Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Casus oyunları və İsrailin öldürücü zərbəsi
Tehran İsraili vursa, nüvə reaktorları bombalanar, cənubi Livana girmək üçün bəhanə yaranar

62 yaşlı İsmayıl Haniyənin Tehranda öldürülməsi hələ də bir sıra suallar doğurur. İlkin məlumatlar onun qaldığı evə dron hücumunun baş verdiyini deyirdi. Amma binanın çoxsaylı fotoşəkillərində hava hücumu üçün səciyyəvi olan dağıntılar gözə dəymir. Binanın fasadı yanıb, deməli, Haniyənin ölümü partlayışın nəticəsidir. Partlayışın binanın içində baş verməsi ehtimalı böyükdür. Bombanın qonaq evində hadisədən iki ay əvvəl yerləşdirildiyini guya təsdiqləyən anonim rəsmi şəxslərə istinad edən “The New York Times” jurnalistləri də bu versiyanı önə sürürlər. 

Haniyənin ölümü bütün dünyada o qədər güclü rezonans doğurdu ki, Livan “Hizbullah”ının səhra komandiri Fuad Şükürün ondan bir neçə saat əvvəl Beyrutda baş verən və heç az əhəmiyyətli olmayan qətli kölgədə qaldı. 

“Hizbullah”ın hərbi qüvvələrinin komandanı, Həsən Nəsrullahın sağ əli və mühafizəçisi, ən əsası isə, 1983-cü il oktyabrın 23-də Beyrutda ABŞ dəniz piyadaları kazarmasına hücuma görə uzun illər Birləşmiş Ştatlar tərəfindən axtarışda olan Şükür, İsrail tərəfinin bəyanatına görə, Qolan təpələrinin raket atəşinə tutulmasına cavab olaraq öldürülüb. 

 Bir sutka ərzində - özü də bütün dünyanın “Hizbullah” və İsrail arasındakı gərginliyin son nəticəsini gözlədiyi zaman - baş verən bu hücumlar bir çox suallar doğurur. 

İsrailin İran və Suriyanın hava hücumundan müdafiəsini yarmağa qadir olduğunu bu gün bütün regional oyunçular etiraf etməyə məcburdur. Başqa bir şeyi də etiraf etmək lazımdır: İsrail öz əməliyyatlarını hər dəfə zərgər dəqiqliyi ilə həyata keçirir. Bəs bunu necə bacarır? Terrorçu qruplaşmaların birinci şəxsləri və komandirləri niyə hər dəfə bu tələyə düşəcək qədər səhlənkardırlar? 

Livan hüquq-mühafizə orqanlarının hazırda apardıqları istintaq bu suallara müəyyən cavablar verir. Livan jurnalisti Radvan Mortad bu yaxınlarda istintaqdan növbəti sızmaları dərc edib. “Novoya qazeta”nın Livandakı öz mənbələri də nəql edilən bütün faktları təsdiqləyiblər.  

2023-cü ilin sonlarında Livan parlamentinin spikerinin iqamətgahı ətrafında dövrə vuran avtomobil mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanıldı. Onun diqqətini maşının üzərində quraşdırılmış kamera çəkdi. İki nəfərin olduğu maşına baxış keçirilən zaman onun elektronik cihazlarla dolu olması aşkar edildi. 

Milliyətcə livanlı olan sərnişinləri saxlayıb, dindirdilər. Onların hər ikisi “Google Maps”a işlədiklərini və şirkətlə müqavilə əsasında ətrafın vizual xəritəsini hazırlamaqla məşğul olduqlarını dedilər. Ancaq çox tezliklə məlum oldu ki, “Google” şübhəli maşına aidiyyatı yoxdur. Hər iki sərnişin həbs edildi, cinayət işi açıldı. 

Artıq istintaq çərçivəsində hər iki şübhəli Texasda yerləşən “Monolith” şirkətinə işlədiklərini etiraf etdilər. Onların Beyrut şöbəsində cəmi dörd nəfər vardı. 

“Monolith” hələ 2021-ci ildə DHL vasitəsilə Texasdan Livana xeyli telekommunikasiya avadanlığı göndərib. Onların arasında GPS-naviqatorla təchiz olunmuş bir noutbuk, SDR-radioskanner, şəbəkələrə qoşulmaq üçün marşrutlaşdırıcı, eləcə də Amerika şirkətinin tətbiqi quraşdırılmış iki mobil telefon vardı. Bağlamada həmçinin ön və arxa kamerası olan bir ədəd “gopro max” qurğusu var idi. (bu cihaz hər iki saniyədə bir şəkil çəkir).

 

“Monolith”lə əlaqə yaradan livanlılara iki müxtəlif operatorların (Livanda cəmi iki operator var - Alfa və Touch) sim-kartlarını almaq və göndərilən telefonlara taxmaq tapşırılmışdı. Onlar casus avadanlığı ilə dolu avtomobillə iki il ərzində bütün Livanı dolaşdılar və “Monolith” ölkədəki az qala bütün mobil rabitə istifadəçilərinin məlumatlarına çıxış əldə edə bildi. 

Onların avtomobilindəki cihazlar rabitə operatorları tezliklərinin skanlaşdırılması, eləcə də mobil rabitə qüllələrindən siqnalların analizi üçün istifadə olunurdu. Eləcə də avtomobilin marşrutu boyunca Wi-Fi nöqtələri sındırılır, bununla da Wi-Fi şəbəkəsinə qoşulan hər bir mobil telefonun və ya planşetin yeri barədə informasiya əldə olunur. Bütün bunlar sifarişçilərə heç olmasa bir dəfə mobil internetdən və Wi-Fi-dan istifadə edən istənilən şəxsin yerini müəyyən etməyə imkan verir. 

İstintaq zamanı aydın olub ki, “Monolith” şirkətinin rekvizitləri saxta imiş: Texasda göstərilən ünvanda sadəcə yaşayış binası yerləşir. Gerçək sifarişçilər isə, əlbəttə, İsrail xüsusi xidmətləri idi. İşi yerinə yetirən livanlılar da bunu anlamaya bilməzdilər: onların ikisi 200 min dollar həcmində qonorar aldıqlarını etiraf edib. Digər ikisi isə, görünür, bilmədən istifadə ediliblər və tezliklə azadlığa buraxıldılar. 

Casuslar tutulana qədər Livanın bütün sahilboyunu, Beyrut, Kisrevan, Cübeyl, el-Matn və Beyrutun cənub şəhərətrafını (“Hizbullah”ın istinadgahı) gəzməyə macal tapmışdılar.

Onlar gopro və GPS, SDR cihazları vasitəsilə mobil şəbəkələrin sındırılmasından əlavə, keçdikləri bütün rayonların 3D xəritəsini tərtib etməyə kömək ediblər. Bu informasiya ABŞ-dakı qəbuledici serverə göndərilir və bundan sonra avtomobildə gizlədilən avadanlıqlardan avtomatik silinib. 

Detallı vizuallaşmış xəritəyə, Livandakı bütün sosial şəbəkə istifadəçilərinin yeri və yerdəyişməsi haqqında məlumatlara malik olan israillilər neyron şəbəkə vasitəsilə çətinlik çəkmədən zərbə anını müəyyənləşdirə bilirdilər, həm də minimum yan itkilərlə. 

Görünür, israillilər məhz bu əməliyyat sayəsində “Hizbullah”ın bir sıra görkəmli səhra komandirlərini aradan götürə bilib: “Hizbullah”ın sahil sektorunun komandiri İsmayıl Yusuf Baza; “Radvan” qüvvələrini qərb sektorunda raket qrupunun komandiri Məhəmməd Hüseyn Şəhuri; “Hizbullah”ın raket hissələrinin komandir müavini Əli Əbdül Həsən Naim və onlarla başqaları. İş o yerə çatdı ki, Nəsrullah özü tərəfdarlarını mobil rabitədən istifadə etməməyə çağırdı. 

Eyni texnologiyadan İranda və başqa ölkələrdə istifadə olunub-olunmaması bilinmir. Amma İsrailin həyata keçirdiyi hücumların dəqiqliyi şübhələr üçün az yer saxlayır. 

İran və “Hizbullah” indi çox xoşagəlməz vəziyyətdədirlər. Tərəfdarları onlardan cavab zərbəsi gözləyir, amma İsrail də məhz həmin zərbəni gözləyir və ondan qəti qorxmur. 

Görünür, Netanyahu tammiqyaslı müharibəni arzulayan yeganə adamdır. O, İran və satellitlərini fəal şəkildə təhrik edir. İranyönümlü general və siyasətçiləri sağda-solda öldürür - Suriyada, İranda, Livanda və Yəməndə. Tehranın İsrailə güclü zərbə cəhdi ikinciyə İranın nüvə reaktorlarını bombalamaq və bufer zonası yaratmaq bəhanəsi ilə cənubi Livana girmək üçün bəhanə verər. Hələ bununla kifayətlənsə, yaxşıdır. 

Haniyənin ölümündən bir gün əvvəl Şükürün öldürülməsi - çox yaxşı geosiyasi gedişdir. Amerikanın ən çox axtarılan cinayətkarlar siyahısında olan şəxsin qətli - faktiki Ştatlara hədiyyədir. 

Belə ənama xatir onlar İranın yeni prezidentinə və ayətullah Xameneinin özünə endirilən silləyə və bunun region üçün mümkün nəticələrinə barmaqarası baxacaqlar.  

ABŞ alovlanan konfliktə görə öz narahatlığını artıq büruzə verib: Onlar HDD-nın 12 gəmidən ibarət qrupunu Aralıq dənizinə göndəriblər. Gəmilərdə xeyli sayda silah və qanadlı raketlərdən savayı 3500 dəniz piyadası var. 

Qeyd edək ki, bütün bunlar Baydenin prezidentlik yarışından çıxması fonunda baş verir: o, deməli, səliqəsiz geosiyasi gediş üzündən yenidən seçilmə şansını korlayacağından narahat olmalı deyil. İndi Baydenin əl-qolu açıqdır. 

Bu zaman isə İsrail ordusunun cənub ərazilərinə təcavüzü gözlənilən Livanda ABŞ nəhəng səfirlik kompleksi tikir. Bu, Yaxın Şərqdə ABŞ-ın ən böyük səfirliyi olacaq. Amerika İrana açıq-aşkar göstərir ki, regionu ona vermək niyyətində deyil və lazım gələrsə, İsrailə ən ciddi dəstək göstəriləcək. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://novayagazeta.ru/articles/2024/08/03/bolshe-ne-zvonite