Logo
news content
User
Kateqoriyalar

Araşdırma

“Daha ağrımaq istəmirəm” dedi və eyni gündə öldülər...
Bu ölkədə cütlüklərin qoşa evtanaziyasının sayı sürətlə artır

Yan və Els xoşbəxt nikahda az qala yarım əsr yaşadılar. Eyni gündə də öldülər, iyun ayında, özlərinin xahişi ilə həkimlərin vurduğu öldürücü iynədən. Niderlandda belə əməliyyat duoevtanaziya adlandırılır. Bu prosedur tamamilə qanunidir, hərçənd çox nadir hallarda həyata keçirilir. Amma ömrünü məhz belə başa vurmaq istəyən cütlüklərin sayı ilbəil çoxalır. 

Həyatdan könüllü getmək üçün seçdikləri tarixə üç gün qalarkən onların təkər üzərindəki səyyar evləri Niderlandın şimalındakı Frislandiyada, günəş şüasına bürünmüş limanda idi. Onlar heç vaxt bir yerdə qərar tuta bilməyən cütlüklərdən idi, birgə həyatlarının çox hissəsini treylerdə, ya da qayıqda keçirmişdilər. 

“Daş qutuda, yəni adi evdə yaşamağa bir-iki dəfə cəhd etdik, - Yan məni qonaq qəbul edərkən zarafatlaşır, - amma alınmadı; bizə görə deyil o”

Yanın 70 yaşı var və treyler sürücüsünün fırlanan oturacağında bir ayağını altına qoyaraq oturub, belindəki daimi ağrılar yalnız belə vəziyyətdə bir qədər yüngülləşir. Arvadı Elsin 71 yaşı var, demensiyadan əziyyət çəkir, ona görə də fikirlərini çətinliklə ifadə edir. 

“Burada hər şey əladır”, - o, bədənini göstərərək deyir. “Burada isə sadəcə fəlakətdir”, - başını göstərərək əlavə edir. 

Yan və Els hələ uşaq bağçasında tanış olublar və o vaxtdan ayrılmayıblar. Yan cavanlığında Niderlandın gənclərdən ibarət hokkey komandasında oynayırdı, sonra idman məşqçisi oldu. Els ibtidai sinif müəllimi diplomunu alıb. Amma birgə ömür illərində onları suya, qayıqlara, yelkənli idmana ümumi sevgi birləşdirib. 

Gəncliklərində balaca üzən evdə yaşayırdılar. Sonra nisbətən böyük gəmi aldılar və ölkə daxilindəki kanallarla yük daşımağa başladılar. 

Els, eyni zamanda, onların yeganə oğullarını böyüdürdü (adının göstərilməməsini xahiş edib). Məktəb vaxtı uşağı pansiona verdilər. Bazar ertəsindən cüməyə qədər orada olurdu, həftəsonunu valideynləri ilə keçirirdi. Məktəb tətili zamanı uşaq onlarla olanda Yan elə sifarişlər tapmaq istəyirdi ki, maraqlı yerlərə - Reyn çayı boyu, ya da şimaldakı adalara - gedə bilsinlər. 

1999-cu ildə daxili yükdaşımalar bazarında rəqabət çox çətin oldu. 10 ildən artıq ağır fiziki işdən sonra Yanın beli bərk ağrıyırdı. O və Els quruya keçdilər, amma bir neçə ildən sonra yenə suda yaşamağa başladılar. Bu, çox çətin olanda təkər üzərində geniş ev, treyler aldılar. 

2003-cü ildə Yanın belində əməliyyat aparıldı, amma halı yüngülləşmədi. O, güclü ağrıkəsicilər qəbul etməyi dayandırdı, amma daha işləyə bilmədi, Els isə dərs deyirdi. Hərdən evtanaziya haqqında danışırdılar və Yan deyirdi ki, özünün fiziki məhdudiyyətləri ilə çox yaşamaq niyyətində deyil. Təxminən həmin dövrdə ər-arvad Niderlandın NVVE - “Ölüm hüququ” təşkilatına üzv oldular.

“Bir ovuc dərman qəbul edərkən özünü zombi kimi hiss edirsən, - Yan izah edir. - Bu üzdən də mənim ağrılarımı və Elsin xəstəliyini nəzərə alaraq, hesab edirəm ki, buna son vermək lazımdır”.

Els işləməyi 2018-ci ildə dayandırdı. Demensiyanın ilkin əlamətləri peyda olmuşdu, amma həkimə müraciət etməyi qəti istəmirdi. Ola bilər, ona görə ki, özü Alsheymer xəstəliyinə mübtəla olan atasının tədricən sönməsini müşahidə etmişdi. Amma elə məqam yetişdi ki, artan həyəcanlı simptomlara əhəmiyyət verməmək daha mümkün deyildi. 

2022-ci ilin noyabrında “demensiya” diaqnozunu eşidən Els həkim kabinetindən çölə atıldı. “O, qəzəb içində idi, qızmış öküz kimi”, - Yan xatırlayır. 

Vəziyyətinin daha yaxşılaşmayacağını anlayan Els Yan və oğlu ilə duoevtanaziyanı - birgə ölümü müzakirə etməyə başladılar. 

Niderlandda evtanaziyaya (eləcə də intihar zamanı yardıma) qanunla icazə verilir, ancaq iki mühüm şərtlə: öldürülməsini insan özü, könüllü istəməlidir, onun iztirablarını isə - fiziki, ya mənəvi - həkimlər dözülməz və yaxşılaşma perspektivi olmayan hesab etməlidirlər. 

Həyatdan getməkdə kömək üçün müraciət edən hər bir şəxsi məcburi qaydada iki həkim müayinə edir: ikinci müstəqil şəkildə birincinin diaqnozunu təsdiqləməlidir. 

2023-cü ildə Niderlandda 9 min nəfər evtanaziya vasitəsilə həyatdan gedib - bu, ümumi ölümlərin təxminən 5 faizidir. 

Edilən evtanaziyaların 33-ü qoşa idi, yəni 66 nəfər bu dünyanı sadiq həyat yoldaşı ilə birlikdə tərk edib. Prosedur üçün təbiblərin razılığını almaq zatən asan deyil, partnyorlardan biri demensiyadan əziyyət çəkəndə vəziyyət lap qəlizləşir, çünki insanın anlaqlığı sual altına düşür. 

“Həkimlərin çoxu demensiyalı pasiyentin evtanaziyası barədə düşünmək belə istəmirlər”, - heriatriya (qocalıq xəstəliklərini öyrənən elm) professoru və Rotterdamlı Erazm Tibbi mərkəzinin etika üzrə eksperti Rozmarin van Bruxem deyir. 

Yan və Elsin ailə terapevti də belə həkimlərdən idi və belə prinsipial mövqe - onun və başqa həkimlərin - statistika rəqəmlərində də əks olunur. 2023-cü ildə evtanaziya ilə öldürülənlərdən yalnız 336-ı demensiya xəstəsi idi. 

Bəs belə halda pasiyentdə “dözülməz əzablar”ın mövcudluğu haqqında qanunun məcburi tələbinə əməl edildiyini həkimlər necə müəyyən edirlər? 

Doktor van Bruxem deyir ki, demensiyanın erkən mərhələsində olan pasiyentlərin bir çoxunu həyatdan getmək fikrinə məhz gələcəkdə hadisələrin necə cərəyan edəcəyinin qeyri-müəyyənliyi yönəldir.

“Doğrudanmı vacib və lazımlı bildiyim şeyləri yerinə yetirmək qabiliyyətini itirəcəyəm? Öz ailəmi tanımayacağam? Əndişələrinizi əvvəlcə bir həkimə (o sizi eşitsə, anlasa və evtanaziyaya razılıq versə), ikincisinə - psixi kompetentlik üzrə mütəxəssisə - aydın şəkildə izah edə bilsəniz, baş verə biləcəklər qarşısında ekzistensial qorxunuz evtanaziya haqda ərizənizin baxılması üçün səbəb ola bilər”. 

Ailə həkimi heç cür razılıq vermədiyindən Yan və Els səyyar klinikaya - Evtanaziya üzrə ekspertiza mərkəzinə müraciət etdilər. Ötən il Niderlanddakı “qoşa ölümlər”in 15 faizi məhz bu klinikanın həkimlərinin nəzarəti altında keçirilib. Bu zaman, orta hesabla, hər üç ərizədən birinə müsbət cavab verilir. 

Cütlük birlikdə həyatdan getmək istəyirsə, həkimlər qərarın qarşılıqlı olduğuna, partnyorlardan heç birinin digərinə təsir etmədiyinə qəti əmin olmalıdırlar. 

Doktor Bert Keyzer iki dəfə qoşa evtanaziya proseduru keçirib. Amma müraciət edən üçüncü cütlüyü də xatırlayır: o zaman şübhələndi ki, kişi qadını onunla birlikdə ölməyə məcbur edir. O, növbəti vizit zamanı qadınla təklikdə danışdı.

“O, mənə nə qədər planlarının olduğunu dedi...!”, - Keyzer danışır. Qadın ərinin ağır xəstə olduğunu anlayırdı, amma onunla birlikdə ölmək istəmirdi. 

Evtanaziya ərizəsi rədd edildi və kişi tezliklə təbii səbəblərdən öldü. Arvadı hələ də sağdır. 

Protestant teoloji universitetinin tibbi etika üzrə professoru Teo Bör Niderlandda evtanaziyanın azsaylı tənqidçilərindən biridir. Onun sözlərinə görə, palliativ müalicə sahəsində irəliləyiş çox vaxt sanksiyalaşmış qətlin həyata keçirilməsi zərurətini yumşaldır: “Mənə elə gəlir ki, həkim tərəfindən qətlə haqq qazandırmaq olar. Amma istisna hallarda”

Qoşa evtanaziyaların populyarlığının artması Börü narahat edir, xüsusən də bu ilin əvvəlində baş verən hadisədən sonra: o zaman Niderlandın keçmiş baş nazirlərindən biri arvadı ilə birlikdə həyatdan getməyi qərara aldılar və onların əhvalatı dünya mətbuatına çıxdı. 

“Son il ərzində biz onlarla qoşa evtanaziya halına şahid olmuşuq və ümumən birgə ölümün “qəhrəmanlaşdırılması” tendensiyası mövcuddur, - Bör əmindir. - Qətl tabusu dağılır. Xüsusən də söhbət qoşa evtanaziyadan gedəndə”.  

Mümkündür ki, Yan və Els hələ uzun müddət öz treylerlərində yaşaya bilərdilər. Çox tez öldüklərini düşünmürlərmi?

“Yox, yox, mənə elə gəlmir”, - Els cavab verir. 

“Mən öz ömrümü yaşamışam və daha ağrı istəmirəm, - əri də ona qoşulur. - Biz alışdığımız həyata davam etmək üçün çox qocayıq. Bizə elə gəlir ki, yekunlaşdırmaq vaxtıdır”

Önəmsiz olmayan daha bir səbəb var. Həkimlərin sözlərinə görə, Els hələ ki, öz ölümü haqda müstəqil qərar qəbul etməyə qadirdir, amma xəstəliyi inkişaf edir və tezliklə bu qabiliyyətini itirə bilər. 

Yan və Elsin oğlu üçün valideynlərinin qərarını qəbul etmək asan deyildi.

“Heç kim valideynlərinə ölmək icazəsi vermək istəmir, - Yan izah edir, - göz yaşısız olmadı. Oğlumuz dedi ki, “hər şey düzələr, daha yaxşı günlər gələr”. Amma mənim üçün yox”.

 Els də eyni şey hiss etdiyini deyir: “Başqa çıxış yolu yoxdur”

Evtanaziya öncəsi son günü Yan və Els oğul və nəvələri ilə keçirdilər. Həmişə işgüzar olan Yan gələcəkdə treylerin satışının detalları haqda danışmaq istəyirdi. 

 “Sonra anamla çimərliyi gəzdik. Uşaqlar oynayırdılar, gülürdülər... Çox qəribə gün idi, - oğul deyir. - Axşam xörək yeyəndə gözlərimin dolduğunu xatırlayıram: dərk etdim ki, hamımız birlikdə sonuncu dəfə şam edirik”

 

Bazar ertəsi səhər hospisdə toplaşanlar az deyildi. Hər ikisinin ən yaxın dostları, Yanın qardaşı və Elsin qardaşı, oğul və gəlin gəlmişdi...

“Həkimlər gələnə qədər bir yerdə keçirmək üçün iki saat vaxtımız vardı, - oğulları deyir. - Xatirələrimizi bölüşürdük... Musiqiyə də qulaq asırdıq”

Els “Travis” qrupunun “İdlewild” mahnısını, Yan isə “Beatles”in “Now and Then” mahnısını seçdi. 

“Son yarım saat ağır idi, - oğulları deyir. - Amma sonra həkimlər gəldi və hər şey sürətlə baş verdi, onlar dəqiq və mütəşəkkil hərəkət edirdilər, protokola uyğun. Beləcə, bir neçə dəqiqədə hər şey bitdi”.

Həkimlər Yan Faberə və Els van Leeningenə ölümcül iynə vurdular və onlar eyni gündə, 2024-cü il iyunun 3-də sakitcə öldülər. 

Oğulları valideynlərinin treylerini hələ satışa çıxarmayıb. Treylərdə arvadı və uşaqları ilə məzuniyyətə getməyi düşünür: “Gec-tez satacağam. Amma onun barəsində ailəmdə xoş xatirənin qalmasını istəyirəm”

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/cg3j4ypeedzo