Logo
news content
User
Kateqoriyalar

Araşdırma

İmperatordan sultana, ondan Sultan xalaya qalan, Qarabağ sevdalılarının yurdu... - REPORTAJ
Sədrəzəmin şəhəri, kayserili Mehmet abinin bayraq sevgisi, Azərbaycan parkındakı Şuşa qalası

Türkiyəyə getmişdim, yolum Nevşehirdən və Kayseridən keçdi. Dedim gördüklərimi, eşitdiklərimi və öyrəndiklərimi sizinlə də bölüşüm. Bilməyən bilsin, bilənin bir daha təkrarlamağında, hər halda, bir qəbahət yoxdur. 

Nevşehir eyni adlı vilayətin mərkəzi şəhəridir. Əsasən onu Kappadokiyaya görə tanıyırlar, amma bu turizm şəhərinin gəzməli-görməli, tarixi yerləri yalnız ora deyil. Orta əsrlər və yeni dövrlərdə bu şəhər Neapolis, Seandos, Nissa və Muşkara adları ilə tanınıb. Anadolu Böyük Səlcuq dövləti tərəfindən idarə olunarkən, qədim Nissa şəhərinin yerində Muşkara adlı bir kənd olub. “Muşkara” sözü “möhkəm bünövrəli” mənasını verir. 

Lale Dövrünün məşhur sədrəzəmi Damat İbrahim Paşa burada anadan olub, dövründə şəhəri abadlaşdıraraq karvansaralar, məscidlər, hamamlar inşa etdirib. Bölgənin inkişafına əhəmiyyətli töhfə verib. Şəhərin adını da o dəyişdirərək fars dilində “Yeni Şəhər” mənasını verən Nevşehir adlandırıb. 

Şəhər barədə bu qədər bəsdir, yorucu olmasın. Nevşehir Hacı Bektaş Vəli Universiteti də bu şəhərdə yerləşir. Böyük kampusu var, demək olar, bütün elmlər öyrənilir, yəni hər fakültə və hər fakültənin öz korpusu var, şəhərin içində bir şəhər zənn edin. Qızlar və oğlanlar üçün ayrıca tələbə yataqxanaları var ki, qızlar üçün olanı gəzib dolaşdım. Səliqə-sahman, yeməkləri yerli-yerində, yurd müdiri də qadındı və üstəlik, Azərbaycanı çox sevir. Gəlişimizə çox sevindi, hərçənd xəbərsiz getmişdik, vatsap profilində Azərbaycan bayrağını görəndə həm sevindim, həm də qürurlandım. Arzusu Azərbaycanı gəzməkdir. Dəvət edib, gözləyəcəyimi söylədim. 

Nevşehirdə yolüstü idik, Kayseridə isə bizi gözləyirdilər, çünki Murat Aydın Bayrak adlı bir türk dünyası sevdalısının sorağına gedirdik. Onun barəsində mənə həmkarım, indi Kayseridə Ərciyəs Universitetində müəllim işləyən Əsli Xəlilqızı danışmışdı. 

Kayseri dağlarıın qoynunda hüzurlu bir şəhərdir. İç Anadolu bölgəsinin cənub-şərqində yerləşir. Türkiyənin əhali baxımından ən sıx məskunlaşmış 15-ci vilayətidir.

Kayseri şəhərinin adı latınca Caesarea, yunan dilində Kaysaria (Yunanca: καισαρεία, romanlaşdırılmış: kaysaria) şəklində olan adın ərəb dilindəki formasından türkcəyə keçib. Roma və Şərqi Roma (Bizans) imperatorlarına verilən Caesar (yunanca: καισαρ, romanlaşdırılmış: kaisar) titulunun islam ölkələrində işlədilən formasıdır. Osmanlı sultanları, II Mehmeddən başlayaraq, rəsmi titulları arasında Kayser-i Rum (Rumun Qeysəri) titulunu da istifadə ediblər.

Caesar əslində Roma dövlət xadimi Yuli Sezarın (e.ə. 100–44) ləqəbi idi (cognomen). Sezarın mənəvi oğlu olan ilk Roma imperatoru Gaius Julius Caesar Octavianus bu ləqəbi fəxri bir titul kimi qəbul etmişdi. Çox tarixə varmadan, qayıdıram bu günə. 

Kayseridə əvvəlcə elə Əsli xanımla görüşdük. O bizi istiqamətləndirdi gedəcəyimiz yerə. 

Sağ olsun, Azərbaycan diasporunun yerli nümayəndəsi Elşən Qəmbərovun bələdçiliyi ilə Kayserinin Akçakaya kəndinə, daha doğrusu, köyünə vardıq. Türklərin köy sözü çox xoşuma gəlir, elə bil, kəndi daha yaxşı ifadə edir. Yolüstü Murat Aydın Bayrağı da götürdük. Onun kəndidir, həm də qəhrəmanımız onun özüdür. Adı da qəşəngdir kəndin, özü tipik Türkiyə kəndi, qayaların arasında, həm də hündürlükdə, bir az təzyiqim oynadı, başım gicəlləndi, amma o qədər təmiz havası var ki, narahatlığım tez də keçdi. 

Nə isə, Murat Aydın Bayrak dediyim, özünün də dediyi kimi, 10 yaşından Azərbaycan sevdalısıdır. “Hardan gəlir bu sevda, 10 yaşınızda Azərbaycanı necə tanımışdınız?” “Bilmirəm – deyir, - gözümü açıb görmüşəm Azərbaycanı sevirəm, Turan aşiqiyəm”. 

Murat bəy 70 yaşlarında ahıldır. Atasının Akçakayadakı evini Turan Evi kimi işlədir. Görün, bu fikrə necə gəlib, çox maraqlıdır. 44 günlük Vətən müharibəsi vaxtı Murat bəy Şuşanın azad olunmasını eynilə bizim kimi, bir azərbaycanlı kimi izləyib. “Günlərlə gecələri yatmadım, o xəbəri gözlədim. Eşidəndə ki, Şuşa azad olundu, sevincimi necə ifadə edim, o enerjini nə ilə çıxarım, bilmədim, ağlıma gəldi ki, Azərbaycan bayrağını yüksək bir yerə sancım, Şuşaya sancıldığı kimi. Evdən bayrağı götürüb, çıxdım dama”.

Hə, bu yerdə uzaqdan Azərbaycan bayrağını görürük, köyün ən hündür evinin damında dalğalanır, uzaqlardan hər yerdən görünür, maşın o evə doğru qalxır. Murat bəy əli ilə göstərib, “Həmin bayraqdır – deyir, - qalxdım dama, iki ağacı bir-birinə  bağlayıb, bayrağı həmin ağaca bərkitdim, sonra da sancdım damda bu yerə”

Maşından düşüb, evin qapısı ağzında danışırıq. Bayrağı artıq yaxından görürəm, çox köhnəlib, yanında digər türk dövlətlərinin və Quzey Kıbrısın bayraqları dalğalanır, amma ən hündürdə elə o vaxtdan sancılan Azərbaycan bayrağıdır. “Bayraq çox köhnəlib” deməyimi Elşən Qəmbərov göydə tutur, “dəyişək də” - deyə, gedib bir bayraq gətirir. Əsli xanımın mənimlə bərabər reportaja gedən qohumu, naxçıvanlı Əli müəllimin köməkliyi ilə qalxıb köhnəlmiş bayrağı çıxarıb, yeni bayrağı onun yerinə taxırlar. Asan məsələ deyil, Əli bəy yıxılmasın deyə Elşən bəyin ayaqlarından yapışıb. Elşən bəy işini görə-görə Murat bəyə alqış deyir ki, bu cür çətin işi təkbaşına necə edib. “Şuşanın azad olunması sevinci qorxumu götürmüşdü” – Murat bəy deyir. 

Sonra bizə ata evinin, köyün tarixindən danışdı, evdə nənəsinin, anasının işlətdiyi məişət əşyalarının tarixçəsindən sevgi ilə söhbət açdı, dinlədik. Bu məqamlarda ikinci həmsöhbətimin sorağı gəldi. O buralı deyil, Nevşehirdəndir, Kayseridə həkimdir.  

Yeri gəlmişkən, Atatürkü Samsuna çıxaran Bandırma vapurunun kapitanı İsmayıl Hakkıdurusunun evi də bu kənddədir, buralıdır. Növbəti həmsöhbətim öz maşını ilə dolanbac yollarla biz olan hündürlüyə yetişincə onu da deyim ki, bu kənddə 80 yaşlı Sultan xanım adlı bir azərbaycanlı da yaşayır. Ziyarətinə getdik, amma evdə tapa bilmədik. Sorağını eşitdik ki, Azərbaycan üçün bu yerlərdə yaxşı işlər görən həmyerlilərimizdən olub. 

Sabançı da bu kənddəndir. Köy əhli hamısı ali təhsil alır, amma yarısından çoxu həkimdir. Həkimlər kəndi də demək olar. 

Yolüstü Akçakaya Aşağı Məhəllə Camisinə baş çəkdik, çünki özündə tarixi yaşadan bir məkandır, yeni təqvimlə 1855-ci ildə inşa olunub. Namaz vaxtı olduğundan Əli bəy orda namazını qıldı və buna uşaq kimi sevindi ki, Allahla ünsiyyətə belə bir məkanda da girə bildi.  

Növbəti qəhrəmanım Seyfi Şahin bəy yetişdi.  

1948-c ildə Nevşehirdə anadan olub. Əvvəlcə elə öz kəndlərində dini-milli təhsil alıb. Sonra Ankara Universitetinin tibb fakültəsini bitirib, Ərciyəs Universitetində isə qulaq-burun, boğaz bölümündə ixtisaslaşıb. Bir az da məsləkdaşımızdır, qəzetlərdə məqalələrlə çıxış edir, televiziyada tibbi proqram aparır: “Universitet illərindən MHP-nin üzvü idim, gənclik qollarının yönətimi oldum, daha sonra Kayseridən millət vəkili seçildim. Bu istiqamətdə mənə türk dünyası ilə iş məsuliyyəti həvalə olundu. Bununla da bağlı Süleyman Dəmirəl, Arparslan Türkeş və digər millət vəkilləri ilə birgə müstəqilliklərini qazanan Azərbaycana və digər türk dövlətlərinə görüşlərə getdik. Yaqub Məmmədovun dövlət rəhbəri olduğu vaxtlarda Azərbaycana gəldik, oradan digər ölkələrə getdik. 1992-ci ilin mayın 2-də bir daha Azərbaycana gəldik, seçkilər gedirdi. Mayın 3-də Azadlıq meydanında mitinqlərə qatıldım”.

Azərbaycandan danışır, amma Kayseridə Azərbaycanla bağlı etdiklərini, ilk dəfə 20 Yanvar hadisəsindən sonra, sonralar Xocalı qətliamı ilə bağlı apardığı təbliğat işlərindən danışmır. Onun yerinə mən deyirəm, Türkiyədə Azərbaycan həqiqətlərini çatdırmaqda önəmli işlərin altında onun da imzası var. 1990-cı ildə 20 Yanvar hadisələri zamanı  Bakıya gəlməyini deyir, sonra gəlib burda o həqiqətləri millətə çatdırır: “Alparslan Türkeşin şəkillərini gəzdirən gəncləri Özbəkistanda qətlə yetirmişdilər. O zaman Çernenko Türkeşə demişdi ki, biz sovet ölkələrinin istədiklərini onlara verəcəyik, bizə macal tanıyın. 

Azərbaycan tarixini yaxşı bilirəm. Azərbaycan bir türk ölkəsi kimi türk mədəniyyətinin daha çox inkişaf etdiyi bir ölkədir. Tarixlərini, mədəniyyətlərini də yaxşı bilən bir toplumdur. Biz Azərbaycanı çox sevirik, hələ gəncliyimdən Bəxtiyar Vahabzadəni, Şəhriyarı oxumuşam. 

Ermənistan Azərbaycana təcavüz edəndə Türkeş mənə dedi ki, get Azərbaycana, gör bizdən nə kömək istəyirlər, ver. Getdim Azərbaycana, dedilər bizə kəskin nişançı tüfəngləri lazımdır. Əsgərlərlə ünsiyyətdə oldum, zabitlərdən soruşdum ki, hər şeyiniz varsa, niyə torpaqlar gedir? Dedilər, rus alayı bizə dedi ki, qarnımızı doyurun, siz tərəfdən döyüşək, biz də razı olmadıq. Onlar da gedib erməni tərəfdən döyüşdülər. Mən bunu Türkeşə deyəndə dedi, “kaş, əyinlərindəki paltarlarını satıb rusları bəsləyəydilər”. Gəldim baş bakana məlumat verildi, həmin silahdan çox miqdarda göndərdik. Bu gün də Türkiyə Azərbaycan münasibətləri yüksək səviyyədə davam edir. 44 günlük Vətən müharibəsində Azərbaycan yüksək silahlarla dastan yazdı”. 

Arzusu Azərbaycana gəlməkdir: “Müharibədən sonra Azrbaycana getməmişəm, amma getmək istəyirəm. Mənim böyük bir kolleksiyam var, xalı, xalça yığıram. Azərbaycandan Qazax kilimləri, Gəncə xalçaları, Qarabağ xalıları gətirməliyəm. Bir az da Azərbaycanı gəzmək istəyirəm. İstəyirəm yaxında açacağım muzeydə Azərbaycan xalçaları da olsun”

Elşən Qəmbərov ona həmin xalçalardan gətirəcəyini söz verir. Onu da götürüb, yolumuza davam edirik. Qarşıda, daha doğrusu, aşağıda daha bir gedəcəyimiz məkan var- Şuşa qalası.  

Qala Kayserinin ən böyük parklarından biri olan Azərbaycan-Türkiyə qardaşlıq parkında tikilib. Bu işləri düzüb-qoşan Elşən bəy danışır ki, 44 günlük Vətən müharibəsindən sonra Kayseri şəhər rəhbərliyinə müraciət edib, razılıq alıblar: “Kayseri ilə Şuşanı qardaşlaşdırdıq. Qardaşlaşma protokolları imzalandıqdan sonra 2022-ci ildə Şuşa Azərbaycan evinin təməli atıldı. 2024-ün aprel ayında da açılışı oldu. Naxçıvandan böyük musiqi qrupu gəldi, 2000 nəfərlik zal dolu idi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakı ilə təntənəli açılış etdik”. 

Deyir, indi urda böyük tədbirlər olur, tələbələrin ən çox toplaşdığı mərkəzdir.

Xocalı parkına da baş çəkdik. Talasda və Kayseridə ən çox yaşıllığı olan parklardandır. 2013-cü ildə salınıb: “Keçmiş bələdiyyə sədri bu hərəkatı yenicə başlamış mənə və qardaşıma dedi ki, mən getmək üzrəyəm, nə istərdiniz verim sizə? Biz də torpaq istədik ki, Azərbaycanla bağlı park salaq. Bu yer Ərciyəs Universitetinin, tələbə yataqxanalarının əhatəsindədir. Ən çox gənclər olan yerdir. İlk ağaclar əkiləndə buralarda ağac yox idi. İlk dəfə 613 ağac əkdik, hər şəhidin adına birini. Sonralar Xocalı faciəsinin ildönümündə ətrafdakı lisey və universitet tələbələri bizimlə bərabər ağacəkmə kampaniyası edirik”

Həmsöhbətimiz danışır ki, ruslar ilk dəfə Xocalı soyqırımını burda tanıdılar. Möhtəşəm açılış tədbirində Azərbaycanın və Türkiyənin dövlət rəsmiləri iştirak ediblər. Rusiyadan həm iş adamları, həm də siyasi simalar, o cümlədən Jirinovski dəvət edilmişdi. Bütün dünya mediası bu tədbirdən bəhs etmişdi. 

Abidənin sağ tərəfində işğal tarixləri, azad edilmə tarixləri ilə dəyişilib. Tarixin çarxını dəyişmək yəqin buna deyilir.  

Şuşa qalasından içəri keçib, Kayseridəki Azərbaycan evini gəzdik. Qapıda gənc bir qız qarşıladı bizi, çaya qonaq etdi. Elşən bəy deyir, Nazənin burda işləməyə könüllü gəlib. Daha bir sevginin kökünə gedəndə bəlli oldu ki, qızın ata nənəsi Naxçıvandandır. 

Sağollaşırıq, Elşən bəyə Azərbaycan filmlərinin nümayişini təklif edirəm, “məmnuniyyətlə göstərərik” – deyir.

Beləcə, xoş təəssüratlarla ayrılıram onlardan. Geriyə - Nevşehirə tramvayla qayıtmalıyam. Kaş bu tramvaydan Bakıda da olaydı, elə Lökbatandan şəhər istiqamətində işləsə, tıxacın qarşısı xeyli alınar. Hə, bayaq unutdum, sizə demədim axı, gələndə tələsib əl baqajımı avtobusda unutmuşdum, tramvayda yadıma düşdü. Sağ olsun, Nevşehir universitetinin Kamal adlı bir magistr tələbəsi Xızır kimi köməyimə çatdı. Yaxınlaşıb “panikaya düşməyin - dedi, - yabançı deyilsiniz, bizdənsiniz, baqajınızı indi həmən taparıq”. Avtobus şirkətinə zəng vurub, çamadanın yerini müəyyənləşdirdi və mənimlə bərabər geri qayıtdı, tapıb verdi, məni tramvaya da yola salıb, sağollaşdı. Yol boyu Azərbaycana sevgisindən, azərbaycanlı dostlarından danışdı. Məndən hansı bölgədən olduğumu soruşdu, elə bizim kimi, görünür, dostlarından öyrənib. “Qarabağı eşitmisiniz?” - soruşdum. “Eşitməzmiyim?” - dedi. Bu qədər istilik gözləmirdim, açığı, çox xoş oldu. 

İçimdə böyük sevgi və minnətdarlıq hissi ilə o yerlərdən ayrıldım, amma yox, ayrılmadım, yenə qayıdacağam. Orda biz varıq, bizdən olanlar, ürəyi bizimlə döyünənlər  var. 

Ramilə Qurbanlı