Logo
news content
User
Kateqoriyalar

Analitika

Xurafat eyni, siyasət fərqli...
Tehranın “Taliban” dərdi

Sədrəddin Soltan

Əfqanıstandakı “Taliban” hökuməti ilə İrandakı rejim mahiyyət və davranış baxımından bir-birindən o qədər də fərqlənmir. 

İranda teokratik rejim 44 ildən çoxdur mövcuddur. Çoxsaylı etirazlara və sanksiyalara baxmayaraq, bu rejim hərbi-polis qüvvələrinin, Rusiya və Çinin dəstəyi sayəsində mövcudluğunu saxlayır. Heç şübhəsiz, bura Avropa İttifaqı ölkələrinin İrandakı hakimiyyətə loyal münasibətinin də əlavə etmək olar. 

“Taliban”ı isə Əfqanıstana ikinci dəfədir gətirirlər. Qeyd edək ki, birinci dəfə 1996-cı ildən 2001-ci ilədək hakimiyyətdə olublar. 2001-ci il sentyabrın 11-də ABŞ-dakı terror hadisəsindən sonra onları hakimiyyətdən qovdular. İkinci dəf isə 2021-ci il avqustun 15-də hökuməti ələ keçirdilər.

Elə zənn edilirdi ki, bu dəfə onlar daha mütərəqqi olacaqlar. Ancaq qadağaları və davranışları ilə dəyişmədikləri məlum olub. Bunu onların tətbiq etdikləri qadağalar da təsdiqləyir. “Taliban”ın qadınlara qarşı 30 maddəlik qadağaları Tehran hakimiyyətinin tətbiq etdiyi yasaqların az qala eynisidir. Məsələn, kollektiv təhlükəsizlik və həyatı vacib məsələlər baxımından Əfqanıstan İnqilabının Qadınlar Birliyi qadınlar üçün yasaqlanan məsələlərin siyahısını tərtib edib. “Taliban” iddia edir ki, qadınların təhlükəsizliyi üçün mühit yaratmağa cəhd göstərirlər. Həmin qadağalardan bəzilərini diqqətinizə çatdırmaqla, Tehran rejimi ilə uyğunluqlarını göstərmək istərdik: Qadınların ayağından tutmuş saçınadək heç bir yeri görünməməlidir; 

Qadınlarla kişilər nəqliyyatda bir yerdə gedə bilməz; 

Kişi həkim qadınları müalicə edə bilməz; 

Qaydalara uyğun geyinməyən qadınları təhqir etmək olar; 

İctimai yerdə topuğu açıq olan qadınlar əhalinin gözü qarşısında şallaqlanmalıdır; 

Ər və ya digər yaxın kişi qohumu olmasa, onunla danışa və ya əl sıxa bilməzlər;

Qadının səsini başqa kişi eşitməməlidir, ona görə də onlara nəinki danışmaq, hətta ictimai yerlərdə gülmək də qadağandır; 

Dabanlı ayaqqabı geyinmək qadağandır, çünki kişi qadının addımlarını eşitməməlidir; 

Radioda, televiziyada, internetdə, ictimai yığıncaqlarda danışmaq olmaz; 

Qızlar və qadınlar idman salonlarına və ya fitnes mərkəzlərinə gedə bilməzlər; Velosiped və ya motosiklet sürmək olmaz; 

Parlaq rəngli paltarlar cinsi cəlbedici olduğundan onları geyinmək qadağandır; Coğrafi və digər adlarda “qadın” sözü olmamalıdır. Məsələn, Kabildəki “Qadınlar bağı”nın adı dəyişdirilərək, “Bahar bağı” adlandırılıb.

Hər iki rejimin tətbiq etdiyi qaydalara görə, yeni doğulan uşaqlara ancaq müsəlman adları verilə bilər. Qəzetlərdə və kitablarda qadınların fotoşəkillərini dərc etmək, eləcə də evdə və iş yerində onların portretlərini asmaq qəti qadağandır. “Taliban” musiqinin dinlənilməsini də yasaqlayıb. Musiqi alətlərini müsadirə edərək, yandırırlar. Bundan başqa, “hökumət” nümayəndələri avtomobillərdən maqnitofonları və flaş-kartları da yığışdırırlar. Qadınların rəqs etməsi, mahnı oxuması yasaqlara daxildir. 

Bunlar İranda da qadağan olunan məsələlərdir. Düzdür, bəziləri ilə bağlı rejim göz yumur, ancaq təzyiq göstərmək üçün pozulan qaydalardan bəhanə kimi istifadə edir. 

Ötən il sentyabrın 17-də İranda başlayıb, bu günədək davam edən etiraz aksiyaları Tehranın “Taliban”dan fərqlənmədiyini bir daha təsdiqlədi. 

Bu qədər yaxın olan rejimin bir-biri ilə əlaqəsi və əməkdaşlığı çox aşağı səviyyədədir. İran hakimiyyəti “Taliban”ı hökumətə gələndə sərt qarşılamadı, hətta yardım əlini uzada biləcəyini belə vəd elədi. 

Bu qədər yaxın olmalarına baxmayaraq, Tehranla “Taliban” bir-birindən bir o qədər uzaqdır. Onların yaxınlaşması və ya bir yerdə olması isə çox çətin məsələdir. 

Bu ilin mayından Əfqanıstan-İran münasibətləri gərginləşib. “Taliban”ın İrana su verməməsi səbəbindən tərəflər arasında gərginlik daha da ağırlaşıb.

İmam Xomeyni adına İmdad Cəmiyyətinin Əfqanıstan ərazisində fəaliyyətinin qadağan edilməsi və ofisinin bağlanması tərəflər arasında münasibətlərin normallaşması, yaxınlaşması ilə bağlı yaxşı heç nə vəd etmir.

Yayılan məlumatlara  əsasən, Komitənin Kabil, Məzari-Şərif və Heratdakı ofisləri bağlanıb. “Taliban” Tehranın Xomeyni komitəsinə Almaniya, Böyük Britaniya və Türkiyə şirkətləri ilə eyni mövqedən yanaşıb. Halbuki hər ikisi islamı “təmsil etdiklərindən” komitəyə münasibət fərqli ola bilərdi. Yaxud, xeyriyyəçi sayılan bu qurum elə fəaliyyət göstərərdi ki, “tələbələr” onu saxlayıb, o birilərini ölkədən çıxarardı. 

Bu istiqamətdə də “Taliban”la Tehranın ulduzu barışmır.

Ehtimal etmək olar ki, İran rejimini təmsil edən bu qurum Əfqanıstanın, daha doğrusu, “Taliban”ın fəaliyyətinə mane olur, daxili işlərinə müdaxilə edir. O da istisna deyil ki, “tələbələr” ayrı-seçkilik etmədiyini digər xarici missiyalara göstərmək üçün təşkilatı ölkədən çıxarıb. O biriləri ilə İranın komitəsini müqayisə etmək istəmirik. Ancaq İmdad cəmiyyətinin Azərbaycandakı fəaliyyətindən xəbərdar olanlar onun məşğuliyyət sahəsini unutmayıblar.

Qeyd edək ki, İranın İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi 1993-cü ildə təsis olunub. Azərbaycanın Ədliyyə Nazirliyi 2011-ci ildə bu qurumun qeydiyyatını ləğv edib. Rəsmi Bakı buna səbəb kimi Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdiyindən ölkədə xarici xeyriyyə təşkilatlarının fəaliyyət göstərməsinə ehtiyac duyulmadığını göstərib.

Ancaq sirr deyil ki, Xomeyni komitəsi Azərbaycanda mandatına uyğun fəaliyyətlə məşğul olmayıb. İranın Azərbaycandakı səfirliyi yanında mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onun başçısı da daxil olmaqla, İranın 4 diplomatının ölkədən qovulması Tehran rejiminin müsəlman ölkəsindəki fəaliyyətinin, yaxud mandata uyğun olmayan əməllərinin göstəricisi sayıla bilər. Bu baxımdan, ehtimal etmək olar ki, hətta “Taliban”  belə Xomeyni komitəsinin fəaliyyətində Əfqanıstanın təhlükəsizliyinə zidd amillər aşkarlayıb Bu səbəbdən də onun ölkə ərazisində fəaliyyətini qadağan edib. Yeri gəlmişkən, Komitə Əfqanıstanda 18 il fəaliyyət göstərib. Yəni “Taliban” hökuməti birinci dəfə ələ keçirəndə də bu cəmiyyət ölkədə olmayıb.