Logo
news content
User
Kateqoriyalar

Analitika

Xəritələr əvəzinə... “prezidentlər” 
Separatçıların liderlərinin İrəvana təhvil verilməsi nə qədər realdır?

“Bakı Qarabağın keçmiş separatçı liderlərinin həbs müddətini bundan sonra da dəfələrlə uzadacaq”. Bunu Azərbaycan məhkəməsinin Qarabağın keçmiş separatçı rəhbərlərinin həbsinin daha 4 ay müddətinə uzadılması qərarını Sputnik Ermənistan-a şərh edən Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin sədri Siranuş Saakyan deyib.

O, güman edir ki, Azərbaycanın bu şəxslərə qarşı ittiham irəli sürülməsi və onlara qarşı sübutların hazırlanması ilə bağlı “ciddi problemləri var”.

Maraqlıdır ki, daha sonra ixtisasca hüquqşünas olan Saakyan Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın minalanmış ərazilərin xəritələri ilə bağlı son bəyanatını şərh edib. Mirzoyan bəyan etmişdi ki, Ermənistan yaxın vaxtlarda minalanmış ərazilərlə bağlı yeni məlumatları Azərbaycana verməyə hazırlaşır.  Ortaya sual çıxır - bu bəyanat cinayətkarların təhvil verilməsi ilə bağlı danışıqların başlamasına siqnal kimi qəbul edilə bilərmi?

Saakyan belə bir ehtimalı da istisna etməyib, lakin vurğulayıb ki, bu halda siqnal Azərbaycana və ya beynəlxalq ictimaiyyətə deyil, Ermənistan cəmiyyətinə yönəlib:

Hesab edirəm ki, bu bəyanatla bizi dövlət və hərbi sirr təşkil edən məxfi məlumatların düşmən ölkəyə ötürülməsinə hazırlayırlar. Təbii ki, bu məsələ istər-istəməz sövdələşmə predmetinə çevriləcək, çünki bir qayda olaraq erməni hərbi əsirlərin qaytarılması Ermənistanın güzəştləri ilə müşayiət olunub. Ona görə də, bu kartların verilməsi müqabilində müəyyən sayda erməninin vətəninə qaytarılmasını real hesab edirəm”.

Lakin onun sözlərinə görə, kartların müqabilində Qarabağın keçmiş qondarma liderlərini deyil, 2020-2023-cü illərdə hərbi əməliyyatlar zamanı əsir götürülmüş sıravi silahlı erməniləri geri qaytaracaqlar.

"Düşünürəm ki, Azərbaycan Dağlıq Qarabağ liderlərini həbsdə saxlamaqda davam edəcək və onların azadlığa buraxılması üçün daha yüksək qiymət tələb edəcək", - Saakyan hesab edir.

Xatırladaq ki, yanvarın 25-də Azərbaycan məhkəməsi keçmiş “DQR prezidentləri” – Arkadiy Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, keçmiş “dövlət naziri” Ruben Vardanyan, keçmiş “xarici işlər naziri” David Babayan, “parlamentin spiker”in David İşxanyan, keçmiş “Müdafiə Ordusunun Komandanı” Levon Mnatsakanyan, keçmiş “Müdafiə Ordusu komandanının müavini” David Manukyanın həbs müddətini 4 ay uzadıb.

Elə həmin gün axşam saatlarında Ermənistanın Milli Təhlükəsizlik Xidməti yaxın vaxtlarda Azərbaycan tərəfinə minalanmış sahələrə dair yeni məlumatları ötürmək niyyətində olduğunu açıqlayıb.

Beləliklə, Bakı minalanmış ərazilərin reallığa uyğun xəritələri alarsa, kimlərinsə İrəvana təhvil verilməsi ehtimalı varmı? Onların arasında “Artsax prezidentləri” də ola bilərmi? Bu, hansı dərəcədə bərabər mübadilə olar bilər?

Politoloq, təhlükəsizlik eksperti İlham İsmayıl məsələ ilə bağlı fikirlərini old.pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, ilk növbədə qeyd etmək lazımdır ki, erməni separatçılarının rəhbərlərinin həbs müddətinin daha 4 ay uzadılması onların cinayətlərin sübutunun olmaması ilə deyil, əksinə, bu, kriminal epizodların sayının külli miqdarda olması ilə bağlıdır. 

Azərbaycan tərəfi bundan əvvəl də Ermənistan tərəfinin mina xəritələrini təhvil verməsi müqabilində mühakimə olunan erməni hərbi qulluqçularının qismən geri qaytarılması kimi unikal humanist addım atıb. Baxmayaraq ki, indiyə qədər verilən xəritələr əsl mənzərəni tam əks etdirmir.

Bununla belə, qeyd edək ki, Ermənistan yeni, təfərrüatlı mina xəritələrini tez bir zamanda təqdim etsə belə, heç bir separatçı lider, o cümlədən “Artsax prezidentləri” məhkəmənin hökmü qüvvəyə minmədən qarşı tərəfə verilə bilməz”, - ekspert bildirib. 

Amma bizdə hələ də erməni əsgərləri  və məhkəmə tərəfindən məhkum olunmuş mülki şəxslər varsa (politoloqun bu barədə dəqiq məlumatı yoxdur), o zaman humanitar addım kimi onların ekstradisiyası tamamilə mümkündür”, - deyə o qeyd edir.

İlham İsmayıl yekunda bildirib ki, separatçı liderlər nə vaxtsa əfv olunaraq Ermənistana təhvil verilə bilər: “Lakin bu, yalnız məhkəmənin hökmü qüvvəyə mindikdən sonra mümkün ola bilər.

Gələcəkdə iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra xoşməramlı addım kimi yuxarıda adları çəkilən şəxslərin təhvil verilməsi ola bilər. Amma mütləq məhkəmə hökmündən sonra”.

Rauf Orucov