Tramp administrasiyası Rusiyanın tərəfini tutdu - aktivlər açılır, sanksiyalar yumşaldılır
15 Oktyabr 2026
ABŞ-ın danışıqlar aparan nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Avropa İttifaqı ölkələrinin nümayəndələrinə Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqları bərpa etmək məqsədilə Rusiya aktivlərinin bir hissəsinin dondurulmasının aradan qaldırılmasını təklif ediblər.
Bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Uitkoff və Kuşner ötən həftə Mayamidə keçirilən danışıqlar zamanı Böyük Britaniya, Fransa, Almaniya, NATO və Avropa İttifaqının nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının aradan qaldırılması ilə bağlı bir neçə variant təqdim ediblər. Təkliflər arasında Vaşinqtonun nəzarəti altında yeni xüsusi təyinatlı maliyyə alətinin yaradılması da olub.
FT yazır ki, bu ideya sülh sazişinin hazırlanması çərçivəsində müzakirə edilib.
Qəzetin mənbələrinin bildirdiyinə görə, Avropa nümayəndələri Uitkoff və Kuşnerin planını rədd ediblər. Bununla belə, aktivlərin dondurulmasının aradan qaldırılması və həmin vəsaitlərin xərclənməsi mexanizmləri hələ də müzakirə mərhələsindədir.
Nəşr əlavə edib ki, Vaşinqton Kiyevdən istənilən mənbədən əldə ediləcək vəsaitlərin xərclənməsinə dair plan təqdim etməyi də istəyib. Bundan başqa, ABŞ Ukraynada korrupsiyaya qarşı mübarizə və hesabatlılığın təmin edilməsi istiqamətində islahatların aparılması üçün Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq təklif edib.
Bundan başqa, ABŞ Prezidenti Donald Trampın administrasiyası yükdaşıma tariflərini azaltmaq məqsədilə Rusiyanın "kölgə donanması"na qarşı sanksiyaların yumşaldılması imkanını nəzərdən keçirir.
Bu barədə "Reuters" agentliyi amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, əvvəllər sanksiyalara məruz qalmış gəmilərə "qanuni neftin" daşınmasına icazə verilməsi müzakirə olunur. Söhbət ABŞ-ın sanksiyalarına daxil olmayan xam neft və neft məhsullarından gedir. Rəsmi şəxs vurğulayıb ki, bu, məhdudiyyətlərin tətbiq edildiyi Rusiya və İran neftinə aid deyil.
Təşəbbüsün məqsədi Fars körfəzindən daha çox xam neft və neft məhsullarının daşınmasını təmin etməkdir. Rəsmi şəxsin bildirdiyinə görə, sanksiyalara məruz qalmış gəmilərdən istifadə etmək istəyən şirkətlər bunun üçün ABŞ Maliyyə Nazirliyindən müvafiq icazə almalıdırlar.
ABŞ Energetika Nazirliyindən isə bildirilib ki, "kölgə donanması"na qarşı məhdudiyyətlərin yumşaldılması Rusiyaya neft və neft məhsullarını daşımaq imkanı verməyəcək.
Dənizçilik sektorundakı mənbələrin sözlərinə görə, məhdudiyyətlərin yumşaldılması Hörmüz boğazında növbəli daşımalar üçün az sayda əlavə tankerin istifadəyə verilməsinə imkan yarada bilər. Bununla belə, bu addımın yükdaşıma tariflərinin genişmiqyaslı azalmasına səbəb olacağı ehtimalı azdır.
Mənbələr bunu sığorta şirkətlərinin Avropa İttifaqı və Böyük Britaniyanın qaydalarına əməl etmək öhdəliyinin qüvvədə qalması ilə izah ediblər.