100 günlük həbs, özünə əzab verən Nəsimi, sevgisinə qovuşan məmur oğlu...
“Dedim, ölüm ayağındayam, mənə ümid olmayın”
08 Avqust 2024
Tanrının ali məxluq kimi yaratdığı insan ömür boyu yanlışlıqlar edir. Səhvlərlə və onları guya düzəltməyə çalışmaqla keçir ömrümüz. Bir səhvimiz də ondadır ki, sevdiklərimizdən olduqları kimi deyil, bizim istədiyimiz kimi görünmələrini tələb edirik. İnsan övladının hər birində hansısa istedad, qabiliyyət olur. Nə xoş o kəsə ki, yerindədir. İndi söhbət açacağım şəxs də istedadlıdır, illər uzunu öz qabiliyyəti sayəsində sənətinin peşəkarına çevrilə bilib, öz yerindədir, həm də olmaq istədiyi yerdə. Biz isə bəzən ondan öz sahəsində deyil, tamam başqa bir istiqamətdə qəhrəman olmasını istəyir və səhv edirik. Bu səhv həm onu itirməyimizə, həm də onun özünün özünü itirməsinə gətirib çıxara bilər...
Bir az əvvələ qayıdacağam, daha doğrusu, keçmişə, sovet dönəminə...
Sən ey, uşaqlıq...
Ağsuda bir qız vardı. Əlləri ilə o qədər pambıq yığırdı ki, heç kombayn bu nəticəni verə bilmirdi. Zümrüd adlı bu qız o vaxtın pambıq qəhrəmanı idi – “staxanovçu”. Bu Staxanov şaxtaçı olub, əmək sahəsində elə bir rekord əldə edib ki, onun rekorduna yaxınlaşan adama onun adı ilə “staxanovçu” deyirlərmiş. Zümrüd “staxanovçu” olandan sonra partiya işçisi olan Əhmədlə talelərini birləşdirir, həyat yollarında birgə addımlamağa başlayırlar. Amma Zümrüd daha pambıq yığmır. Əvəzində dünyaya səkkiz övlad gətirir - üç qız, beş oğlan. Bu sahədə də, maşallah, “staxanovçu” olur. Məktəbə tez gedib, onu gec başa vurdu ailənin böyüyü Rasim. 1948-ci il avqustun 8-də anadan olmuşdu. Boyca hündür olsa da çəlimsizin biri idi, hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, 5 yaşında artıq əlifbanı bilir, 6 yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. Ona görə də valideynləri qərara gəlirlər ki, Rasimi 6 yaşından məktəbə göndərsinlər. O vaxt qanunla hamı 7 yaşda getməli idi məktəbə, onu götürmək istəmədilər. Atasının partiya fəalı olması işə yarayır bu yerdə. “Mənim üçün 1-ci sinif çox maraqsız keçdi. Onlar hərfləri, rəqəmləri öyrənirdilər hələ, mən bunları çoxdan bilirdim, üzündən sərbəst oxuyurdum”.
Həmin il, yəni 1954-cü ildə məktəbə gedənlər üçün orta təhsil 11 il oldu. Tərs kimi, adam bir il irəli düşmək istədi, amma elə həmyaşıdları ilə eyni ildə qurtardı məktəbi, çünki növbəti il məktəbə gedənlər yenidən 10 illik təhsillə bitirdilər orta məktəbi.
Məktəb illərində ədəbiyyat müəllimi Nabat müəllimin sayəsində ədəbiyyatı, sənəti sevdi Rasim: “Nədənsə mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım onun xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü, aramızda səhnələşdirilmiş kimi oxuyurduq əsəri. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi”.
Bir də Rac Kapurun o vaxt bütün sovetlərə yayılan filmləri Rasimdə bu sənətə maraq oyatmışdı. Bütün günü dostları üçün Rac Kapurun rollarını oynayardı. Bir gün xəbər yayıldı ki, Ağsuda “Uzaq sahillərdə” filmi çəkilir: “10 yaşım vardı. Ağsu aşırımında filmin müəyyən kadrları çəkiləndə mən də tamaşa edirdim. Nodar Şaşıqoğlunu çox sevirdim, ürəyim atlanırdı ki, görəsən mən də belə aktyor ola bilərəmmi? Taleyin işinə bax ki, illər sonra Kino İttifaqının katibi kimi onu öz kabinetimdə qəbul etdim, oturub söhbətləşdik”.
Ana əllərinin nəvazişi üçün getdi, həbsə düşdü
Artıq orta məktəbin son siniflərində Rasim sənətini seçmişdi. Dostu Səməndər Rzayev institutdan kəsilmiş, qayıdıb məktəbdə dram dərnəyi yaratmışdı. Bu, Rasimin arzusunu reallaşdırmağa bir az da təkan oldu. Növbəti il ikisi də Teatr İnstitutunun aktyorluq fakültəsinə qəbul olundular. Ailə də bu addıma qarşı getmədi.
Ümumiyyətlə, rayon partiya komitəsində məsul vəzifədə çalışan atanın oğlu çətinlik görməmişdi, atdığı addımlar da həmişə uğurla nəticələnmişdi. Gəncin gözü ayağının altını görmürdü, elə bilirdi ki, elə həyat belədir, hər şey asanlıqla başa gəlir, istədiyin hər şeyi edə bilərsən.
Üçüncü kursda oxuyurdu, möhkəm soyuqlamışdı, qış sessiyası öncəsi rayona gedir ki, anası onu sağaltsın. Neçə ay idi rayona getməmişdi, anasının nəvazişli əlləri ona dəyən kimi sağalacağına əmin idi, amma soyuqlama keçmək bilmədi. Rayonda bir dostu ilə Ağsu xəstəxanasına yollandılar. Xəstəxananın həyətində bir gənc oğlanla dostunun sözü düz gəlmir, dalaşmalı olurlar. Rasim də, təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub, milis məntəqəsinə gətirirlər.
Bu dava isə həmin dövrdə xırda xuliqanlığa az qala terrorçu kimi cəza kəsildiyi dövrə təsadüf edir. Sovet milisi xuliqanlığa görə Rasimi həbs edir. “100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə bütöv bir həyat dərsi oldu. Çox burnu yuxarı idim, həyat mənim üçün əyləncə idi elə bil. Həbsxana həyatı göstərdi ki, əslində həyat nədir”.
Rasimi həbsxanadan çıxartmaq elə də asan başa gəlmir. Atası vəzifədə olsa da xış kötüyə ilişmişdi. Dostu ilə birləşib döydükləri gənc o vaxtkı baş prokuror Qambay Məmmədovun qohumu imiş. 100 günlük həbsxana həyatından sonra Rasimə məhkəmənin qərarı ilə bir il şərti iş verilir.
Bu vaxt ərzində onun kurs yoldaşları artıq semestr imtahanlarını vermişdilər. Tələbə yoldaşları yığışıb Teatr İnstitutunun rektoru Rahib Hüseynovun yanına xahişə getdilər.
“O vaxt beş-altı uşaq götürürdülər kursa və onları yaxşı yetişdirirdilər. İndiki kimi konveyer üsulu ilə aktyor buraxmırdılar.
Rahib müəllim kurs işlərimi görüb bəyənmişdi. Dedi, səni ona görə kursa bərpa eləyirəm ki, yaxşı bir aktyoru gələcək mədəniyyətimizdən qopartmayım, amma bir də elə bir hərəkətin olsa, heç nəyi nəzərə almayacam”.
Rasimi öz kursuna bərpa edirlər, şərti işin də vaxtı bitir, tələbəlik həyatının da. Rasim institutdan uzaqlaşmır, elə tədris teatrında işə başlayır, institutda dərs də deyir.
İlk baxışdan həyat öz axarına düşmüşdü, Rasim ailə qurmuşdu, sevdiyi əmisi qızı ilə evlənmişdi, işləyirdi. Bakıda bir erməninin evində kirayədə yaşayırdılar, atasının əli də üstlərində idi.
Bir gün Rasim qayğıkeş atanın ölüm xəbərini aldı. Bu qəfil ölüm onu çox sarsıtdı. Həmin il oğlu Ülvinin dünyaya gəlişi onu qismən bu sarsıntıdan çıxara bildi. Amma həyat rahat deyildi daha, kirayədə yaşamaq, ailənin böyüməsi, məvacibin azlığı… Bir tərəfdən də dəvət aldığı bütün sınaqlar uğursuz nəticələnir, az qala təsdiq olunduğu rola belə sonda başqasını çəkirlər.
“Bu nə işdir belə, belə istedadsız idimsə, niyə Müxlis Cənizadə kimi ustad mənim gələcəyimin parlaq olacağını deyirdi, niyə Rahib Hüseynov məni instituta bərpa etdi? Yox, bacarıramsa, niyə bacarıqsız kimi kənarda qalıram?” - kimi suallar ona rahatlıq vermirdi. Ondan bacarıqda geridə olan uşaqlar çəkilirdilər filmlərə, teatrların qapısı üzlərinə açılırdı, amma Rasim üçün bütün qapılar birdən bağlanmışdı elə bil.
1972-ci ildə sarsıntı, əziyyət o həddə çatır ki, Rasim xəstəxanaya düşür. Həmin vaxt onun ikinci oğlu dünyaya gəlir. Rasim xəstəxanadan xəbər göndərir ki, adını Asim qoyun, ölsəm yalnız “R” hərfini adın əvvəlinə əlavə edərsiniz. Depressiya onu çox pis hala salmışdı. Belə xəstələr adətən həyatlarında yaxşılığa doğru əsaslı dönüş olarsa həyata qayıdırlar.
Bu o dövr idi ki, İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi axtarırdılar. Bir gün Həsən Seyidbəylinin yadına Tədris Teatrında gördüyü oğlan düşür və tapşırır ki, ona ssenarini verin oxusun, sınağa gəlsin. Rasim ona xəstəxanada təqdim olunan ssenarini oxumadan qaytarır ki, mənim ömrümə az qalıb, sizi naümid etməyim.
İkinci rejissor bu sözləri Həsən Seyidbəyliyə çatdırır. Rejissor həmin anda səhiyyə nazirinə zəng vurur. Bu xahişdən sonra Rasim yenidən müayinədən keçirilir və onu Mərdəkana əsəb sanatoriyasına göndərirlər. Orda müalicə ala-ala Nəsiminin məşqlərinə başlayır.
1973-cü ildə “Azərbaycanfilm”in Bədii Şurası Rasimin həyatı ilə bağlı çox önəmli bir qərar verir - onu Nəsimi roluna təsdiqləməklə həm də ölümün pəncəsindən qoparır. Rasim sevindiyindən uşaq kimi hönkür-hönkür ağlayır.
Nəsiminin dərisi soyulanda o, öz əlinə mismar pərçimləyirdi
Film Rasim üçün uğurlu başlanğıc oldu. Filmin ilk nümayişinin səhəri Rasim artıq bütün Sovetlər Birliyində məşhur idi - Rasim Balayev kimi.
Filmin rejissoru Həsən Seyidbəyli deyirmiş: “Hamı məni qınadı ki, elə bir obrazı gənc, təcrübəsiz aktyora həvalə etməklə iflas edərsən, riskə getmə. Getdim, amma inandım ki, bu risk deyil, bu gənc çox istedadlıdır, mənə onda öz istedad və bacarığına inam yaratmaq qalırdı ki, o, Nəsimiləşsin”.
Nabat müəllimin ona əruzu gözəl öyrətməsi, qiraəti sevməsi də Rasimin köməyinə çatmışdı. Hər məşqdən, çəkilişdən sonra Rasimin özünə inamı daha da artırdı, bütün vücudu ilə Nəsimi ola bilirdi. Buna görə də həmin il Beynəlxalq Kino Festivalının tapıntısı Rasim Balayev oldu. Elə Azərbaycan kinosunun da.
Bir dəfə Moskvada, kino festivalı vaxtı Rasim Balayev köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbaycandan gedən başqa sənətkarlar da görüb, Rasimə deyirlər ki, öz şəklindən birini də özün al. Rasim elə bilir zarafat eləyirlər onunla, cavab verir ki, hə, mənə yaman oxşayır. Yaxınlaşıb köşkdən şəkli alır və baxır ki, arxasında Rasim Balayev və onun haqqında məlumat yazılıb. O vaxt aktyor hələ öz məşhurluğunun fərqində belə deyilmiş. Bəlkə heç sonralar da.
Ümumittifaq, beynəlxalq kino festivallarının iştirakçısı kimi Rasim Balayev az qala dünyanın yarısını gəzdi. Uşaqlıq kumiri Rac Kapurla bir səhnədə mükafat aldı.
Ən yaxşı kişi roluna görə nominasiyanın qalibi oldu. Ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə aldı.
O vaxt cəmi 25-26 yaşı vardı. 31 yaşında isə Babəki oynadı.
Ardıcıl 70 filmdə sanballı rollara çəkildi. Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda. Onu yalnız müsbət qəhrəman kimi sevmədik, həm də cəmiyyətdəki mənfi tipləri gözlərimiz qarşısında bütün çılpaqlığı ilə canlandırdı. Məsələn, elə “Həm ticarət, həm ziyarət” filmindəki obrazı ilə. İnanıram ki, o obraza tamaşaçı Babəki, Nəsimini, Beyrəyi sevdiyi qədər nifrət edirdi.
Daha rollarını sadalamayacağam, kinoşünas deyiləm, həm də o rolları hamımız görmüşük, məndən eşitməyiniz yenilik olmayacaq.
Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq Artisti idi. Çünki Nəsiminin dərisi soyulanda o əzabı simasında verə bilsin deyə ovcunun içində saxladığı mismarı var gücü ilə sıxıb ətinə pərçimləyəcək qədər sənətini sevirdi. Mismar onun ovcunu parçaladıqca Nəsimi dərisi soyularkən yaşadığı cismani əzabı yaşayır və səhnə onda təbii alınır. Yaxud, “Qatır Məmməd” filmində Göyüş onu vurarkən çəmənliyə yıxılır və çabalamaq istəyir ki, bu vaxta qədərki filmlərdə güllə dəyən kimi yıxılıb ölmək olmasın. Axı insan yerə yıxılır, çabalayır, sonra canını tapşırır. Rasim özünü çəmənliyə çırpanda bilməyib ki, otların arasındakı çapıq daş onu necə yaralayacaqsa, çabalamağa taqəti qalmayacaq ağrıdan.
Ömür boyu qəhrəmanları oynayıb, amma bu o demək deyil ki, biz ondan qəhrəmanlıq gözləyək, umaq. Bu barədə özü də deyib: “Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam”.
Biz ondan umaq ki, nə qədər damarında qan, canında can var, gözəl obrazlar yaratsın və bunun üçün ona şərait yaradılsın.
“Mən Qazandan dönmərəm, istər məni, iki parça et” -deyən Beyrək, “Mən sizinləyəm, insanlar” deyən sərkərdə Babək deyil. Rasim Balayev, “ədalətli olmağa, hamıya kömək etməyə çalışan, yalana, ikiüzlülüyə, riyakarlığa və lovğalığa nifrət edən” bir sənətkardır sadəcə.
Dostların əhatəsində pəsdən oxumağı var, xüsusən onun ifasında “Arxadan zərbə” filmində zümzümə etdiyi mahnı çox gözəl alınır. Oğlunun toyunda isə məxsusi onun üçün yazılıb, bəstələnmiş mahnı ifa edib.
Gözəl qəzəl deməyini, Alim Qasımovla duetini bir neçə dəfə görmüşük.
Xanımı Sevil deyir ki, Rasimdə məni hər şeydən çox ağır təbiəti, mərdliyi və yaratdığı fövqəladə rollar heyran edir.
“Sübhün səfiri” filminin çəkilişlərində bir daha əmin oldum ki, Rasim Balayev çox peşəkar kino aktyordur.
Elə bir aktyor ki, hələ 100 il bundan sonra da kino tariximizdə izi qalacaq. Çəkilmədiyi rollar isə onu gözləyir, qarşıdadır hələ.
Bu gün sənətkarın 76 yaşı tamam olur. Bizə onu təbrik etmək, can sağlığı və sənət uğurları arzulamaq qalır…
Ramilə Qurbanlı