Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Adını dahi dramaturqun qoyduğu aktyor, yazıçı, rəssam, idmançı... – HƏYAT HEKAYƏTİ
Otuza yaxın filmdə çəkildi, fəxri ad və təltif almadan öldü

Geniş tamaşaçı kütləsi onu "Onun böyük ürəyi"ndə Rəcəb, "Bir qalanın sirri"ndə Elşən, "Bizim küçə"də Rasim və başqa filmlərdə oynadığı rolları ilə kinoaktyor kimi tanıyır. 

Ədəbiyyatsevərlər isə daha çox yazıçı və tərcüməçi kimi tanıyırlar. Bu da kifayət deyil, qəhrəmanım həm də peşəkar jurnalist və istedadlı rəssam idi... 

Yaşasaydı, bu il 95 illik yubileyini qeyd edəcəkdi. Söhbət Azərbaycan kinosunda romantik obrazların ifaçısı, aktyor, yazıçı, tərcüməçi, rəssam və idmançı Gündüz Abbasovdan gedir. 

Uşaqlığı 

O, 1930-cu il noyabrın 20-də Bakının Dağlı məhəlləsində dünyaya gəlib. Adını dahi yazıçı-dramaturq Cəfər Cabbarlı qoyub. Yəni, Cəfər Cabbarlının "Sevil" pyesindəki Balaşın oğlu Gündüzün şərəfinə qoyublar. Gündüz adı da Cabbarlının əsərlərində həyat verdiyi onlarla addan biridir. Gündüzün anası Mələk xanım görkəmli dramaturq, şair, teatr xadimi Cəfər Cabbarlının qardaşı qızı idi. Atası Şəmsəddin Abbasov tanınmış yazıçı və jurnalist, Azərbaycan Radiosunun ilk sədri, Bakı kinostudiyasının direktoru olub. 

Təbii ki, adı ilə bərabər taleyi də ədəbiyyat, incəsənət və sənətlə bağlı olub. Çünki elə bir ailədə böyüyüb. Demək olar ki, uşaqlığı teatrda, kinoda keçib. Aktyorların qucağında gəzib. Ağlı kəsəndən onu əhatə edən mühitdə ədəbiyyata, incəsənətə olan sevgi kiçik yaşlarından Gündüzün də qəlbinə hakim kəsilib. Gördüklərini, onu əhatə edən mühiti, dünyanı, keçirdiyi  hissləri həm fırça, həm də qələmlə təsvir  etməyə başlayıb. Enerji bitməyib ki, bitməyib. 

1952-ci ildə Bakı Rəssamlıq Məktəbini, 1961-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib.

Gənclik illəri 

Tələbəlik illərindən bədii yaradıcılığa daha çox meyl edib. Görünür, jurnalistika fakültəsi, universitet mühiti istedadının o tərəfinin inkişafına təkan verib. Hekayələr yazıb, dünya ədəbiyyatından tərcümələr edib. 1950-1960-cı illərdə onun "Papasının qızı", "Canlı körpü" və "Qanadlar" adlı üç kitabı çapdan çıxıb. Dövri mətbuatda yüzlərlə hekayə, felyeton, məqalə və oçerki dərc olunub.

Peşəkar şəkildə rəssamlıqla və yazıçılıqla məşğul olub. Kitablarındakı illüstrasiyaları da özü çəkib. Gündüz Abbasov həm də yaxşı tərcüməçi idi. O, Anatoli Aleksin, Aleksey Tolstoyun və Çandar Krişanın əsərlərini Azərbaycan dilinə çevirib. Eyni zamanda dublyaj üçün ssenariləri yüksək səviyyədə dilimizə tərcümə edib.

İlk rəsmi iş yeri də atasının arxasınca radio olub. Azərbaycan Radiosunun Gənclər şöbəsinin müdiri işləyib. Sonra "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının redaktoru kimi fəaliyyət göstərib. "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri vəzifəsində çalışıb.

Kinoda 

Görünür, sonralar, uşaqlıqdan yetişdiyi kino mühiti onu öz ağuşuna səsləyib və içində bir aktyor yatan Gündüz bu səsə biganə qala bilməyib. İlk dəfə 1942-ci ildə "Sovet pəhləvanı" adlı qısametrajlı bir filmə çəkilib. 

 Böyük kinoya isə 1958-ci ildə "Onun böyük ürəyi" filmi ilə gəlib. Kinodramaturq İmran Qasımovun ssenarisi əsasında rejissor Əjdər İbrahimovun “Azərbaycanfillm” kinostudiyasında ekranlaşdırdığı bədii filmdə Rəcəb obrazı iyirmi səkkiz yaşlı Gündüz Abbasova həvalə edilib. O zaman Gündüz evli idi, iki uşağı da vardı. Çəkilişlər zamanı altıaylıq olan qızı Şəhla da "Onun böyük ürəyi" filmində Rəcəbin bacısı Səmayənin qızı Lalənin körpəlik dövrünü canlandırıb. Ailəlikcə göz açan kimi sənətə atılırlar. Düzdür, qızı sonra aktrisa olmadı, amma o mühitdə böyüdü.  

Ailə

Hə, onu da əlavə edim ki, Gündüz Abbasovun həyat yoldaşı da aktrisa idi, Ofeliya Məmmədzadə. 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, kiçik komediya səhnələrində də oynayardı. H.Cavidin "Səyavuş" əsərində Kəndçi qızı, "İblis"də Rəna, S.Vurğunun "Vaqif" əsərində Gəlin və Gürcü qızı, C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Firəngiz, S.Rəhmanın "Yalan" əsərində Kəklik, İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Gövhər xanım obrazlarını məharətlə yaradıb. 

Sonralar Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərib. Bəşir Səfəroğlu, Əliağa Ağayev, Hacıbaba Bağırov və başqaları ilə tərəf müqabil olub. Gündüz Abbasovdan fərqli olaraq, Əməkdar Artist fəxri adına da layiq görülüb. 2007-ci ildə 67 yaşında dünyasını dəyişib, Gündüz Abbasov isə 64 yaşında, 1995-ci ildə. 

Gündüz Abbasov əmisinin adını daşıyan “Azərbaycanfilm” kinostudiyasında 30-a yaxın filmdə çəkilib. “Alman klinikasına şəxsi səfər”, “Arvadım mənim, uşaqlarım mənim”,  “Aygün”, “Babək”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Cəza”, “Dədə Qorqud”, “Doğma sahillər”, “Leyli və Məcnun”, “Onun böyük ürəyi”, “Telefonçu qız” və sair. 

 

Rejissor Fikrət Əliyevin çəkdiyi "Yuxu" filmində ifa etdiyi Hidayət kişi rolu epizodik olsa da, Gündüz Abbasovun oynadığı digər rollar kimi yaddaqalandır. Hidayət aktyorun kinoda son işidir. Film çəkilişləri 1993-cü ildə başlayıb, çəkilişi 1994-cü ildə başa çatıb. Ancaq filmin tam istehsalı müəyyən səbəblərdən 2001-ci ildə başa çatıb.

Bütün bu filmlərdən onu ən çox xatırladan "Onun böyük ürəyi"ndə Rəcəb roludur. 

 1959-cu ildə kinorejissor Əlisəttar Atakişiyevin Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında çəkdiyi "Bir qalanın sirri" film-nağılındakı Elşən rolu isə Gündüz Abbasovun kino yaradıcılığında xüsusi yer tutur. Həkim babanın qollarını açan yaraşıqlı qəhrəman Elşən rolu, necə deyərlər, sanki Gündüz Abbasovun boyuna biçilmişdi.

Gündüz Abbasov həm də "Mozalan" respublika satirik kinojurnalının bir çox kinosüjetində yaddaqalan rollar yaradıb.

Hə, bir məsələni deməmişəm axı, Gündüz Abbasov həm də peşəkar idmançı idi. Hətta respublika voleybol komandasının üzvü, daha sonra kapitanı kimi beynəlxalq yarışlarda da iştirak edib.

Ömrünün sonlarında xatirələrini qələmə alır,  üstəlik "Keçmişsiz" adlı roman üzərində çalışırmış. Nə yazıq ki, hər ikisini tamamlamağa ömür vəfa etməyib. 

Görünür, həyatdan gördüyü vəfasızlıq yalnız o deyil. Bu qədər istedadı nədənsə lazımi şəxslər fərq etməyib. Gündüz Abbasovun heç bir fəxri adı, təltifi yoxdur. 

Yazar: Ramilə Qurbanlı