada cəzalandırmaq planı qurmuşdu.

2021-ci ilin iyulunda eyni Manhetten məhkəməsində həmin planlarla bağlı İran kəşfiyyatının bir zabitinə və onun üç agentinə qarşı qaldırılmış işin materialları üzərindən məxfilik götürüldü.

Əmirov və Ömərova hökm oxunmasına 12 gün qalmış həmin məhkəmədə amerikalı Karlos Rivera özünü təqsirli bildi. O, həmvətəni Conatan Loudholt və SEPAH agenti Fərhad Şakəri ilə birlikdə Əlinejadı və iki yəhudi iş adamını Nyu-Yorkda qətlə yetirmək məqsədilə cinayətkar sövdələşmədə iştirakda ittiham olunurdu.

İran həmin iş adamlarının hər birinin qətlinə görə 500 min dollar vəd etmişdi. Görünür, bu, İslam Respublikasında qətl üçün müəyyənləşdirilmiş standart tarifdir.

2022-ci il iyulun 13-də, Əlinejad növbəti dəfə iranlıları rejimə qarşı etiraza səsləyəndən bir gün sonra Məhəmməd Səyid Foruzan — Əmirov onun vasitəsilə SEPAH-ın briqada generalı Ruhullah Bəsqəndi ilə əlaqə saxlayırdı — dissident barəsində internetdə dəfələrlə məlumat axtardı. Bir qədər sonra Əmirov Ömərovla əlaqə saxladı və Foruzandan aldığı Əlinejadın özünün, Bruklindəki evinin fotolarını və ünvanını ona göndərdi.

Polad Ömərov

Ömərov öz növbəsində Mehdiyevlə əlaqə saxlayaraq, ona Məsih Əlinejadın evinin yeni videolarını gətirməyi tapşırdı. O, icraçıya yalan söylədi: guya jurnalistin qətlini İran yox, İran hökumətinə “xoş görünmək” istəyən Azərbaycan sifariş edib. Eyni zamanda Mehdiyevə daha bir yalan danışdı — sanki sifarişçilər Əlinejadın öldürülməsi üçün ona 160 min dollar ödəyəcəklər. Halbuki iranlılar yarım milyon dollar vəd etmişdilər. Ömərov bu işdə köhnə tanışları Əmirovun iştirak etdiyini də gizlətdi. Mehdiyev bunları yalnız sonra — Əmirovla Bruklindəki federal MDC təcridxanasında rastlaşanda öyrəndi.

Nəhayət, Ömərov Bruklindəki bir “pul yuyucu” vasitəsilə Mehdiyevin hesabına 30 min dollar köçürdü, amma dərhal ona 10 minini Bolqarıstanda yaşayan sevgilisinə göndərməyi əmr etdi. Beləcə Mehdiyevin payına cəmi 20 min dollar düşdü. O, bu pulların təxminən 2 minini 2022-ci il iyulun 19-da AK-47-in yarımavtomat tipli variantının alınmasına xərclədi. Silahın seriya nömrəsi qəsdən silinmişdi, bu da ABŞ qanunlarına görə ağırlaşdırıcı hal sayılır.

İranlılar caniləri tələsdirirdilər və Mehdiyev 2022-ci il iyulun 21-dən etibarən hər gün Əlinejadın evinin qarşısında “növbə çəkməyə” başladı. Bir dəfə o, jurnalisti eyvanda gördü, lakin silahını götürmək üçün “Subaru Forester” markalı maşınına qaçanda, qadın artıq evə qayıtmışdı. Mehdiyev məhkəmədə etiraf etdi ki, uzaqdan iki xarici qətl hadisəsini koordinasiya edib, lakin şəxsən heç kimi öldürməyib və bəzən özünü komik aparırmış. 

O, “Instagram”da Əlinejadın nömrəsini tapıb ona sınıq-qırıq ingiliscə yazılmış mesajlar göndərmişdi — guya onun jurnalist istedadına heyrandır. Öz sözlərinə görə, bu yazışma cəhdlərinin məqsədi “onun həyatına daxil olmaq” və beləliklə, qətl planını asanlaşdırmaq idi.

Əlinejad iranlıların ondan yanıqlı olduqlarını bilsə də, Mehdiyevin davranışlarından əvvəlcə çox narahat olmadı. Onun qismən xilasına səbəb o oldu ki, Mehdiyevin “növbə” çəkdiyi günlərin çoxunda dostlarının evində qalırdı. Onun yoxluğunda iri cüssəli Mehdiyev bir dəfə evin eyvanına qalxıb qapının dəstəyini çevirməyə çalışdı. Məqsədi — əlini dəstəyin üzərində çəkib videoya almaq və bunu Ömərova “hesabat” kimi göndərmək idi. Ev sahibəsinin təhlükəsizlik kamerası bu səhnəni çəkmişdi. O, videonu internetə yerləşdirdi, amma elə düşündü ki, qapısına gələn azmış yolçudur.  

Əlinejadı pusarkən Mehdiyev tez-tez avtomobilindən çıxır, maskası olsa da, çox vaxt taxmır və ən gülməlisi, dəfələrlə özü üçün yemək sifariş edirdi. Vəkil Yelena Fest onu “kloun” adlandırmaqda haqlı idi. 29 iyulda Əlinejad, nəhayət, əndişələndi, FBI-yə zəng vurub, Konnektikutda yaşayan tanışının yanına getdi. 

Ehtiyat üçün polis onun evinin qarşısına iki patrul maşını göndərdi. Təxminən saat 15 radələrində Mehdiyev oradan uzaqlaşdı, lakin dərhal sonra “Stop” nişanının qarşısında dayanmadı və polis tərəfindən saxlanıldı. Avtomobildə İllinoys ştatının nömrə nişanları vardı, sürücünün vəsiqəsinin isə vaxtı bitmişdi. Buna görə də polis, Nyu-York ştatının qanunlarına əsasən, onu həbs etdi və arxa oturacaqdakı çamadanı yoxladı. Orada iki dolu silah sandığı, əlavə 66 güllə, 66 ədəd patron, maska, adapter və 11 ədəd yüz dollarlıq əsginas tapıldı. Təxminən 70 dollar da onun cibindən çıxdı. 

ABŞ-da “rus” kimi tanınan əksər saxlanılanlar kimi, Mehdiyev də ilkin ifadəsində yalan danışmağa başladı. Guya Yonkersdə kirayə ev baha imiş və Bruklində ucuz ev axtarırmış. Pulları hoteldə gecələmək üçün götürüb, maşını tanışlarından alıb, çamadanın yalnız yuxarı cibini açıb, oraya pulqabı və adapter qoyub, əsas bölməyə isə (silah olan hissəyə) baxmayıb.

Lakin onu dindirən müstəntiq otaqdan çıxan kimi Mehdiyev birdən onu geri çağırmağı xahiş etdi. O bildirdi ki, AK-47 ona məxsusdur, Bruklində birisini axtarırmış, sonra isə vəkil tələb edərək ifadə verməkdən imtina etdi. 

Sonradan Mehdiyev uzunmüddətli həbs cəzasını haqq edəcək ifadələr verdi, lakin yolüstü həm də cinayət ortaqları barədə ifadə verdi, məhkəmədə də bunları təkrar etdi və bunun sayəsində cəzasının yüngülləşdirilməsi şansı qazandı. Güzəştin miqyası hələ məlum deyil.

 

Məsih Əlinejad dövlət katibi Mayk Pompeo ilə

Məsih Əlinejad dövlət katibi Mayk Pompeo ilə

Keçən həftə hakim Kolin Makmenin zalı — Manhettenin Perl küçəsindəki 24 mərtəbəli məhkəmə göydələninin ən yuxarı mərtəbəsində — tam dolu idi. Hakim hökmü elan etməzdən əvvəl müttəhimlərə son söz demək imkanı verdi. Ömərov azərbaycanlı məhkəmə tərcüməçisi vasitəsilə imtina etdi. Əmirov isə razılaşdı və qısa çıxış etdi, əsas vurğunu həmişə ədalətli olmasına qoydu. O, bu ifadəni bir neçə dəfə təkrarladı — lakin onun cinayət işinə birbaşa aidiyyəti yox idi və zalda oturanların çoxu bu sözlərin mənasını anlamadı. Mən isə bu ifadəni vaxtilə məşhur “qanuni oğru” Vyaçeslav İvankovdan (Yaponçikdən) eşitmişdim və başa düşdüm ki, söhbət “qanuni oğruların” arbitraj məclislərində — yəni cinayətkarlar arasındakı mübahisələri “ədalətlə” həll etdikləri toplantılardan gedir.

Sonda hakim tərcüməçilərə təşəkkür etdi — onlar artıq bir aydır ki, pulsuz işləyirlər, çünki ABŞ Konqresi hökumətə vəsait ayırmaq barədə hələ də razılığa gələ bilməyib.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada