Ziddiyyət: yoluxanlar artır, karantin isə yumşaldılır
18 May 2020
Mayın 18-dən etibarən Azərbaycanda karantin rejimi ciddi şəkildə yüngülləşdirildi. Artıq evdən çıxmaq üçün SMS icazəsi tələb olunmur, insanların sıx toplaşdığı və bir-birinə çox yaxın oturduğu kafelər-restoranlar müəyyən vaxt məhdudiyyəti ilə (saat 18-ə qədər) açılıb. Maraqlıdır ki, qərar koronavirusa yoluxma hallarının artmağa başladığı günlərə təsadüf etdi. Xüsusi karantin rejimi tətbiq olunarkən bu qədər yoluxma halı yox idi.
Bəs, yüngülləşdirmə barədə qərar qəbul edilərkən hansı tendensiya və meyarlar əsas götürülüb?
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov sorğumuza cavab olaraq bildirdi ki, ilkin mərhələdə xüsusi karantin rejiminin tətbiqi xəstəliyin sürətlə yayılmasının qarşısını almağa kömək edib:
“Bununla da başqa ölkələrlə müqayisədə biz yoluxmanı minimum həddə saxlaya bilmişik. Ötən müddət ərzində koronavirusla mübarizədə milli səfərbərlik təmin edilib, ölkə daxilində zəruri qoruyucu məhsulların istehsalı təşkil olunub. Hazırda Azərbaycanda gündəlik təqribən 250 min maska istehsal olunur və 500 min istehsal potensialı formalaşdırılmaqdadır. Dezinfeksiyaedici məhsulların kifayət qədər istehsalı ilə xaricdən asılılıq xeyli azaldılıb. Həmçinin, bu müddət ərzində xaricdən zəruri tibbi vəsaitlər və avadanlıqlar tədarük edilib, uzunmüddətli təminat mexanizmləri yaradılıb. Zəruri maliyyə ehtiyatları formalaşdırılıb, çarpayıların sayını artırmağa, səhiyyə infrastrukturunu genişləndirməyə nail olunub”.
İ.Məmmədovun sözlərinə görə, ötən müddət ərzində xəstələrin əksər hissəsinin sağalması ilə müalicə təcrübəsi formalaşıb: “Koronavirusla bağlı situasiyanı idarə etmək üçün təşkilati təcrübə də artıb, əhalidə özünüqoruma vərdişləri və təcrübəsi yaranıb”.
İ.Məmmədov qeyd etdi ki, bütün dünya karantin rejimindən çıxma mərhələsinə qədəm qoyub: “Belə bir maddi-texniki, təcrübi və biliklər bazasını daha da genişləndirmək və karantin rejimindən tədricən çıxmaq imkanları yaranıb. Bununla belə, yoluxmanın yüksək olduğu zonalar xüsusi nəzarətdə saxlanılır və vətəndaşlarımızın yüksək məsuliyyət nümayiş etdirəcəyinə də inamımız var.”
Baş infeksionist Cəlal İsayev isə bəyan etdi ki, yoluxmanın artması və azalması epidemiyanın xüsusiyyətidir:
“Artmanın səbəblərindən biri odur ki, xaricdən - Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən gələn vətəndaşlarımız arasında yoluxma halları ümumi yoluxanların siyahısına daxil olur. Digər səbəb epidemioloji xüsusiyyətlə əlaqədardır: yoluxma bir gün çox, bir gün az aşkar oluna bilər. Bu, epidemiyanın xüsusiyyətindən asılıdır. Üçüncü səbəb isə, ölkədaxili yoluxmalarla bağlıdır. Çünki bəzi insanların səhlənkarlığı yoluxmanın sayının müəyyən qədər artmasına səbəb olur.”
Karantin rejiminin yumşaldılmasında şübhəsiz ki, iqtisadi faktorun da rolu var. Hökumət ölkədə iqtisadi aktivliyin artmasında, insanların pul xərcləməsində maraqlıdır. Milli Məclisin deputatı Vüqar Bayramov bununla bağlı sualımıza cavabında bildirdi ki, əksər dünya ölkələrində iqtisadiyyatın yenidən açılması həyata keçirilir:
“Epidemiyanın təsirlərinin minimallaşdırılması hədəfdir, amma eyni zamanda, iqtisadiyyatın yenidən açılması və real sektorun canlandırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi də qlobal olaraq gündəlikdədir. Bir sıra inkişaf etmiş ölkələr iqtisadiyyatın yenidən açılması üçün qərarlar və ya tədbirlər planı qəbul etdi. Amma bu qərarlar və bir sıra qadağaların aradan qaldırılması koronavirusa qarşı mübarizədə sosial məsafə qaydalarına, o cümlədən tibbi maskalardan istifadə ilə bağlı şərtlərə əməl edilməməsi anlamına gəlməməlidir. Bütün vətəndaşlarımızın sosial məsafəni gözləməsi və tibbi maskalardan istifadəsi vacibdir. Çünki indiki məqamda yoluxmaların sayının azaldılması birbaşa vətəndaşların bu qaydalara hansı səviyyədə əməl etməsindən asılı olacaq. İlkin olaraq biz də təklif edirdik ki, mərhələli şəkildə qaydaların yumşaldılması məqsədəuyğun olardı. Real sektorun canlandırılması və xüsusən də qeyri-neft sektorundakı artım tempinin qorunub saxlanılması üçün iqtisadiyyatın yenidən açılmasına ehtiyac var. Avropada tətbiq edilən praktika göstərir ki, indiki dövrdə pandemiyaya qarşı mübarizə bir tərəfdən mərhələli şəkildə iqtisadiyyatın yenidən açılması, digər tərəfdən isə qaydalara əməl edilməsi fonunda daha səmərəli olur.”