Krallığın yeni lideri: “Uduzmağa nifrət edirəm” – Ser Starmer kimdir?
Fəhlə oğlu, “Arsenal” azarkeşi, “Mister Qaydalar”...
09 İyul 2024
Böyük Britaniyada keçirilən seçkilərdə Leyboristlər partiyası inamlı qələbə qazanıb. Partiya 650 yerlik icmalar palatasında 411 mandata malik olacaq ki, bu da əzici çoxluq deməkdir. 14 illik müxalifətçilikdən sonra partiyanı bu zəfərə daşıyan Kir Starmer kimdir? BBC Birləşmiş Krallığın yeni baş naziri haqqında məqalə hazırlayıb.
Dörd il əvvəl ser Kir leyboristlərin lideri postunda solçu siyasətçi Ceremi Korbini əvəz etdi. Həmin məqamdan etibarən onun əsas vəzifəsi partiyanı mərkəzçi mövqelərə qaytarmaq və onu daha səs toplayan etmək idi.
Siyasətə gələnə qədərki karyerası
Kir Starmer həmkarlarının çoxundan xeyli gec icmalar palatasının deputatı olub: onun 50-dən çox yaşı və parlaq hüquqşünas karyerası vardı.
Amma siyasətlə həmişə maraqlanıb və gəncliyində radikal solun tərəfdarı olub.
Starmer 1962-ci ildə Londonda doğulub, sonra isə ailə Sarri qraflığına köçüb. Ser Kir fəhlə köklərinin olmasını tez-tez deyir.
O, fəhlə ailəsindəki dörd uşaqdan biri idi: atası zavodda alətçi çilingər, anası da tibb bacısı idi.
Ailənin bütün üzvləri Leyboristlər partiyasının qatı tərəfdarı idilər. Zatən yeni baş naziri də partiyanın banisi və ilk lideri, şotland şaxtaçı Kir Hardinin şərəfinə Kir adlandırıblar.
Ailənin həyatı rahat olmayıb. Kir Starmer atasının soyuq və qapalı adam olduğunu deyir. Anası isə həyatının çox hissəsini “Still xəstəliyi” deyilən autoimmun xəstəlikdən əziyyət çəkib. Axırda əlil arabasına möhtac qalıb və hətta danışa bilməyib. Bundan əlavə, bir ayağı amputasiya olub.
Starmer Leyboristlər partiyasının yerli gənclər şöbəsinə 16 yaşında qoşulub. Radikal sol jurnal olan “Sosialist alternativlər” jurnalını bir müddət redaktə edib.
O, ailəsində universitetə daxil olan ilk adam idi. Lids və Oksfordda hüquq oxuyub, sonra da insan hüquqları üzrə ixtisaslaşmış vəkil işləyib.
Bu zaman Karib hövzəsi ölkələrində və Afrikada edam cəzasının ləğvi uğrunda çalışıb.
1990-cı illərin məşhur prosesində Kir “McDonalds” restoranlar şəbəkəsinin böhtana görə məhkəməyə verdiyi iki ekofəalın maraqlarını təmsil edirdi.
Starmer 2008-ci ildə Kral prokurorluq xidmətinin direktoru təyin edilib, başqa sözlə, İngiltərə və Uelsdə ən böyük prokuror olub. O, bu vəzifəni 2013-cü ilə kimi tutub və 2014-cü ildə cəngavər rütbəsinə layiq görülərək, ser ünvanını qazanıb.
Kir necə leyboristlərin lideri oldu
Kir Starmer icmalar palatasına 2015-ci ildə Londondakı Holborn və Sent-Penkras seçki dairəsindən seçilib.
O zaman Leyboristlər partiyası aşırı sol siyasətçi Ceremi Korbinin rəhbərliyi altında müxalifətdə idi. O, özünün kölgə kabinetində Starmeri daxili işlər naziri təyin etdi. Kirin vəzifəsi, məsələn, immiqrasiya kimi məsələlərdə hökumətin fəaliyyətini diqqətlə izləmək idi.
Britaniyalılar AB-dən çıxmağa səs verdikdə, ser Kir breksit üzrə kölgə katibi təyin edildi.
Leyboristlər partiyasının lideri olmaq şansı 2019-cu il seçkilərindən sonra yarandı. Seçkilər partiya üçün sadəcə fəlakətli oldu. Leyboristlər 1935-ci ildən sonra ən ağır məğlubiyyətə uğradılar. Bu iflasdan sonra Ceremi Korbinin istefadan başqa yolu qalmadı.
Ser Kir sol mövqelərdən çıxış edərək partiya üzvlərinə elektrik enerjisi və su tədarük edən şirkətləri milliləşdirməyi vəd etdi, eləcə də universitet tələbələrinin pulsuz təhsilinə tərəfdar çıxdı və partiya lideri oldu.
Ceremi Korbinin liderliyi zamanı partiya radikal sol ideyaların tərəfdarları və xeyli mülayim mövqe tutanlar arasında parçalanmışdı.
Kir Starmer partiyanı birləşdirmək istədiyini, amma bu zaman Korbinin “radikalizm”ini saxlamaq niyyətində olduğunu bildirdi. Üstəlik, “mərkəzə sarı həddən artıq dönmək”dən çəkinməyə çağırdı.
Amma lider olandan sonra Starmer antisemitizmlə bağlı qalmaqal səbəbindən Ceremi Korbini leyboristlərin parlament fraksiyasından uzaqlaşdırdı.
Leyboristlərin sol qanadının bir çox təmsilçiləri Kir Starmerin partiya daxilində uzunmüddətli siyasət yürütdüyünü deyirlər. Bu siyasət yalnız mülayim baxışlara malik olanların parlamentə namizəd olmasına təminat yaratmalıdır.
Ser Kirin siyasi baxışları
Liderlik uğrunda mübarizə zamanı dediklərinə baxmayaraq, Kir Starmer partiyasını daha səs toplayan etmək üçün onu mərkəzə tərəf dartıb.
O, dövlət büdcəsinin ağır vəziyyətinə istinad edərək bir çox bahalı ideyalardan imtina edib, bir neçə radikal sxemi saxlayıb.
Milliləşdirmə
Starmer elektrik və su şirkətlərini milliləşdirmək haqda əvvəlki təklifindən imtina edib.
Amma dəmiryolunda, demək olar, bütün sərnişindaşımaları beş il ərzində dövlət mülkiyyətinə qaytarmağı və “Great British Railways” adlı yeni şirkətin nəzarətinə verməyi vəd edir.
Təhsil
Kir Starmer universitet tələbələri üçün təhsil haqqının ləğvi barədə vədindən imtina edərək bildirib ki, dövlət indi bunu özünə rəva görə bilməz.
Amma deyir ki, ölkənin özəl məktəblərində təhsilə görə əlavə dəyər vergisi tutulacaq.
Ətraf aləmin mühafizəsi
Leyboristlər partiyası ekoloji təmiz elektrik enerjisi layihələrinə maliyyə öhdəliklərini məhdudlaşdırmalı olub. 2021-ci ildə bu layihələrə 28 milyard funt sterlinq (35 milyard dollar) xərcləməyi vəd edirdi.
Amma dənizdə külək elektrostansiyaları tikmək və elektromobillər üçün akkumulyator istehsal edən zavodları genişləndirmək haqda öhdəliklərini hələ də yerinə yetirmək niyyətindədir.
Mühafizəkarlar partiyası buna cavab olaraq bildirib ki, Kir Starmer əsas siyasi vədindən yayınmağa çalışır.
Ser Kir bu yaxınlarda yeni “GB Energy” kampaniyası vasitəsilə yaşıl enerjiyə 8 milyard funt sterlinq (10 milyard dollardan çox) investisiya ayırmağı vəd edib.
O. həm də yerdən çıxarılan yanacaqdan elektrik enerjisi almağı 2030-cı ilə qədər tam dayandırmağı vəd edir. Amma bir çox ekspertlər bunun mümkün olmadığını deyirlər.
İsrail və Qəzza
HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailə hücumundan sonra Kir Starmer İsrailin özünümüdafiə hüququnu və Qəzzada hərbi əməliyyatını dəstəklədi.
Bu, bir çox fələstinyönümlü seçiciləri qıcıqlandırdı və ser Kir dərhal atəşkəs tələb edən onlarla leyborist deputatın əməlli-başlı qiyamı ilə üzləşdi.
O, bu ilin fevralında “elə indi baş verməli olan uzunmüddətli atəşkəs”ə çağırış etdi.
“YouGov” şirkətinin martda keçirdiyi ictimai rəy sorğusunun nəticələri əhalinin 52 faizinin onun bu məsələdə mövqeyini bəyənmədiyini göstərdi.
Starmer Britaniya təyyarələrinin Yəməndəki husi bazalarını bombalamasını da dəstəklədi.
Avropa
2019-cu ildə Kir Starmer Britaniyanın AB-dən çıxması ilə bağlı ikinci referendumun keçirilməsində israr edirdi.
İndi deyir ki, həmin mövzuya qayıtmaqdan söhbət gedə bilməz. Bununla belə, ərzaq məhsulları standartı, ətraf mühitin qorunması və əmək qanunvericiliyi kimi məsələlərdə AB ilə əməkdaşlıq haqqında yeni razılaşmaları müzakirə edəcəyinə söz verib.
“Uduzmağa nifrət edirəm”
Opponentləri Kir Starmeri darıxdırıcı adlandıraraq tez-tez lağa qoyurlar.
O, ən müxtəlif qaydalara riayət etmək tərəfdarı olduğunu qabartmağı sevir. Həmkarlarından biri onu hətta “Mister Qaydalar” adlandırmışdı.
Qanunu yalnız bir dəfə pozub. Gənclik illərində ticarət icazəsi olmadığı halda dondurma satarkən polis yaxalayıb. Dondurma müsadirə edildi, amma insident onun üçün xoşagəlməz fəsadlar doğurmadı.
O, müsahibələrdə öz xarakterinin xüsusiyyətləri haqda danışmağı sevmir, amma bir dəfə rəqabətə meylli olduğunu etiraf etdi.
“Guardian” qəzetinə müsahibəsində deyib: “Uduzmağa nifrət edirəm. Bəzi adamlar deyir ki, əsas iştirakdır, amma mən o düşərgəyə aid deyiləm”.
Kir Starmer 2007-ci ildə Milli səhiyyə sistemində çalışan Viktoriya Aleksandr ilə evlənib. Onların iki övladı var.
Ser Kir asudə vaxtında mini-futbol oynamağı sevir və “Arsenal” futbol klubuna azarkeşlik edir.
Hazırladı: Yadigar Sadıqlı