Logo
news content
User
Kateqoriyalar

Analitika

Yeni müharibə dalğası
Naxçıvanda təlimlər, siyasi meydanda “döyüşlər”, qərbli müttəfiqlərin Ermənistanda yaratdığı illüziyalar...

Azərbaycan Müdafiə Nazirliyi şərti sərhədin Naxçıvan istiqamətində atəşkəsin pozulduğuna dair məlumatları hər gün yeniləyir. Qeyd olunur ki, Azərbaycan ordusunun mövqeləri qarşı tərəfdəki erməni silahlı qüvvələrinin mövqelərindən atıcı silahlardan atəşə tutulur, düşmənə qarşı cavab tədbirləri görülür…

Bu gün Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü il üçün hazırlıq planına uyğun olaraq, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə, təlimin planına əsasən, bölmələr atəş mövqelərinin tutulması, artilleriya silah sistemlərinin döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər.
“Real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini aşkar edərək sərrast atəşlərlə məhv edib”, - nazirlik qeyd edib.

Bir gün əvvəl isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel arasında telefon danışığı baş tutub. XİN-in yaydığı məlumatda qeyd olunur ki, nazir qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı, hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırıb. “Ermənistan qanunvericiliyində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli hərbiləşməsinin bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb”, - məlumatda bildirilir.

Sentyabrın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Baş nazir aparatının yaydığı məlumata görə, tərəflər Ermənistan-Azərbaycan sülh prosesi və Ermənistan-ABŞ ikitərəfli gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər. 

Vaşinqton sülh prosesinin dəstəklənməsini ikitərəfli, bərabər yanaşma tətbiq etməklə həyata keçirdiyini iddia edir. İndiyə qədər bu səpkidə bir neçə dəfə telefon danışıqları və görüşlər baş tutub. Amma Blinken bu dəfə ənənəsini pozub, bir gün ötsə də, Azərbaycan liderinə zəng etməyib. Gözləyək, görək, Paşinyanla müzakirə olunan mövzular Azərbaycanla da danışılacaqmı? 

O da mümkündür ki, Bakı ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində aparılan erməniyönümlü dinələmələrdən, komitənin sədri Ben Kardinin birtərəfli bəyanatlarından ciddi narazı qalıb. Və Blinkenlə telefon müzakirələrinə maraq göstərməyib.

Xatırladaq ki, ABŞ Konqresinin Helsinki Komissiyasında “Ermənistanda demokratiyanın dəstəklənməsi və Qərbin gələcəyi” mövzusunda dinləmələr keçirilib. Toplantıdan sonra Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycanı birtərəfli şəkildə ittiham edən bəyanat səsləndirib. O, iddia edib ki, Azərbaycan Ermənistanın işğal etdiyi (?) ərazilərini tərk etmək əlamətləri göstərmir və sülh müqaviləsinin imzalanmasını yubatmaq üçün yeni tələblər irəli sürür.

“Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbində israrlı olması Azərbaycanın sülh sazişini gecikdirmək və ya ləğv etmək istəyindən xəbər verir. Ölkədə haqsız yerə həbsdə olan ermənilərin və ictimai fəalların olduğu bir şəraitdə noyabrda COP29 iqlim sammitinin Azərbaycanda keçirilməsi planı narahatlıq doğurur”, - Komitə sədri vurğulayıb.

Dinləmələri və Kardinin bəyanatlarını şərh edən politoloq Fərhad Məmmədov hesab edir ki, bu dinləmələr Qərbin Ermənistanı dəstəkləməsinin növbəti nümunəsidir. 

"Müzakirələrdə ermənilərin bütün tezisləri, Azərbaycana qarşı yalan və böhtanlar, beynəlxalq hüquqa və regiondakı reallığa məhəl qoymadan istifadə olunub", - o, qeyd edib.

Ekspert bildirib ki, Ermənistan adından çıxış edən konqresmenlər aşağıdakılardır:

- Səfir Baer erməni diasporu ilə məşğul olan təqaüdçü amerikalı diplomatdır, hazırda Karnegi Mərkəzində işləyir.

- Olesya Vartanyan – Ermənistan hökuməti tərəfindən xarici forumlarda çıxış etmək və Azərbaycan əleyhinə layihələr həyata keçirmək üçün seçilib;

- Qarabağ kökənli erməni ekspert, Ermənistan Təhlükəsizlik Şurası Katibliyinin keçmiş əməkdaşı, hazırda Armen Qriqoryanın əsas tezislərinin ifadəçisi Tiqran Qriqoryan.

“Bu, bir tarixçi kimi mənə Osmanlılara və türk dövlətlərinə qarşı müharibədə onlara dəstək olmaq , “qədim xristianları” müsəlmanlardan xilas etmək məqsədi ilə üçün məktub və yalvarışlarla ilk dəfə Qərb paytaxtlarını dolaşan erməni dilənçilərini xatırlatdı. O zaman Qərbdə dolaşan erməni dilənçilər Rusiyada dəstək tapdılar" – ekspert deyir.

F.Məmmədov əlavə edir ki, ABŞ Konqresində müasir erməni petisiyaçılarının çıxışında Paşinyanın bütün məlum tezisləri səsləndirilib: "Çıxışlarda İrəvanda hazırlanmış mətnlər oxunub, Ermənistanın Rusiyanın təsirindən uzaqlaşmağa daha böyük dəstək tələbləri, Ermənistana qarşı hərəkətlərinə görə Azərbaycanın cəzalandırılması, bir sözlə, tamam yalan rəvayətlər və yalvarışlar eşidilib. Onlar onu da bildiriblər ki, Ermənistanın KTMT, Avrasiya İqtisadi İttifaqı(Aİİ) üzvlüyünü və bu ölkədə Rusiya hərbi bazasının mövcudluğunu başa düşsünlər, buna görə onları bağışlasınlar. Bütün bunlar Ermənistan rəsmilərinin Qərbdə bağlı qapılar arxasında dedikləri şeylərdi”

Ekspert hesab edir ki, bu vəziyyət davam edəcək, çünki artıq aprelin 5-də Ermənistanla bağlı qərar qəbul edilib, sənədlər imzalanıb: "Azərbaycan mətbuatının o zamanlar haqqında yazdıqları, amma amerikalıların və avropalıların rədd etdikləri hər şey indi həyata keçirilir. Amerikalılar USAİD vasitəsi ilə yardımı ikiqat artırır, hərbi təlimlər keçirir və hərbi müşavirlərini saxlayır. Aİ Sülh Fondu vasitəsi ilə silah və Aİ missiyasını gücləndirən agentlərlə təmin edir, Fransa Ermənistanın büdcə kəsirini birbaşa maliyyələşdirir. Yəni, Ermənistanın hərbi xərclərini ABŞ və Aİ maliyyələşdirir!!! Ermənilərin yüzlərlə yaşayış məntəqəsini xarabalığa çevirdiyi, bir milyon yarım minanın basdırıldığı Azərbaycana isə mikroskopik yardımlar edilir".

Politoloq xatırladır ki, biz bütün bu oyunları artıq görmüşük: "25 il ərzində bu rolu Ermənistanı hər cəhətdən dəstəkləyən Rusiya oynayıb, Ermənistanın Azərbaycan ərazilərini işğalını davam etdirməsi üçün bütün resurslarını sərf edib. Hətta 2016-cı ildə "İskəndər"-lər verilib... Bəs Rusiya üçün nəticə nə oldu?!

Qərbin Ermənistana sülh müqaviləsi olmadan və anti-Azərbaycan kontekstində verdiyi dəstək erməni dövlətçiliyinin, qondarma üçüncü respublikanın təməllərində yerləşmiş təcavüzkar siyasətə dəstəkdir. Azərbaycan birtərəfli yanaşmaları qəbul etmir və “yerdə” hərəkətləri ilə, Ermənistanı regional layihələrdən əngəlləməkdə davam edərək, Ermənistanı Konstitusiyanı dəyişməyə məcbur etməklə, yeni geosiyasi xətlərin formalaşmasına mane olacaq. Ermənistanın Qərb tərəfindən hərbiləşdirilməsi danışıqlar prosesinə mənfi təsir göstərir. Çünki bu, İrəvanın aqressivliyini təşviq edir və regionun problemlərinin həllinə töhfə vermir; əksinə, mövqelərin sərtləşməsinə gətirib çıxarır".

Belə görünür, həm yerdə, həm də diplomatik müstəvidə vəziyyət gərginləşir. Ermənistanın müttəfiqlərinin İrəvanı müasir silahlarla təmin etməsi, siyasi-diplomatik dəstəyin artırılması və bu zaman müharibədən sonra yaranmış reallıqların nəzərə alınmaması, habelə konstitusiyadan ərazi iddialarının çıxarılması ilə bağlı Bakının tələblərinin qulaqardına vurulması sülh masasını kənara itələyir. Qərbin bu prosesdə oynadığı rol düşündürücüdür: daha çox vaxt udmaq, yerdə qüvvələr nisbətində tarazlıq yaratmaq və uyğun geosiyasi şəraitin yetişdiyi dövrdə bölgəni yenidən müharibə meydanına çevirmək? Senator Ben Kardinin Azərbaycanın işğal etdiyi (?) Ermənistan ərazilərindən çıxmaq niyyətində olmadığını bəyan etməsi belə planların mövcudluğuna işıq salır. Naxçıvanda keçirilən ordu təlimləri rəsmi Bakının onlardan xəbərdar olduğunu və mümkün hərbi eskalasiyalara yerdə cavab vermək əzmində olduğunu nümayiş etdirir. Ermənistanın Qərb müttəfiqlərinə bu qədər arxayınlığı Paşinyan hökumətinin mövcud reallıqları o qədər də düzgün qiymətləndirmədiyini göstərir. Yaxın tarix göstərib ki, problem yerindəcə həll etmək lazım gələndə tələb olunan siyasi iradə, hərbi, siyasi imkanlar vəd edilidyindən çox-çox fərqli olur. 44 günlük müharibədə Rusiya və Fransa Ermənistanla hara qədər müttəfiq olduqlarını əyani şəkildə nümayiş etdiriblər…

Turqut