
Kərə yağı niyə əlçatmaz məhsula çevrilir?
Maya dəyəri az, satış qiyməti isə fantastik...
22 Oktyabr 2024
Kərə yağının qiyməti fantastik həddə qədər bahalaşıb. Son 2 ayda qiyməti 3-4 manat aralığında artan yağ istehsal ölkəsindən, brendindən, əlavə xərclərdən asılı olaraq mağazalarda 15-30 manat aralığında satılır. Ən aşağı qiymət İran, ən yüksək qiymət isə Avropa istehsalı olan yağlarda qeydə alınıb. Artıq təmiz kərə yağı bəzi ailələr üçün əlçatmaz nemətə çevrilib. Nəticədə, insanlar ucuz, keyfiyyətsiz, tərkibi bəlli olmayan yağlara üz tutublar...
Maraqlıdır, yağın mağazada bu qədər baha olması onunun maya dəyərinə nə dərəcədə adekvatdır?
İqtisadçı ekspert, REAL partiyasının sədri Natiq Cəfərli Facebook hesabında paylaşımında qeyd edib ki, bu ilin ilk 8 ayında (yanvar-avqust) ölkəyə 19 153,76 ton kərə yağı idxal olunub:
“Gömrük Komitəsində rəsmiləşdirilən statistik dəyər isə 103 milyon 312 min dollar təşkil edib. Yəni, hər kiloqram kərə yağı ölkəmizə 5,3 dollara - 9 manat 10 qəpiyə daxil olub. Marketlərdə kərə yağının kilosu 18-25 manat arası dəyişir. Yəni, ortalama 20-21 manat civarındadır. Kərə yağı gətirən şirkətin vergisi, daşınması, gəliri, satış nöqtələrinin gəliri – hamısını 50% civarında hesablasaq, qiymət 15-16 manatdan baha olmaz. Bəs niyə bahadır? Çünki rəqabət yoxdur, ölkəyə yağ gətirən şirkət sayı azdır, yerli istehsal isə yox dərəcəsindədir. Yerli şirkətlər adı ilə bazara çıxarılan kərə yağının tərkibi yerli deyil, xaricdən gətirilir, sadəcə burada qablaşdırılır və satışa çıxarılır. Hələ qablaşdırılan zaman onun tərkibi ilə yaxşıca oynayırlar, daha ucuz heyvan-bitki mənşəli yağlar qatırlar, maya dəyərini 20-30% aşağı çəkirlər ki, bu da gəlirlərini kəskin artırır”.

N. Cəfərli bildirib ki, dövlət qurumları məmur və oliqarxların himayəsində olan iri holdinqlərə, topdansatışa toxuna bilmirlər. Ona görə də, kiçik marketləri olan xırda sahibkarları narahat edirlər. Bu da qiymət siyasətinə təsir etmək üçün kifayət deyil.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə Natiq Cəfərlinin fikirləri ilə razılaşmır. O, Pressklub.az-a açıqlamasında deyib ki, qiymətlərin yüksək olmasının tutarlı səbəbləri var: “Gömrük Komitəsi müxtəlif ölkələrdən gələn yağların ortaq qiymətini çıxarır. Məsələn, İrandan Azərbaycana böyük miqdarda yağ gəldiyinə görə, qiyməti xeyli ucuz olur. Ümumiyyətlə, xarici ölkələrdən gələn yağlar öz qiymət siyasətini yerli yağ istehsalı ilə korreksiya edir”.

Müsahibimizin sözlərinə görə, yerli yağ istehsalı zamanı südün 1 litrinin 1 manata başa gəldiyi, 1 kiloqram yağın 20 litr süddən alındığı nəzərə alınsa, yerli yağ istehsalçıları yağın qiymətini minimum 19-20 manata qoymağa məcburdurlar: “Xaricdən yağ idxal edən müəssisələr isə öz qiymətlərini yerli yağ istehsalçısı ilə uyğunlaşdırırlar. Bu da təbiidir. Belə olmasa, məsələn, yerli yağ 20 manata, xaricdən gətirilən yağ isə 15 manata olsa, onda yerli istehsal tamamilə sıradan çıxar. Bununla da paradoksal vəziyyət əmələ gəlir. Sanki hökumət yerli istehsalın məhv olmaması üçün xaricdən gətirilən yağın qiymətini baha etməyə məcburdur”.
Həmsöhbətimiz problemin həlli məsələsinə də toxunub: “Bunun üçün hökumət başqa bir iş aparmalıdır - heyvan yemləri ucuzlaşmalı, heyvandarlıq artmalıdır ki, yağ istehsalının maya dəyəri ucuz olsun. Lakin hökumət belə bir şərait yarada bilmədiyi və ya fermer təsərrüfatları belə bir nəticəyə gələ bilmədiyi üçün təbii olaraq xaricdən Azərbaycana yağ idxal edənlər qiyməti qaldırırlar. Qeyd edim ki, bir çox ölkələrdən - Almaniyadan, Fransadan, Yeni Zelandiyadan və s. ölkəmizə idxal olunan yağlara istehlakçılar tərəfindən heç bir şikayət gəlmir. İnsanlar onların keyfiyyətindən məmnundurlar”.
Eyyub Hüseynov bildirib ki, 6 il öncə Yeni Zelandiyada Azərbaycana yağ göndərən zavodda olub. Və Azərbaycan dilində “West Gold” yağlarının etketlənməsini görüb. Məlum olub ki, orada heyvanlar təbii şəraitdə bəslənir və böyüyür: “Orada qış mövsümü, yonca əkini yoxdur. Yəni, süni qida yoxdur. Heyvanlar təbii şəraitdə böyüyürlər, baytarlıq xidmətləri xərc aparmır və yağın maya dəyəri xeyli ucuz başa gəlir. Ona görə də, bu yağlar Azərbaycanın yerli yağ istehsalına uyğun qiymətə təklif olunur. Azərbaycanda fermer təsərrüfatları ilə bağlı hökumətin sinxron siyasəti olarsa, yağın qiyməti ucuzlaşa bilər. O zaman xaricdən yağ gətirən biznes qurumları ya sıradan çıxarlar, ya da qiymətləri aşağı salmağa məcbur qalarlar”.
N. Cəfərli kimi Eyyub Hüseynov da öz hesablamasını təqdim edib: “Gömrük hesablanması: Malın maya dəyəri + yol pulu + 5% rüsum + 18% ƏDV + anbar xərcləri + işçi və daşınma xərcləri + marketlərə verilən komissiya + vergi xərcləri + geri qaytarılan malların xərci (əzilən və digər səbəblərdən) + şirkətin qazancı. İran yağı 1kg 4-5 dollar, Yeni Zelandiya yağı 7-8 dollar, Avropa malları isə 1kg 9 avroya yaxındır”.
Müsahibimizin hesablaması da göstərir ki, İran yağının maya dəyəri 7-9 manat arasıdır. Amma əvvəllər İran yağı mağazalarda 13-14 manata satılırdısa, indi qiymət 17-19 manata qalxıb. Yeni Zelandiya yağı 12-13 manata başa gəlsə də, mağazada 19-23 manata satılır. Avropa məhsulları 16,5 manata başa gəlsə də, daha baha - 25-35 manat aralığında satışa çıxarılır. Yəni, məhsulun üzərinə təxminən 8-10 manat qoyulur. Bu da, müsahibimizin dediyinin əksinə olaraq, heç də xeyli ucuz deyil və məhsulun yekun qiymətinin kifayət qədər şişirdilmiş məbləğ olması göz önündədir.
Əlqərəz, ekspertlər bir-birini təkzib edir, əlaqədar qurumlar susur, qiymət isə qalxır.
Düşməsi də mümkünsüz görünür...
Günay Elşən