Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Araşdırma: Rusiyanı 25 ailə idarə edir

"Proyekt" araşdırma layihəsi Rusiyanı 25 ailənin idarə etdiyini üzə çıxarıb. Buraya Putin, Kadırov, Patruşev, Kovalçuk klanları daxildir. Onlar yüzlərlə qohumlarını dövlət idarəçiliyində, biznesdə əsas postlara yerləşdiriblər.

AzadlıqRadiosunun rus xidməti bu sistemin Vladimir Putin prezidentlikdən gedəndən sonra davam edib-etməyəcəyi sualına cavab axtarıb.

"Radio Svoboda" jurnalisti Sergey Medvedev vaxtilə sovet nomenklaturasında 200 min nəfərin olduğunu qeyd edir.

"Proyekt"in jurnalisti Mixail Rubin isə deyir ki, Rusiyanın ali rəhbərliyində 1300 nəfər var və onların 76 faizində, yəni təxminən min nəfərində qohumluq, kalanlıq əlaqələri görünür.

Sovet inersiyasının təsiri

"Biz hələ çox adamı çıxdaş etmişik. Ata yüksək postda, oğul isə çox aşağı işdədirsə, onu nəzərə almamışıq, görkəmli vəzifələrdə olanları götürmüşük. Amma Rusiya elə bir ölkədir ki, burada həmişə yüksək vəzifə rol oynamır. Oğul adi əməkdaş ola bilər. Amma maaşı çox yüksək olar", – jurnalist bildirib.

Politoloq Mariya Sneqovayanın fikrincə, bugünkü Rusiya elitasının xüsusiyyəti postsovet tranzitindən qaynaqlanır və çox şey sovet inersiyasının təsiri altında qalıb: "Yeltsin daim deyirdi ki, mən kadrları lüstrasiya etməyəcəyəm. Vətəndaş cəmiyyətinin zəifliyi, aşağıdan təzyiqin olmaması sayəsində sovet nomenklatur elitası özünü saxladı. Bu adamlar Sovet İttifaqı əhalisinin 2-3 faizini təşkil edirdi, ailələrlə. Kiçik qruplarla birlikdə".

Müəllif S.Medvedevin "buna "dərin dövlət"in rus versiyası demək olarmı" sualına M.Sneqovaya "bir çox hallarda hə" cavabını verir: "Təsadüfi adamın sistemə daxil olması çətindir, yalnız ailə bağları vasitəsilə olur".

Konstantin Qaaze

Rusiya elitasının spesifikliyi

Sosioloq Konstantin Qaaze deyir ki, hazırda Rusiyanın başında duranlar xeyli spesifik şəxslərdir: "Ukraynaya müdaxilə ərəfəsində olduğu kimi, onları Təhlükəsizlik Şurasının iclasına yığanda əsirlər. X gününü (Putindən sonrakı dönəm) modelləşdirəndə bir çox amillər rol oynamağa başlayır: harada, Moskvada, Valdayda, nə gizlətməli, nəyi yox? Resurs tapmalı, onu valyutaya satmalıdırlar. Üstəlik, 200 ailəyə mənsub 10 min insanın hamısının gəlirini qaldırırlar deyə, bunu nə cürsə razılaşdırmalıdırlar".

Sosioloq güc strukturları əməkdaşlarının rolunu da istisna etmir: "Onlar özləri üçün yeni adamlar yığıblar. Putin niyə KQB-yə getdi? Brejnev Andropova yazmışdı ki, "siz işçi sinfindən az adam götürürsüz, nomenklaturadan çox". Bununla da işçi çağırışı başladı. Putinin dostlarının çoxu ya KQB-də onunla xidmət etmiş fəhlə övladları olub, ya da hərbçi ailələrindən, çünki birlikdə yaşayıblar. Bu tarixi təsadüfdür. Bu insanlar artıq hər şeyi təsadüfə buraxmaq istəmirlər".