46 ilin sirri: “Buz üzərində möcüzə” necə baş verdi?
Ötən əsrin ən heyrətamiz idman hadisəsinin tarixçəsi
23 Fevral 2026
“Buz üzərində möcüzə” (Miracle on Ice) — 22 fevral 1980-ci ildə Leyk Plesiddə keçirilən Qış Olimpiya oyunlarında SSRİ və ABŞ milli hokkey komandaları arasında baş tutmuş oyuna verilən addır. Dünya və Olimpiya çempionu statusunda çıxış edən sovet komandası gözlənilmədən tələbə komandalarının oyunçularından formalaşdırılmış ABŞ millisinə uduzdu. Bu matç hokkey turnirində medalların bölüşdürülməsində həlledici rol oynadı: final mərhələsinin son oyununda Finlandiyanı məğlub edən ABŞ komandası qızıl medallara sahib oldu.
Əksəriyyət bunu absurd təsadüf kimi qəbul etsə də, ABŞ-ın bir çox vətəndaşı üçün “Buz üzərində möcüzə” XX əsrin ikinci yarısının ən parlaq hadisələrindən birinə çevrildi. ABŞ oyunçularından birinin bacısının sözlərinə görə, o, 1960-cı illərdən bəri küçələrdə bu qədər çox bayraq görməmişdi. “Amma o vaxt biz onları yandırırdıq”, — deyə qadın əlavə edirdi.
Olimpiya Oyunları ərəfəsində SSRİ hokkey komandası
Sovet komandası Leyk Plesidə dünya hokkeyinin lideri kimi gəlmişdi. 1970-ci illərin ortalarında yaşanan enişdən sonra (ardıcıl iki dünya çempionatında qızıl medal qazana bilməyəndə) komandaya yeni baş məşqçi — Viktor Tixonov gəldi.

Onun rəhbərliyi altında komanda 1978 və 1979-cu illərdə dünya çempionu oldu. 1979-cu ildə qazanılan qələbə xüsusilə təsirli idi: İsveç və Çexoslovakiya ikirəqəmli hesabla darmadağın edildilər (müvafiq olaraq 11:3 və 11:1 — Press klub), turnirin final mərhələsindəki görüşlər isə 5 və daha çox şayba fərqi ilə qazanıldı.
1979-cu il dünya çempionatından əvvəl SSRİ Çağırış Kuboku çərçivəsində Nyu Yorkda NHL yığmasını üç oyundan ibarət seriyada məğlub etdi. Qapını Vladimir Mışkinin qoruduğu son oyunda sovet komandası 6:0 hesablı qələbə qazandı.
SSRİ komandasını turnirin favoritinə çevirən digər amil komandanın Qış Olimpiya oyunlarındakı ənənəvi güclü çıxışları idi. 1956–1976-cı illərdə SSRİ altı dəfə Olimpiya hokkey turnirində iştirak etmiş və beş dəfə qalib olmuşdu (hətta dünya çempionatında birinci yeri tutmadığı illərdə belə).
1963-cü ildən etibarən dünya və Olimpiya hokkey turnirlərində mükafat dəstlərinin demək olar ki, hamısı SSRİ, Çexoslovakiya və İsveç arasında bölüşdürülürdü (Kanadanın aktivində isə daha 4 bürünc medal vardı). Bu 21 turnirdən 18-də qalib sovet komandası oldu. Vladislav Tretyakın sözlərinə görə, sovet hokkeyçiləri həmin dövrdə “çexlər”in və “isveçlilər”in o qədər də güclü olmadığını bilirdilər. ABŞ komandası isə ümumiyyətlə rəqib kimi nəzərdən keçirilmirdi. Əslində, Leyk Plesiddə SSRİ komandasının ciddi rəqibi yox idi.
Olimpiya Oyunları ərəfəsində ABŞ hokkey komandası
ABŞ hokkey komandası Leyk Plesiddə Olimpiya medallarına real iddiaçı kimi heç kim tərəfindən qəbul edilmirdi. 1963-cü ildən başlayaraq ABŞ dünya hokkey çempionatlarında cəmi bir dəfə 4-cü yeri tutmağa nail olmuşdu. Əksər hallarda isə komanda 6-cı, 7-ci və ya 8-ci yerlərlə kifayətlənir, Finlandiya və AFR-ə uduzurdu. Amerikalıların “aktiv”ində ABŞ-da keçirilmiş son Qış Olimpiya Oyunlarında (1960) qazanılmış qələbə, 1972-ci il Qış Olimpiya oyunlarının gümüş medalları və ölkədə nisbətən güclü tələbə hokkey çempionatı vardı.
Baş məşqçi postuna 1974, 1976 və 1979-cu illərdə Minnesota Universitetinin komandasını ABŞ tələbə çempionatında qələbəyə aparan Herb Bruks seçildi.

Onun artıq ABŞ millisinə rəhbərlik təcrübəsi də vardı — 1979-cu il dünya çempionatında amerikalılar 7-ci yeri tutmuşdular. Görünür, o qədər də uğurlu olmayan bu nəticə nəzərə alınaraq, baş məşqçi postu əsas namizədin imtinasından sonra Herb Bruksa təklif edildi.
Psixoloq kimi Herb Bruks milli komandanın potensial 400 oyunçusuna 300 sualdan ibarət testlər göndərdi. Ona iddialı, lakin “ulduz xəstəliyi”nə tutulmamış idmançılar lazım idi. Bundan başqa, Bruks Kanadanın fiziki gücə, Avropanın kombinasiyaya əsaslanan oyun tərzinin qarışığından ibarət üsluba malik komanda yaratmağı qarşısına məqsəd qoymuşdu. Komandaya ən güclülər deyil, məşqçinin ideyasını həyata keçirə bilən oyunçular seçildi.
Herb Bruks beşliklərin uyğunluğuna və yüksək fiziki hazırlığa xüsusi önəm verirdi. O, matçların sonunda əksər komandaların (sovet komandası istisna olmaqla) əvvəlki aktivliklə sürüşə bilmədiyini görürdü. Olimpiya oyunlarından əvvəlki 5 ay ərzində ABŞ komandası ABŞ-da, Kanadada və Avropada 62 oyun keçirdi. Fiziki yüklənmə imkanların sərhədində idi və bəzən zəif oyuna görə cəza kimi tətbiq olunurdu. Xüsusilə Norveçin olimpiya komandası ilə heç-heçədən sonra keçirilən “məşq” məşhurlaşdı: Herb Bruks hokkeyçilərə bir saat ərzində sprint qaçışları (onun şərəfinə “herbizlər” adlandırılan) etdirmişdi. Zalın işıqları söndürüldükdən sonra belə məşq davam etmişdi.
Mütəmadi sərt tələblər məşqçiyə qarşı nifrət yaradırdı — lakin bu, komandanın daha da birləşməsinə xidmət edirdi. Oyunçular məşqçinin ifadələrini, “bruksizmlər”i toplamağa başlamışdılar. Məsələn: “Bu komanda yalnız istedad hesabına qalib gələcək qədər istedadlı deyil” və ya “Gündən günə daha pis oynayırsınız, amma indi elə oynayırsınız ki, sanki artıq gələn ayın ortasıdır”.
Məşqlər güclü psixoloji təzyiqlə müşayiət olunurdu. Mayk Remsinin dediyi kimi: “O, beynimizi qarışdırmaq üçün hər fürsətdən istifadə edirdi”. Komandanın kapitanı Mayk Eruzione hətta illər sonra belə etiraf edirdi ki, Herb Bruks onun evinə gəlsə, narahatlıq keçirərdi. Olimpiya oyunlarına bir neçə həftə qalmış Bruks hələ də komandadakı mühitdən narazı idi və “sürpriz” hazırladı — məşqlərə iki yeni hokkeyçi dəvət etdi. Yeni oyunçular komanda tərəfindən soyuq qarşılandı. Söhbət baş verdi və hokkeyçilər Bruksa bildirdilər ki, onlar artıq bir ailədir və son heyət yalnız bütün məşq prosesindən keçmiş oyunçulardan ibarət olmalıdır. Komanda artıq formalaşmışdı.
Olimpiya öncəsi son oyun
Olimpiya oyunlarının başlanmasına 3 gün qalmış SSRİ və ABŞ komandaları Nyu Yorkda məşq xarakterli oyun keçirdilər. SSRİ 10:3 hesabı ilə qalib gəldi, lakin bu qarşılaşma Olimpiya turnirinin əsas oyununa ciddi təsir göstərdi. Sovet komandası öz üstünlüyünə bir daha əmin oldu, ABŞ komandası isə düzgün nəticələr çıxara bildi. Herb Bruks bu məğlubiyyətdən komandanı daha da havalandırmaq üçün istifadə etdi. Məsələn, əsas qapıçı Cimmi Kreyqə dedi ki, onu məşq oyunlarının əksəriyyətində oynatmaqla səhv edib. Bu irad Kreyqi qəzəbləndirdi — və o, bütün Olimpiya turnirini möhtəşəm keçirdi.
Olimpiya turniri
ABŞ-ın qrupdan çıxması
İlkin mərhələdə 12 komanda iki qrupa bölünmüşdü və hər qrupdan ən yaxşı iki komanda final mərhələsinə yüksəlirdi. ABŞ-ın düşdüyü qrupda əsas favoritlər Çexoslovakiya və İsveç komandaları idi.
İsveçə qarşı ilk oyun amerikalılar üçün ağır sınağa çevrildi. Oyunun keyfiyyətindən narazı qalan Herb Bruks soyunub-geyinmə otağında “dəhşətli bir səhnə” yaratdı. Hücumçu Rob Makklenehen çox ağrılı əzələ spazmı (və ya zədə) almışdı və artıq idman formasını çıxarırdı. Komanda həkimindən zədənin ağırlaşma təhlükəsi olmadığını dəqiqləşdirən Bruks onu varlı “pirojna yeyən” adlandırdı və nalayiq sözlərlə söydü. Makklenehen eyni tərzdə cavab qaytardı, amma formasını geyinib, oyunu davam etdirdi. Sonradan məşqçi qeyd edirdi ki, oyunçunu və onun ailəsini yaxşı tanıdığı üçün hansı “düymələrə basmaq” lazım olduğunu da bilirdi. Periodun sonunda qapıçını altıncı meydan oyunçusu ilə əvəz edən ABŞ görüşün bitməsinə 27 saniyə qalmış hesabı bərabərləşdirdi — 2:2.
İkinci oyunun (Çexoslovakiyaya qarşı) nəticəsi isə daha da inanılmaz oldu — ABŞ komandası 7:3 hesabı ilə qalib gəldi. Bir neçə il sonra ən güclü slovak hokkeyçilərindən biri Peter Ştyasni amerikalı kapitana deyəcəkdi: “Mayk, siz Leyk Plesiddə bizi barmağınıza doladınız!!!”. Elə bu oyunda televiziya tamaşaçıları Herb Bruksla da “tanış oldular”. Mark Consonun hokkey çubuğu ilə vurulma nəticəsində zədə almasından sonra ABŞ məşqçisi televiziya çəkilişinə məhəl qoymadan çexoslovakiyalı hokkeyçiyə qışqırdı: “O lənətə gəlmiş çubuğu boğazına soxaram!”
Sonrakı oyunlarda amerikalılar Norveç, Rumıniya və AFR komandalarını məğlub etdi, qrupda İsveçdən sonra 2-ci yeri tutdu və final mərhələsinə yüksəldi. Maraqlıdır ki, Olimpiya turnirində keçirdikləri 7 oyunun 6-da amerikalılar ilk qolu buraxırdılar, lakin həmin 6 oyunun hamısında üçüncü periodu qazanmışdılar (isveçlilərlə isə üçüncü period 1:1 hesablı heç-heçə bitmişdi).
SSRİ-nin qrupdan çıxması
SSRİ ilkin mərhələdə 5 oyunun hamısını qazanaraq, ümumi 51:11 hesabı ilə çıxdı. Bununla belə, bu qolların böyük hissəsi Yaponiya, Hollandiya və Polşa kimi o qədər də güclü olmayan komandaların qapısından keçirilmişdi. Finlandiya və Kanada ilə oyunlarda isə sovet komandası iki dəfə hesabda geri düşmüş, yalnız üçüncü periodda qələbə qazanmışdı.
İki güclü qapıçısı — Vladislav Tretyak və Vladimir Mışkin — olan SSRİ komandasının baş məşqçisi Viktor Tixonov hər ikisinə Olimpiya turnirində oyun təcrübəsi qazanmaq imkanı verirdi. SSRİ komandası qrupdan 1-ci yerlə çıxdı və final mərhələsi üçün 2 xal qazandı (2-ci yeri Finlandiya tutdu).
“Çexlər”in qrupdan çıxa bilməməsi və medal zonasından kənarda qalması sovet hokkeyçilərində təəccüb doğurdu. Komandaya Lenin ordeni də daxil olmaqla, dövlət mükafatları vəd edilmişdi. Vasilyev və Tretyakın xatirələrinə görə, əsas rəqibdən məhrum olan oyunçular faktiki olaraq artıq “ordenlər üçün dəliklər hazırlamağa” başlamışdılar.
SSRİ – ABŞ oyunu ərəfəsində
Final turnirinin ilk günündə ABŞ SSRİ ilə qarşılaşmalı idi. Sovet məşqçiləri tələbələrdən ibarət komandaya qarşı hokkeyçiləri kökləməkdə böyük çətinlik çəkirdilər. Herb Bruksun problemi isə başqa idi — o, oyunçularında rəqibə qarşı izafi hörməti azaltmalı idi. Turnir günlərində o, təkrar edirdi ki, sovet hokkeyçiləri artıq özlərini qalib sayırlar və kimsə onları buna görə cəzalandıracaq. Gərginliyi azaltmaq üçün o, SSRİ komandasının kapitanı və məşqçisi ilə bağlı zarafatlar da edirdi.
Jurnalist Deyv Anderson Olimpiya hokkey turnirinin ehtimal olunan nəticəsi barədə ümumi münasibəti oyundan bir gün əvvəl “New York Times” qəzetində belə ifadə etdi: “Buz əriməsə, yaxud Amerika və ya hansısa başqa komanda 1960-cı ildəki kimi bir möcüzə yaratmasa, ruslar böyük ehtimalla son yeddi turnirdən altıncısında Olimpiya qızıl medallarını asanlıqla qazanacaqlar”.
Buz üzərində möcüzə
ABŞ hokkeyçiləri oyuna son dərəcə səfərbər vəziyyətdə çıxdılar. Əlavə motivasiya üçün soyunub-geyinmə otağının bir divarı uğur arzuları və “qırmızıları darmadağın edin” çağırışları olan teleqramlarla örtülmüşdü (ingiliscə “beat those Commie bastards” — hərfi tərcümədə: “o kommunist bicləri əzin”). Matçdan əvvəl Herb Bruks əzilmiş sarı bir kağız çıxarıb, həmin komandanın üzvlərinin yaxşı xatırladığı sözləri oxudu: “Siz oyunçu olmaq üçün doğulmusunuz. Bura, bu oyuna düşmək sizin taleyiniz idi. Möhkəm olun və şaybanı da saxlayın”.
Oyun yüksək templə başladı. Birinci periodda Vladimir Krutov Kasatonovun zərbəsindən sonra şaybanı ABŞ qapısına yönəltdi. Şnayder qüvvətli uzaq zərbə ilə hesabı bərabərləşdirdi. Sergey Makarov yenidən SSRİ-ni irəli çıxardı. Birinci periodun son saniyələrində görüşün taleyini dəyişən əsas epizod baş verdi. Kristenin uzaq (qırmızı xəttin arxasından) zərbəsindən sonra Tretyak şaybanı birbaşa önünə qaytardı. ABŞ-ın ən güclü hücumçusu Mark Conson iki sovet müdafiəçisi arasından keçdi, Tretyakı aldadaraq periodun bitməsinə bir saniyə qalmış qolu vurdu. Sovet komandası soyunub-geyinmə otağına yollandı, məşqçilər isə qolun period bitəndən sonra vurulduğunu sübut etməyə çalışdılar. Qol sayıldı və komandalar periodun qalan 1 saniyəsini oynamaq üçün buz üzərinə qayıtmalı oldular — SSRİ tərəfdən “atışma”ya üç meydan oyunçusu və ikinci qapıçı Vladimir Mışkin gəldi.
Mışkinin ikinci hissədə də qapıda durması hamının təəccübünə səbəb oldu. Sovet məşqçisi Viktor Tixonov sonradan deyəcəkdi: “Təəssüf ki, birinci periodun son dəqiqəsində Vladislav Tretyakın səhvindən sonra onu Vladimir Mışkinlə əvəz etməyi məsləhət görənləri dinlədim. Sonra Vladislavdan üzr istədim”. Bununla belə, ilk buraxılan qoldan sonra ABC kanalının şərhçiləri Tretyakın turnirdə o qədər də yaxşı formada olmadığını qeyd etmişdilər. Yarışın yekununda onun seyf faizi 6 güclü komandanın qapıçıları arasında ən aşağı idi — 84 % (50 zərbədən 42).
İkinci periodda üstünlük yenə SSRİ tərəfində idi, lakin bu, yalnız Aleksandr Maltsevin vurduğu bir qolla nəticələndi. ABŞ qapıçısı Cimmi Kreyq möhtəşəm oyun göstərir və meydan oyunçularını da ruhlandırırdı. Tretyakın əvəzlənməsi amerikalılara əlavə psixoloji üstünlük verdi. Nəhayət, Leyk Plesid stadionunu doldurmuş tamaşaçılar daim öz hokkeyçilərini dəstəkləyirdilər. Məhz o vaxt amerikalı azarkeşlərin məşhur idman “çağırışı” — “YU-ES-EY!!!” (ing. USA) geniş yayılmağa başladı; bu şüar ilk dəfə isveçlilərlə oyunun sonunda səslənmişdi.
Üçüncü periodda oyun bərabərləşdi və rəqibin əlinə çubuqla vurduğuna görə Vladimir Krutovun şübhəli şəkildə cəzalandırılmasından sonra Conson matçda ikinci şaybasını vuraraq hesabı 3:3 etdi. Sovet komandası fiziki və psixoloji baxımdan belə vəziyyətə hazır deyildi. Oyundan sonra Valeri Vasilyevin təəccübü bunu açıq göstərirdi: “Üçüncü periodda belə sürüşmələri üçün oyunçularınıza nə yedirib-içirirdiniz? Son period həmişə bizim olur. İkinci periodda 3:2 hesabı ilə öndə olanda artıq qələbəyə əmin idik”.
Cəmi 1,5 dəqiqə sonra ABŞ komandasının kapitanı Mayk Eruzione amerikalıları hesabda önə çıxardı. SSRİ hesabı bərabərləşdirmək üçün bir neçə real imkan yaratdı, lakin onlardan istifadə edə bilmədi.
Qalan 8 dəqiqə ərzində amerikalılar nizamlı müdafiə olundu. Herb Bruks üçüncü periodu dörd beşliklə oynatmağa davam edir, onları hər 30–40 saniyədən bir dəyişirdi. “Son hücum”a SSRİ-nin yaşlı birinci üçlüyü buraxıldı; bu üçlük onsuz da oyun boyu yorğun təsir bağışlayırdı. Sovet komandasının, ilk növbədə isə məşqçinin çaşqınlığının zirvəsi o oldu ki, qapıçı Vladimir Mışkin altıncı meydan oyunçusu ilə əvəzlənmədi.
Son bir neçə saniyə “YU-ES-EY!!!” şüarları və saniyələrin “geri sayımı” altında keçdi. ABC kanalının şərhçisi El Maykls son saniyələrdə söylədiyi sözlərlə tarixə düşdü: “Siz möcüzələrə inanırsınız?! Hə!!! İnanılmazdır!!!”
Final fitinə bir neçə saniyə qalmış, tribunaların gurultusu altında amerikalı oyunçular buzun üzərinə səpələndilər və qapıçı Cimmi Kreyqi qucaqlamağa başladılar.
Qızıl medallar
SSRİ üzərində qələbə ABŞ komandasını final turnirində birinci yerə çıxardı (3 xalla), lakin bu belə, medalı zəmanət altına almırdı. Finlandiyaya qarşı son oyunda amerikalılar “ənənəyə uyğun” ilk qolu buraxdılar və ikinci perioddan sonra uduzurdular. Fasilədə Herb Bruks soyunub-geyinmə otağına girib dedi: “Bu oyunu uduzsanız, məğlubiyyət sizi murdar qəbrinizə qədər təqib edəcək”.
Üçüncü periodda ABŞ komandası üç şayba vurdu və Olimpiya çempionu oldu.
Himn səsləndirildikdən sonra komandanın kapitanı Mayk Eruzione bütün komandanı adətən yalnız kapitanların durduğu podiuma çağırdı. Nəticədə məşhur kadr yarandı — bütün komanda ən yuxarı pillədə bir yerdə idi. Bu hadisədən sonra hokkeyçilər üçün fəxri kürsülər böyüdüldü ki, bütün komanda ora sığa bilsin.
Qələbə ABŞ-da dərhal ümummilli bayrama çevrildi, hokkeyçilər isə milli qəhrəman oldular. Prezident Cimmi Karter şəxsən Herb Bruksa zəng edərək, qələbə münasibətilə təbrik etdi.
Həmin nəsil amerikalılar üçün emosiyaların gücü baxımından üç hadisə yanaşı qoyula bilərdi: Prezident Con Kennedinin qətli, Nil Armstronqun Aya qədəm qoyması və 1980-ci il Olimpiya Oyunlarında hokkey komandasının qələbəsi. Bir çoxları bu xəbərləri eşidəndə harada olduqlarını və nə etdiklərini bu gün də xatırlaya bilirlər.
Sonrakı tale
Viktor Tixonovun rəhbərliyi altında SSRİ komandası daha bir neçə il ərzində dünyanın ən güclü hokkey komandası olaraq qaldı. Demək olar ki, eyni heyətlə sovet komandası 1981-ci ildə dünya çempionatını və Kanada Kubokunu (tarixində yeganə dəfə) qazandı, finalda kanadalı peşəkarları 8:1 hesabı ilə məğlub etdi. SSRİ növbəti rəsmi məğlubiyyətini yalnız 1985-ci ildə yaşadı. 1980-ci illər ərzində sovet komandası 8 dünya çempionatından 6-da qalib gəldi və qalan iki Qış Olimpiya oyununda (1984 və 1988-ci illər) birinci oldu.
ABŞ-ın Olimpiya millisi “ulduzlar komandası” olmadı. Bununla belə, o, yaxşı oynamış, balanslı və güclü oyunçulardan ibarət idi. Komandanın 20 üzvündən 13-ü sonradan NHL-də çıxış etdi və Amerika oyunçularının liqadakı mühüm hissəsini təşkil etdi (həmin illərdə peşəkar oyunçuların böyük əksəriyyəti kanadalılar idi).
Ən uğurlu karyera Nil Brotenə nəsib oldu — o, NHL tarixində bir mövsümdə 100-dən çox xal toplayan ilk amerikalı oyunçuya çevrildi.
Ken Morrou həmin il “Nyu-York Aylanders”in heyətində Stenli Kubokunu qazandı və eyni ildə həm Olimpiya qızılı, həm də Stenli Kubokunu əldə edən ilk hokkeyçi oldu. O, bu klubun tərkibində kuboku daha üç dəfə qaldırdı.
1980-ci il Olimpiya komandasının liderlərinin hokkey karyerası isə o qədər də uğurlu olmadı:
Komandanın kapitanı Mayk Eruzione Olimpiya oyunlarından dərhal sonra hokkeydən getdi. O hesab edirdi ki, hokkeydə Olimpiya qələbəsinə bərabər nəyəsə artıq nail ola bilməz.
ABŞ Olimpiya komandasının ən yaxşı bombardiri Mark Conson NHL-də bir komandadan digərinə bir neçə dəfə keçdi.
Qapıçı Cimmi Kreyq NHL-də cəmi 30 oyun keçirdi. Ola bilsin ki, yalnız Herb Bruks ona düzgün yanaşma tapa bilirdi.
Herb Bruksun özü 4 mövsüm “Nyu-York Aylanders”i, bir mövsüm isə “Minnesota”, “Nyu-Cersi” və “Pittsburq” komandalarını çalışdırdı. 2002-ci il Qış Olimpiya oyunlarında ABŞ millisi onun rəhbərliyi altında gümüş medal qazandı. 2003-cü ildə isə o, avtomobil qəzasında həlak oldu.
Müasir dövrdə qəbul edilməsi
Son onilliklərdə “Buz üzərində möcüzə” dəfələrlə XX əsrin ən parlaq hokkey hadisəsi, Amerikanın XX əsrdə ən böyük idman qələbəsi adlandırılıb. 17 may 2008-ci ildə Beynəlxalq Buz Hokkeyi Federasiyası (IIHF) da bu oyunu hokkeyin 100 illik tarixinin ən yaddaqalan anı elan etdi.
“Bəlkə də bu, Sovet İttifaqı tarixində ən yaxşı komanda idi”, — illər sonra Vyaçeslav Fetisov bildirirdi. — Biz final mərhələsində çexlərlə oynamağa hazırlaşırdıq, amma onlar qrupdan çıxa bilmədilər və biz qələbəyə tam əmin olduq. Uduza biləcəyimizi heç vaxt düşünməmişdik, bunun baş verəcəyini ağlımıza belə gətirmirdik. Ona görə də buna “möcüzə” dedilər — çünki belə bir şey insanın həyatında yalnız bir dəfə ola bilər”.
ABŞ-da bu hadisələrdən bəhs edən iki bədii film çəkilmişdir:
1981 — “Buz üzərində möcüzə” (Herb Bruks rolunda Karl Malden)
2004 — “Möcüzə” (Herb Bruks rolunda Kurt Rassell)
Tərcüməçidən: SSRİ hokkey millisinin çox güclü olması mübahisə mövzusu deyil. Lakin başqa idman növlərində olduğu kimi hokkeydə də sovet idmançılarının beynəlxalq turnirlərdəki uğurlarının kökündə müəyyən ədalətsizlik dururdu. Olimpiya oyunlarında (hokkeydə isə həm də dünya çempionatlarında) peşəkarların iştirakına icazə verilmirdi, yalnız həvəskarlar qatıla bilərdilər.
Sovet idmançıları (eləcə də digər sosialist ölkələrinin təmsilçiləri) isə de-yure peşəkar sayılmırdılar. Onlar idmanla guya işdən sonrakı asudə vaxtlarında məşğul olurlar. Məsələn, ÇSKA üzvləri hərbçi, dinamoçular isə milis işçisi sayılırdılar. “Spartak” həmkarlar ittifaqını, “Burevestnik” ali təhsil müəssisələrini təmsil edirdi. “Neftçi” üzvlərinin isə "peşəsi" adından məlum idi.
Beləcə, peşəkar idmanın atletlərin istismarı kimi tənqid edildiyi SSRİ-də əslində hamı peşəkar idi. Gerçəkdə, Qərbdən fərqli olaraq burada həvəskar idman yerli-dibli yox idi. Buna görə də olimpiya oyunlarında sosialist bloku idmançılarının Qərb təmsilçilərindən üstün olmaları təəccüblü deyildi.
Sosialist ölkələrinin tətbiq etdikləri bu yalançı həvəskarlıqdan Qərb ölkələri xəbərsiz deyildilər. Kanada buna etiraz olaraq 1970-ci ildə Beynəlxalq Hokkey Federasiyasını tərk etmiş, 1972 və 1976-cı il olimpiadalarına qatılmamışdı. Sonuncu oyunlarda İsveç millisi də Kanada ilə həmrəy olaraq iştirak etmədi.
1977-ci ildə aparılan danışıqlardan sonra peşəkarlara hokkey üzrə dünya çempionatında iştirak etmək hüququ verildi. Olimpiya turnirlərində iştirak hüququ isə hələ də yox idi.
Bununla belə, bir daha qeyd etməliyəm ki, 1980-ci ildə sovet komandası həqiqətən də çox güclü idi. Aşağıdakı fakt bu iddianı bariz sübut edir.
2008-ci ildə 56 hokkey eksperti arasında XX əsrin simvolik yığmasını müəyyən etməkdən ötrü sorğu keçirildi. Mövqelər üzrə müəyyən edilən 6 nəfərdən dördü (qapıçı Tretyak, müdafiəçi Fetisov, hücumçular Xarlamov və Makarov) SSRİ-ni təmsil edirdilər. Onların dördü də Leyk Plesid Olimpiadasında sovet komandasının tərkibində idilər.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada