Logo
news content
User
Kateqoriyalar

Analitika

Xüsusi karantin rejimi mayın 4-də bitəcəkmi? 

Azərbaycanda xüsusi karantin rejiminin müddəti  4 may tarixinə qədər uzadıldı. Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəlik məlumatlarında koronavirusa yoluxma sayının azalmağa doğru getdiyini görürük. Bu tendensiya karantin rejiminin həmin tarixdə bitəcəyi barədə fikirləri və gözləntiləri möhkəmləndirir. Bəs, müddətin mayın 4-dən sonra yenidən uzadılması ehtimalı varmı?

Sualımızı ilk olaraq Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədova ünvanladıq. O bildirdi ki, bununla bağlı heç bir məlumat verə bilməz, çünki mayın 4-nə hələ iki həftə var: “Bununla belə, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq bu həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyil. Covid-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək, zərurət olduqda, karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.”

İ.Məmmədov qeyd etdi ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir: “Amma uzadılmaqla bağlı indidən heç bir fikir bildirə bilmərəm.”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev isə bəyan etdi ki, yoluxma sayının azalmasında əsas faktorlardan biri məhz məhdudiyyətlərin tətbiqi ilə əlaqədardır: “Əgər dinamikaya fikir versək, 103-105 yoluxma sayının qeydə alındığı günlərdən 14  gün çıxdıqda, Novruz bayramında insanların bir-birinə qonaq getdiyi vaxtla üst-üstə düşür. Yəni yoluxma halları həmişə təmas olan vaxta təsadüf edir. Məhdudiyyət ona görə lazımdır ki, yoluxucu və yoluxdura biləcək adam arasında həmin təmas, zəncir qırılsın. Bu zəncirin sınmasında da ən mühüm məsələ məsuliyyətdir. İnsanlar başa düşməlidir ki, nə qədər təmas az olsa, o qədər də yoluxma az olacaq. Məhz buna görə də, karantini mayın 4-nə kimi uzatmaq mühüm əhəmiyyət kəsb edir. Təbii ki, insanlar həm iqtisadi, həm də mənəvi cəhətdən müəyyən çətinliklərə məruz qalır və burada müəyyən yumuşalmalara getmək olar. Düşünürəm ki, Operativ Qərargah da buna öz münasibətini bildirəcək və müvafiq qərar qəbul ediləcək.”

Ülviyyə Şahin