Logo
news content
User
Kateqoriyalar

Analitika

Xocalı haqqında tammetrajlı sənədli filmin Avropada nümayişi

Bu gün İsveç İctimai televiziyasında (Öppne kanalen) Litva kinematoqrafçılarının çəkdiyi, Xocalı faciəsinə həsr olunmuş “Sonsuz dəhliz” filminin nümayişi olacaq. Bununla bağlı Bakı Mətbuat Klubunun Skandinaviya bürosunun rəhbəri, Öppne kanalen-də “Azərbaycan TV” proqramının baş prodüseri Rahim Sadıqbəyli ilə söhbət edirik.

- Xocalı faciəsi haqqında Avropa ictimaiyyətinin geniş məlumatlandırılması həm erməni silahlı qüvvələrinin Qarabağda törətdikləri cinayətlərin, həm də bütövlükdə Qarabağın işğalı barədə həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Prodüser Aleksandras Brokasın çəkdiyi bu filmdə iki jurnalst - litvalı Riçardas Lapaytis və rusiyalı Viktoriya İvleva 1992-ci ilin fevralında böyük çətinliklərlə Xocalıdan sağ çıxmış adamların sonradan başlarına nə gəldiyini öyrənmək üçün Azərbaycana qayıdırlar. Onları yerli jurnalist Şahin Hacıyev müşaiyət edir. Filmdə aktyor oyunu, quraşdırılmış səhnələr yoxdur, bütün səhnələr canlıdır və qismən arxiv materiallarından istifadə olunur. Onun ilk nümayişi 2014-cü Londonda olub və film bir çox mükafatlara, o cümlədən Britaniya Kino və Televiziya Sənəti Akademiyasının nüfuzlu BAFTA mükafatına layiq görülüb.

- Bəs onun nümayiş hüququnu necə aldınız?

- Filmin yaradıcılarına müraciət etdik. Bu hüququ əvəzsiz olaraq bizə verdiyi üçün prodüser Aleksandras Brokasa həm öz təşkilatlarımız, həm də Azərbaycan xalqı adından təşəkkürümüzü bildiririk. Səhv etmirəmsə, bu, Avropa televiziyalarında filmin ilk nümayişidir. Tammetrajlı, 52 dəqiqəlik sənədli film praym-taymda – İsveç vaxtı ilə saat 21.30-da ingilis dilində efirə veriləcək. Onun mətnini isə ingilis aktyoru, “Oskar” mükafatı laureatı Ceremi Ayrons oxuyur. Təkcə İsvecdə filmi 700 min ailə izləyə biləcək. Amma ona digər ölkələrdə, o cümlədən Azərbaycanda da bu linklə baxmaq mümkündür, çünki Öppne kanalen-in verilişləri peyklə, kabellə, real rejimdə sosial şəbəkələr üzərindən də yayımlanır.

Press Klub