Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Casus generalın tarixçəsi: İndi o, “faşistlərə” yardım paylayır...
“Bizim ölkəmiz faşist zibilindən təcili təmizlənməlidir”

“The Insider” Moldovanın keçmiş Baş qərargah rəisi İqor Qorqanla onun Rusiya Baş Kəşfiyyat İdarəsindən (QRU) kuratoru Aleksey Makarovun Teleqram yazışmasını əldə edib. Qorqan respublikadakı siyasi vəziyyət haqda mütəmadi məruzə edib və öz silahlı qüvvələri üçün hərbi texnika və sursat almaqdan ötrü gələn Ukrayna nümayəndələrinin səfərləri barədə məlumatlar ötürüb. “Moldovalı əlaqələndirici” Baş qərargahda 2021-ci ilin sentyabrına qədər, yeni prezident Mayya Sandu istefaya göndərənədək işləyib. 2023-cü ilin iyulunda isə rusiyalı diplomat-casusların ölkədən qovulması ərəfəsində BMT-də işə düzəlib. Moldova Müdafiə Nazirliyində köhnə əlaqələri sayəsində Qorqan QRU-nun mühüm xəbərçisi olaraq qalmaqda idi. 

İqor Qorqan və Aleksey Makarov 2022-ci ilin aprelindən, yəni Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin başlamasından sonra xüsusilə fəal əlaqə saxlayıblar. Konfidensial görüşlər ya Kişinyov kafelərində, ya da balıq tutarkən keçirilib. “Mən kiminlə oldu görüşə bilərəm, mən işgüzar adamam, sürətlə irəli getmək lazımdır! Balıq tutmağa gedək və hər şeyi danışaq! Biz tarixi dövrdə yaşayırıq! Və biz tarix yazacağıq!” - moldovalı generalın məktublarından biri belədir. 

Həmin xəbərləşmələrə əsasən, QRU-nu Ukraynanın qonşu ölkələrdə, o cümlədən Moldovada hansı silahlar alması xüsusilə maraqlandırırmış. General Qorqan dərhal məruzə edir: “Ukrayna Markuleştdə yerləşən 6 Miq-29-u almaq (ya da “partnyorlar”ın köməyi ilə götürmək) istəyir. Çox israr edirlər... Təyyarələr hələ ki, öz yerlərindədir. Əməliyyatı BƏƏ-dəki saxta şirkət vasitəsilə yaxın günlərdə keçirmək istəyirlər”.

Elə həmin gün başqa bir xəbər: “Yanacaq dolu qatarlar Moldova ərazisindən, daha konkret Yetuliya kəndindən Ukraynanın Reni yaşayış məntəqəsinə gedir. Yanacaq qatarı yalnız gecələr hərəkət edir, gündüz yerində dayanır ki, RF hava qüvvələrinə hədəf olmasın”

“Təşəkkür”, - polkovnik Makarov cavab verir. 

Kuratora növbəti xəbər özünü çox gözlətmir: “Ukraynalılar 3 həftədir ki, bizim Müdafiə Nazirliyində gəzib dalbadal hər şey istəyirlər, xüsusən də artilleriya mərmiləri”.

Ukraynanın Rumıniya vasitəsilə silah tədarükü də Qorqana rahatlıq vermir, polkovnik Makarova tövsiyələr edir: “Rumıniya ilə sərhədi dərhal qapatmaq lazımdır! Ora böyük dəlikdir! Oradan Ukraynaya xeyli yük gedir. Xüsusən də hərbi yüklər. Rumınların silah və sursat istehsal edən bəzi hərbi zavodları hələ də işləyir”.

Agent Qorqan


Agent Qorqanın bioqrafiyası MDB ölkəsində yaşayan sovet ordusu zabiti üçün çox tipikdir. O, 1969-cu ildə Moldovanın Dubisari şəhərində anadan olub. Həqiqi hərbi xidmətdən sonra Novosibirskdə Ali Ümumqoşun hərbi məktəbinə daxil olub, 1991-ci ildə bitirib. Artıq müstəqil Moldovaya qayıdan Qorqan əvvəlcə Odessada hava-desant diviziyasında xidmət edib, daha sonra Kişinyovda 2-ci motopiyada briqadasının komandiri olub. 

Perspektivli zabit təhsilini artırmaq üçün 2001-ci ildə ABŞ Baş qərargahının Livenvort fortundakı kollecinə göndərilib. 2003-cü ildən NATO-nun Bosniya və Herseqovinada, Gürcüstanda və İraqdakı missiyasında iştirak edib. 

General 2013-cü ildə Moldovanın Baş qərargah rəisi vəzifəsini tutdu, amma o zamankı müdafiə naziri Anatol Şaları ilə konflikt üzündən [2016-cı ildə] postunu tərki etdi. Moskvanın əlaltısı İqor Dodanın prezident seçkilərində qələbəsindən sonra Qorqan 2019-cu ildə yenidən Baş qərargaha rəhbərlik etdi. Bu dəfə kreslosunda 2021-ci ilin sentyabrında yeni prezident Mayya Sandu istefaya göndərənə qədər oturdu. 

Özü getsə də, Moldovanın Müdafiə nazirliyində Qorqanın xeyli adamları qalmışdı və onu məxfi informasiya ilə təmin edirdilər. Özünün “yazışma dostu”na bunları deyirdi:

“Ukrayna nümayəndələri MEZON hərbi zavodu ilə əlaqə yaratmaq üçün bizim Müdafiə Nazirliyinin nümayəndələrinə çıxıblar. Bu, Kişinyovdakı keçmiş radioelektronika zavodudur. Sovet ordusunun ehtiyacları üçün müxtəlif elektronika buraxırdı. İndi ukraynalılar təmirdə və Toçka-U taktiki kompleksinin texniki sənədlərinin verilməsində çox maraqlıdırlar. Söhbət ilk növbədə Toçka-U-nun elektron bloklarından gedir. Təmas dünən olub!!! Bizim Baş qərargahdakı zabitlərdən birinə Ukraynadan zəng ediblər və kömək istəyiblər”

Yerlərdəki məmurlar arasında da Qorqanın həmfikirləri var. Onlardan biri Bulboaka hərbi poliqonunda Moldova ordusunun təlim atışları keçirəcəyi haqda sənəd göndərib. Aydındır ki, kağız dərhal QRU-nun mənzil-qərargahına göndərilib. 


Hərbi xarakterli məlumatlardan savayı general Moldova rəhbərliyində daxili siyasi vəziyyət haqda da məlumatlar verir və prezident Mayya Sandunun publik çıxışlarını diqqətlə izləyir - kuratora göndərdiyi onlarla iqtibas bunu təsdiq edir. Onu Baş qərargahdakı kreslosundan məhrum edən xanım Sanduya agent xüsusilə nifrət edir. “O hələ çox şeylər törədəcək!”, - deyə Makarovu xəbərdar edirdi. 

QRU-dan kuratorlar

Qorqanın QRU nümayəndələrinə nə vaxt çıxmasını və öz xidmətini təklif etməsini müəyyənləşdirmək mümkün olmayıb. “The Insider”in hərbi kəşfiyyatdakı mənbəsinin ehtimalına görə, fəal təmaslar, çox ehtimal, 2004-cü ildə, Qorqan NATO missiyasında xidmət edərkən başlayıb. Ən azı o məlumdur ki, polkovnik Makarova qədər Rusiyanın Kişinyovdakı hərbi attaşesi Vadim Uxnalyovla agentura əlaqəsində olub. Uxnalyov Moldovaya qədər Litvada casusluq edib, “amma nə hoqqa çıxarıbsa, təcili geri çağrılıb”. İndi polkovnik Uxnalyov Qazaxıstanda hərbi attaşe vəzifəsini tutur və “ hərbi rəhbərliklə yaxşı münasibətlər yaradıb”. 


Uxnalyovun gedişindən sonra Qorqanı digər hərbi attaşe - İqor Dovbnya kurasiya edib. O da casusluq fəaliyyətinə görə 2017-ci ildə Moldovadan qovulub, indi Qırğızıstanda Rusiya hərbi attaşeləri aparatına rəhbərlik edir və Bişkekdə yaşayan keçmiş sovet ordusu zabitlərilə, veteran təşkilatları ilə əlaqələr qurur. 

Polkovnik Makarov

2019-cu ildən Qorqan üzərində “hamilik” Rusiya səfirliyində hərbi attaşelikdə işləməyə başlayan polkovnik Makarova keçib. Makarov 2001-ci ildə Moskva Ali Ümumqoşun komandirləri məktəbini bitirib və oradan hərbi kəşfiyyata keçib. Paytaxtın ünvan bazasında polkovnikin ünvanı kimi QRU-nun mənzil qərargahı göstərilib - Xoroşevo şosesi 76-b. 

Rusiya casusluğu üzrə ixtisaslaşan moldovalı tədqiqatçı jurnalistlər general Qorqanı dəfələrlə Kişinyovdakı Rusiya səfirliyində, bir dəfə də Makarovla konfidensial görüşdə görüblər. 

Yazışmalara əsasən, agent və kurator arasında xeyli dostyana münasibətlər formalaşıb. Məsələn, general kuratora şikayət edir ki, Novosibirskdəki qızına pul göndərə bilmir. Moldovada hər şeyin Rusiya qoşunlarının gəlişinə hazır olması barədə xəbərlərlə Makarovu bombardman edir: “Bizim ölkəmiz faşist zibilindən təcili təmizlənməlidir. Çoxları hazırdır. Vaxt çatıb. Mən ordudakı vəziyyətə nəzarət edirəm. Xoşbəxtlikdən burada "Azov" və digər millətçi birliklər yoxdur, siyasətçilərlə isə sürətlə bacararıq”

Generalın siyasətçilərlə necə bacaracağını ehtimal etmək çətin deyil. 

2023-cü ilin iyulunda rusiyalı diplomatların Moldovadan kütləvi qovulması ərəfəsində Qorqan əlaqəni kəsib və BMT-nin Kişinyovdakı qaçqınlar üzrə nümayəndəliyində (UNHCR-Moldova) işə düzəlib. 

Agentlik Ukraynadan olan bütün köçkünləri qeydə alır və onlara yeni yerlərində məskunlaşmağa kömək edir. Taleyin ironiyasına bax - lap yaxınlara qədər kuratoruna Ukraynanı blokadaya almağı təklif edən Qorqan indi ukraynalı uşaqlara humanitar yardım paylayır. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://theins.ru/politika/272103