Azərbaycanda fantastik bahalaşma - 233 faiz (!)
“Zibil pulunun” bir dəfəyə 30 qəpikdən 1 manata qədər artımı nə dərəcədə ədalətlidir?
11 İyul 2024
Tarif Şurası iyunun 29-da həmişəki kimi gecə saatlarında keçirdiyi “iclasında” bəzi məhsulların və xidmətlərin qiymətini “tənzimlədi”. Başqa sözlə desək, qiymət qaldırıldı. Hamı da şikayət etdi ki, bəs ölkədə daha çox istifadə edilən Aİ-92 markalı benzinin qiyməti qalxdı, çox az adamın (daha çox varlı təbəqənin) istifadə etdiyi Aİ-95-in qiyməti isə aşağı salındı. Daha ağır zərbə, dizellə bağlı oldu. Kənd təsərrüfatında, sənayedə daha çox işlədilən dizelin qiyməti 80 qəpikdən 1 manata qalxdı. Paralel olaraq, ictimai nəqliyyat – avtobus, metro qiymətləri də bahalaşdı.
Bundan əvvəl isə qiyməti süni şəkildə 2 dəfədən çox bahalaşdırılan, keyfiyyəti isə nəinki qalxmayan, əksinə daha da düşən, axtaranda da tapılmayan əlçatmaz taksi xidməti...
Bu bahalaşma xəbərləri fonunda, bir “tənzimləmə” hamının diqqətindən yayındı... - bərk məişət tullantılarının daşınması, el dili ilə desək, “zibil pulu” adambaşına 70 qəpik qaldırılaraq 1 manat edildi. Bu fantastik artıma (233 faiz!!!) fikir verən də olmadı. Yalnız zamanı çatanda – müvafiq qurumlar gəlib ödənişi tələb edəndə, vəziyyət çətinləşəcək, insanlar etiraz edəcəklər.
İclasda bildirilib ki, daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər aşağıdakı kimi təsdiq edilib.
Bərk məişət tullantılarının yığılması və daşınması xidmətinə görə:
Bakı şəhəri üzrə:
- Əhali qrupu üzrə – 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).
- Qeyri-əhali qrupu üzrə – 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).
- Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.
Digər regionlar üzrə:
-Əhali qrupu üzrə – 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).
-Qeyri-əhali qrupu üzrə – 1 kub metr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).
-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.
Maraqlıdır ki, “zibil pulunun” son tarif tənzimlənməsindən 13 il ötür və ümumi bahalaşma fonunda qiymətin qaldırılması qaçılmaz idi. Qərarda da iddia olunur ki, yeni tarif tənzimləməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, dövlət büdcəsindən asılılığı azaldacaq, abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu sahəyə marağını təşviq edəcək.
Amma qiymətin 233 faiz (!!!) artırılması heç bir əndazəyə sığmır. Təsəvvür edin, 4 nəfərlik ailə bu günə kimi “zibil pulu” üçün 1 ilə təxminən 14,5 manat edirdisə, bundan sonra 1 ilə 48 manat (!) ödəniş etməli olacaq. Aradakı fərqin fantastikliyi göz önündədir. Hələ xidmətin səviyyəsini demirik.
Mövzu ilə bağlı Pressklub.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu, süni qiymət artımıdır və belə bir bahalaşma olmamalıdır.
Ekspert deyib ki, digər qiymətlərlə bərabər bu qiymətlərin də artması gözlənilən idi: “Amma birdən-birə 70 qəpik artım edilməsi gözlənilməz oldu. Bu addımı ədalətsiz hesab edirəm. Göstərilən xidmətin səviyyəsi də bu qiymətlə müqayisədə çox aşağıdır. Əsasən Bakının ətraf kəndlərində, Abşeronda vəziyyət dəhşətlidir. Zibillər dolub-daşır, baxımsızlıq baş alıb gedir. Hətta bəzi yerlərdə zibil qabları belə yoxdur. Amma bələdiyyələr gəlib zibil pulu istəyir. Bu qiymət artımının qəti əleyhinəyəm”.
Beləcə, ilin sonunda, ortasında qapınıza 50, 60, 80 manat ödəmək tələbi ilə gələndə, şoka düşməyin. Hazır olun. Elə bir durumdur ki, heç kim zibil pulu ödəməkdən yayına bilməyəcək. Çünki pulu ödəməsəniz, sabah yaranacaq böyük məbləğdəki borc sizdən məhkəmə yolu ilə tələb olunacaq.
Ümumiyyətlə, çalışın, ətrafı zibilləməyin.
Və... bacarsanız, zibilləri təmizləyin...
Günay Elşən