Əsrin tribunalı: “Bizi asmayın, güllələyin...”
Nasist cinayətkarlar üzərində qurulan Nürnberq prosesi hansı dəhşətləri üzə çıxardı?
17 Oktyabr 2026
80 il əvvəl əsas nasist cinayətkarlar üzərində keçirilən birinci Nürnberq prosesi başa çatdı.
Müharibəyə başlayan və müharibə zamanı hərbi cinayətlər törədən şəxslərin mühakimə olunması ideyası yeni deyil. İlk belə məhkəmə prosesi Birinci Dünya müharibəsindən sonra keçirildi. 1921-ci il mayın 23-də Leypsiqdə hərbi cinayətlər törətməkdə ittiham olunan 45 Almaniya vətəndaşının məhkəməsi başladı. Lakin “Leypsiq tribunalı”nda yalnız əmrləri icra edən şəxslərin işlərinə baxılırdı. Əmrləri verən alman generalların və admiralların adları siyahıdan çıxarılmışdı; onların tabeliyində olan şəxslər isə məhz həmin əmrləri yerinə yetirdiklərinə görə mühakimə olunurdular.
Bu baxımdan, 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək Beynəlxalq Hərbi Tribunalın keçirdiyi Nürnberq prosesi misilsiz hadisə oldu. İlk dəfə bütöv bir dövlətin ali rəhbər şəxsləri hərbi cinayətlərdə və genosiddə ittiham edilərək müttəhimlər kürsüsündə əyləşdilər (yeri gəlmişkən, “genosid” sözü də ilk dəfə məhz Nürnberqdə açıq şəkildə səsləndi). Bütün bunlar Nürnberq tribunalını XX əsrin başlıca məhkəməsi adlandırmağa əsas verir: bu məhkəmə İkinci Dünya müharibəsi tarixində faktiki olaraq son nöqtəni qoydu və onun əsas günahkarlarını dar ağacına göndərdi.
Nürnberq tribunalının yaranması
Göz yummaları və ya birbaşa göstərişləri ilə törədilmiş bütün vəhşiliklərə görə Almaniya rəhbərlərinin cavab verməli olacağına üç aparıcı müttəfiq dövlətin — ABŞ, Böyük Britaniya və SSRİ-nin heç biri 1945-ci ilin mayından xeyli əvvəl şübhə etmirdi. Sovet İttifaqında Beynəlxalq Hərbi Tribunalın yaradılması barədə hələ 1942-ci ilin oktyabrında danışmağa başlamışdılar. Məsələ antihitler koalisiyası ölkələrinin xarici işlər nazirləri səviyyəsində 1943-cü ilin noyabrında, üç dövlətin liderləri səviyyəsində isə 1945-ci ilin fevralında Yalta konfransında razılaşdırıldı. Bununla belə, tarixə bu qəbildən olan ilk böyük proses kimi düşən tribunal 1945-ci il iyunun 26-dan avqustun 8-dək keçirilən London konfransı zamanı rəsmən yaradıldı. Avqustun 29-da 24 nəfərin daxil olduğu ilk hərbi cinayətkarlar siyahısı dərc edildi. Üç ay sonra həmin şəxslər Nürnberqdə Ədliyyə sarayının 600 nömrəli zalında müttəhimlər kürsüsündə əyləşəcəkdilər.
Berlinlə Nürnberq arasında
Sovet İttifaqı nasist hərbi cinayətkarların məhkəməsinin Berlində keçirillməsində təkid edirdi. Lakin həmin vaxt münasibətləri tədricən pisləşməyə başlayan müttəfiqlər prosesin Amerika işğal zonasında keçirilməsinə nail oldular.

Yer dəyişikliyinin rəsmi səbəbi bu idi: Nürnberqdə müharibə illərində demək olar ki, zərər görməmiş Ədliyyə sarayı vardı və o, müttəhimlərin saxlanıla biləcəyi həbsxana ilə yeraltı keçidlə birləşirdi. Berlində isə belə imkanlar yox idi.
Digər bir səbəb Nürnberqin nasional-sosialistlərin “partiya qurultayları şəhəri” olması idi; məhkəmənin burada keçirilməsi simvolik məna daşıyırdı. Bununla belə, Beynəlxalq Hərbi Tribunalın rəsmi qərargahı Berlin olaraq qaldı. Tribunalın ilk iclası 1945-ci il oktyabrın 18-də Müttəfiqlərin Nəzarət Şurasının binasında keçirildi. Həmin iclasda tribunal üzvlərinə 24 müttəhimin işinə aid ittiham aktı təqdim edildi. Bu aktı dörd müttəfiq dövlətin prokurorları 1945-ci il oktyabrın 6-da imzalamışdılar. Qalan bütün dinləmələr və hökmün elan olunması isə Nürnberqdə baş tutdu.
Müttəhimlər və hakimlər
Nizamnaməyə əsasən, Beynəlxalq Hərbi Tribunal dörd üzvdən — Antihitler koalisiyasının aparıcı dövlətlərinin hər birindən bir nəfər — və onların müavinlərindən ibarət idi. Berlin şəhərində keçirilən yeganə iclasda ingilis Ceffri Lourens tribunalın sədri seçildi. Baş ittihamçılar ayrıca siyahıda göstərilirdi; ABŞ, Böyük Britaniya, Fransa və SSRİ-nin hər birindən bir nəfər təyin olunmuşdu. Onların, bir qayda olaraq, iki müavini vardı, lakin sovet tərəfi baş ittihamçının müavininə daha dörd köməkçinin də tribunalın işinə cəlb edilməsinə nail oldu. Müttəhimlərin sayı 24 nəfər idi, amma məhkəmə zalında yalnız 23 nəfər iştirak edirdi: Reyxslayter və NSDAP dəftərxanasının rəhbəri Martin Borman qiyabi mühakimə olunurdu, çünki onun ölməsi və ya harada ola bilməsinə dair dəqiq məlumat yox idi. Onun qalıqlarını tapmaq və kimliyini müəyyənləşdirmək yalnız 1972-ci ildə mümkün oldu. Hər müttəhimə müdafiəçi ayrılmışdı; ümumilikdə onların maraqlarını 27 vəkil müdafiə edir, vəkillərə isə 54 köməkçi və 67 katib yardım göstərirdi.
SSRİ tərəfindən baş ittihamçı Ukrayna SSR-in o vaxtkı prokuroru, ədliyyə general-leytenantı Roman Rudenko oldu.

O, sonralar SSRİ-nin baş prokuroru vəzifəsini tutacaqdı. Onun müavini ədliyyə polkovniki Yuri Pokrovski təyin edildi. SSRİ-nin baş ittihamçısının qrupunda daha dörd köməkçi çalışırdı. Onların arasında proses zamanı müəmmalı şəkildə ölən III dərəcəli dövlət ədliyyə müşaviri Nikolay Zorya, II dərəcəli dövlət ədliyyə müşaviri Mark Roginski, gələcəkdə SSRİ Ali Məhkəməsinin sədri olacaq hüquqşünas Lev Smirnov və artıq o vaxt tanınmış yazıçı olan II dərəcəli dövlət ədliyyə müşaviri Lev Şeynin də vardı. SSRİ-ni tribunalda Ali Məhkəmə sədrinin müavini, ədliyyə general-mayoru İona Nikitçenko təmsil edirdi.

Nürnberq tribunalının ilk iclasını açmaq hüququ da ona verilmişdi. Köməkçisi isə ədliyyə polkovniki Aleksandr Volçkov idi.
ABŞ ordusunun mühafizəsi altında
Nürnberq Beynəlxalq Hərbi Tribunalın keçiriləcəyi yer seçilənədək gələcək müttəhimlər Lüksemburqun Mondorf-le-Ben kommunasında yerləşən “Palas” hotelində, “Aşkan düşərgəsi” adlanan yerdə saxlanılırdılar. 1945-ci ilin mayından avqustunadək burada Herman Görinq və Karl Dönits də daxil olmaqla 86 yüksək vəzifəli alman hərbi əsiri saxlanılır və müntəzəm dindirilirdi. Nürnberq tribunalına hazırlıq zamanı bütün müttəhimlər Ədliyyə sarayı ilə yeraltı keçidlə birləşən həbsxanaya köçürüldülər. Onlar hökm elan və icra olunanadək orada qaldılar. Həbsxananı gecə-gündüz ABŞ ordusunun 1-ci piyada diviziyasının 26-cı alayının “Delta” bölüyünün hərbçiləri qoruyurdu. Müttəhimləri məhkəmə zalına aparıb-gətirir və iclaslar zamanı da mühafizə edirdilər.
Proses rəqəmlərdə
Nürnberqdə Beynəlxalq Hərbi Tribunal 11 ay — 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 29-dək fəaliyyət göstərdi. Həmin il sentyabrın 30-da hökmün elanına başlanıldı və proses oktyabrın 1-də başa çatdı. Bir ildən az müddətdə tribunalın 403 açıq iclası və 216 məhkəmə dinləməsi keçirildi; 240 şahid ifadə verdi, təxminən 300 000 yazılı ifadə oxundu. Tribunalın fəaliyyəti zamanı baş verən və səslənən hər şey protokollaşdırıldı. Protokolun ümumi həcmi 16 000 səhifə təşkil edirdi.
Soyqırım və sülh əleyhinə cinayətlər
Nürnberq tribunalı qarşısında dayanan nasist cinayətkarlarına qarşı irəli sürülən bütün ittihamlar dörd kateqoriyadan birinə aid idi. Birinci kateqoriya nasist partiyasının planları və təcavüzkar müharibələrin aparılması ilə bağlı idi. İkinci kateqoriya sülh əleyhinə cinayətlərə aid idi və müttəhimlərin “beynəlxalq müqavilələri, sazişləri və öhdəlikləri pozan təcavüzkar müharibələrin planlaşdırılmasında, hazırlanmasında, başlanmasında və aparılmasında” iştirakını əhatə edirdi. Üçüncü kateqoriya “Hərbi cinayətlər” adlanırdı və savaş zamanı müharibə qanunlarının və adətlərin pozulması ilə törədilən bütün cinayətləri əhatə edirdi. Dördüncü kateqoriya — “İnsanlıq əleyhinə cinayətlər” — nasistlərin öz xalqına və nasist ideologiyasına görə “natamam insan” sayılan bütün şəxslərə qarşı əməllərini əhatə edirdi.
Hökmə yenidən baxılmır
1946-cı il oktyabrın 1-də 24 müttəhimin 12-si, o cümlədən Martin Borman qiyabi olaraq, asılmaqla ölüm cəzasına məhkum edildi. Məhkumların çoxu edam üsulunun güllələnmə ilə əvəz olunmasını xahiş etsə də, bu istəkləri rədd edildi. Üç nəfər ömürlük həbsə, iki nəfər 20 il, bir nəfər 15 il, daha biri isə 10 il müddətinə azadlıqdan məhrum edildi. Daha üç müttəhim sonda bəraət aldı, baxmayaraq ki, Sovet İttifaqının nümayəndələri tribunalın bu qərarına etiraz etməyə çalışırdılar. Almaniya Əmək Cəbhəsinin rəhbəri Robert Ley hökm elan edilənədək yaşamadı: o, prosesin başlanmasına bir aydan da az qalmış intihar etmişdi. Sənayeçi Qustav Krupp isə sağalmaz xəstə hesab edildi; buna görə onun işi dayandırıldı, daha sonra isə müttəhimin ölümü ilə əlaqədar xitam verildi. Bundan başqa, SS, SD və Gestapo, eləcə də NSDAP-ın rəhbər heyəti cinayətkar fəaliyyətdə təqsirli bilindi. Almaniya Nazirlər Kabineti və hərbi komandanlığı isə belə tanınmadı; bu da SSRİ-nin etirazına səbəb oldu.
Nasistlər üçün dar ağacı
Hökmün elan olunması ilə onun icrası arasında yarım ay keçdi: edam oktyabrın 16-na təyin edilmişdi. Edama üç saat qalmış Hermann Göring kalium sionid qəbul edərək intihar etdi. Qalan məhkumları bir-bir Ədliyyə sarayındakı həbsxananın idman zalına gətirirdilər; orada xüsusi platformalarda dar ağacları qurulmuşdu. Hökmü iki amerikalı hərbçi icra edirdi: 1920-ci ildən peşəkar cəllad olan serjant Con Vudz və ona kömək etməyə könüllü razılıq verən hərbi polis Cozef Malta.

Edam iki saat ərzində başa çatdı. Bundan sonra edam olunanların və Görinqin cəsədləri Münhendəki krematoriyaya aparıldı, iki gün sonra isə külləri İzar çayına səpildi.
Daha on iki Nürnberq prosesi
Məhkumların edamı Nürnberq tribunalının fəaliyyətinə son qoydu, lakin digər nasist cinayətkarlara qarşı məhkəmə işlərini bitirmədi. Sonrakı üç il ərzində ABŞ hərbi komandanlığının yaratdığı Nürnberq Hərbi Tribunalı — burada yalnız amerikalı hakimlər və prokurorlar iştirak edirdi — nasist həkimlərə, işğal olunmuş ərazilərdə yəhudiləri və nasist rejiminin bütün əleyhdarlarını məhv etməklə məşğul olan xüsusi əməliyyat qruplarının (aynzatsqrupların) üzvlərinə, alman sənayeçilərə, hərbi komandanlıq nümayəndələrinə və başqalarına qarşı daha 12 proses keçirdi. Bu dinləmələrin nəticəsində 24 nəfər ölüm cəzasına, 118 nəfər həbsə məhkum edildi, 35 müttəhim isə bəraət aldı.
Miras və mübahisələr
Almaniya ictimai rəyinə belə bir fikir xoş gəlirdi ki, vəhşiliklərə görə məsuliyyəti yüksək vəzifəli nasist məmurları daşıyır, adi və orta səviyyəli nasistlər yox — onlar isə alman cəmiyyətinin böyük hissəsini təşkil edirdilər. Əsas cinayətkarlar məhkum edildikdən sonra əksər almanlar belə düşündülər: “İndi biz bilirik ki, əsl günahkarlar kimdir — və bu kifayətdir”.
Lakin sonrakı proseslər cəmiyyətin daha dərin qatlarına toxundu. Birdən belə bir sual ortaya çıxdı: nasist cinayətlərinə görə məsuliyyət nə qədər uzağa gedə bilər? Və o zaman günahkar yalnız vermaxt, SS, “yolunu çaşmış alman xalqını aldadan” Herman Göring, Henrix Himmler və təbii ki, Adolf Hitler deyildi. Günah yükü çoxlarını əhatə etdi və əksər almanlar bunu qəbul etməkdən boyun qaçırdılar.
Nürnberq prosesi alman cəmiyyətində müəyyən bir narrativ formalaşdırdı ki, bunu kütləvi informasiya vasitələri də qidalandırırdı. Proseslər zamanı demək olar, bütün müttəhimlərin təkrar etdiyi kimi: “Adolf Hitler ətrafında kiçik bir qrup vardı, günahkar da onlar idi. Qalanların hamısı sadəcə əmrləri yerinə yetirirdi — onların heç bir günahı yoxdur”. Bu şəxsi günahın inkarı xalqa da nüfuz etdi. Əvvəlcə orada Hitler ətrafındakı kiçik qrupun qurbanı kimi bir mövqe kök saldı. Bu, nasist diktaturasının 1950-60-cı illərdə çox yayılmış izahı idi.
Nürnberq prosesi beynəlxalq cinayət hüququnun — dövlətin hərəkətlərinə görə ayrı-ayrı şəxsləri məsuliyyətə cəlb edə bilən hüquqi sistemin yaradılmasında mühüm mərhələ oldu. Lakin bu prosesin irsi məyusluq və tənqid doğurur. 1945-ci ildə insanlar inanırdılar ki, Nürnberqdə tətbiq edilən hüquqi normalar sonradan hamıya — o cümlədən qaliblərə də şamil olunacaq.
Lakin belə olmadı, bunu İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq münaqişələr göstərdi. Yalnız soyuq müharibə başa çatdıqdan sonra Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yaradılması mümkün oldu. Amma onun yurisdiksiyasını bütün dövlətlər tanımır — belələrinin arasında ABŞ və Rusiya da var. BCM-in qəbul etdiyi qərarlar müəyyən maraqlarla uyğun gəlmədikdə isə məhkəməni tanıyan ölkələr belə onları nəzərə almırlar.
Pressklubdan:
Əsas Nürnberq prosesində ittiham olunanlar:
- Herman Görinq — “nasist №2”, Reyxstaqın sədri, aviasiya naziri və Hərbi Hava Qüvvələrinin (Luftwaffe) baş komandanı. Edam cəzasına məhkum edildi, lakin hökmün icrasından bir neçə saat əvvəl zəhər içərək intihar etdi.
- Yoaxim fon Ribbentrop — xarici işlər naziri. Edam cəzasına məhkum edildi, asıldı.
- Vilhelm Keytel — Silahlı Qüvvələr Ali Komandanlığının (OKW) qərargah rəisi. Edam cəzasına məhkum edildi, asıldı.
- Ernst Kaltenbrunner — İmperiya Təhlükəsizlik Baş İdarəsinin (RSHA) rəisi, Gestapo və SD-nin rəhbəri. Edam cəzasına məhkum edildi, asıldı.
- Alfred Rozenberq — İşğal Olunmuş Şərq Əraziləri üzrə nazir, nasist irqçi ideologiyasının əsas müəllifi. Edam cəzasına məhkum edildi, asıldı.
- Vilhelm Frik — daxili işlər naziri. Edam cəzasına məhkum edildi, asıldı.
- Yuliuz Ştrayxer — Antisemmit “Der Stürmer” qəzetinin baş redaktoru və naşiri. Edam cəzasına məhkum edildi, asıldı.
- Frits Zaukel — Əmək ehtiyatlarının səfərbərliyi üzrə baş müvəkkil. Edam cəzasına məhkum edildi, asıldı.
- Alfred Yodl — Silahlı Qüvvələr Ali Komandanlığının Əməliyyat rəhbərliyi qərargahının rəisi. Edam cəzasına məhkum edildi, asıldı.
- Artur Zeyss-İnkvart — Avstriyanın ilhaqında (anşlüs) iştirakçı, işğal olunmuş Niderlandın reyxskomissarı. Edam cəzasına məhkum edildi, asıldı.
- Hans Frank — İşğal olunmuş Polşa ərazilərinin (general-qubernatorluq) rəhbəri. Edam cəzasına məhkum edildi, asıldı.
- Martin Borman — Partiya Dəftərxanasının rəhbəri və Hitlerin şəxsi katibi. Qiyabi olaraq edam cəzasına məhkum edildi (sonradan məlum oldu ki, o, 1945-ci ildə Berlində ölüb).
- Rudolf Hess — Hitlerin partiya üzrə müavini. Ömürlük həbsə məhkum edildi. 1987-ci ildə Şpandau həbsxanasında intihar etdi.
- Valter Funk — İqtisadiyyat naziri və Reyxsbarkın prezidenti. Ömürlük həbsə məhkum edildi. 1957-ci ildə səhhətinə görə azad edildi.
- Erix Reder — Hərbi Dəniz Qüvvələrinin (Kriegsmarine) baş komandanı (1943-cü ilə qədər). Ömürlük həbsə məhkum edildi. 1955-ci ildə səhhətinə görə azad edildi.
- Baldur fon Şirax — “Hitlergugend” (nasist gənclər təşkilatı) rəhbəri, Vyananın qaulayteri. 20 il həbs cəzası aldı (tam çəkdi).
- Albert Şpeer — silahlanma və hərbi sənaye naziri, Hitlerin şəxsi arxitektoru. 20 il həbs cəzası aldı (tam çəkdi).
- Konstantin fon Neyrat — xarici işlər naziri (1938-ci ilə qədər), Bohemiya və Moraviya protektoru. 15 il həbs cəzası aldı (1954-cü ildə səhhətinə görə azad edildi).
- Karl Dönits — Hərbi Dəniz Qüvvələrinin baş komandanı, Hitlerin vəsiyyəti ilə nasist Almaniyasının son prezidenti. 10 il həbs cəzası aldı (tam çəkdi).
- Yalmar Şaxt — iqtisadiyyat naziri (müharibədən əvvəl) və Reyxsbankın prezidenti. Bəraət aldı.
- Frants fon Papen — keçmiş vitse-kansler, Almaniyanın Avstriya və Türkiyədəki səfiri. Bəraət aldı.
- Hans Friçe — Təbliğat Nazirliyinin radio verilişləri şöbəsinin rəhbəri. Bəraət aldı.
- Robert Ley — Alman Əmək Cəbhəsinin rəhbəri. Məhkəmə başlamazdan əvvəl kamerada intihar etdi.
- Qustav Krupp — sənayeçi, silah baronu. Səhhəti (ağır iflic) və psixi vəziyyəti səbəbindən ona qarşı iş dayandırıldı.
Hazırladı: Yadigar Sadıqlı