Logo
news content
User
Kateqoriyalar

Analitika

Yeni müharibə hazırlığı
Ermənistan sülh danışıqlarını pozub sərhədə qoşun yığır

Səlim Əzizoğlu

Ermənistan Azərbaycanla sərhədə qoşun yığır. Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, texniki nəzarət vasitələrinin köməyi ilə aydın görünür ki, ermənilər Laçın rayonu istiqamətində sərhədə qoşqusunda artilleriya qurğuları olan dörd KamAZ avtomobili, qoşqusunda döyüş sursatı olan iki KamAZ avtomobili, eləcə də komanda heyəti göndərib.

Məlumatı ilk olaraq yayan “Caliber” saytı xatırladır ki, ermənilər ötən ilin sentyabrında şərti sərhəddə baş verən böyük toqquşmadan öncə də analoji addım atmışdılar.

Eyni zamanda, artıq iki gündür Azərbaycan-Ermənistan sərhədində, eləcə də Qarabağda atəş səsləri eşidilir. Ermənilər sinxron şəkildə həm sərhəddə, həm də Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti məsuliyyət zonasında Azərbaycan ordusunun mövqelərini atəşə tuturlar.

Ən maraqlısı isə bütün bunlardan əvvəl baş verən siyasi proseslərdir. Ermənistan hakimiyyəti Qarabağ məsələsinin (Laçın yolunun yüklər üçün bağlı olmasını) BMT Təhlükəsizlik Şurası səviyyəsində müzakirəsinə çalışır. Böyük ehtimalla, İrəvan bu məsələdə Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Parisin açıq köməyinə ümid edir. Bakı isə İrəvanın bu addımını Azərbaycanın daxili işlərinə qarışmaq kimi dəyərləndirir. Çünki Qarabağın Azərbaycanın bir hissəsi olduğu hətta Ermənistan baş naziri səviyyəsində belə etiraf edilib. Laçın isə ümumiyyətlə, mübahisə mövzusu deyil. Əks halda, Ermənistan 2020-ci il müharibəsindən sonra Laçının qaytarılmasına razılıq verməzdi.

Və beləliklə, Ermənistan faktiki olaraq əvvəlki mövqeyindən geri çəkilir, hüquqi nonsensə əl ataraq, Azərbaycanın öz ərazisində hansı addımlar atmalı olduğunu diktə etməyə çalışır (faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıması sözünün üstündə durmur). Bu isə nə az, nə çox, Ermənistanın danışıqlar prosesindən çıxması kimi dəyərləndirilə bilər.

Bundan əvvəl daha bir məsələ ortaya çıxıb. Rusiyanın “Kommersant” qəzeti redaksiya məqaləsində Ağdam-Xankəndi yolunun əvvəl-axır açılacağını qeyd edib. Maraqlıdır ki, həmin məqalədə ermənilərin bir müddət əvvəl Ağdam yolundan istifadə etməyə razılaşdıqları və son anda bundan imtina etdikləri vurğulanır.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə bu informasiyanı təsdiq edərək, həqiqətən də beynəlxalq vasitəçilərin köməyi ilə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə yük daşımalarına başlaması barədə razılığa gəlindiyini bildirib. Bu razılaşmaya görə, Ağdam-Xankəndi yolundan istifadə edilməsindan 24 saat sonra Laçın yolundan istifadə də intensivləşməliymiş. Bundan əlavə, Qarabağda yaşayan ermənilərlə Azərbaycan tərəfi arasında Yevlaxda görüş keçirilməsi ilə bağlı Bakının təklifi də, logistik məsələlər də razılaşdırılıbmış. Amma ermənilər son anda bütün razılaşmaları pozublar.

Beləliklə, prosesin bütün gedişatı ermənilərin komanda almış kimi nəyəsə hazırlaşdıqlarını göstərir. Əvvəlcə onlar razılaşmanı pozurlar, daha sonra məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırlar, ardınca sərhəddə və Qarabağda atəş səsləri eşidilir və nəhayət, Ermənistan Laçın istiqamətində hərbi qüvvə cəmləşdirilməsinə start verir. Böyük planın mexanizmi işə düşüb. 

Həmişə olduğu kimi, bunun kimə sərf etdiyini araşdırmağa ehtiyac var. Öncə qeyd edək ki, hazırda mümkün böyük və ya lokal toqquşmada Ermənistanın üstünlük əldə etməsi hətta hipotetik olaraq belə, mümkün deyil. Çünki İrəvanın bütün silahlanma cəhdlərinə baxmayaraq, Azərbaycan ordusu erməni silahlı birləşmələrindən (Ermənistan və Qarabağdakı qanunsuz silahlı birləşmələr bir yerdə) qat-qat güclüdür. Ermənilərin isə məğlubiyyətlə üzləşəcəklərini bildikləri halda, avantüraya özbaşına əl atacaqları az inandırıcıdır. Deməli, onların arxasında duran, onları bu addımı atmağa sövq edən qüvvə var.

Danışıqlarda vasitəçi olan ABŞ və Avropa İttifaqının bunda maraqlı olması mümkün deyil. Həm Vaşinqton, həm də Brüssel Rusiyanın bölgədən çıxmasında maraqlıdır və bunun yolu sülhdən, danışıqlardan keçir.

Amma ortada hərbi qüvvələrinin olmayan mandatı 2025-ci ildə bitən və bölgədən çıxması tələb və çağırışları daha aydın eşidilən Rusiya kimi maraqlı tərəf var (Rusiya silahlı birəşmələrinin Qarabağda qalması üçün hələ də tam mandatı yoxdur). Qarabağdakı separatçıların liderlərinin heç bir addımı Kremllə məsləhətləşmədən atmadığını, buna iradəsinin çatmadığını, Ermənistanın isə Rusiyadan nə qədər uzaqlaşmağa çalışsa belə, Azərbaycana ərazi iddiası və Qarabağda gərginliyin qalması məsələsində Moskva ilə birgə fəaliyyət göstərdiyini nəzərə alsaq, göstərişin haradan gəldiyini təxmin etmək olar.

Ermənistanın Qarabağ məsələsində Azərbaycana beynəlxalq təzyiqə nail olmaq üçün hərbi təxribat hazırlaya bilər. Hətta bu, onun növbəti məğlubiyyəti və əsgərlərinin qanı bahasına başa gəlsə belə.