Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Kann ehtirasları: “döyüş” kimlərin arasında olacaq?
Azərbaycanlı rejissor Kann mükafatına namizəddir

Mayın 13-dən 24-ə qədər keçiriləcək Kann kinofestivalı proqramını elan edib. Bu il çoxsaylı rejissor debütləri olacaq. Skatlett Yohansson, Harris Dikinson və Bono öz filmlərini göstərəcəklər. Amma müstəqil kinonun tanınmış ulduzları da olacaq: Ari Aster, Cəfər Pənahi və Kirill Serebrennikov. 

Kann festivalının rəhbəri Tyerri Fremo proqramın elanından əvvəl xəbərdarlıq etdi: göndərilən 3 minə yaxın (rekord say) filmdən seçilənlər dünyanın indiki vəziyyətini daha yaxşı əks etdirənlərdir. Həm də zamanın, yumşaq desək, səksəkəli ruhunu.  

Fremonun sözlərinə görə, cəsarətli revizionist Ari Asterin “Eddinqton” filmi, sonuncu prezident seçkilərindən xeyli əvvəl çəkilsə də, indiki Amerika haqda çox şey deyir. Yenə A24 studiyasının prodüserlik etdiyi filmin oyunçuları arasında Emma Stoun, Pedro Paskal, Ostin Batler və Hoakin Feniks var. 

“Alfa” filminin əhvalatı keçmişə aid edilsə də, açıq-aşkar indinin fobiyalarına toxunur. Bu, “Qızıl palma budağı”nı 2021-ci ildə bir dəfə almış Juliya Dükornonun (Gülşiftə Fərəhani və Tahar Rahimlə birlikdə) ilk ingilisdilli işidir. Özlərinin humanizm missiyalarına sadiq qalan belçikalı Jan-Pyer və Lyuk Dardenn qardaşları “Gənc analar” filmində sosial travmaları araşdırırlar. 

Sergey Loznitsanın son 7 ildəki ilk oyun filminin son dərəcə ağır olacağına şübhə etməmək olar. Daha əvvəlki oyun filmi Kannda rejissorluğa görə mükafat alan və Ukraynanın “Oskar”a təqdim etdiyi “Donbas” filmi idi. O dövrdən xeyli zaman keçib, Loznitsa altı sənədli film çəkib və Ukrayna kino akademiyasından xaric olunub. Rejissorun yeni “İki prokuror” filmi altı ölkənin (Niderland, Fransa, Almaniya, Litva, Latviya və Rumıniya) iştirakı ilə rus dilində çəkilib. Baş rolları tanınmış rus aktyorları Aleksandr Filippenko, Anatoli Belıy və Aleksandr Kuznetsov oynayırlar. Ssenari üçün əsas Georgi Demidovun eyniadlı povestidir. 

Müsabiqənin ən müəmmalı filmi isə rejissorun xahişi ilə rəsmi mətbuat konfransında barəsində adından başqa heç nə deyilməyən “Sadə əhvalat” filmidir. Bu, bütün dünyada tanınmış iranlı rejissor Cəfər Pənahinin növbəti həbsdən sonra çəkdiyi ilk işdir. Həmin həbs rejissor üçün faciəvi nəticələnə bilərdi: Pənahi quru aclıq elan etdi və bundan az sonra azadlığa buraxıldı (İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhərində doğulan Cəfər Pənahi azərbaycanlıdır - Press klub). 

Məhkəmə Pənahiyə ssenari yazmağı, müsahibə verməyi və film çəkməyi qadağan edib. O, hər üç qadağanı mütəmadi pozur, deklarasiya və açıq manifestlər olmasa da siyasi məzmunlu radikal və mürəkkəb filmlər çəkir. Təqib olunan rejissorun kolleksiyasında faktiki dünyanın bütün festivallarının mükafatı var, Kannın “Qızıl palma budağı”ndan başqa. 

Müsabiqənin digər potensial maraqlı iştirakçıları bunlardır: norveçli Yoakim Trier “Sentimental dəyər”lə, katalonlu Karla Simon “Romeriya” ilə, fransalı triller ustası Dominik Moll “Dosye 137” ilə, kinotənqidçilikdən gələn braziliyalı Kleber Mendos Filyo “Gizli agent”lə və əlbəttə, məhsuldar amerikalı Riçard Linkleyter. Onun növbəti  - üç ay ərzində ikinci! - filmi “Yeni dalğa” adlanır və Jan-Lyuk Qodarın debüt şedevri olan “Son nəfəsdə” filminin çəkilişindən bəhs edir. Kann tamaşaçılarının şövq və hiddəti təmin olunub. 

Əsas mükafata namizədlərin tam siyahısı hələ sona qədər elan edilməyib, yaxın həftələr ərzində əlavələr olacaq. Amma kinosevərlər Cim Darmuşun “Ata, ana, bacı, qardaş” adlı yeni filminin orada olmamasından artıq hiddətlənirlər. 

 

Əvvəlki dörd filmi “Qızıl palma budağı”na namizəd olan Kiril Serebrennikov bu dəfə əsas müsabiqədən kənarda qalıb. Onun Olivye Gezin romanı əsasında çəkdiyi “Yozef Mengelenin yox olması” filmi nüfuzlu, amma mükafatı olmayan “Kann premyeraları” proqramına salınıb. Digər məşhur rejissorlar da oradadır: almaniyalı Fatih Akın “Amrum” dramı ilə, çilili Sebastyan Lelio “Dalğa” ilə və haitili dokumentalist Raul Pek “Oruell” bayopiki ilə. 

“Xüsusi baxış” proqramı dünya şöhrətli aktyorların iki rejissor debütünü əhatə edir. “Kədər üçbucağı” və “Körpə qız” filmindən tanınan Harris Dikinson “Dəniz kirpisi”ni, Skarlett Yohansson isə “Böyük Eleonora” filmini çəkib. Eyni zamanda, fransız aktrisa Hafsia Herzinin artıq üçüncü rejissor işi olan “Sonbeşik qız” filmi əsas müsabiqədə olacaq. 

Hərçənd, ulduz çatışmazlığı gözlənilmir: təkcə Ues Anderson kvotanı dolduracaq. Onun “Qızıl palma budağı” uğrunda mübarizə aparacaq “Finikiya sxemi”nin titrlərində Benisio del Toronun, Benedikt Kamberbetçin, Tom Henksin, Maykl Seranın, Brayan Krenstonun və həmin Yohanssonun adları keçir. Bundan əlavə, U2 rok-qrupunun vokalçısı Bono əsas proqramda özünün sənədli filmini təqdim edəcək. 

Eləcə də Tom Kruz “Qeyri-mümkün missiya” franşizasının növbəti (ümid edək həqiqətən final) hissəsi ilə Kruazett sahilinə qayıdacaq: müsabiqədənkənar qala-premyera çərçivəsində. Xatırladaq ki, Hollivud aktyoru üç il əvvəl müsabiqədənkənar göstərdiyi “Top Qan: Maverik” filmi ilə fəxri “Qızıl palma budağı”nı almışdı. 

Kann festivalı tarixində ilk dəfə açılış filmi debüt olacaq: fransalı Ameli Bonnenin “Bir dəfə getmək” filmi. 

Tərkibi hələ elan edilməyən jüriyə Jülyet Binoş rəhbərlik edəcək.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada