Kişi kimi baş nazir: uduzmayan, imtina edən “Dəmir ledi”
Onun qadınlarla əl sıxması sanki qol güləşinə bənzəyirdi
24 Noyabr 2025
Oktyabrda Marqaret Tetçerin, XX əsrin ən görkəmli siyasi xadimlərindən birinin, Böyük Britaniyanın ilk qadın baş nazirinin doğumundan 100 il keçdi. Onun şəxsi bioqrafı Çarlz Mur xatırlayır ki, XX əsrin tarixinə kişi kimi daxil olmaq üçün baronessa hansı rolları oynamağa məcbur olmuşdu.
Dəmir Ledi irsi
1990-cı ildə istefasından qısa müddət sonra Tetçer xatirələrini yazmağa girişdi. Onunla bir ziyafətdə görüşdüm və kitabın adının nə olacağı ilə maraqlandım. Məşhur mavi gözlər parıldadı: “Məğlubedilməz”.
Onun məğlubedilməzliyi faktdır. Tetçer seçkiləri üç dəfə udub. Və heç birini uduzmayıb. Hətta 1990-cı ildə öz həmfikirləri olan mühafizəkarlar partiyadaxili səsvermə ilə ona meydan oxuduqda belə, çoxluq onun tərəfində idi — amma ikinci turdan qaçmaq üçün bu yetərli olmadı. Kabinet yoldaşları onu inandırdılar ki, mübarizəni davam etdirmək alçaldıcı olar — və o, istefa verdi. Öz istəyilə.
Xatirələrinə isə Tetçer nədənsə daha darıxdırıcı bir ad verdi: “Dauninq-stritdə keçən illər”.
“Məğlubedilməz” isə onun böyük mifinin ən yaxşı rezümesi olardı. O, axınla üzmürdü — mübarizə aparırdı, qalib gəlirdi. Onun qələbələri yalnız tərəfdarlarına yox, rəqiblərinə də təsir edirdi. Leyboristləri də eynilə mühafizəkarları dəyişdirdiyi kimi dəyişdirdi. Məhz Tetçer Toni Bleyerin ortaya çıxmasını mümkün etdi. Sonralar Dauninq-strit, 10-a geri qayıdan konservatorlar — Devid Kemeron, Tereza Mey və nəhayət, Boris Conson — yenidən, elə Tetçer kimi, miras qalmış büdcə kəsiri ilə döyüşməyə məcbur oldular.
Marqaret Tetçer həm də bir sərkərdə idi. 1982-ci ilin aprelində Argentina Folklend adalarına — Britaniya koloniyasına — hücum edəndə o, iyirmi minlik ordunu dünyanın o başına göndərdi və artıq iyunda status-kvo bərpa olundu. Əsgərləri yola salarkən kraliça Viktoriyanın sözlərindən parafraz etmişdi: “Uğursuzluq” adlı söz yoxdur”. O, hakimiyyəti dövrünün böyük hissəsində Ağ Evdə olan Ronald Reyqanla birlikdə SSRİ-yə qarşı uğurlu bir alyans qurdu; Qərb analitiklərinin fikrincə, bu, “soyuq müharibə”nin sonunu gətirdi. 1990-cı ilin sentyabrında Səddam Hüseyn Küveytə hücum etdikdə, o, dərhal Reyqanın varisi Corc Buşla görüşüb, dedi: “Bax belə, Corc, indi burcutmaq vaxtı deyil”.
Amma ingilislər üçün onun ölkə daxilində qazandığı qələbələr daha önəmli idi. O, inflyasiyanı bir bəla hesab edirdi və həqiqətən, 1975-ci ildə 27 faiz olan inflyasiya 1986-cı ildə iki yarıma düşdü. O inanırdı ki, həmkarlar ittifaqlarının siyasi təsiri sahibkarlığı boğur və onların immunitetini ləğv etdi: indi onlar öz fəaliyyətlərinin maliyyə nəticələrinə görə cavabdeh idilər. Nə ilə nəticələndiyini hamı xatırlayır — şaxtaçıların bir il davam edən tətili ilə. Tetçer bəyan edirdi ki, biznes üçün vergilər çox yüksəkdir və onları 40 faizə endirdi. Dövlətin biznesə qarışmamalı olduğunu bildirdi və “özəlləşdirmə” sözünü dünyaya buraxdı — formaca çirkin saydığı, amma məzmununu heyran olduğu anlayışı. Hava yolları, hava limanları, telefon və neft şirkətləri satıldı. “Bu mümkün deyil”, — deyirdi tənqidçiləri. “Mümkündür”, — deyirdi və növbəti qərarı imzalayırdı.
Marqaret Tetçerin mənşəyi

Bu cür inamlar ona haradan gəlmişdi? Bunu anlamaq üçün Marqaret Hilda Roberts'in 13 oktyabr 1925-ci ildə doğulduğu Qrantemə qayıdaq. Qrantem Linkolnşirdə kiçik bir ticarət şəhərciyi idi və indi də elədir. Nə kasıb, nə varlı. Nə ucqar, nə də paytaxt. Sadə bir şəhər, və orada yaşayan sadə bir ailə. Atası onun həyatında yeganə xarici təsir mənbəyi olaraq qaldı. Baqqal Alfred Roberts iki mağazanı uğurla idarə edirdi. Metodist keşişi və yerli özünüidarəetmə iştirakçısı. Oğulları yox idi və bütün istifadə olunmamış sevgisini iki qızından kiçiyinə — Marqareta — verirdi. Eyni zamanda ona öz ambisiyalarını da aşılamışdı — daha yüksək sosial təbəqədə doğulsaydı, həyata keçirmək istədiyi arzularını.
Atası Marqaretə biliyin əhəmiyyətini, borc anlayışını, çalışma sevgisini, şifahi və yazılı sözün gücünə, eləcə də ictimai institutlara hörməti aşılamışdı. Qızları hər həftə kitabxanadan iki kitab götürməli idilər, onlardan biri mütləq maarifləndirici olmalı idi. Bazar günləri mütləq kilsədə görünürdülər, Marqaret kilsə xorunda oxuyurdu. Bundan başqa, o, atasını siyasi yığıncaqlarda da müşayiət edirdi. Onların mənzili elə dükanın birbaşa üstündə idi və hətta atası nahar fasiləsində evə qalxanda belə, o və Marqaret demək olar ki, həmişə siyasət haqqında danışırdılar — üstəlik, o zaman Almaniya ilə müharibənin yaxınlaşdığı bir dövr idi.
Baqqal dükanının üstündəki mənzildə yaşamaq, əlbəttə, zənginlik demək deyildi, amma Marqaret o dövrün qız uşağı üçün tamamilə qeyri-adi tərbiyə almışdı. Atası onu maraqlanmağa, fikrini əsaslandırmağa və öz mövqeyini bildirməyə — və onu müdafiə etməyə — təşviq edirdi. “Heç vaxt nəyisə hamı belə edir deyə etmə”, — deyərdi. Marqaret də etməzdi. “Bilirdim ki, mövcud olmaq hüququnu özüm qazanmalıyam”, — yazırdı. Onun mühitindəki qızların çoxu böyüdükcə ailə qurub rahat ev həyatına qovuşmağı düşünürdü. Karyera haqqında isə çox azı xəyal qururdu. Roberts ailəsindən heç kim ali təhsil almamışdı. Amma o, Oksfordun kimya fakültəsinə daxil oldu. Bu, sensasiya idi.
Missis Tetçerin baxışları və inancları
Atasının nüfuzu sayəsində Marqaret feminizmə biganə qaldı (baxmayaraq ki, onun əldə etdiyi bütün nailiyyətlərdən istifadə etdi): “Mən “emansipasiya” adlanan şeyə heç nə borclu deyiləm”, — 1982-ci ildə verdiyi müsahibədə deyirdi. Nəzəri cəhətdən o, qadının yerinin ocaq başı olması fikrinə heç vaxt qarşı çıxmadı. Evdar qadınlara da xoş gələn sözlər tapırdı: ev işlərinin ağırlığına dözən qadın hər şeyə qadirdir. 1975-ci ildə rəqibləri onu ələ salmağa çalışmışdılar: O, bir dəfə defisit ehtimalı ilə anbarda ərzaq ehtiyatı saxladığını demişdi. Missis Tetçer xanım heç çaşqınlıq keçirmədi və jurnalistləri birbaşa ərzaq anbarına dəvət etdi. 1979-cu ilin seçki kampaniyası zamanı isə o, daha da açıq danışdı: “Evin öhdəsindən gələn qadın, dövlət idarəçiliyinin də öhdəsindən gələr”. Telekameraların qarşısına çıxanda da supermarket arabası ilə gəzərdi: səbətinə baxan teletamaşaçılar orada Britaniya mallarını görə bilərdilər.
Onun adı — missis Tetçer xanım — belə, cəmiyyətdə qadının roluna münasibətini göstərirdi. Britaniyanın ən tanınan ledisi, öz adı ilə məşhur olmayan ilk qadın idi. Elmi fakültə məzunu, azsaylı qadın vergi vəkillərindən biri, 33 yaşından deputat, ölkənin ilk qadın baş naziri — bütün bunlara baxmayaraq, o, ənənəvi qaydalarla heç vaxt mübahisə etmirdi.

1951-ci ildə Denis Tetçerlə evlənəndə o, artıq bir dəfə ailə qurmuş varlı centlmen idi. Marqaret qısa müddətdə ana borcunu yerinə yetirdi, iki əkiz — Mark və Kerol — dünyaya gətirdi və Çelsidə rahat bir ailə ocağı qurdu. O, ərinə sırf “kişi sahəsi” sayılan məsələlərdə — pul, idman, uşaqlar üçün məktəb seçimi kimi qərarlarda — güzəşt edirdi, ona axşam yeməyi hazırlayırdı (hərçənd yeməklərin çoxu “Marks&Spencer”dən hazır alınırdı).
Marqaret istefaya çıxanda da, o, kraliça qarşısında özü üçün yox, Denis üçün rica etmişdi. Elə o zaman Denisə irsən ötürə biləcəyi baron titulu verildi. Bununla Marqaret də baronessa oldu.
Qadınlar Marqareti çox az maraqlandırırdı. 11,5 il davam edən hakimiyyəti dövründə kabinetinə yalnız bir qadını daxil etdi — o da uğur qazana bilmədi. Tetçerin qadınlarla əl sıxması sanki qol güləşi hərəkətinə bənzəyirdi: tutub üstün gəlmək. Onun üçün ideal kişi isə uzunboylu, zövqlə geyinən və cazibədar biri olmalı idi. Üstəlik, yaxşı olardı ki, aristokrat olsun, lap yaxşısı isə — aristokrat və hərbi xidmət keçmiş biri. Çoxları ilə münasibətinin alınmaması onların köklüyü ilə bağlı idi: məsələn, Almaniya kansleri Helmut Kol. Onlar arasında qarşılıqlı “allergiya” vardı. Kol, məktəbli kimi, ondan qaçırdı. Ən gülməlisi Zalsburqda olmuşdu: Kol görüşdən “qaçmaq” üçün bəhanə gətirmişdi, Tetçer isə cədvəlində yaranmış boşluğu mağazalara baş çəkməklə doldurmaq istəmişdi və... Almaniya kansleri ilə üzbəüz gəlmişdi — o, kafedə bulkalar yeyirdi. “Bilirsən, onun nəyi düz deyil? — bir dəfə məndən soruşdu, elə bil kainat sirrini açırdı. — O, almandır”.

Əksinə, o, qamətli və zahiri görünüşü yerində olan Reyqanla, Qorbaçovla, Mitteranla çox yaxşı yola gedirdi. Xarici görünüşünə və şarmına görə Fransua Mitteranın sosialist baxışlarını belə bağışlamışdı. Mitteran onu belə təsvir etmişdi: “Kaliqulanın gözləri və Merilin Monronun dodaqları”. Ronald Reyqanın nəzakətli davranışlarını isə çox xoşlayırdı. Corc Buş isə köməkçilərindən birinin deməsinə görə, “həddindən artıq maçoluq edirdi: xallı köynəklər, kovboy çəkmələri, bir də banka pivə”.
Amma bir kişini “həqiqi” hesab edirdisə, onda çox şey bağışlanırdı, demək olar ki, hər şey. 1983-cü ildə partiyasının sədri Sesil Parkinson bir qalmaqala düşdü: katibəsi ondan hamilə olduğunu elan etmişdi. “Ailə dəyərlərinə” sarsılmaz inamına baxmayaraq, Marqaret Tetçer Parkinsonu qınamaqdan boyun qaçırdı, onu qorumaq üçün əlindən gələni etdi, bu mümkün olmayanda isə növbəti seçkilərdən sonra onun hökumətə qayıtması üçün hər cür səy göstərdi. Ədalət naminə demək lazımdır ki, bir çox torilər də ona eyni münasibəti göstərirdilər — onu sevirdilər, “maraqlı” hesab edirdilər və zərərsiz flirtlə onu əzizləyirdilər.
Marqaret Tetçerin obrazı
Marqaret Tetçeri çox zaman səhvən “yubkalı kişi” hesab edirdilər. Bu səhvdən hətta Reyqan da yayınmadı — o, baş naziri “İngiltərədə ən yaxşı kişi” adlandırdı. O özü isə, əlbəttə, özünü krallığın ən yaxşı qadını sayırdı. Kişilərə bütün rəğbətinə baxmayaraq, qadın cinsini üstün sayırdı. “Siyasətdə nəsə demək lazımdırsa, kişiyə tapşırın, — deyərdi. —nəsə görmək lazımdırsa — qadına”. Denisə səksən yeddi yaşında ürək əməliyyatı etmək istəyəndə o, ərini təkbaşına Cənubi Afrikaya göndərdi: “Kişi tək səyahət edəndə dərhal hamı onun qayğısına qalmağa çalışır. Biz, qadınlar isə tək gedəndə özümüz öz qayğımıza qalmalıyıq”.
Görkəmli, nüfuzlu cənabların arasında yeganə bir ledi olmaq onun üçün böyük bir zövq mənbəyi idi. Onu nələrə görə tənqid etməmişdilər. Səsinə görə — guya çox cırdır. Geyimlərinə görə — kimisinə görə həddindən artıq bəzəkli, başqasına görə isə kifayət qədər səliqəli deyil. Azacıq əyriliyi olan dişləri belə britaniyalıların diqqətindən yayınmırdı. Kişi siyasətçidə nəzərə alınmayacaq hər cür qüsur, ona gəldikdə bütün millət tərəfindən böyüdücü şüşə altında incələnirdi.

Buna baxmayaraq, öz görünüşü ilə hər zaman qürur duyurdu və bir dəfə mənə belə demişdi: “Gözəl mavi gözlərə sahib olmaq üçün aristokrat olmaq şərt deyil”. Amma özünə qarşı da çox tələbkar idi. Bir dəfə ona kompliment deməyə cəhd etdim. “Yox, — deyə sərt cavab verdi, — mən indi çox kökəm”. Xarici görünüşə dair tənqidə reaksiyası son dərəcə praktik idi. O, stilistlərlə saatlarla oturub yeni imicini formalaşdırırdı. Dişlər düzəldildi. Saç düzümü daha zərif oldu. Şlyapalar — xüsusi mərasimlər istisna olmaqla — birdəfəlik unuduldu. Hakimiyyətinin ortalarına doğru o, kraliça I Yelizavetanın müasir obrazını xatırladan, çox eleqant lediyə çevrilmişdi. Bir dəfə onun stilisti böyük aktyor Lorens Olivyenin yanına gedib Tetçerin səsi ilə bağlı nəsə etmək xahiş etmişdi. Olivye onu İngiltərə Milli Teatrının müəllimi ilə məşğələlərə göndərdi və tezliklə evdar qadın intonasiyaları yox oldu, yerini yumşaq və zərif tonda danışıq tutdu.
Onun çıxışları da elə oldu və yalnız İcmalar Palatasındakı ən məharətli təxribatlar Tetçeri özündən çıxara bilərdi. Bir dəfə parlamentdə keçirilən ənənəvi “sual–cavab” sessiyasında o qədər qəzəbləndi ki, gənclik illərində danışdığı Linkolnşir dialektinə keçdi. Amma dərhal da aristokratik tələffüzünə və zərif leksikasına qayıtdı.
Onun hakimiyyətinin simvolu əl çantaları idi. Möhkəm, bahalı, demək olar, həmişə qara və demək olar, hər zaman yanında olurdu. Onların içində nələr olmurdu: hər şeydən əvvəl, dövlət əhəmiyyətli sənədlər, həmçinin adətən Linkoln kimi böyük dövlət xadimlərinə aid sitatlarla dolu kiçik qeydlər — o, lazımi məqamda onları çıxarmağı yaxşı bilirdi. Bir dəfə dövlət katibi Corc Şults istefasından əvvəl Tetçeri sonuncu lança dəvət etdi. Rəsmi dəvət yazmağın yaratdığı sıxıntıdan yorulub sadəcə Britaniyanın Vaşinqtondakı səfirinə zəng etmişdi. “Ondan soruşdum, — Şults xatırlayır — onun yumor hissi varmı?” “Bilmək istəyirsiniz ki, oturduğu stulu qəfil çaltından çəksəniz güləcəkmi — yox. Qalan bütün hallarda — bəli”, — deyə səfir cavab vermişdi. ABŞ Dövlət Departamenti bir əl çantası aldı, Şults onu sitatlarla (əsasən Tetçerin öz sitatları ilə) doldurdu və nahar zamanı ona hədiyyə etdi.
O, kompromisdən qaçmırdı — söhbət sülhə nail olmaqdan gedirdisə. Amma iranlı terrorçular Londondakı İran səfirliyində insanları girov götürəndə, o, sərt əmr verdi. Girovlardan biri istisna olmaqla, hamısı sağ xilas edildi, terrorçulardan biri istisna olmaqla, hamısı öldürüldü. “Biz heç vaxt düşünməzdik ki, siz bizə bunu etməyə icazə verəcəksiniz”, — əməliyyatı aparan xüsusi təyinatlı qüvvələrin komandirləri sonradan etiraf etmişdilər.
Amma İrlandiya Respublika Ordusunun (İRA) üzvləri olan məhbuslar saxlanma şəraitinə etiraz edərək aclıq aksiyasına başlayanda, xanım Tetçer qorxmadı. Aclıq edən on məhbus öldü, Tetçer isə irland terrorçuları üçün bir nömrəli düşmənə çevrildi və bu təhlükə səbəbilə ömrünün sonunadək xüsusi mühafizə altında yaşamalı oldu.
Sui-qəsd
1984-cü il oktyabrın 12-də, 59-cu ad günündən bir gün əvvəl Marqaret Tetçer Brayton şəhərində illik partiya konfransının keçirildiyi “Qrand-otel”in qarşısında dayanmışdı. Rəsmi öhdəliklər arasında onu bu cür mərasimlərdəki çıxışlardan daha çox həyəcanlandıran heç nə yox idi. O, həmişə təkid edirdi ki, çıxışın qaralamaları gecə-gündüz işlənilsin, mübahisə doğura biləcək heç bir detal qalmayana qədər.
Gecə saat 2:40-da, nəhayət, nitqin mətninə razılıq verdi və yorulmuş əməkdaşlarına onu yenidən çap etməyi tapşırdı. 2:54-də, o hələ də mətni gözdən keçirərkən, güclü partlayış baş verdi, otel otağının şüşələri töküldü. Beş nəfər həlak oldu, ən sadiq “tetçerçilərdən” Norman Tebbiti̇n həyat yoldaşı Marqaret Tebbitt iflic oldu. Möcüzə nəticəsində sağ qalan Tetçer auditoriya qarşısında çıxış edərək dedi ki, “bizim bu gün burada bir araya gəlməyimiz təkcə sui-qəsdin baş tutmadığını göstərmir, həm də terrorun demokratiyaya hücum səylərinin puçluğunu nümayiş etdirir”.
Baş verənlərin dəhşəti ona yalnız bazar günü çatdı - kilsə mərasimində hönkürdü: “Heç vaxt ağlıma gəlməzdi ki, belə bir şeydən keçəcəyəm”.
“Dəmir Ledi”nin istefası
1990-cı ilin oktyabr ayının sonunda Marqaret Romada keçirilən Avropa İttifaqı sammitindən qayıdanda təcrid olunduğunu açıq-aydın hiss etdi. İcmalar Palatası qarşısında hesabat verərkən o dövrün gündəmində olan “Avropa parlamenti” ideyasına sərt şəkildə hücum çəkdi. Özünəməxsus şəkildə sözlərini təkrarlayaraq qışqırdı: “Yox, yox və yenə yox!”
Bu çıxış artıq avropapərəst, korpulent xarici işlər naziri Cefri Hau üçün dözülməz idi. O, istefa verdi, partiya və hökumət daxilində Tetçerin idarəçilik tərzinə hücum çəkdi. Onun sözlərinə görə, bu komandada bütün “hokkey çubuqlarını sındıran” elə kapitanın özü – Tetçer idi. Bu anı rəqibləri çoxdan gözləyirdilər. 14 noyabr çərşənbə günü Maykl Hezeltayn partiya liderliyi uğrunda mübarizəyə girişdiyini açıqladı.
Ertəsi axşam mən “Sunday Times” üçün Tetçerlə Dauninq-strit 10-da müsahibə alırdım və məni onun fikrinin nə qədər dağınıq olması heyrətləndirdi. Müsahibə, Bizans imperatoru Yustinianın qanunlarından başlayan uzun bir mühazirəyə çevrildi. Maraqlı idi, amma siyasi mübarizənin ən kəskin mərhələsində qəzetin ehtiyacı olan şey deyildi. Bəziləri deyirdi ki, o, reallıq hissini itirib, çünki uduzacağına inanmırdı. Xeyr: həmin günlərdə onun əhvalında daha çox fatalizm vardı.
20 noyabr axşamı Parisdəki Britaniya səfirliyində o, qalib gəldiyi xəbərini aldı. Lakin rəqibindən cəmi iki səs öndə idi. Mətbuat qarşısına çıxaraq ikinci turda iştirak edəcəyini dedi. O gecə Tetçer yatmadı — ən yaxın köməkçisi Sintiya Kroufordla söhbətlərlə keçdi. Onlar uşaqlıqdan, ailədən, həyatdan danışdılar.
Ertəsi gün baş nazir öz iqamətgahına gəldi: o, kabinet üzvləri ilə təkbətək görüşməli idi. Çox güman, müşavirlər bu yolla onu ikinci turdan çəkindirmək istəyirdilər. Nazirlik üzvlərinin çoxu ona dəstək verəcəklərini desələr də, bununla belə, məğlub olacağını düşündüklərini də əlavə etdilər. Tetçer işarəni başa düşdü. Səhəri gün o, istefa ərizəsini təqdim etdi və nahardan əvvəl kraliça ilə görüşərək, dövlət başçısını əvvəlcədən məlumatlandırdı.
İcmalar Palatasında çıxış edərkən yenə də möhtəşəm siyasi formada olduğunu göstərdi. Solçulardan biri nəsə deyinəndə, o, hamının sevincinə səbəb olacaq şəkildə onun sözünü kəsib qışqırdı: “Bütün bunlardan mən həzzzzz alıram!”
Ardınca gələn gurultulu alqış isə Britaniya riyakarlığının klassik nümunəsi idi: elə indicə onun siyasi qətlini həyata keçirən torilər ekstazla meyiti alqışlayırdılar. Baş nazir postunu Con Meycor aldı. Ənənəyə uyğun olaraq Tetçerin iqamətgahı tərk etməsi dərhal baş verdi.
Onun köhnə dostları Nensi və Ronald Reyqan həmin vaxt Londonda idilər. Tetçer onlara otelə zəng etdi. Nensinin sözlərinə görə: “Marqaret çox məyus idi… və hisslərini açıq şəkildə ifadə edirdi”. O, özünü satqınlıq qurbanı hesab edirdi.
Hakimiyyətdən sonrakı həyat
Tetçer hakimiyyətdən ayrıldıqdan sonra özünə gələ bilmədi. Keçmiş həmkarlarının “xainliyini” kədərlə ilə yada salırdı və bəzən onlarla yenidən döyüşəcəyini belə deyirdi. Baş nazirliyin çətin, amma ona görə ən böyük xoşbəxtlik olan çəkisini çox darıxırdı.
1990-cı illərdə bir yay günündə dostlarımıza qonaq getmişdik. Tetçerlər də orada idi. Yeddi yaşlı oğlum otağa girib onun yanına oturdu və soruşdu:
— Baş nazir olmaq xoşunuza gəlib?
Tetçer nə təəccübləndi, nə də çaşdı:
— Bəli. Biz vacib qərarlar qəbul etdik, ölkədə həyatı yaxşılaşdırdıq, — dedi.
— Demək yaxşı qanunlar yaratdınız?
— Bəli! Britaniyanı güclü və təhlükəsiz etdik, həmkarlar ittifaqlarının gücünü azaltdıq, vergiləri aşağı saldıq ki, insanlar qazandıqlarından daha çoxunu özlərində saxlaya bilsinlər. İnsan özündə daha çox pul saxlayanda daha çox da qazanır.
Sonrakı sual — “Onda siz varlandınız?” — bir qədər uğursuz idi. Amma məni heyrətləndirən onun siyasətini uşaq anlayacaq dildə izah etmək bacarığı oldu. Tetçer həmişə böyük aktrisa və öz mifinin böyük yaradıcısı idi.
Bu mif isə onun ən möhtəşəm yaratdıqlarından biri olaraq qalır. Bəziləri üçün o — tamahkar, üstünlük düşkünü “cadugər” idi. Bir çoxları üçün isə qadının nəyə qadir olduğunun simvolu, Britaniya xarakterinin nümunəsi, ingilisdilli dünyanın müdafiə etdiyi dəyərlərin və konservatizmin rəmzidir. Reyqanın dəfn mərasimindəki nitqində (artıq səhhəti imkan vermədiyi üçün video yazıda) o, əslində özü haqqında danışırdı — tarixi və ideyaları müəyyən edən bir insan kimi.

“Tetçerizm” yüz illər boyu yüksək məna daşıyan bir anlayış olaraq qalacaq. Elə onu yaradan qadın kimi — cəsur, bəzən dözülməz, amma həmişə alov və ehtiras dolu.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada